Erkən uşaqlıq dövründə müstəqillik meylinin formalaşması. Erkən uşaqlıq dövründə uşaqlarda şəxsiyyətin inkişafı üçün də zəmin yaranmış olur. Uşaq özünü başqa əşyalardan, onu əhatə edən adamlardan ayırmağa başlayır. Bu isə uşaqda ilkin özünüdərketmə formasının meydana gəlməsinə səbəb olur. Üç yaşında uşaqda özü haqqında təsəvvür yaranır. Nəticədə uşaq özünü adı ilə deyil, “mənim”, “mən” əvəzlikləri ilə adlandırmağa başlayır. Bununla bağlı olaraq ilk yaş “böhranı”, “üç yaşın böhranı” özünü büruzə verir. Uşaq “mən” kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə verir; onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. Bununla da uşaq böyüklərdən asılı olsa da müstəqil hərəkət etməyə, “mən özüm” - deyə şəxsi fəallıq göstərməyə başlayır.
Uşağın psixi inkişafında ilk “yaş böhranı” böyüklərlə qarşılıqlı münasibət zamanı tərslik, inadkarlıq, höcətlik kimi neqativ keyfiyyətlər halında diqqəti cəlb edir. Uşağın müstəqil olaraq öz tələbatını ödəmək cəhdi, özünü başqa adamlarla müqayisə etməsi, böyüklərin verdiyi tələblərdən boyun qaçırması və hərəkətlərindəki sərbəstliyi “üç yaşın böhranı” haqqında aydın təsəvvür yaradır.
Əgər yaşlılar uşağın müstəqilliyi və sərbəstliyini lazımi şəkildə tənzim və təşkil edərsə yaş böhranı tədricən aradan qaldırıla bilər.
Bağça yaşı dövründə uşaqların ümumi inkişafı. Məktəbəqədər yaş dövrü uşağın həm fiziki, həm psixofizioloji, həm də şəxsiyyət sahəsində inkişafının keyfiyyətcə dönüş dövrüdür. Bu dövrdə uşağın fiziki inkişafı birinci növbədə diqqəti cəlb edir. 3-6 yaşlı uşağın boyunun, çəkisinin artmasında nəzərə çarpacaq dəyişiklik baş verir. Buna baxmayaraq həmin dövrdə uşağın əzələ və sümük sistemi xeyli inkişaf etmiş olsa da onun əl və ayaq əzələlərində hələ sümüklənməmiş qığırdaqlar qalır. Uşağın skeleti əsasən qığırdaq toxumalardan ibarət olur. Ona görə də lazımi tələblərə əməl olunmadıqda uşağın qaməti düzgün inkişaf etmir.
Bununla yanaşı olaraq nitqin, böyüklərlə və həmyaşıdları ilə ünsiyyətin və müxtəlif fəaliyyət növlərinə cəlb olunmanın təsiri altında uşaqda yeni keyfiyyət dəyişmələri baş verir. Bütün bunlar uşağın sosial şəraitə və həyatın tələblərinə uyğunlaşmasına imkan verir.
Məktəbəqədər dövr uşağın fəaliyyətin subyekti kimi formalaşmasının ilkin mərəhələsi kimi özünü göstərir. Məqsədəyönəlişliyin əsası qoyulur. Böyüklərin qiymətləndirməsi və nəzarətinin təsiri altında bağça yaşının sonunda uşaqlar öz hərəkət və fəaliyyətlərindəki qüsurları hiss etməyə başlayırlar. Bununla əlaqədar təqlid obyektləri dəqiqləşməyə başlayır. Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyyətlərin formalaşması imkanları yaranır və özünü göstərməyə başlayır.
Dostları ilə paylaş: |