Vərdişlər və mümarisələr. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, fəaliyyətin mənimsənilməsi bacarıq və vərdişlərlə nəticələnir. Bunun üçün biz fəaliyyət zamanı icra etdiyimiz iş və hərəkətləri (o cümlədən təlim materiallarını) təkrar etməli oluruq. Lakin hər cür təkrar fəaliyyətin mənimsənilməsinin səmərəliliyini təmin edə bilməz. Bunun üçün həmin təkrarlar mümarisə səviyyəsinə yüksəlməlidir. Mümarisə şüurlu, məqsədəyönəlmiş təkrar olub yerinə yetiriləcək işin, fəaliyyətin təkmilləşdirilməsinə, müvafiq bacarıq və vərdişlərin yaranmasına, başqa sözlə iş və fəaliyyətinmənimsənilməsinə gətirib çıxarır. Fəaliyyətin mənimsənilməsi, vərdişlərin yaranmasının səmərəliliyi üçün mümarisələrə bir sıra tələblər verilir. Onlardan bəzilərini nəzərdən keçirək. Bunun üçün təlim fəaliyyətinin mənimsənilməsi ilə bağlı mümarisələrə diqqət yetirək.
Məktəb təcrübəsi və aparılmış tədqiqatlar göstərir ki, təlim mümarisələri düzgün təşkil edildikdə şagirdlərin yol verdikləri və yol verə biləcəkləri səhvlərin qarşısını almağa və düzgün bacarıq və vərdişlərə yiyələnmələrinə səbəb olur.
Təlim mümarisələrinin məhsuldarlığı, səmərəliliyi birinci növbədə həmin mümarisələrin icrası zamanı şagirdlərin qarşısında duran fikri məqsəddən asılıdır. Şagirdlərin şüurluluq və fəallığını təmin etmək üçün yerinə yetirilən mümarisələrin məqsədi onlara aydın olmalıdır. Mümarisənin məqsədi aydın olduqda və şagirdlər həmin mümarisələri nə üçün və necə icra edəcəklərini anladıqda, daha dogrusu, icra ediləcək işlə əlaqədar onların qarşısında konkret fikri məqsəd qoyulduqda daha çox fəal olur, icra edəcəkləri işin mahiyyətini anlayır, müvafiq bacarıq və vərdişlərə yiyələnmək işi asanlaşır.
Mümarisənin nəticəsi onun müxtəlifliyindən də asılıdır. Məktəb təcrübəsi göstərir ki, ayrı-ayrı dərslərdə (istər dil, istərsə də riyaziyyat dərslərində) çox vaxt müəllimlər şagirdlərə həmişə eyni tipli çalışma və mümarisələri icra etməyi tapşırırlar. Bu cür çalışma və mümarisələr onların tezliklə yorulmalarına, diqqətlərinin kütləşməsinə səbəb olur.
Tətbiq olunan mümarisələrin miqdarı da bacarıq və vərdişlərin formalaşmasında mühüm rol oynayır. Adətən, tətbiq olunan mümarisələrin miqdarı öyrənilən materialın xarakterindən və şagirdlərin idrak imkanlarından asılı olur. Ona görə də lazımi bacarıq və vərdişlərin yaranması üçün bir halda az, başqa halda isə çox mümarisədən istifadə etmək lazım gəlir.
Aparılmış psixoloji tədqiqatlardan aydın olmuşdur ki, vərdişin yaranmasının mühüm şərtlərindən biri yerinə yetirilən işin nəticəsini bilmək və öz səhvini anlamaqdan ibarətdir. Bu tələbi birbaşa tətbiq olunan mümarisələrə də aid etmək olar. Təcrübə göstərir ki, şagird icra etdiyi mümarisənin nəticəsi ilə tanış olmadıqda, bu zaman nə kimi səhvə yol verdiyini anlamadıqda mümarisə də öz əhəmiyyətini itirir, düzgün bacarıq və vərdişlərin yaranmasını təmin etmir. Öz işinin nəticəsi ilə tanış olmayan, səhv edib-etmədiyini, əgər səhv etmişsə, bunun nədən ibarət olduğunu anlamayan şagird (eləcə də digər fəaliyyət sahəsinə yiyələnən adam) bəzən dəfələrlə eyni səhvi təkrar edir, nəticədə səhv vərdişlərə yiyələnir. Əksinə, şagird icra etdiyi mümarisələrin nəticəsi ilə tanış oldduqda, səhvinin nədən ibarət olduğunu anladıqda sonradan bu cür səhvlərə yol verməməyə çalışır, deməli, öz fiziki işinin gedişini dərk etmək və izləmək imkanı əldə edir.
Faktlara müraciət edək. Psixoloqların apardıqları təcrübələrdən birində1 yoxlananlara gözüyumulu müəyyən uzunluqda (75 mm) xətt çəkmək tapşırığı verilmişdir. Bu zaman üç qrupun hər birində o birilərindən fərqli şəraitdə iş aparılmışdır. Birinci qrupda olan yoxlananlara yerinə yetirdikləri işin düzgün və ya səhv olması barədə məlumat verilməmişdir. İkinci qrupda yoxlananlara hər xətti çəkdikcə ümumi şəkildə «düzdür» və ya «səhvdir» xəbərdarlığı edilmişdir. Üçüncü qrupda yoxlananlara çəkdiyi xəttin verilmiş tapşırıqdan nə qədər fərqləndiyi bildirilmişdir. Hər üç qrupda yoxlanandar 100 cəhd etmişlər. Nəticədə qruplarda düzgün uzunluqdan fərqlənmə aşagıdakı şəkildə olmuşdur (millimetrlə).