II. 4. 3. Ünsiyyət şəxsiyyətlərarası qarşılıqlı təsir kimi
Sosial psixologiyada ünsiyyətin ən mühüm cəhətlərindən biri kimi onun qarşılıqlı təsir prosesi olması, başqa sözlə interaktiv cəhəti diqqəti cəlb edir. Ünsiyyətə girərkən insanlar hər hansı sual, xahiş, əmr, izahat və s. zamanı qarşılarına başqasına bu və ya digər şəkildə təsir etmək məqsədini də qoyur. Bu zaman o başqasından nəyisə öyrənmək, ona təsir etmək, onu yersiz hərəkətdən uzaqlaşdırmaq, onunla dostluq əlaqələri yaratmaq, ondan hansısa bir köməkliyi əldə etmək və ya ona öz kömək əlini uzatmaq və s. istəyini güdə bilir. Bu zaman ünsiyyətin nəzərdə tutulan məqsədi onun hər iki iştirakçısının birgə fəaliyyət tələbatına uyğun olursa öz müsbət bəhrəsini verə bilir, təsir birtərəfli deyil qarşılıqlı xarakter daşıyır. Belə ki, A. fərdin hərəkəti B – in davranışında dəyişikliyə səbəb olur, onun cavab reaksiyasını yaradır, nəticədə bu reaksiya A- ın da davranışına təsir göstərir. Deməli qarşılıqlı təsir prosesi baş verir.
Sosial normalar və sosial nəzarət. Adətən birgə fəaliyyət və ünsiyyət zamanı qarşılıqlı təsir müvafiq sosial normalar və sosial nəzarət əsasında həyata keçirildikdə özünün səmərəli nəticəsini verir.
Sosial normalar insanların qarşılıqlı təsir və qarşılıqlı münasibətlərini tənzim etmək üçün cəmiyyət tərəfindən qəbul edilmiş normalardır.
Cəmiyyət spesifik sosial davranış normaları sistemi nümunələrini hazırlayır və müvafiq şəraitdə həmin normalara əməl etməyi özünün bütün üzvlərindən tələb edir. Bu normalar pozulduqda sosial nəzarət mexanizmi işə düşür (bəyənməmək, danlamaq, cəzalandırmaq şəklində) və davranışın korrersiyasına gətirib çıxarır. Burada həmin normların cəmiyyətin bütün üzvləri tərəfindən qəbul olunması, həmin normaları etalon kimi qəbul etmələri və öz davranışlarını etalona uyğun qurmağa çalışmaları əsas şərtdir. Lakin bu hələ kifayət deyildir. Həmin normalara əməl olunmasına sosial nəzarət edilmədən bu normaların işləyəcəyi şübhə doğurur. Bunu gündəlik həyati faktlar da sübut edir. Adətən, sosial nəzarət zəif olduqda və ya ikili münasibət xarakteri daşıdıqda sosial normaların pozulması halları tez – tez özünü göstərir.
Dostları ilə paylaş: |