İnformasiya mübadiləsi və onun ünsiyyətdə yeri. İnsanların bir-biri ilə informasiya mübadiləsi ünsiyyətin daha geniş yayılmış tərəfi, cəhəti olmaqla psixoloji ədəbiyyatda ünsiyyətin kommunikativ tərəfi adlanır. İnformasiya mübadiləsi prosesində insanlar bir-birlərinin fikirləri, ideyaları, hissləri, istək və arzuları və s. ilə tanış olurlar. Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər. Bu cür informasiya mübadiləsi olmadan insanların birgə yaşayışı və fəaliyyəti çətinləşər, mümkün olmazdı.
Ünsiyyət zamanı həyata keçirilən informasiya mübadiləsində iki tərəf iştirak edir: məlumatı, informasiyanı verən və məlumatı qəbul edən. Birinci tərəf – informasiyanı verən kommunikator, ikinci tərəf – informasiyanı qəbul edən isə resipient adlandırılır. Beləliklə hər cür informasiya mübadiləsi K – İ – R (kommunikator- informasiya- resipient) sxemi üzrə həyata keçir.
Kommunikasiya vasitələri. İnsanlar arasında informasiya mübadiləsini təmin edə biləcək vasitələr çox və müxtəlifdir. Psixoloji ədəbiyyatda bu cür kommunikasiya vasitələrini iki qrupda birləşdirirlər. Birinci qrup kommunikasiya vasitələri sözlərin, dilin köməyi ilə bağlı olan vasitələrdir. Bu cür kommunikasiya vasitələrini verbal kommunikasiya vasitələri adlandırırlar. Burada hansı dil qrupuna aid olmasından asılı olmayaraq həmin dilin daşıyıcıları və həmin dili mənimsəmiş insanlar dildən ünsiyyət prosesində ünsiyyət vasitəsi kimi istifadə edirlər. Dil vasitəsilə insanlar arasındakı bu cür ünsiyyət prosesi nitq adlanır.
İkinci qrup kommunikasiya vasitələri dildən, nitqdən kənar vasitələrdir. Bu cür vasitələr qeyri verbal kommunikasiya vasitələri adlandırılır. Onlara müxtəlif ifadəli hərəkətləri, mimikanı, pantomimikanı, işarələr sistemini və s. aid etmək olar. Hər iki kommunikasiya vasitələrini ayrı-ayrılıqda nəzərdən keçirək.