Müşahidə metodunun müxtəlif variantlarından istifadə olunması uşaq haqqında kifayət qədər əsaslandırılmış məlumat əldə etməyə imkan verir. Hər cür müşahidəni məqsədəyönəlmiş və müvafiq proqrama, plana uyğun şəkildə aparmaq lazımdır.
Müvafiq nəticə əldə etmək üçün müşahidəni müntəzəm aparmaq tələb olunur. Uşaqlar çox sürətlə inkişaf edirlər. Onların psixologiyası və davranışı sürətlə dəyişir. Ona görə də uşağın yaşından asılı olaraq müşahidələr arasındakı fasilə dəyişməli olacaqdır. Məsələn, yeni doğulmuş uşaq üzərində hər gün, 2-3 aylıqdan bir yaşa qədər dövrdə hər həftə, 1-3 yaşlı uşaqlarda hər ay, bağça yaşlı uşaqlarda ildə ən azı iki dəfə və s. müşahidə aparmaq lazım gəlir. Uşaqlar üzərində müşahidənin gizli təşkil edilməsi, uşağın bunu hiss etməməsi daha dəqiq nəticə əldə etməyə imkan verir.
Müşahidənin bir növü kimi "ana gündəlikləri”ndən istifadə də səmərəli nəticə verir.
Çox vaxt uşaqlarla aparılan şifahi və yazılı sorğu zamanı bir sıra çətinliklərlə rastlaşmaq olur. Bəzən uşaqlar ona verilmiş sualı o qədər də düzgün başa düşmürlər. Ona görə də sorğu zamanı uşağın ona verilən sualı nə qədər düzgün başa düşdüyünü müəyyənləşdirmək lazımdır.
Uşaqlarla aparılan tədqiqat işində uşağın psixologiyası və davranışı barədə daha düzgün məlumatlar əldə etmək üçün eksperiment daha səmərəli metodlardan biri hesab olunur. Eksperimentlərin daha səmərəli olması üçün onların təbii şəraitdə, oyun və təlim fəaliyyətində aparılması zəruridir. Bu zaman uşaqları eksperimentin gedişinə maraqlandırmaq lazımdır.
Testləşdirmənin tətbiqi zamanı da uşaqların bu işdə iştirakının stimullaşdırılması zəruridir. Bunun üçün Kettelin və Vekselerin testlərinin uşaq variantlarından və sosiometrik testin bəzi formalarından istifadə olunması daha yaxşı nəticə verə bilər.
Pedaqoji psixologiyanın tədqiqat metodlarına gəldikdə ümumi psixologiyada, yaş psixologiyasında və psixologiyanın digər sahələrində istifadə olunan tədqiqat metodlarından pedaqoji psixologiyada da istifadə olunur. Bu metodlara müşahidə, şifahi və yazılı sorğu, eksperiment, fəaliyyət məhsullarının təhlili, anketlər, testləşdirmə və s. aid etmək olar. Pedaqoji psixologiyada bu metodlardan istifadə edərkən uşaqların yaş xüsusiyyəti, psixoloji-pedaqoji problemin xüsusiyyətləri, onların köməyi ilə uşaqların tərbiyəlilik və hazırlıq səviyyələrini, təlim və tərbiyənin təsiri altında onların psixologiyası və davranışında baş verən dəyişiklikləri aşkara çıxarmaq imkanları nəzərə alınaraq müvafiq dəyişikliklər edilir. Məsələn, pedaqoji müşahidədən uşaqların müxtəlif sosial şəraitdə özlərini necə aparmalarını, eləcə də müxtəlif həyati məsələləri həll edərkən əldə etmiş olduqları bilik və vərdişləri tətbiq edə bilmək bacarığını aşkara çıxarmaq üçün istifadə etmək olar. Daha yaşlı uşaqları - yeniyetmə və gəncləri öyrənərkən bu məqsədlə yazılı sorğu və testlərdən, məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlarla şifahi sorğudan istifadə etmək mümkündür.
Bu cür ümumi metodlarla yanaşı pedaqoji psixologiyanın özünəməxsus xüsusi metodları da vardır. Bu cür metodlara psixoloji-pedaqoji eksperimenti və uşaqların öyrənməyə qabillik, biliklilik və tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq üçün xüsusi psixoloji-pedaqoji testləşdirməni aid etmək olar.
Pedaqoji psixologiyada istifadə olunan metodları aşağıdakı şəkildə qruplaşdırmaq olar: təşkiledici,prosedur, qiymətləndirici, eləcə də faktların toplanmasıvə işlənməsiilə bağlı metodlar.Təşkiledici metodlara məqsəd, məzmun, aparılan tədqiqatın strukturu və təşkili, onların tərkibi və hazırlıq aiddir. Prosedur metodlara bütövlükdə aparılacaq tədqiqatın, eləcə də onun hissələrinin həyata keçirilmə forması aiddir. Qiymətləndirici metodlara tədqiqatın nəticələrinin psixoloji-pedaqoji qiymətləndirilməsi yolları daxildir. Faktların toplanması və işlənməsi üçün tətbiq olunan metodların köməyi ilə yoxlanılanlar haqqında zəruri məlumatlar əldə edilir. Əldə edilmiş faktların işlənməsi üçün tətbiq olunan metodların köməyi ilə müvafiq nəzəri və praktik psixoloji-pedaqoji nəticələr və tövsiyyələr irəli sürmək mümkün olur.
Qeyd etdiyimiz tədqiqat xarakteri daşıyan metodlarla yanaşı elə metodlar da vardır ki, onların köməyi ilə uşaqlara birbaşa praktik psixoloji-pedaqoji təsir göstərmək olur. Bu cür metodlara psixoloji məsləhət və korreksiyanı aid etmək olar. Psixoloji məsləhət adi söhbət şəklində şagirdlə, onun valideynləri və ya onun təlim-tərbiyəsi ilə məşğul olan adamlarla aparıla bilər. Psixoloji məsləhətdən fərqli olaraq psixokorreksiyanın köməyi ilə psixoloq maraqlandığı şəxsə bilavasitə psixoloji-pedaqoji təsir göstərir.
Pedaqoji psixologiyada eksperiment metoduna xüsusi yer verilir. Əldə edilmiş nəticələrin taleyi və səmərəliliyi psixoloji-pedaqoji eksperimentin düzgün təşkili və aparılmasından asılıdır. Psixoloji-pedaqoji eksperimentin nəticəsinin etibarlılığı üçün bir sıra şərtlərə əməl olunmalıdır. Hər şeydən əvvəl, nəticələrdə səhvlərə yol verməmək üçün eksperimentin təşkili məntiqi əvvəlcədən düşünülməlidir.
Psixoloji-pedaqoji tədqiqatın aparılmasına verilən ikinci xüsusi tələb testlər və digər psixodiaqnostik metodlarla bağlıdır. Onlar kifayət qədər yoxlanmalı və uşaqların yaşına uyğunlaşdırılmalıdır.