Dəri duyğuları. Xarici aləmin cisimlərinin bir sıra xassələrini əks etdirir. Dəri duyğuları üç yerə ayrılır: toxunma, temperatur, ağrı duyğuları.
Toxunma (lamisə) duyğusu vasitəsilə biz predmetlərin dərinliyini, bərkliyini, yumşaqlığını, kələkötürlülüyünü, yaxud səthinin hamar olmasını və sair kimi xüsusiyyətlərini əks etdiririk. Toxunma duyğusunun reseptorları bir milyona qədər olmaqla dəri üzərində müxtəlif sıxlıqda səpələnmişdir. Bu nöqtələr dilin ucunda, barmaqların ucunda, bədənin digər hissələrinə nisbətən daha sıx yerləşmişdir. Dəri duyğuları hərəkət duyğusu ilə sıx surətdə əlaqədardır. Korlar hərfləri toxunma və hərəkət duyğusunun vasitəsi ilə oxuyurlar.
Temperatur duyğusu. İstilik və soyuqluq duyğusu olmaqla iki növ duyğu kimi mövcuddur.
İstilik duyğusu, bədənin temperaturundan artıq hərarətə malik olan cisim dəriyə toxunduqda əmələ gəlir.
Soyuqluq duyğusu isə bədən temperaturundan aşağı olan cisim bilavasitə dəriyə təsir etdikdə yaranır.
Ağrı duyğuları. Ağrı duyğuları müxtəlif xarakterdə olur. Biz küt və bərk ağrıları, sanki kəsən, doğrayan, deşən ağrıları, davamlı və ani ağrıları duyuruq.
Dəri duyğularının hər birinin özünə məxsus reseptorları vardır. Dəridə olan bir çox nöqtələr toxunma, digər nöqtələr soyuqluq, üçüncülər istilik, nəhayət başqa nöqtələr ağrı duyğularını yaradır.
Əzələ-hərəkət duyğuları. Bədənin ətraf üzvlərinin vəziyyətini, hərəkətini, bu hərəkətin istiqamət və surətini, bu zaman əzələlərin gərilmə dərəcəsini əks etdirən duyğulara deyilir. Əzələ-hərəkət duyğuları insanın həyatında böyük rol oynayır. Əmək fəaliyyəti zamanı olduqca mürəkkəb hərəkətlərin icrası, bu hərəkətlərin tənzim olunması hərəkət duyğusunun sayəsində mümkün olur. Əzələ-hərəkət duyğusu görmə qavrayışında, lamisə qavrayışında müstəsna dərəcədə əhəmiyyət daşıyır.
Müvazinət duyğuları.Bu cür duyğular başın və bədənin fəzadakı vəziyyətinin inikasından ibarət olub, bədənin hərəkətinin istiqamətini, kordinasiyasını saxlamağa xidmət edir. Bu duyğunun reseptoru daxili qulaqda yerləşən yarımdairəvi kanalcıqların içərisindəki endolimfa və bu kanalcıqların divarında olan sinir uclarıdır. Bədənin vəziyyəti dəyişdikdə endolimfa hərəkətə gəlir və kanalın divarında olan sinir uclarını qıcıqlandırır. Bununla da biz bədənimizin vəziyyətini əks etdiririk.
Üzvü duyğular daxili üzvlərin vəziyyətinin daxilindəki dəyişmələrin inikasından ibarətdir. Bu duyğular aclıq, susuzluq, toxluq, ürək bulanması haqqında, bədənin sağlamlıq və xəstə vəziyyətdə daxili üzvlərində baş verən ağrılar haqqında xəbər verir. Üzvi duyğuların reseptorları daxili üzvlərin səthində, selikli qişasında yerləşən sinir uclarından ibarətdir. Üzvü duyğulara cinsi duyğuları da daxil edir.