Diqqət haqqında anlayış. Diqqətin tərifi. Diqqət psixoloji fəaliyyətin müəyyən obyekt üzərinə yönəlməsi və onun ətrafında mərkəzləşməsi kimi. Diqqətin funksiyaları. Diqqətin insanın həyat və fəaliyyətində rolu.
Diqqətin fizioloji mexanizmləri. Diqqət və bələdləşmə refleksi. Akademik İ.P.Pavlovun sinir proseslərinin induksiyası qanunu. Optimal oyanma ocağı və diqqət. A.A.Uxtomiskinin dominatliq prinsipi və diqqət. Diqqətin fizioloji mexanizmləri ilə bağlı müasir neyrofizioloji baxışlar.
Diqqətin növləri: qeyri-ixtiyarı, ixtiyari və ixtiyaridən sonrakı diqqət. Qeyri ixtiyarı diqqət və onu şərtləndirən amillər. İxtiyarı diqqət. İxtiyarı diqqətin əmələ gəlməsinin şərtləri və xüsusiyyətləri. İxtiyaridən sonraki diqqət, onun qeyri-ixtiyarı və ixtiyarı diqqətdən fərqi.
Diqqətin xarakterik xüsusiyyətləri.Diqqətin həcmi, davamlılığı, paylanması, keçirilməsi, mərkəzləşməsi. Diqqətin tərəddüdü və yayınması. Dalğınlıq və onun növləri. Diqqətin inkişafı və dərsdə şagirdlərin diqqətinin səmərəli təşkili.
IV. 7. 1. Diqqət haqqında anlayış
Diqqət haqqında ümümi məlumat. Eyni anda bizə müxtəlif cisim və hadisələr təsir edir. Biz bunların hamısını eyni aydınlığı ilə qavraya bilmirik. Onlardan bəzilərini aydın qavradığımız halda, digərlərini ya olduqca solğun qavrayır və ya heç cür qavramırıq. Bu bizim diqqətimizlə bağlıdır.
Diqqət psixi proseslərin (qavrayış, hafizə, təfəkkür və s.) tərkibində çıxış edərək, onların daha müvəffəqiyyətli cərəyanını təmin edir. Diqqətin rus alimi N.F.Dobrınin tərəfindən təklif olunmuş tərifini nəzərdən kecirək: «Diqqət psixi fəaliyyətin müəyyən bir obyekt üzərinə yönəlməsi və onun üzərində mərkəzləşməsidir». Biz yönəlişlik dedikdə idrak fəaliyyətinin seçici xarakter daşımasını, mərkəzləşmə dedikdə isə hal-hazırkı fəaliyyətə aid olmayan bütün obyektlərdən uzaqlaşmanı nəzərdə tuturuq. Əgər insan psixikasının strukturuna istinad etsək, biz diqqəti həm bir proses kimi (və yaxud psixi prosesin bir tərəfi kimi: məsələn, sensor, perseptiv, intellektual diqqət), həm psixi halət kimi (məsələn, yönəlişlik), həm də şəxsiyyətin bir xassəsi kimi (məsələn, diqqətlilik) nəzərdən keçirə bilərik. Lakin bildiyimiz kimi diqqətin müstəqil psixi proses olması haqqında psixoloji ədəbiyyatda fikirlər üst-üstə düşmür. Bəzi tədqiqatçılar diqqətin digər psixi proseslərin tərkibində çıxış etməsi faktını əsas tutaraq, onu müstəqil psixi proseslərə aid etmirlər. Digər tədqiqatcılar isə diqqəti idrak proseslərindən biri hesab edərək, onu əsasən iradə və idrak fəaliyyəti ilə əlaqələndirirlər.