Birincisi, intim ünsiyyət zonası (yarım metrdən bilavasitə bədənlə təmasa qədər olan məsafə). Adətən bu məsafədə valideynlər övladları, olduqca yaxın dostlar, sevgililər ünsiyyət saxlayırlar. Adətən, az tanıdığın bir adam sənə bu zonada yaxınlaşdıqda özünü narahat hiss edirsən. Başqasına sənin bu cür yaxınlaşmağın həmin adamda sənin ona yaxın münasibət bəsləməyin barədə fikir doğurur. Psixoloji eksperimentlər göstərmişdir ki, xoşbəxt ər – arvad məhz bu məsafədə ünsiyyət zamanı özlərini rahat hiss edirlər. Əksinə, bir – biri ilə yola getməyənlər bu məsafədən uzaq dayanırlar.
İkincisi, şəxsi ünsiyyət zonası (0,5 metrdən 1,5 metrə qədər olan məsafə). Müxtəlif mədəniyyət, mədəni inkişaf səviyyəsində bu zonanın sərhəddi müxtəlif olur. Adətən, bu məsafədə bir – biri ilə yaxşı, yaxın tanış olan adamlar ünsiyyət saxlayırlar. Bu məsafə adamların bir – birinə toxunmalarına, əl vermələrinə, əllə çiyninə vurmalarına imkan verir. Mütəxəssislərin qeyd etdiyi kimi, adamların əksəriyyəti bu zonanı özlərinin şəxsi məkanı hesab edir və yad adamlarla bu zonada ünsiyyətə meylli olmurlar.
Təsəvvür edin ki, mikroavtobusda oturmusunuz. Dayanacaqda yeni bir sərnişin maşına minərək bütün yerlər boş olduğu halda sizin yanınızda oturur. Bu zaman siz istər – istəməz özünüzü narahat hiss edirsiniz. Yəqin ki, siz belə halların şahidi olmusunuz ki, adamların sıx olduğu yerdə, məsələn, liftdə, metro vaqonunda, avtobusda insanlar bir – biri ilə vizüal təmasdan qaçır, pəncərədən baxmağa, gözlərini vaqondakı reklam şəkillərə zilləməyə cəhd göstərirlər. Bu cür davranış tərzi şəxsi məsafə sərhəddini gözləmək cəhdindən irəli gəlir.
Üçüncüsü, formal ünsiyyət zonası (1,5 metrdən 3 metrə qədər olan məsafə). Adətən bu məsafəni işgüzar adamlarla ünsiyyət, eləcə də təsadüfi, az əhəmiyyətli söhbət zamanı gözləyirlər.
Dördüncüsü, ümumi ünsiyyət zonası (3 metrdən uzaq məsafə). Bu məsafədə birinci və ikinci ünsiyyət zonalarındakı davranışı həyata keçirmək mümkün deyildir və yersizdir. Hətta bu məsafədə işgüzar ünsiyyət də həyata keçirilə bilməz. Bu məsafədə sadəcə olaraq, məsələn, mühazirəni dinləyirsən və deyə bilirsən ki, ümumi ünsiyyət sitüasiyasına düşmüsən.