1. Qavrayış prosesində hansı analizatorun üstün rol oynamasına görə;
2. Qavranılan obyektin, başqa sözlə materiyanın mövcudluq formasına görə;
3. Qarşıda məqsədin olub-olmamasına görə.
Birinci bölgü onunla əlaqədardır ki, bəzən qavrayış prosesində hansısa bir analizator daha üstün şəkildə iştirak edir. Nəticədə duyğularda olduğu kimi qavrayışın görmə, eşitmə, lamisə, kinestezik, iybilmə və dadbilmə kimi sadə növləri əmələ gəlir. Belə bir cəhəti qeyd etmək lazımdır ki, bu növlərə təmiz halda çox az-az rast gəlmək olur. Adətən qavrayış prosesində müxtəlif duyğular birləşir, birlikdə iştirak edir və mürəkkəb qavrayışı yaradır. Məsələn, şagird mətni oxuyarkən onun qavrayışında görmə, eşitmə, kinestezik duyğular birlikdə iştirak edir. Daha doğrusu qavrayışın bu növlərində duyğudan fərqli olaraq bir deyil, bir neçə analizator iştirak edir.
İkinci növ təsnifat isə, qavranılan obyektin, materiyanın mövcudluq formasına görə aparılır. Bu baxımdan qavrayışın məkan, zaman və hərəkət kimi mürəkkəb növləri mövcuddur.
Məkan qavrayışı. Məkan materiyanın mövcudluq formasıdır. Məkanın qavranılması dedikdə cisimlərin obyektiv məkan xüsusiyyətlərinin və münasibətlərinin formasının, həcminin, relyefinin, fəzada tutduğu yerin, uzaqlığının qavranılması başa düşülür.
Məkanın qavranılmasında bələdləşmə hərəkət analizatoru əsas rol oynayır. Onun köməyi ilə müxtəlif analizatorlar arasında əlaqə yaranır. Məkan bələdləşməsinin xüsusi mexanizmlərinə analizator fəaliyyətinin hər iki yarımkürə arasındakı sinir əlaqələrini: binokulyar görməni, binaural eşitməni, bimanual lamisəni, dirinik iybilməni və s.aid etmək lazımdır. Əşyaların məkan xassələrinin inikasında bütün qoşa analizatorlar üçün xarakterik olan asimmetriya mühüm rol oynayır.
Cisimlərin məkan xüsusiyyətlərinin beynimizdə inikası mürəkkəb prosesdir. Məkan qavrayışında başlıca olaraq görmə analizatoru iştirak edir. Lakin tədqiqat göstərmişdir ki, bu mürəkkəb prosesdə təkcə görmə deyil, bununla birlikdə lamisə, əzələ-hərəkət duyğuları, bəzi hallarda eşitmə duyğuları da iştirak edir. Bu duyğuların birgə və qarşılıqlı fəaliyyəti, cisimlərin məkan xüsusiyyətlərini və münasibətlərinin tam və dəqiq qavranılmasını təmin edir. Məkanın qavranılmasında həyat təcrübəsi də böyük əhəmiyyətə malikdir.
Cisimlərin həcminin qavranılması onların gözün torlu qişasında alınan əksinin böyüklüyündən və həmin cisimlərin müşahidəçinin gözündən nə dərəcədə uzaqda olmasından asılıdır. Bununla bağlı olaraq uzaqda olan cisimlərin həcminin düzgün qavranılması iki cür mexanizmin: akkomodasiya və konvergensiya vasitəsilə həyata keçirilir. Akkomodasiya göz büllurunun əyriliyinin dəyişməsindən asılı olaraq onun işığı sındırma qabiliyyətinin dəyişməsindən ibarətdir. Göz bülluru qavranılan cismin yaxın və ya uzaqda olmasından asılı olaraq öz əyriliyini dəyişir. Məsələn, yaxında olan cisimlərə baxdıqda əzələ yığılması baş verir və nəticədə göz büllurunun gərilmə dərəcəsi azaldığına görə onun forması daha qabarıq olur. Qavradığımız cisim uzaqda olduqda isə əksinə hal baş verir. Bu hal yaxında və uzaqda olan cisimlərin həcmini düzgün qavramağa imkan yaradır. Adətən, yaş artdıqca büllur cismin elastikliyi tədricən azalır və göz özünün akkomodasiya qabiliyətini itirir. Nəticədə uzaqgörmə inkişaf edir. Ona görə də göz büllurunun həmin funksiyasını (gərilmə və açılma funksiyasını) eynəkdə qoyulan linzalarla əvəz etmək lazim gəlir.
Akkomodasiya hadisəsi konvergensiya ilə əlaqədardır. Konvergensiya görmə oxlarının qavranılan cismin üzərinə düşməsindən ibarətdir. Adətən müəyyən akkomodasiya vəziyyəti görmə oxlarının müvafiq qovuşma dərəcəsini tələb edir və əksinə, müəyyən akkomodasiya dərəcəsi görmə oxunun bu və ya digər kəsişməsinə uyğun gəlir. Bunlar olmadan cisimlərin həcmini düzgün qavraya bilməzdik.