Yusif Küseyir oğlu türbəsi Naxçıvan-Marağa memarlıq məktəbinin
ən gözəl nümunələrindən biri olan bu türbə Naxçıvan şəhərində yerləşir.
Türbə yeraltı və yerüstü hissələrdən ibarət olub, hər iki hissədə
səkkizbucaqlı formada inşa edilmişdir. Türbə konstruktiv həllinin
harmoniyası və gözəlliyi ilə diqqəti cəlb edir. Türbənin sərdabəsi yuxarıda
yastı olan günbəzlə örtülmüşdür. Türbənin yerüstü hissəsi içəridən çatmatağ
şəkilli sferik günbəzlə tamamlanır. Xaricdən prizmatik gövdəyə malik olan
türbə səkkiz üzlü piramidal örtüklə tamamlanmışdır. Həm içəridən, həm də
xaricdən bişmiş kərpiclə üzlənmişdir.
Sərdabənin divarları ilə günbəz arasında kiçik çıxıntılar vardır.
Sərdabə günbəzinin təpəsi kəsilmiş səkkizbucaqlı fiqurla tamamlanır.
Türbənin yuxarı kamerasının döşəməsində düzəldilmiş səkkizbucaqlı deşik,
onun altında yerləşən sərdabəyə açılır.
Türbənin qülləsi səkkibucaqlı formasında olub künclərdə qalın
dayaqlar şəklində işlənmiş, dayaqlar arasında dördkünc formalı taxçalar
yaradılmışdır ki, bu da türbənin xarici görünüşünə özünəməxsus görkəm
vermişdir. Qüllavari hissənin bu tip konstruktiv həlli onun dayanıqlığını və
uzunömürlülüyünü artırmışdır.
Türbənin xarici səthinin hər biri müxtəlif şəkilli həndəsi
ornamentlərlə bəzədilmişdir. Bu ornamentlər kiçik kərpiclərdən
quraşdırılmış, sonra gəc məhlulu ilə tavalar şəklində birləşdirilərək səthlərin
üzərində möhkəmləndirilmişdir. Quruluşu etibarı ilə türbənin qərb tərəfə
baxan səthi fərqli şəkildə həll edilmiş və burada türbənin giriş qapısı
yerləşdirilmişdir. Çatmatağ şəkilli bu qapının üzərindəkii kitabə bildirir ki,
“Bu türbə xacə, sanlı rəis, dinin zəkası, islamın camalı, şeyxlər başçısı Yusif
Küseyir oğlunundur”. Həmin kitabə türbənin hicri 557-ci ilin şəvval ayında
(miladi 1162) tikildiyini də bildirir. Əsas fasaddan sol tərəfdəki kitabədə isə
“Bənna Əcəmi Əbubəkir oğlu Naxçıvaninin əməlidir” şəklində türbənin
memarının adı qeyd olunmuşdur.
152
Şəkil 89. Yusif Küseyir oğlu türbəsi.
Yusif Küseyir oğlu türbəsinin dazili səthi bəzədilməmiş, xarici səthi
isə kərpicdən yığılmış sıx həndəsi naxışlarla üzlənmişdir. Türbənin səthləri
ilə piramidal örtüyü arasında yaranan qurşaqda kufi xətti ilə yazılmış kitabə
yerləşdirilmişdir. Dekorativliyi ilə seçilən bu kitabə zolağı gövdə ilə örtük
arasında yüngül bir keçid yaradır. Kitabənin hərfləri 20 x 20 x 4 sm ölçülü
kərpiclərdən düzəldilmişdir. Yazılar friz müstəvisindən 2 sm irəli çıxaraq
xüsusi effekt yaratmışdır.
Memar tağçaların içərisini də naxış kompozisiyaları ilə
yüngülləşdirmiş, künclərin vertikal ritmini, konstruktiv dəyərini artırmışdır.
Bişmiş kərpiclə işlənən türbənin xarici səthlərində mürəkkəb
kompozisiyalı həndəsi ornamentlərdən geniş istifadə olunsada, kərpiclərin
bir rəngli olması onun görkəminə sadəlik vermiş, aydın və təmiz həndəsi
biçiminin
bütövlüyünü
gücləndirmiş,
ifadəli
kolorit
vermişdir.
Prizmatik gövdə, piramidal günbəz, girinti-çıxıntıları üzlər, onları tamalayan
horizontal friz bol kölgə - işıq effekti yaradaraq abidənin baxımlığını
artırmışdır.
153
Yusif ibn Küseyr məqbərəsinin bəzəklərində şirli kərpiclərdən istifadə
olunmamışdır. Bu abidədə yazılar müxtəlif ölçülü kərpiclərin hörgüyə
düzülüşü nəticəsində əldə edilmişdir.
Şəkil 90. Möminə xatın türbəsi.
Möminə
xatın
türbəsi
Azərbaycan
memarı Əcəmi
Naxçıvaninin şah əsəri, Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli
abidələrindən biridir. Türbə Naxçıvan şəhərində yerləşir.
Türbənin kitabəsində: "...bu türbəni dünyanın elmli, adil məliki, böyük
qalib Şəmsəddin Nüsrət əl islam və əl müslimin Məhəmməd Cahan Pəhləvan
/Cahan Pəhləvan atabəy Əbu Cəfər Məhəmməd ibn Atabəy Eldəniz
...dünyanın və dinin cəlalı, islamın və müsəlmanların namusu Möminə
xatunun xatirəsinə tikməyi əmr etdi!..." yazılmışdır.
154
Şəkil 91. Möminə xatın türbəsinin qoşa minarəli baştağı.
Tədqiqatçı Ə. Ə. Ələsgərzadə baştağın üzərindəki çərçivədə abidənin
tikilmə tarixinin "məhərrəm 582" (miladi 1186)–cı il olduğunu müəyyən
etmişdir. Vaxtilə türbə yaxınlığında olmuş baştağın kitabəsindəki məlumata
və tarixi qaynaqlara görə belə bir nəticəyə gəlinmişdir ki, "...türbə
Məhəmməd Cahan Pəhləvanın ölümündən bir az öncə bitmiş, baştağ isə
onun ölümündən sonra tikilmişdir. Şübhəsiz ki, Məhəmməd Cahan
Pəhləvanın özü də bu türbədə dəfn edilmişdir".Tədqiqatçı Cəfər Qiyasi bu
fikrə onu da əlavə edir ki, yerli əhali arasında abidənin "Atabəy Günbəzi"
adlandırılması türbənin Atabəylərin soy türbəsi olduğuna işarədir.
155
Şəkil 92. Möminə xatın kompleksinə daxil olan məscid.
Möminə xatın türbəsinin ümumi quruluşu Naxçıvan memarlıq
məktəbi üçün xarakterikdir. Türbə yeraltı sərdabə və yerüstü qülləvari
hissədən ibarətdir. Yusif Küseyir oğlu türbəsi ilə müqayisədə memar bu
türbənin xarici bəzəyində həndəsi ornamentlərin daha mürəkkəb
kompozisiyasından istifadə etmişdir. Ornamentlərdə rəngli kaşılardan
istifadə edilməsi türbənin zahiri görünüşünə daha xoş görkəm vermişdir.
XIX əsrə və XX əsr əvvəllərinə aid rəsm və fotoşəkillər onun vaxtilə
böyük bir memarlıq ansamblının tərkib hissəsi olduğunu təsdiq edir. Türbə
orta həcmli daşlardan inşa olunmuş, bişmiş kərpiclə üzlənmişdir.
156
Şəkil 93. Möminə xatın türbəsinin kərpic bəzyi.
Türbənin sərdabəsi planda onbucaqlıdır. Sərdabə yuxarıya doğru
daralan çatmatağlarla tamamlanmışdır. Tağlar sərdabənin ortasında inşa
edilən qalın onüzlü dayağa söykənmişdir ki, bu da sərdabənin örtüyünü daha
da dayanıqlı etmişdir.
Göbələkvari dayağın gözəlliyini və işlənmə effektini daha da artırmaq
məqsədi ilə memar onun tinlərindən qarşı künclərə kərpic qabırğalar –
nervürlər atmışdır. Bu qabırğalar ulduzvari karkas yaratmışdır. Bu karkas da
biçimcə abidəni bəzəyən və riyazi ahəngdarlığa əsaslanan naxış quruluşları
ilə bir köklüdür. Karkasların araları saya naxışlı kərpic hörgüsü ilə
üzləndiyindən konstruksiyanın tektonik gözəlliyi daha aydın duyulur.
Türbənin yerüstü hissəsi xaricdə onbucaqlı, içəridə isə dairəvidir.
Sərdabə və xarici üzlərdən fərli olaraq, Əcəmi qüllənin iç tərəfində
mürəkkəblikdən uzaq olmuş, sayalığa və bütövlüyə üstünlük vermişdir. İç
məkanın uca silindrik tutumu sferik günbəzlə örtülmüşdür.
Türbənin kürsülüyü gövdəsi kimi onüzlü şəkildə olub, cilalanmış iri
daş bloklarla üzlənmişdir. Türbənin gövdəsi yuxarıda piramidal örtüklə
tamamlanmışdır. Lakin bu örtük hazırda qalmamışdır. Indiki halda türbənin
yerüstü hissəsinin hündürlüyü 25 metrə yaxındır. Vaxtilə piramidal örtüklə
birlikdə hündürlüyü 35 metr olmuşdur.
157
Onüzlü gövdənin qalın künc dayaqları bir qədər irəli çıxmış və dərin
düzbucaqlı taxçalar yaratmışdır. Taxçaların üst hissəsi tağvari formada
stalaktitlərlə tamamlanmışdır.
Şəkil 94. Möminə xatın türbəsinin kərpic bəzyi.
Stalaktit və tağlar adi və kaşılı kərpicdən düzəldilən ornamentlərlə
örtülmüşdür. Türbənin üzərində kitabələrdən ibarət memarlıq bəzək
elementləri diqqəti cəlb edir. Kərpicdən yığılan kitabə türbənin görkəminə
xüsusi gözəllik vermişdir. Ə. Ələsgərzadənin fikrinə görə onüzlü türbənin
bütün üzləri yuxarıda Yasin surəsinin mətni ilə haşiyələnmişdir. İki dəfə
təkrar olunan bu surə, bir dəfə bir üzdən beşinci üzə, ikinci dəfə altıncı
158
üzdən onuncu üzədək davam edir. Yasin surəsi ilə haşiyələnmiş taxçalar lap
yuxarıda başqa bir yazı qurşağı ilə əhatə olunmuşdur. Bu, kaşı ilə işlənmiş
97 sm hündürlüyündə olan bu kitabə türbənin sifarişçisini və kimin
xatirəsinə inşa edilməsini göstərən əsas kitabədir. Kitabəli frizin arxasınca
türbənin tamamlayıcı çadırına keçid üç cərgədə yerləşdirilmiş stalaktitlə həll
edilmişdir.
Şəkil 95. Türbənin giriş qapısı üzərindəki kitabələr.
Giriş qapısı türbənin şərq tərəfində yerləşdirilmişdir. Giriş qapısı
dayaz sivri tağça içərisinə salınmış, onun üstündə kərpicdən kufi xətti
ilə "Bənna Əcəmi Əbu Əkr oğlu" kitabəsi yığılmışdır. Baştağ
kompozisiyasının üstündə, tinləri birləşdirən düzbucaqlı çərçivədə eyni
xəttlə türbənin tikinti tarixi yazılmışdır (1186).
159
Şəkil 96. Türbənin bəzəmə motivindən nümunələr.
