Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə32/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   28   29   30   31   32   33   34   35   ...   297
psix

Ünsiyyət qarşılıqlı təsir kimi. İnsanların qarşılıqlı təsiri və qarşılıqlı münasibətlərinin tənzim olunması. Sosial normalar və sosial nəzarət. Ünsiyyət prosesində rol və rol gözləmələri. Dostlar arasında ünsiyyətin xarakteri. Ünsiyyətdə maneələr və onların qarşısını almaq yolları. Məna maneələri və onları doğuran səbəblər.
Ünsiyyət insanların bir-birini qavraması və anlaması kimi. Qarşılıqlı anlama prosesində sosial persepsiyanın rolu. İnsanların bir-birini qavramalarının mexanizimləri: eyniləşdirmə, refleksiya, stereotipləşdirmə. İnsanların bir-birini qavramasında, oreol effek­­tinin (himayə effekti) yeri.

II.4.1. Ünsiyyət haqqında anlayış




Ünsiyyətin tərifi, məzmunu, məqsəd və vəzifələri. İnsanlar birgə yaşayış və birgə fəaliyyət zamanı daima bir-biri ilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və ya bir-birini qavrayır və anlayırlar. Başqa sözlə ünsiyyətə girirlər. İnsanın hər cür fəaliyyətində ünsiyyət zəruri şərt kimi özünü göstərir. Ünsiyyət olmadan insanların birgə fəaliyyəti həyata keçirməsi mümkün deyildir.


