Nitqin funksiyaları və xüsusiyyətləri. Yuxarıda deyilənlərdən nitqin insan həyatında əvəzolunmaz əhəmiyyətə malik olduğunu görürük. Nitq ünsiyyət prosesi kimi insanların fikir, təcrübə mübadiləsinə imkan yaradır. Nitqin əhə miyyəti onun funksiyalarında özünü aydın göstərir. Nitqin funksiyalarını nəzərdən keçirməzdən əvvəl ünsiyyət vasitəsi olan dilin funksiyalarına diqqət yetirək. Adətən, dilin üç funksiyasını qeyd edirlər: 1) dil ictimai-tarixi təcrübənin mövcud olması, saxlanması və verilməsi vasitəsidir; 2) dil kommunikasiya, eləcə də insanın davranışını tənzim etmək vasitəsidir; 3) dil intellektual fəaliyyətin silahıdır.
Dilin bu funksiyaları nitqin də fəaliyyət istiqamətini təyin edir. Mövcud psixoloji ədəbiyyata əsasən nitqin funksiyalarına aşağıdakıları aid etmək olar.
Nitqin birincifunksiyası əşyaları, hərəkəti, vəziyyəti adlandırmaqdır. Bu, nitqin siqnifikativ və ya semantik funksiyası adlanır. Bu funksiya insan nitqini heyvanların ünsiyyətindən fərqləndirir. Heyvanların çıxardığı səs əşyaları deyil, onların öz vəziyyətlərini bildirir. İnsanda isə müəyyən söz deyilərkən həmin sözlə bağlı hər hansı cismin, hadisənin təsəvvürləri canlanır.
Nitqin sonrakı funksiyası onun ümumiləşdirmə funksiyasıdır. Nitq sözlərə əsaslandığına görə daima ümumiləşdirməyə imkan yaradır.
Nitqin mühüm funksiyalarından biri di kommunikativ funksiyadır. Bu funksiya da öz növbəsində məlumat vermə və fəaliyyətə təhrik etmə vəzifələrini yerinə yetirir.
Ümumiyyətlə götürdükdə nitqin köməyi ilə başqaları ilə ünsiyyət saxlayır, fikir mübadiləsi edir, ictimai təcrübəni mənimsəyir, zənginləşdirir, yeni nəslə veririk.
Nitq vasitəsi ilə hisslərimizi, arzu və istəklərimizi, bu və ya digər cismə, hadisəyə münasibətimizi bildiririk.
Nəhayət nitq vasitəsilə başqalarına təsir edir, onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.
Bütün bu funksiyalarla yanaşı olaraq nitqin özünəməxsus xüsusiyyətləri də mövcuddur. Bunlara nitqin məzmunluluğu, anlaşıqlılığı, təsirliliyi və ifadəliliyini aid etmək olar. Nitqin məzmunluluğu onda ifadə olunan məlumatın əhatə dairəsindən asılıdır. Nitqdə ifadə olunan fikir və hisslərin həcmi nə qədər geniş olarsa, verilən məlumatlar gerçəkliyə nə dərəcədə uyğun gələrsə və nə dərəcə də əhəmiyyətli olarsa o bir o qədər məzmunlu hesab olunur. Nitqin məzmunlu olması üçün insanın geniş biliyi, həmin bilikdən və istilahlardan düzgün istifadə etmək bacarığı olmalıdır. Bunlar olmadan nitq özünün məlumat vermə vəzifəsini həyata keçirə bilməz.
Nitqimizin bizi dinləyənlər tərəfindən qavranılması üçün onun anlaşıqlı olması xüsusi əhəmiyyət kəsb edir. Nitqin anlaşıqlılığı ikitərəfli xarakter daşıyır. Bir tərəfdən kommunikatorun nitqinin nə qədər səlis, aydın olması, yersiz ibarələrlə yüklənməməsi, dilin qrammatik qayda və qanunlarına uyğun olmasından asılıdır. Danışan adam öz fikrini konkret nümunələrlə əsaslandırmağı, dinləyicilərin səviyyəsini nəzərə almağı bacarmalıdır. Eyni bir mövzunu bir müəllimin olduqca aydın, anlaşıqlı, digərinin isə qarmaqarışıq şəkildə şərh etdiyinin şahidi oluruq. Nəticədə birinci müəllimi dinləyicilər həvəslə dinləyir, onun dərsindən yeni biliklərlə çıxışlar, ikinci müəllimin verdiyi məlumatları qavraya bilmir, onu dinləməyə həvəs göstərmirlər.
Nitqin anlaşılması dinləyicilərin hazırlıq səviyyəsindən də asılı olur. Dinləyicinin mövzu ilə bağlı zəruri biliyə malik olmaması onu anlamasını da çətinləşdirir. Ona görə də müəllim müəyyən məlumatları çatdırarkən dinləyicilərin bu sahədəki hazırlıq səviyyəsini nəzərə almalıdır.
Nitqin bu xüsusiyyəti xüsusilə xarici dil dərslərində nəzərə alınmalıdır. Bunun üçün müəllim şagirdlərin tədris etdiyi dilə hazırlıq səviyyələrini aşkara çıxarmalı və öz fikrini onların başa düşəcəyi səviyyədə şərh etməlidir.
Ünsiyyət prosesində nitqin təsirlilik xüsusiyyətinin nəzərə alınması da az əhəmiyyətə malik deyildir. Nitqin təsirliliyi onun fəaliyyətə təhrik etmək funksiyasını yerinə yetirməyə imkan verir. Nitqin təsirliliyi inandırma, sübut, təlqin, məsləhət, tapşırıq, təlimat, xahiş, əmr, qadağan, komanda və s. şəklində həyata keçir. Bu cür təsir vasitələrindən yerində və müvafiq şəkildə istifadə olunması lazımi nəticəni verə bilir.
Nitqin ifadəliliyi yüksək nitq mədəniyyətinə yiyələnməyin əsas göstəricilərindən biri hesab olunur. Danışan və ya yazan adam öz nitqində şərh etdiyi məzmuna münasibətini nitqin ifadəliliyinin köməyi ilə bildirir.
Şifahi və yazılı nitqdə nitqin ifadəliliyi müxtəlif şəkildə həyata keçir. Şifahi nitqdə təsvir olunan cisim və hadisələrə münasibətin nitqin ifadəliliyi vasitəsilə çatdırılması nisbətən asan baş verir. Burada mimika və pantomimikanın iştirakı, səsin ahəngi və s. nitqin ifadəliliyini gücləndirir.