Türbənin xarici səthi həndəsi ornamentlə naxışlanmışdır. Möminə
Xatun türbəsinin on səthinin doqquz tağçasının şəkilləri bir-birindən
tamamilə fərqlənən həndəsi ornamentlərə malikdir. Türbənin giriş qapısı
olan onuncu səthin tağçasında doqquz səthdən birinin ornamentləri təkrar
edilmişdir. Ornamentlər başlıca olaraq kərpicdən və firuzəyi kaşılardan
yığılmışdır. Ornamentlərin əsasında çoxguşəli ulduzlar və çoxbucaqlılar
durur. Memar müxtəlif ornamentləri bir-biri ilə əlaqələndirərək ahəngdarlıq
yarada bilmişdir.
Türbənin yerüstü hissəsinin içəri tərəfi zəngin dekorativ bəzəkdən
mərum olmaqla başlıca olaraq sadədir. İş tərəfdə 20 m hündürlükdə yerləşən
kitabə qurşağı və dör ədəd böyük ölçülü medalyon vardır. Medalyonlar gəc
160
üzərində oyma üsulu ilə işlənmiş həndəsi və bitki ornamentlərindən
ibarətdir. Özünəməxsus kompozisiyada işlənən medalyonların özəyinin
"Allah" sözü təşkil edir. Bu özəyin ətrafında çoxguşəli ulduzların arasında
Ömər, Osman, Əli sözləri yazılmışdır.
Culfa karvansarası Culfa rayonunun Gülüstan kəndində, Araz
çayının sol sahilindədir. Culfa (Gülüstan) karvansarasının qalıqları 1974-cü
ildə çöl-tədqiqat işləri zamanı aşkar edilmiş, 1978-ci ildə binanın planı tam
üzə çıxarılmışdır.
Şəkil 97. Culfa karvansarası.
Bakı-Culfa dəmiryolu xətti çəkilərkən (1939-1940) karvansaranın
təqribən yarısı dağılmışdır. Tədqiqatlar nəticəsində Culfa karvansarasının
Azərbaycanda yolüstü karvansaralar içərisində ən görkəmli və möhtəşəm
abidə olduğu müəyyənləşdirilmişdir. Ümumi uzunluğu 37 m olan Culfa
karvansarasının eyni tipi Araz çayının sağ sahilində, demək olar ki,
bütünlüklə salamat qalmışdır. Karvansaraların hər iki sahildə üzbəüz
yerləşməsi hələ Araz çayı üzərində körpü tikilməzdən əvvəl burada çay
bərəsinin işlədiyini göstərir və karvansaraların tikilmə dövrünü XIII əsrin
əvvəllərinə aparıb çıxarır. Karvansara çaydaşıdan tikilmiş və gəc məhlulu ilə
161
suvanmışdır. Culfa karvansarasının içərisində çoxlu yaşayış otaqları vardır.
Bəzi otaqların örtük hissəsi maraqlı konstruksiyaya malikdir. Binanın şimal
tərəfində sağ və solda tağ formasında dərin divar oyuqları olan böyük zal
mövcuddur. Bu zal haqqında qəti fikir söyləmək çətindir. Lakin belə plan
quruluşuna malik köhnə məscidlər də məlumdur.
Şəkil 98. Möminə xatın türbəsinin sərdabəsi.
Qarabağlar Türbə Kompleksi. Naxçıvan Muxtar Respublikasında
yerləşən tarix və mədəniyyət abidələr yalnız Azərbaycan tarixi üçün deyil,
həm də Yaxın Şərq və Cənubi Qafqaz tarixinin öyrənilməsi üçün
əhəmiyyətlidir. Muxtar respublikamızdakı bir çox tarixi abidələr dünyada
bənzəri olmayan mədəniyyət inciləridir. Belə mədəniyyət incilərindən biri
də Qarabağlar Türbə Kompleksidir. 4 iyul 2016-cı ildə Qarabağlar Türbə
Kompleksinin bərpası və tədqiq olunması haqqında Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin Sərəncamı qüvvəyə minmişdir.
162
Şəkil 99. Qarabağlar türbəsi.
Qarabağlar Türbə Kompleksi Orta əsr Azərbaycan memarlığının nadir
sənət əsərlərindəndir. Şübhəsiz ki, belə mədəniyyət inciləri birdən birə
yaranmamış, mədəni inkişafımızın təkamülünün nəticəsi olmuşdur.
Araşdırmalara əsaslanaraq demək olar ki, nadir konstruksiyalı memarlıq
abidələri Naxçıvanda hələ Eneolit və Tunc dövründən başlayaraq inşa
olunmuşdur. Tədqiqatlar göstərir ki, Kəngərli rayonunun ərazisi, o cümlədən
Qarabağlar kəndi Azərbaycanın dünya əhəmiyyətli tarix-mədəniyyət
abidələrinin qruplaşdığı əsas regionlardan biridir.
Qarabağlar kəndinin ərazisində aşkar olunan ən qədim abidələr
hələlik Eneolit dövrünə aid olsa da, burada daha qədim abidələrin aşkar
olunacağı gözlənilir. E.ə. III minillikdən başlayaraq Qarabağlar kəndində
qala tipli yaşayış məskənləri formalaşmışdır. Hazırda bu kəndin ərazisində I
Bəzəkli, II Bəzəkli, Qalacıq, Qarabağlar qalası, I Suzqunlar, II Suzqunlar
qalası adı ilə qeydə alınan müdafiə istehkamları mövcuddur. Bu abidələrin
163
tədqiqi Orta Tunc dövründən başlayaraq Qarabağlarda memarlıq sənətinin
inkişaf etdiyini təsdiq edir.
Şəkil 100. Qarabağlar türbəsinin qoşa minarəli baştağı.
Tarixi mənbələrin verdiyi məlumata görə, Qarabağlar Orta əsrlərdə
Azərbaycanın əsas şəhərlərindən biri, mühüm ticarət və sənətkarlıq mərkəzi
olub. Qarabağlar ətrafında böyük Orta əsr yaşayış yerlərinin,
karvansarayların aşkar olunması onun tarixi ipək yolunun üzərində
yerləşməsi ilə bağlı olmuşdur.
Şəhərin Yaxın Şərq ölkələri ilə Avropanı
birləşdirən mühüm karvan yollarının üstündə yerləşməsi sayəsində burada
sənətkarlıq, ticarət, iqtisadi həyat xeyli tərəqqi etmişdi. Şəhər, adından da
göründüyü kimi çoxlu bağ və yaşıllıqlarla örtülmüşdü. Bəzi mənbələrin
məlumatlarına görə şəhərin əsasını XII əsrdə Şirvanşah Mənuçöhr tərəfindən
qoyulub. Şəhərin Elxanilər dövründə (1256 – 1353) salınıb inkişaf etməsi ilə
də bağlı məlumatlar vardır. Maraqlıdır ki, Qarabağlar türbəsinin də tikilməsi
həmin dövrə təsadüf edir.
Türbənin Qarabağlar kəndində tikilməsi, şübhəsiz ki, bu kəndin
Elxanilər dövlətinin mühüm iqtisadi-mədəni mərkəzlərindən biri olduğunu
göstərir. Tarixi mənbələrdən məlumdur ki, qədim dövrdən başlayaraq Orta
əsrlərədək Orta Asiyada yaşayan türk tayfalarının Azərbaycana axınları
164
davam etmişdi. XIII əsrdə monqollarla birgə hərəkət edən türk tayfalarının
böyük bir qismi Azərbaycanda məskunlaşmışdı.
Tədqiqatçıların fikrinə görə,
“Qarabağlar” sözü qədim türk tayfası olan kəngərlərin bir qolunun adı ilə
bağlı olub. X əsr müəllifi Konstantinin Sibirdə yaşayan kəngərlərin bir
tayfasının “qarabay” adlandığını qeyd edib. Beləliklə, Qarabağlar tayfası
Kəngərlərin bir qolu hesab edilir. Bu tayfaların Azərbaycan xalqının
formalaşmasında böyük rolu olub.
Şəkil 101. Qarabağlar türbəsinin sərdabəsi.
Evliya Çələbi “Səyahətnamə” əsərində Qarabağlar kəndini belə təsvir
edir: “Bu şəhərin özülünü Mənüçöhr qoyub. Şəhər çox qədimdir. İndi
Naxçıvan torpağında ayrıca sultanlıq təşkil edir. III Mehmet zamanında
Türklərin əlindən çıxaraq farsların ixtiyarına keçib. Əmir Teymur
Qarabağlarda böyük bir qoşun ilə beş ay qışlağa qalıb. Şəhər çox abaddır,
ətrafında ucsuz – bucaqsız münbit düzənlik yerləşir. Bizim xidmətçilər
şəhərin içində 40-a qədər minarə sayıblar. Şükür Allaha, bu şəhərdə iqlimin
və suyun yaxşılığı bizim əhvalımızı qaydaya saldı. Deyilənlərə görə, burada
bağı və üzümlükləri olan 10 000-ə qədər ev, 70 mehrab, minarəli 40 cami
var. Karvansaray, hamam və bazarlar da çoxdur. Onların sayı artmaqda
davam edir. Bura bolluq diyarıdır. Şəhərdə gəzərkən bir bağban bizə 25
çeşid dadlı armud gətirdi. Bunları yeyərkən ağzında dondurma hiss edirsən.
Yaqut rəngli nar yetişir. İrəvan düyüsündən bişirilən plov çox dadlıdır”.
165
Şəkil 102. Qarabağlar türbəsində təkrarlanan kitabə.
Qarabağlar Türbə Kompleksi qoşa minarə, onlar arasındakı bas tağ,
qoşa minarələrə birləşən dini binanın qalıqları və türbədən ibarətdir.
Mütəxəssislər qoşa minarələrin XII-XIII əsrlərdə, baş tağın isə XIV əsrdə
tikildiyini qeyd etmişlər. Qoşa minarələrin və baş tağın müxtəlif dövrlərə aid
olması onların tikinti texnikasından da aydın görülür. Baş tağın minarələrə
sonradan əlavə edildiyi aydın şəkildə seçilir. “Naxçıvan Tədqiq və Tətəbbö
Cəmiyyəti ”nin elmi katibi M. Mirheydərzadənin fikrinə görə, qoşa minarəli
baş tağın üzərində ərəb dilində “Allahın bu nişanəsi türkmən Quti xatındır”
sözləri yazılmışdır. Bəzi əsərlərdə Quti xatının Hülaku xanın arvadı olduğu
166
qeyd edilmişdir. Lakin tədqiqatçıların fikrinə görə baş tağda adı xatırlanan
Qudi xatın, yaxud Qoday xatın, ola bilsin ki, Abaqa xanın (1265-1282)
arvadı olmuş Qoday xatındır. Üslub və tikinti texnikası xüsusiyyətlərinə görə
türbənin tikilmə tarixi Elxani hökmdarı Əbu Səid Bahadır xanın hakimiyyət
illərinə (1319-1335-cu illər) aid edilir. Son araşdırmalar Qarabağlar
türbəsinin Qudi xatının əmri ilə tikildiyini deməyə imkan verir.
Qarabağlar türbəsi sərdabə və yerüstü xatirə abidəsindən ibarətdir.
Sərdabə on iki bucaqlı olub divarları daşdan, günbəzi isə kərpicdən inşa
edilmişdir. Türbənin yerüstü hissəsi daş kürsülük üzərində inşa olunan 12
yarım silindrdən ibarətdir. Türbənin səthi firuzəyi rəngli kaşılarla həndəsi
ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Yarım silindrlərin üzərində
içərisində ərəb əlifbası ilə“lə iləhə illəllah Məhəmmədən Rəsulallah”
(Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur)”
kəliməsi həkk edilən kvadratlar dəfələrlə təkrar olunmuşdur. Bu tip
ornamentdən 1322-ci ildə inşa olunan Bərdə türbəsində də istifadə
olunmuşdur. Elə buna görə də bəzi tədqiqatçılar Qarabağlar türbəsi ilə Bərdə
türbəsinin memarının eyni şəxs olduğunu qeyd etmişlər. Lakin qeyd
etməliyik ki, Qarabağlar türbəsi konstruksiyasının ilə fərqlənir. Türbəbin
özünəməxsus memarlıq xüsusiyyətlərindən biri 4 baş tağlı olmasıdır. Bu baş
tağlar şimal, cənub, qərb və şərq istiqamətlərinə, dünyanın dörd tərəfinə
yönəlmiş və türbənin görünüşünün mükəmməlliyini təmin etmişdir. Ehtimal
ki, türbənin dörd baş tağlı quruluşu əski inanclarla bağlı olmuşdur. Baş
tağların səthi kaşılar vasitəsi ilə həndəsi və nəbati üslubda naxışlanmışdır.
Türbənin gövdəsini təşkil edən yarım silindrlərin yuxarı hissəsində kaşılarla
işlənmiş kitabələrin qalıqları saxlanmışdır. Ehtimal ki, bu kitabələr Qurani
Kərimdən götürülmüş kəlmələrdir. Memarlıq abidələrində və qəbirüstü
monumental tikintilərdə bu tip kitabələrə rast gəlinir. Qarabağlar türbəsi
konusvari örtüyə sahib olmuşdur. Mütəxəssislərin fikrinə görə bu örtük
türbənin quruluşuna uyğun olaraq on iki yarım silindrin birləşməsi şəklində
olmuşdur.
Gilаn şəhərinin xarabalıqları. Оrdubаd rаyоnu ərаzisində yerləşən
şəhər, Gilаnçаyın sоl sаhilində 100 hеktаrdаn аrtıq sаhəni əhаtə еdir. Şəhər
nаrınqаlа və оnu əhаtə еdən məhəllələrdən ibаrətdir. Həm nаrınqаlа, həm də
məhəllələr dаşdаn inşа оlunmuş müdаfiə divаrı ilə əhаtə оlunmuşdur. Qаlа
divаrlаrı dаirəvi və dördkünc bürclərlə möhkəmləndirilmişdir. Аrхеоlоji
tədqiqаtlаr zаmаnı şəhərin ərаzisində kаrvаnsаrа, su hоvuzlаrı və
sərdаbələrin qаlıqlаrı аşkаr оlunmuşdur. Müəyyən оlunmuşdur ki, şəhərin
içərisindən kеçən çаyın kənаrlаrı dаşlа hörülərək düzəldilmişdir. Şəhərin
хаrаbаlıqlаrındаn su tünglərinin qаlıqlаrınа rаstlаnmаsı vахtilə su
167
təchizаtının təmin еdildiyini göstərir. Lаkin yаğış sulаrını yığmаq üçün
düzəldilən hоvuzlаr su təchizаtındа müəyyən çətinliklər оlduğunu göstərir.
Еhtimаl ki, şəhərin tərk еdilməsinin əsаs səbəblərindən biri su sistеminin
pоzulmаsı оlmuşdur. Mаddi-mədəniyyət qаlıqlаrının tədqiqi şəhərin əsаsının
е.ə. V-IV əsrlərdə qоyulduğunu dеməyə əsаs vеrir. Оrtа əsrlərdə, хüsusilə
ХII-ХIV əsrlərdə şəhər mühüm ticаrət və sənətkаrlıq mərkəzi оlmuşdur.
Tədqiqatlar zamanı yaşayış yerindən şirli və şirsiz keramika məmulatı əldə
edilmişdir.
Şəkil 103. Gilan türbəsi.
Gilan türbələri. Ordubad rayonunda Gilan şəhərinin xarabalıqlarında
onlarla türbə vardır. Türbələr hazırda yarımdağılmış vəziyyətdədir. Onların
biri 1979-cu ildə aşkar edilmişdir. Şərti olaraq "Gilan türbəsi" adlandırılan
bu abidə iri təpənin yamacında yerləşir. Türbənin üst qülləsi dağılmış,
sərdabəsi isə yaxşı qalmışdır. Sərdabənin planı daxildə səkkizbucaqlı,
xaricdə isə düzbucaqlıdır. İçərisində sonradan tikildiyi aydın görünən və iç
quruluşu ilə uyuşmayan alçaq səki var. Gilan türbəsinin sərdabəsi
Azərbaycan və qonşu ölkələrin Orta əsr memarlığında geniş yayılmış
səkkizüzlü sərdabələrdən giriş qapısı ilə üzbəüz dərin taxçasına və örtük
konstruksiyasına görə fərqlənir. Gilan sərdabəsində örtüyün ortası iç
məkanın mərkəzində ucalan göbələkvari, yuxarıya doğru genişlənən sütuna
dayanır. Sütun da planda səkkizbucaqlıdır. Buna bənzər mərkəzi dayaq
sütunu Azərbaycan ərazisində indiyədək yalnız iki abidədən-Marağadakı
168
Qırmızı günbəz (1148) və Naxçıvandakı Möminə xatın (1186) türbələrinin
sərdabələrindən bəllidir.
Şəkil 104. Gilan türbəsinin sərdabəsi.
Gilan türbəsi Marağa-Naxçıvan memarlıq məkanında olmasına
baxmayaraq, memarlıq quruluşu, konstruksiya baxımından Şərqi
Anadolunun (Türkiyə), Kemah qəsəbəsindəki Menqucuq Qazi türbəsinin
(XII əsrin əvvəlləri) alt qatı ilə, demək olar ki, eynidir. Hər iki sərdabənin
həcmi və hündürlüyü də bir-birinə çox yaxındır. Kemahdakı türbənin də
Marağa-Naxçıvan memarlıq məktəbi nümayəndəsi tərəfindən tikilməsi
ehtimal edilir. Çünki həmin illərdə Menqucuqların əsas tikililərini iki
azərbaycanlı memar yerinə yetirirdi. Onlardan birinin - memar Əhməd
Əbubəkr oğlu Mərəndinin Sivasda ucaltdığı Keykavus türbəsi görünüşcə
Gilan və Kemah türbələrinə bənzərdir. Gilan sərdabəsi ətraf qayalardan
qopardılmış lay daş parçalarından tikilmişdir. İçərisinə nisbətən bayır
üzlərində daşlar daha diqqətlə yonulmuş, hörgü işi səliqəli aparılmışdır.
İnteryerdə tavan və döşəmə büsbütün, eləcə də divarların və mərkəzi dayağın
169
hörgü daşlarının arası ağ məhlulla suvanmışdır. Tünd boz daşlar təbii
biçimləri və codluğu ilə ağ yerlikdə orijinal dekorativ düzüm əmələ gətirir.
Bütövlükdə, sərdabə interyerinin ifadəliliyi biçimlərin təmiz həcm
quruluşuna əsaslanır, estetik tələblərə uğurla cavab verməklə fəzalı plastik
arxitektonikası ilə gözəl təsir bağışlayır. Bayırda sərdabə qatının üstündə
kubvarı tutumlu gövdə ucaldılmışdır. Uçub dağılmış və indiyədək kiçicik
fraqmentləri qalmış üst qüllə tamamilə kərpicdən tikilmiş, üzləri kərpicdən
hörülmüş, mürəkkəb həndəsi naxışlarla bəzədilmişdir. Gövdənin künclərini
silindrik kərpic sütunlar qapayırmış. Sütunlardan birinin alt bölümü
qalmışdır. Bəzək işlərində göy rəngli kaşı lövhələr də işlədilmişdir. Gilan
türbəsinin tikilmə tarixini bildirən kitabə qalmasa da, abidənin XII əsrin son
rübündə inşa edildiyi ehtimal olunur.
Dostları ilə paylaş: |