Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə62/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   58   59   60   61   62   63   64   65   ...   297
psix

Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
Tənha tip (otşelnik) həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi Amerika psixoloqu Q.S.Salliven (1892- 1949) olmuşdur. O, əsasən K.Xorninin istiqamətini qəbul etmişdir. Onun fikrincə psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət olmalıdır. Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşa­ğıdakı şəkildə nəzərdə tutur: 1) incəliyə, əzizlənməyə tələbat, 2) həyəcandan qaçmaq cəhdi.
Sallivenin fikrincə təhlükəsizliyə olan tələbat, həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır, lakin bu sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur.
Salliven belə hesab edir ki, uşaq doğularkən hər iki mexanizm mövcud olur və onlar şəxsiyyətin inkişaf mexanizmini təşkil edirlər. Lakin insan yaşadığı xarici aləmdə daima onu təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xarici aləmlə həmin mübarizədə, başqa sözlə, narahatlıqla mübarizədə insan şəxsiyyəti formalaşır. Salliven bunu «mən-sistem» adlandırır. O göstərir ki, «mən-sistem», daha doğrusu, şəxsiyyət, birincisi, şüursuzluq səviyyəsində narahatlıqla mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün müxtəlif vasitələri tapma prosesində inkişaf edir. «Mən-sistem» uşağı, yeniyetməni, sonradan isə yaşlı adamları əvvəlcə ananın, sonra isə başqa adamların, məsələn, iş yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur edir. Beləliklə də Sallivenə görə şəxsiyyətlərarası münasibətlər formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə başlayır.
Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) olmuşdur. E.Erikson Almaniyada doğulmuş, 1927- 33- cü illərdə Venada Freydlə birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a köçmüşdür. O, eqo-psixologiya konsepsiyası yaradıcı­larından biri olmuşdur. Onun nəzəriyyəsi epigenetik nəzəriyyə adı ilə məşhurdur. Onun fikrincə şəxsiyyətin inkişafı sosial aləmlə müəyyən edilir. O, «şəxsiyyətin identikliyi» anlayışını irəli sürmüş və həmin anlayış altında insanın əhatə olunduğu sosial aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi keyfiyyəti nəzərdə tutmuşdur. Həmin keyfiyyətlər aşağıdakı parametrlərdə ifadə olunur: insanın özünə doğru mərkəzləşməsində, sosial qrupla, onu əhatə edənlərlə eyniləşdirmədə, insanın öz qiymətini, sosial rolunu müəyyən­ləş­di­r­məsində.
Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə diqqəti cəlb edən Q.OlportQ.Merreyin persionoloji nəzəriyyəsidir. Amerika psixoloqu Qordon Olport (1897- 1967) şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk təşəbbüskarlarından biri olmuşdur. Onun fikrincə insan «açıq sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima başqa adamlarla qarşılıqlı əlaqədə, qarşılıqlı münasibətdə baş verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də onlardan nə isə alır. Olport şəxsiyyətə insanlar arasındakı geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta görə şəxsiyyət münasibətlərin qəti modelidir. Olporta görə şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən azadlığı, onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən edilir.
Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Amerika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruktorlar» konsepsiyası da xüsusi yer tutur. Onun fikrincə şəxsiyyətin psixi proseslərinin təşkili onun gələcək hadisələri qabaqcadan necə sezməsindən, düşünməsindən asılıdır. Bu fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki, bu da gələcək haqqında sonrakı xəbərvermənin adekvatlığını yüksəltməyə səbəb olur. Kelli bir sıra konkret psixoloji metodikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsipini işləyib hazırlamışdır. Hal-hazırda bundan klinik və təlim psixologiyasında müvəffəqiyyətlə istifadə olunur.
Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv nəzəriyyə də mühüm yerlərdən birini tutur. Bunlardan ən çox diqqəti cəlb edəni Amerika psixoloqu L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə əgər fərdin şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskomfortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır. Bəzən obyektiv şəraitdən asılı olaraq bu və ya digər şəkildə hərəkət etməli olur. Bu zaman insanın bilikləri ilə real davranışı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş cansıxıcı olur. Ona görə də fərd bu vəzifəni yerinə yetirmək, həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və ya hadisələr haqqında öz biliyini və ya sosial ustanovkasını yenidən qurmağa, təşkil etməyə çalışır ki, onların arasındakı həmin ziddiyyəti aradan götürmüş olsun. L.Festinqerə görə öz hərəkətinə, davranışına bəraət qazandırmağı gücləndirməyə çalışan insan ya öz davrvnışını dəyişir, ya özünün hərəkətinin bağlı olduğu obyektə münasibətini dəyişir, ya da həmin davranışın özünə və başqalarına əhəmiyyətini qiymətdən salır.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin