10-cu FƏSİL
HAFİZƏ
Qısa xülasə
Hafizə haqqında anlayış. İnsanın duyub qavradıqlarının iz salmadan getməməsi, beyində hifz olunması. Hafizə keçmiş təcrübənin beyində nəqşləndirilməsi, yadda saxlanması, yada salınması və tanınmasından ibarət idrak prosesi kimi. Hafizənin insan həyatında əhəmiyyəti. Hafizə haqqında nəzəriyyələr: psixoloji, fizioloji, biokimyəvi. Hafizə mərkəzi.
Hafizənin prosesləri: yaddasaxlama, yadasalma, tanıma, unutma. Yaddasaxlama və onun növləri: məntiqi və mexaniki, qeyri-ixtiyari və ixtiyari, qısa müddətli və uzun müddətli, mnemonik yaddasaxlama. Yadasalma və tanıma. Unutma və onun xüsusiyyətləri; unutma tempi. Reminisensiya hadisəsi.
Hafizənin növləri və tipləri: Yadda saxlanılan materialın növlərindən asılı olaraq hərəkət, surət, emosional və sözlü məntiqi hafizə. Qısa müddətli, uzun müddətli və operativ hafizə.
Hafizənin tipləri: görmə tipi, eşitmə tipi, hərəki tip, qarışıq tip. Onların təlim prosesində nəzərə alınmasının əhəmiyyəti.
Hafizə pozuntuları.
IV.10.1. Hafizə haqqında anlayış
İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada "izi", işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik.
Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın fasiləsiz olaraq toplanması qabiliyyətidir. Bu proses psixi fəaliyyətin bütün dövr və sahələrini əhatə etməklə bir çox hallarda avtomatlaşır, hətta az qala qeyri-şüuri mahiyyət kəsb edir. Nümunə olaraq psixologiyada iki mötəbər tarixi fakt kimi göstərilən hadisəni vermək istərdik.
Tamamilə savadsız qadın xəstələnir və həyəcanlı, yüksək tonla mənasını özünun də başa düşmədiyi yunan və latın dillərində danışmağa başlayır. Məlum olur ki, uşaqlıqda o, keşişin yanında qulluqçu işləmişdir. Keşiş adətən antik klassiklərin əsərlərindən pafosla parçalar oxuyarmış. Qadın isə qeyri-ixtiyari olaraq onları yadda saxlamış, lakin xəstələnənə qədər bunu heç özü də bilməmişdir.
Aptekdə gipnoz edilmiş şəxs dərmanların üzərindəki yüzlərlə yazını, dərman adlarını əzbərdən söyləmişdir. Halbuki onun tibblə heç vaxt bağlılığı olmamışdır.
Hafizə bütün canlılarda vardır. Hətta, bitkilərin də yaddaşının olması ilə bağlı elmi fikirlər söylənilir. Geniş mənada, hafizəni canlı orqanizmin informasiyanı təsbit edən anadangəlmə və həyatda qazanılan mexanizm kimi də xarakterizə etmək olar.
Dostları ilə paylaş: |