Məktəbə daxil olmaqla əlaqədar uşaqda bir sıra yeni, mürəkkəb və ziddiyyətli hisslər özünü göstərməyə başlayır. Bu hisslər uşağın yeni vəziyyəti ilə bağlı olur. Məktəbə yenicə gəlmiş uşaqlar bir sıra hissi hallar, təəssüratlar keçirirlər: onlar fəxr edirlər ki, artıq məktəblidirlər, “böyük” olmuşlar. Eyni zamanda məktəbə təzə gələn uşaqlar bəzi həyəcanlı anlar da keçirməyə başlayırlar: “Görəsən məktəbdə necə olacaq? Tapşırıqları yerinə yetirə biləcəkmi? Yoldaşları, müəllim necə olacaq? və s.
Bütün bunlarla yanaşı olaraq mühitin, təlim və tərbiyənin təsiri altında uşaqlarda bir sıra müsbət hisslər yaranmağa başlayır. Təlimdə qazandığı ilk müvəffəqiyyət uşağı sevindirir.
Kiçik məktəb yaşlı uşaqlarda hisslər az davamlı və keçici olur. Onların hissləri asanlıqla bir-birini əvəz edir. Bu dövrdə uşaqlar öz hisslərini gizlətməkdə çətinlik çəkirlər.
Kiçik məktəb yaşının sonuna doğru uşaqların hissləri nisbətən davamlı xarakter daşımağa başlayır.
Bu dövrdə uşaqlarda zehni, əxlaqi və estetik hisslər də özünəməxsus şəkildə inkişaf edir. Uşaqda hər şeyi bilməyə, öyrənməyə həvəs, təlim zamanı rast gəldiyi çətinliyi aradan qaldırmağa inam, şübhə, işi icra edərkən özündən razı qalmaq, öz “kəşfləri” ilə fəxr etmək və s. kimi hallar baş verir. Bu dövrdə vətənə məhəbbət, böyüklərə hörmət, yoldaşlıq, insanlara qayğı və s. kimi əxlaqi hisslərin əsası qoyulur. Ümumiyyətlə kiçik məktəblilərdə əxlaqi hisslər biliklərə, tədricən əxlaqi anlayışlara yiyələnməklə əlaqədar inkişaf edir. Kiçik məktəb yaşı dövründə estetik hisslərin inkişafı, estetik zövqün tərbiyəsi üçün də səmərəli şərait yaranır.
Kiçik məktəb yaşı dövründə uşaqlarda iradənin inkişafı üçün də geniş imkan yaranır. Bu dövrdə uşaq öz hərəkətlərini, fikir və arzularını qaydalara tabe etməli olur. Bu prosesdə maneələri aradan qaldırır. I-III sinif şagirdlərində iradi cəhd göstərmək bacarığı hissediləcək dərəcədə artır. İxtiyari, iradi fəaliyyət inkişaf etməyə başlayır. Uşağı iradi cəhdə yönəldən motivlər kəskin şəkildə dəyişir. 9-10 yaşlı uşaqlar nəyə qadir olduqlarını öz həmyaşıdlarına göstərmək istəyirlər. Bu dövrdə hisslərin və iradənin inkişafı uşaqda xarakterin inkişafına da əsaslı təsir göstərir. Kiçik məktəblilərdə təlim və tərbiyənin təsiri altında xarakterin intizamlılıq, dözümlülük, təkidlilik kimi iradi keyfiyyətləri formalaşmağa başlayır. Təlim və tərbiyənin təsiri altında kiçik məktəblilərdə xarakterin əməksevərlik, səliqəlilik, böyüklərə hörmət kimi əlamətləri formalaşır.
Kiçik məktəblilərdə xarakterin formalaşmasında təlim və tərbiyə ilə yanaşı onlarda təqlidə meyllilik də mühüm rol oynayır.
Bütün bunlarla yanaşı olaraq müəllimin qiymətləndirməsi və təlimdə əldə edilmiş uğurlu nəticələrin təsiri altında kiçik məktəblilərdə özünüqiymətləndirmə formalaşmağa başlayır. Lakin bu hal sabit xarakter daşımır, tez-tez aşağı düşə bilir.
Özünüqiymətləndirmə ilə bağlı olaraq kiçik məktəblilərdə özünə, öz gücünə inam da formalaşır. Lakin təcrübə göstərir ki, təlimdəki çətinliklərdən, müəllimin və valideynlərin tənqidi qeydlərindən asılı olaraq kiçik məktəblilərdə öz gücünə inamsızlıq, frustrasiya vəziyyəti, təlimə marağın itməsi, «məktəb nevrozlarının» meydana gəlməsi halları da müşahidə olunur. Müəllimin bu cəhətləri nəzərə alması kiçik məktəblilərdə şəxsiyyətin müvafiq əlamətlərinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Dostları ilə paylaş: |