Fərqləndirmə həddi, fərqləndirmə həssaslığı məsələsi də duyğulara xas olan qanunauyğunluqlardandır. İnsan nəinki müəyyən kəmiyyətdə olan qıcığı duyur, eyni zamanda təsir edən qıcıqların kəmiyyət dəyişmələrini də duyur. Fərqləndirmə həssaslığı və fərqləndirmə həddi də buradan irəli gəlir. Qıcıqlandırıcılar arasında güclə duyğu əmələ gətirə biləcək fərq kəmiyyətinə fərqləndirmə həddi deyilir. Ən kiçik fərq kəmiyyətini duyma qabiliyyəti isə fərqləndirmə həssaslığı adlanır. Belə bir təcrübəyə nəzər salaq. Əgər bizə min şamlıq işıqla təsir edilirsə, sonradan onun üzərinə 0,5; 0,8; 0,9 şam əlavə edilərsə, bu əlavələrin heç biri bizdə yeni duyğu, yəni fərqləndirmə duyğusu əmələ gətirməyəcəkdir. Əgər bir şam əlavə edilərsə biz işığın gücləndiyini duyacağıq. Deməli görmə duyğusu üçün fərqləndirmə həddi 1/100-ə bərabərdir. Beləliklə də alman fizioloqu E. Veber müəyyən etmişdir ki, duyğunun intensivliyi təsir edən qıcığın kəmiyyətinin mütləq artımından deyil, ilkin təsir edən qıcığın kəmiyyəti ilə artım arasında olan nisbətdən asılıdır. Bu nisbət müxtəlif analizatorlar üçün müxtəlifdir. Məsələn, görmə analizatorları üçün təxminən 1/100-ə, eşitmə analizatoru üçün 1/10-ə, toxunma analizatoru üçün 1/30-ə bərabərdir.
Alman fiziki Q.Fexner Veberin eksperimentlərindən çıxış edərək duyğunun intensivliyi ilə qıcığın qüvvəsi arasındakı olan asılılığı aşağıdakı düsturla ifadə etmişdir:
S = K Lg J + C
Burada S-duyğunun intensivliyi, J-qıcığın quvvəsi, K və C isə sabit kəmiyyətləri ğöstərir. Bu düstur göstərir ki, duyğunun intensivliyi qıcıqlandırıcınınqüvvəsinin loqarifmasına mütənasibdir. Başqa cür desək qıcığın qüvvəsi həndəsi silsilə üzrə artdıqda duyğunun intensivliyi ədəbi silsilə ilə artır. Bu qanuna Veber-Fexner qanunu deyilir.
Duyğulara aid qanunauyğunluqlardan adaptasiya, sensibilizasiya, sinesteziya, ardıcıl surətlər haqqında da danışmaq lazımdır.
Adaptasiya (alışma) duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşması nəticəsndə həssaslığın dəyişməsinə deyilir. Məsələn qaranlıq otağa daxil olarkən ilk saniyələrdən heç nəyi görmürük, getdikcə otaq sanki işıqlaşır, artıq otaqdakı əşyaları görə bilirik. Bu o deməkdir ki, duyğu üzvümüz-gözümüz qıcıqlandırıcıya, qaranlığa uyğunlaşır və nəticədə onun həssaslığı artır.
Adaptasiya hadisəsilə bağlı həssaslıq azala bilər. Məsələn sinif otağında tədricən hava ağırlaşır. Otaqdakılar adaptasiya prosesi baş verdiyinə görə bunu duymurlar, ancaq otağa yenicə daxil olan adam otağın havasının ağır olduğunu söyləyir. Bu isə iy duyğusu orqanının həssaslığının aşağı düşməsi ilə bağlıdır. Adaptasiya hadisəsi üç şəkildə baş verir:
Qıcıqlandırıcıların fasiləsiz təsiri nəticəsində duyğunun tamamilə yoxa çıxması kimi;
Güclü qıcıqlandırıcıların təsiri nəticəsində duyğuların kütləşməsi kimi;
Zəif qıcıqlandırıcıların təsiri altında həssaslığın artması kimi.