Ünsiyyət insanlar arasında təmasın yaranması və inkişafı prosesi kimi meydana çıxır. Heç bir insan birliyi oradakı adamlar arasında təmas yaradılmadan birgə fəaliyyəti həyata keçirə bilməz və onların arasında qarşılıqlı anlama baş verməz. Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesidir. Başqa sözlə, insanların öz münasibətlərini aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndiməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir.
Ümumipsixoloji baxımdan nəzərdən keçirdikdə, əvvəla, ünsiyyət iki və daha çox şəxs arasında baş verir; ikincisi, həmin proses az-çox dərk edilmiş olur; üçüncüsü, ünsiyyət insanlar arasında informasiya mübadiləsi olmaqla bərabər qarşılıqlı təsir prosesi, real gerçəkliyi əks etdirmək vasitəsidir; dördüncüsü, ünsiyyət dinamik prosesdir, onun müxtəlif forma və vasitələri vardır. Deməli, ümumipsixoloji baxımdan ünsiyyəti fəaliyyətin xüsusi bir növü hesab etmək olar. Ünsiyyət prosesində insanlar arasında fikir, bilik, rəy, təcrübə və hisslər mübadiləsi gedir, onlar bir-birinin inam və əqidəsinə təsiri olan müxtəlif tipli məlumatları əsasən başqaları ilə ünsiyyət prosesində əldə edir, öz bilik və təsəv­vürlərini başqalarına aşılayırlar. Aydındır ki, ünsiyyət həyat tələbatlarından doğur və demək olar ki, insanın ictimai həyatının gedişini tənzim edir. Təsadüfi deyildir ki, tədqiqatçılar ünsiyyəti insanların bir-birini anlaması başa düşməsi prosesi (S.L.Rubinşteyn), fikirlərin təəssüratların başqalarına verilməsi prosesi (L.S.Vıqotski), insanların başqalarına olan tələbatı (Y.L.Kolo­­minski) və s. hesab etmişlər.
Ünsiyyət prosesində insanlar nəinki mühit haqqında məlumat əldə edir, eyni zamanda müxtəlif adət və vərdişlərə yiyələnir ki, bunlar da real varlığın dərk edilməsinə xüsusi istiqamət verir. Deməli, ünsiyyət, hər şeydən əvvəl, obyektiv varlığın dərk edilməsini təmin edən əsas şərtdir.
Həyati faktlar göstərir ki, ünsiyyət eyni zamanda psixi proseslərin təzahüründə özünəməxsus tərzdə iştirak edir. Ünsiyyət psixi proseslərin dinamikasına, təzahürünə təsir göstərir və onları daha da mütəhərrik edir.
Ünsiyyət eyni zamanda şəxsiyyətin formalaşmasına da müəyyən tərzdə istiqamət verir. Demək olar ki, şəxsiyyətin təşəkkülü müəyyən mənada ünsiyyət prosesinin məhluludur.
Ümumi psixologiya baxımından ünsiyyət probleminin maraqlı cəhətlərindən biri də ondan ibarətdir ki, insanın özünü dərk etməsi, öz məninə nəzər salması, özünü başqaları ilə müqayisə edərək qiymətləndirməsi belə ünsiyyət prosesinin məhlulu kimi qəbul edilə bilir. İnsan yalnız başqaları ilə ünsiyyət prosesində onları dərk edir.
Müasir sosial psixologiyada ünsiyyətin üç mühüm tərəfi, cəhəti qeyd olunur:
1) ünsiyyət informasiya mübadiləsi kimi və yaxud ün­siy­yətin kommunikativ tərəfi;
2) ünsiyyət qarşılıqlı təsir prosesi kimi və ya ünsiyyətin interaktiv tərəfi;
3) ünsiyyət insanların bir-birini qavraması, anlaması kimi və yaxud ünsiyyətin perseptiv tərəfi.
Ünsiyyətin özünəməxsus məzmunu, məqsədi və vasitələri mövcud­­dur (R.S.Nemov).
Ünsiyyətin məzmunu dedikdə fərdi təmas zamanı bir insandan digərinə ötürülən inıormasiya nəzərdə tutulur. Məhz öz məzmunundan asılı olaraq insanların ünsiyyəti müx­təlif xarakter daşıya və fərqlənə bilir.
Ünsiyyətin məzmununu, hər şeydən əvvəl, insanın daxili motivasiya və emosianal vəziyyəti haqqında məlumat təşkil edə bilər. Bu zaman insanlar bir-birinə mövcud tələbatları, emosional vəziyyətləri (razılıq, narazılıq, sevinc, kədər, qəm, əzab və s.) haqqında məlumatları çatdırır ki, bu cür informasiyalar bir adamdan başqalarına ötürülməklə şəxsiyyətlərarası tənzim rolunu oynaya bilər.
Ünsiyyətin məzmunu ətraf mühit, orada baş verən hadisələr haq­qında məlumatlardan da ibarət ola bilər. Bu zaman ünsiyyətdə olan insanlar bir-birlərinə mövcud təhlükə, həyati əhəmiyyətə malik olan amillər haqqında məlumat verə bilərlər. Ünsiyyətin məqsədinə gəldikdə, insanda müvafiq fəallığın nə üçün, nəyin xatirinə həyata keçirilməsindən ibarətdir. Bu baxımdan insanların ünsiyyətə girməsinin məqsədi geniş və çox sahəlidir. İnsanların ünsiyyətə girmə məqsədinə onların dünya, təlim və tərbiyə, şəxsi və işgüzar qarşılıqlı əlaqələrin yaradılması və s. haqqında obyektiv məlumatın verilməsi və ya alınmasını daxil edirlər (R.S.Nemov).
İnsanda ünsiyyətin vasitələri ünsiyyət zamanı ötürülən informa­siyaların kodlaşdırılmasında, ötürülməsində, işləmə və açılmasında özünü gös­tə­rir.
İnformasiyaların kodlaşdırılması onun bir canlı varlıqdan digərinə ötürülmə tərzindən ibarətdir. İnformasiya insanlar tərəfindən müəyyən məsafədən, hiss üzvləri vasitəsilə ötürülə və qavranıla bilir. İnsanda dil və başqa işarələr sistemi vasitəsilə informasiya mübadiləsinə daha çox yer verilir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin