Qavrayışın özünəməxsus xüsusiyyətləri vardır. Bunlara qavrayışın əşyaviliyi, tamlığı, sabitliyi, mənalılığı, seçiciliyini aid etmək olar. Qıcıqlandırıcıların ayrı-ayrı xassələrini əks etdirən duyğulardan fərqli olaraq, qavrayış cisimləri bütövlükdə, onun bütün əlamətləri ilə birlikdə əks etdirir. Bir psixi prosses kimi qavrayışın özünəməxsus xüsusiyyətləri var. Bu xüsusiyyətlərdən biri qavrayışın əşyaviliyidir. Qavrayışın əşyaviliyi obyektləşdirmə aktında ifadə olunur. Yəni biz ayrı-ayrı əlamətlərini duyduğumuz cisim, yaxud hadisəni aləmdə mövcud cisimlər, hadisələr qrupuna aid edirik, xarici aləmdən alınan məlumatları həmin aləmin özünə aid edir və onu əks etdiririk. Qavrayışın əşyaviliyi anadangəlmə keyfiyyət deyil. O, həyat fəaliyyəti prosesində lamisə və hərəkət duyğularının görmə duyğusuna qoşulması nəticəsində formalaşır. Belə bir fakta diqqət yetirək. Kliniki müşahidələr göstərir ki, kantuziya nəticəsində beyni zədələnmiş xəstədə göz almacıqlarının tam hərəkətsizliyi əmələ gəldikdə, o ətrafda olan hər şeyi işıq seli kimi duyur. Predmetləri qavraya bilmir. Lakin müəyyən müalicə aldıqdan sonra göz almacıqlarının hərəkəti bərpa olunur. Ancaq bundan sonra predmetləri qavraya bilir. Bu fakt onu göstərir ki, cisimlərin qavranılmasında görmə duyğusu ilə yanaşı hərəkət duyğusunun da iştirakı vacibdir. Qavrayışın əşyaviliyi, onun əşyaviliyi deyilən keyfiyyəti ancaq bu zaman meydana çıxır.
Qavrayışın əşyaviliyi xüsusiyyəti davranışın tənzim olunmasında mühüm rol oynayır. Adətən insan əşyaları onların görkəminə görə deyil, təcrübədə onlardan necə istifadə etdiyimizə, onların əsas xassəllərinə görə xarakterizə edirik. Bu isə qavrayışın əşyaviliyi xüsusiyyəti sayəsində mümkün olur. Məsələn, biz oyuncaq tapançanı həqiqi tapançadan, yaxud bir quşun müqəvvasını canlı quşdan ayıra biliriksə və onlarla müvafiq şəkildə davranırıqsa, burada qavrayışın əşyaviliyi xüsusiyyəti özünü göstərir.
Qavrayışın digər bir xüsusiyyəti isə onun tamlığıdır. Qavrayış cisimlərin ayrı-ayrı xassələrini, əlamətlərini əks etdirən duyğulardan fərqli olaraq cisimlərin tam surəti kimi təzahür edir.
Qavrayışın sabitliyi onun digər bir xüsusiyyətidir. Qavrayışın sabitliyi qavranılan cismin surətinin, onun dərk edilmə şəraitinin dəyişilməsinə baxmayaraq, sabit qalmasında ifadə olunur. Bu daha çox görmə qavrayışında özünü büruzə verir. Məsələn, eyni bir karandaş həm 20 sm, həm də 1 metr məsafədə böyüklük etibarı ilə eyni cür qavranılır.
Yaxud, biz qarşımızdakı boşqabı üstdən dairə şəklində, yandan baxanda isə ellepis şəklində görməli idik. Lakin biz onu hansı tərəfdən baxmağımıza baxmayaraq dairə şəklində qavrayırıq. Bu qavrayışın sabitliyi ilə əlaqədardır.
Qavrayışın sabitliyinin həqiqi mənbəyi perseptiv sistemin fəaliyyətindən ibarətdir. Sıx meşə şəraitində yaşayan adamlar üzərində aparılan müşahidələr göstərmişdir ki, həmin adamlara uzaqda olan obyektləri göstərdikdə onlar bu əşyaları uzaqda olan əşya kimi deyil, kiçik əşya kimi qavramışlar.
Qavrayışın sabitliyi anadangəlmə bir xüsusiyyət deyil. Belə bir fakta diqqət yetirək. Uşaqlıqda gözləri tutulmuş bir insanın görmə qabiliyyəti cərrahiyə əməliyyatı sayəsində bərpa edilir. Əməliyyatdan sonrakı ilk vaxtlarda ona elə gəlir ki, 10-12 metr hündürlükdə olan pəncərədən küçəyə tullansa ona heç bir ziyan dəyməz. Bu o deməkdir ki, həmin adam aşağıda olan obyektləri uzaqda olan obyekt kimi yox, kiçik obyektlər kimi qavramışdır. Bu qavrayışın sabitliyinin pozulmasıdır. Yaxud da belə demək olar ki, perseptiv sistemin fəaliyyət göstərməməsidir. Müalicə dövrü keçir. Perseptiv sistem fəaliyyətə başlayır, qavrayışın sabitliyi də bərpa olunur.
Qavrayışın mənalılığı xüsusiyyəti də qavrayışı xarakterizə edən başqa bir cəhətdir. Qavrayış zamanı yaranan obrazlar qıcıqlandırıcıların bilavasitə təsiri nəticəsində yaransa da, bu zaman yaranan surətlər həmişə müəyyən məna əhəmiyyətinə malik olur. İnsanın qavrayışı təfəkkürlə, əşyanın mahiyyətini anlamaqla sıx şəkildə bağlı olur. Əşyanı şüurlu surətdə qavramaq onu fikrən adlandırmaq, yəni qavranılan əşyanı müəyyən predmetlər qrupuna aid etmək, onu sözdə ümumiləşdirmək deməkdir. Qavrayış obyekti, hətta bizə naməlum olarsa, biz onun məlum predmetlərə oxşar olan cəhətlərini axtarır, tapır, onu müəyyən cisimlər qrupuna aid etməyə cəhd edirik. Qavrayış prosesində bu cür ilkin təfəkkür elementlərinin iştirakı qavrayışın mənalılıq kimi xüsusiyyətə malik olduğunu göstərir.
Qavrayışın mənalılığını əyani şəkildə görmək üçün iki mənalı adlanan şəkillərə baxmaq kifayətdir (bax, şəkil 12) .
A B
Şəkil 12. Qavrayışın mənalılığı
Şəkil A-ya baxdıqda gah ağac, gah da insan silueti, şəkil B-yə baxdıqda isə, gah vaza, gah da iki adamın profilini gördüyümüzü söyləriksə, elə bu qavrayışın mənalılığı deməkdir.
Deyilənlərdə əlavə qavrayışın seçiciliyi və strukturluğu kimi xüsusiyyətləri də var.
Qavrayış fəal bir prosesdir, belə ki, qavrayış prosesində hərəki sinirlər fəalliyyətə gəlir. Bu zaman əllərin, gözün, bədənin hərəkəti zəruriyyətə çevrilir.
Dostları ilə paylaş: |