Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi



Yüklə 1,29 Mb.
səhifə69/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   65   66   67   68   69   70   71   72   ...   297
psix

Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi. Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, key­fiyyətlərini, qabiliyyətlərini, özünün başqa adamlarla münasibət sistemindəki yerini qiymətləndirməsindən ibarət­dir. Özünüqiymətləndirmə insanın özünüdərketməsi ilə sıx bağlıdır. Bu baxımdan insanın mənlik şüurunun formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur.
Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, estetik, intellektual, emosional və s. növlərindən istifadə olunur. Lakin təcrübə göstərir ki, bütün hallarda onların içərisində emosional qiymətlər əsas yer tutur. Bütün hallarda özünüqiymətləndirmədə emosional çalar üstünlük təşkil edir. Özünüqiymətləndirmə səviyyəsində qiymətverən və qiymətləndirilən eyni adam olduğuna, mən-mənə qiymət verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi özünə geniş yer edir. Ona görə də burada subyektiv amillərin təsiri qaçılmaz olur.
Psixoloji tədqiqatlar özünüqiymətləndirmənin üç səviyyəsini müəyyənləşdirməyə imkan vermişdir: 1) Adekvat özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün bütün keyfiyyətlərini olduğu kimi, imkanlarına uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir. 2) Qeyrireal yüksək özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünü onda olan keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən bu cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır, insanın özündən bədgümanlığı ilə nəticələnir. Ona görə də bu cür adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-real aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə zamanı insan özünün keyfiyyətlərini, imkanlarını layiq olduğundan aşağı qiymətləndirir.
Qeyri-real yüksək və qeyri – real aşağı özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır. Məsələn, öz imkanlarını qeyri-real yüksək qiymətləndirən şagird və ya tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi yaranır. Nəticədə nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər. Öz imkanlarını qeyri-real aşağı qiymətləndirən şagird və ya tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi olmur, nəticədə onlar mövcud imkanlarını təzahür etdirə bilmirlər. Ona görə də ən cüzi nailiyyətlə kifayətlənməli olurlar.
Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikası nəzərdə tutulur. Başqa sözlə iddia səviyyəsi fərdin qarşısına qoyduğu məqsədin çətinlik dərəcəsi ilə müəyyən olunan şəxsiyyətin arzuolunan özünüqiymətləndirmə (mən obrazı) səviyyəsindən ibarətdir.
İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini sərbəst şəkildə seçərkən özünüqiymətləndirməyə cəhd göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur: bir tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan yaxa qurtarmaq üçün iddia səviyyəsini aşağı salmaq. Müvəffəqiyyət əldə edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı isə iddia səviyyəsini müvafiq şəkildə aşağı salır.
Şəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə özünü aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq.
İmtahana zəif hazırlaşmış tələbə 5 qiymət almağa cəhd göstərir və verilmiş 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə görə həmin qiyməti ala bilmədikdə ruhdan düşməyəcəkdir. O eyni zamanda 3 qiymətə layiq görüldükdə də o qədər sevinməyəcəkdir. Çünki bu məqsədə nail olmaq o qədər də çətin deyildir. Lakin tədricən misalların sayını 4-dən yuxarı artırmaqla yaxşı qiymət almaq üçün ona neçə misal verilməsini istədiyini təklif etməklə onun iddia səviyyəsini müəy­yənləşdirmək mümkündür.
Bu sadə model göstərir ki, şəxsiyyət öz iddialarının səviyyəsini müəyyən edərkən özü üçün müəyyən perspekti saxlamağa çalışır. Buna görə də o, elə tapşırıq və məqsədlər seçir ki, onlar nə həddindən artıq çətin, nə də həddindən artıq asan olsun.
Aparılmış tədqiqatlar göstərmişdir ki, iddia səviyyəsinin formalaşması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqcadan görməklə, həm də hər şeydən əvvəl, keçmiş müvəffəqiyyət və uğursuzluqların ağıllı surətdə, bəzən isə dumanlı dərk olunan şəkildə nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən edilir. Məktəblinin tədris işində, dərnəkdə məruzə üçün mövzu, ictimai tapşırıq və s. seçərkən iddia səviyyəsinin formalaşmasını izləmək olar.



Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin