Uşağın psixi inkişafında oyunun rolu. Bağça yaşı dövründə oyun uşaqların əsas fəaliyyəti olur. Bu yaş dövründə uşaqlar öz vaxtlarının çoxunu oyunda keçirirlər.
Adətən, məktəbəqədər yaş dövrünü üç yarımdövrə ayırırlar: kiçik bağça yaşı dövrü (3-4 yaş), orta bağça yaşı dövrü (4-5 yaş) və böyük bağça yaşı dövrü (5-6 yaş).
Kiçik bağça yaşlı uşaqlar, adətən, hələ təklikdə oynayırlar. Əşyavi və quraşdırma oyunlarında onlarda qavrayış, hafizə, təxəyyül, təfəkkür və hərəki qabiliyyətlər inkişaf edir.
Tədricən orta bağça yaşı dövründə uşaqlar birgə oyuna keçməyə başlayırlar, oyunlarda daha çox uşaq iştirak edir.
Üç-altı yaş ərzində uşaq oyunları əşyavi-manipulyativ və simvolik xarakterdən süjetli-rollu qaydalı oyunlara qədər inkişaf yolu keçir. Bütün bunlar uşağın həyatında mühüm rol oynamaqla, onun tələbatını ödəməklə yanaşı, yaşlılarla ünsiyyət saxlamaq, həyatı başa düşmək, ətrafdakıları təqlid etmək, bu yolla bir növ gələcək həyata hazırlaşmaq işində mühüm vasitəyə çevrilir. Oyun fəaliyyəti uşağın psixi inkişafında əsaslı dəyişikliklə gətirib çıxarır. Oyun şəraitində və onun köməyi ilə uşaqlarda diqqət, qavrayış, xüsusilə müşahidəçilik, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranmış olur. Bununla yanaşı olaraq didaktik oyunlardan istifadə edilməsi uşaqlarda nitqin inkişafı, nitq qüsurlarının aradan qaldırılması işində də əsaslı rol oynayır.
Orta və böyük bağça yaşı dövründə uşaqlar rollu-qaydalı oyunlardan daha çox istifadə edirlər. Bu dövrdə həmin oyunlar özlərinin mövzularına, qaydalarının müxtəlifliyinə görə kiçik bağça yaşı dövründə istifadə olunan oyunlardan fərqlənirlər. Burada kiçik bağça yaşı dövründən fərqli olaraq oyunda təbii şəkildə istifadə olunan əşyalar şərti olaraq dəyişdirilir, nəticədə simvolik oyun xarakteri alır.
Rollu-qaydalı oyunlardan istifadə edilməsi uşaqlarda iradənin inkişafına güclü təsir göstərir. Adi şəraitdə bir yerdə dura bilməyən uşaq bu cür oyunlar zamanı öz rolunu axıra qədər yerinə yetirməyə, qaydaya əməl etməyə məcbur olur. Oyun prosesində uşaqlar qarşılıqlı münasibətlərin hə- yata keçirilməsinə əməl etməyə alışırlar. Rollu oyun prosesində ilk dəfə olaraq uşaqda liderlik özünü göstərir, təşkilatçılıq bacarıq və vərdişləri inkişaf etməyə başlayır. Oyun eyni zamanda uşaqlarda bir sıra qabiliyyətlərin aşkara çıxmasına imkan verir. Bütün bunlarla yanaşı olaraq uşaqlar sadə əmək tapşırıqlarını icra edərkən də çox vaxt onlara oyun xarakteri verir və bu yolla bəzi sadə əmək bacarıqlarına da yiyələnirlər.