Şəxsiyyət haqqında klinik nəzəriyyə. Şəxsiyyət haqqında psixoloji nəzəriyyələr içərisində klinik nəzəriyyə də özünəməxsus yer tutur. Bunlara K.Xorninin nevroz nəzəriyyəsini, E.Frommun konsepsiyasını, Q.S.Sallivenın interpersonal nəzəriyyəsini, E.Eriksonun eqo-psixologiyasını aid etmək olar.
Amerika psixoloqu Kartin Xorni (1885- 1952) insan şəxsiyyətinin əsasında anadangəlmə narahatlaq hissini qoymuşdur. Onun fikrincə uşaq həmin hisslə doğulur. Doğulduğu gündən uşaq üzvü səviyyədə narahatlaq hissi keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili xassəsi kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə başlayır. Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini insanın davranışının əsas motivasiyası hesab edir və onu «köklü həyəcan» adlandırır. Onun fikrincə «köklü həyəcan» insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.
Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik Frommun (1900 – 1980) da xidmətləri az olmamışdır. O, Almaniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya, oradan da Meksikaya getmişdir. Froma görə ictimai inkişaf şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. Onun fikrincə yeni azadlıq inamsızlıq, öz gücünü duymamaq, şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Buradan da şəxsiyyətin «azadlıqdan qaçması» meydana gəlir. O, özünün «Azadlıqdan qaçış» kitabında Amerikanı xəstə ölkə adlandırmışdır. Onun fikrincə kapitalizm cəmiyyətindəki rəqabət nevrotik şəxsiyyətlər, funksional nevroz yaradır. E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazoxist, sadist, konformist və tənha (tərk dünya).
Mazaxist tipəmalik olan adam, Frommun fikrincə, cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, başqa adamlarda, cəmiyyətdə görür. O, adamları və dünyanı düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır.