Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 1,29 Mb.
səhifə67/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   63   64   65   66   67   68   69   70   ...   297
psix

Şəxsiyyətin davranış motivləri. Qeyd etdiyimiz kimi, tələbatlar şəxsiyyətin davranışının, fəallığının mənbəyini təşkil edir. Məhz buna görə də onlar insanı fəaliyyətə təhrik edən səbəblər, başqa sözlə motivlər rolunu oynayır. Motiv (latınca movero-hərəkətə gətirən) insanı hər hansı bir məqsədəyönəlmiş işə, fəaliyyətə təhrik edən səbəbdir.
Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür edən tələbatların növünə, onların kəsb etdiyi formalara, genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı fəaliyyətin konkret məzmununa görə fərqlənir. Fəaliyyətin mürəkkəb növləri, bir qayda olaraq bir motivə deyil, eyni vaxtda bir necə təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, bunlar da insanın hərəkət və əməllərinin şaxələnmiş motivləşmə sistemini təşkil edir. Motivləşmə elə motivlər birliyidir ki, şəxsiyyətin istiqamətini, yönəlişliyini müəyyən etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir.
Əvvəlki fəsildə qeyd etdiyimiz kimi, motivləri dərk edilən və dərk edilməyən olmaqla iki yerə bölürlər. Psixoloji ədəbiyyatda dərk edilən motivlərə tələbatlarla yanaşı maraqları, dünyagörüşünü, əqidə və idealları; dərk edilməyən motivlərə isə ustanovkanı, həvəsi və s. aid edirlər.
Maraqlar. Maraqlar insanın idrak tələbatlarının emosional təzahürləridir. Başqa sözlə, maraq şəxsiyyətin, gerçək həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olunan fərdi psixi xüsusiyyətdir. Şəxsiyyətin istiqaməti onun maraqlarında ifadə olunur.
Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca böyükdür. Şagird nə iləsə dərindən maraqlandıqda, yerinə yetirdiyi iş, dinlədiyi dərs onun üçün maraqlı olduqda həmin sahələrdə yüksək müvəffəqiyyət qazanır. Əksinə onlara qarşı maraq olmadıqda həmin işlər cansıxıcı olur, şagirdi cəlb etmir.
Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə daha artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən doğur. Maraqların fizioloji əsasını bələdləşmə- tədqiqat refleksləri təşkil edir. Gerçək aləmdə baş verən hər bir yeni, gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf mühitdə ən kiçik bir dəyişiklik, yenilik baş verdiyi zaman insanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa doğru yönəlir.
Bələdləşmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də «bu nədir?» refleksi adlandırırlar.
Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi meydana çıxır.
Maraqları məzmununa, məqsədinə, genişliyinə və davamlılığına görə təsnif etmək olar.
Məzmununa görə maraqları təsnif edərkən insanın idrak tələbatlarının obyektləri əsas götürülür. İdrak tələbatları obyektlərindən hansının insanı cəlb etməsi bu sahədə onun marağının məzmununu müəyyənləşdirir. Bu baxımdan maraqların əhəmiyyətlilik dərəcəsi onun məzmununun nə dərəcədə düzgün seçilməsindən asılı olur.
Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı vasitəsiz marağın meydana gəlməsinə səbəb olur. Bu zaman həmin obyektin özü bilavasitə bizi özünə cəlb edir. Onunla maraqlanmağa başlayırıq. Vasitəli maraqlara gəldikdə bunlar qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan vasitələrlə əlaqədar meydana gəlir. Vasitəli maraqların insanın əmək və tədris fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür.
Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər. Həyat təcrübələri göstərir ki, bəzi adamlarda maraqlar yalnız bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox ob­yektlərlə maraqlanırlar, başqa sözlə onlarda maraqların əhatə dairəsi geniş olur. Əgər bu maraqların genişliyi onların dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter daşımış olar. Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti kimi qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu və ya digər fəaliyyət sahəsində həmişə yüksək müvəffəqiyyətləri ilə fərqlənirlər.
Özlərinin davamlılığına görə maraqlar davamlı və davamsız ola bilir. Bəzi adamlarda maraqlar davamlı olduğu halda, başqalarında davamsız, keçici xarakter daşıyır. Davamlı maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin göstəricilərindən biri kimi qeyd edirlər.
Maraqları passivfəal olmaqla da təsnif edirlər. Heç bir iş görmədən, nəiləsə sadəcə olaraq maraqlanmaq insanın həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraqlar mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cür maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə etdiyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir göstərir.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin