Emosional həll dedikdə, şəxsdə məsələnin həlli prinsipinin tapılmasına olan inam hissinin əmələ gəlməsidir. Bundan sonrakı əməliyyatla əlaqədar olaraq emosional fəallıq da artır. Məsələnin emosional planda həlli, onun intellektual planda həllini surətləndirir. Belə ki, emosiyalar idrak proseslərini nəinki fəallaşdırır, həm də problemlə bağlı qavrayışın, hafizənin, təfəkkürün məzmununa seçici təsir göstərir.
Müasir təlim nəzəriyyəsinin mühüm tələbi - şagirdlərin təfəkkürünün inkişaf etdirilməsi problemini yalnız hiss və emosiyaların fəallaşdırılması zəminində, təfəkkürlə hissin vəhdətinin təmin edilməsi əsasında uğurla həll etmək olar.
Təxəyyül ali psixi funksiya kimi idrak fəaliyyətində mühüm rol oynayır. O, ilk növbədə hissləri fəallaşdırmağın başlıca vasitəsidir. Təxəyyül gücündən itsifadə etməklə gələcək peşəsi qanadında səyahət edən gənc tələbə öz hisslərini daha da rövqləndirir. Bununla da özünün təlim fəaliyyətinə münasibəti dəyişir və tələbə daha səylə oxumağa başlayır. Təxəyyülün aktivləşdirilməsi tələbənin emosional cəhətdən fəallaşdırılmasının önəmli şərtlərindən biridir.
Beləliklə, idrak poseslərinin motivasiya əsası bilavasitə hisslərlə bağlıdır. Hiss və emosiyaların köməyi ilə şagirdlərin idrak fəallığının artırılması müasir dərsə verilən psixoloji tələblərdəndir.
IV 13.2. Hisslərin xarici ifadəsi və əsas keyfiyyətləri
Hisslərin xarici ifadəsi. Biz ünsiyyətdə olduğumuz adamları hansı hisslər keçirdiklərini onların sifət cizgilərindən, bədən hərəkətlərindən, səsindən aydın duya bilərik. Adətən, insanın razı və narazı olmasını, sevinc və kədərini, narahatlığını, pərt olmasını, utanması və qorxmasını və s. onun sifət cizgilərində, bədənin ifadəli hərəkətlərində, eləcə də səsində əks olunur.
Hər şeydən əvvəl insanın nə kimi hisslər keçirməsi onun tənəffüs və qan dövranı üzvlərinin fəaliyyətində xarici ifadəsini tapır. Qorxu hissi keçirən adamın sanki nəfəsi kəsilir, lazımi sözləri tapıb deməkdə çətinlik çəkir. Sevinc hissi keçirdikdə isə tamamilə başqa cür nəfəs alır.
İnsanın hansı hissləri keçirməsi qan dövranında daha aydın təzahür edir. Beləki adam utandıqda, pərt olduqda üzünün rəngi qızarır, qorxduqda isə ağarır.
İnsanın nə kimi hisslər keçirməsi əsasən onun mimikasında və intonasiyasında daha aydın əks olunur.
Bunlarla yanaşı, insanın keçirdiyi hissləri, onun bədəninin ifadəli hərəkətlərindən – pantomimikasından da başa düşmək mümkündür. Adətən, balet tamaşaları zamanı artist bir kəlmə söz işlətmədən bədəninin ifadəli hərəkətləri ilə keçirdiyi müvafiq hissləri təzahür etdirir.
Nəhayət, insanın keçirdiyi hisslər onun nitqində də öz ifadəsini tapa bilir. İnsan müəyyən hadisəyə münasibətini nitqinin intonasiya tərzi ilə ifadə edə bilir. (Məsələn, necə? sözünü müxtəlif intonasiya ilə ifadə etməklə). Beləliklə mimika, pantomimika, jestlər, intonasiya, kinesika və proksimika qeyri-verbal ünsiyyət vasitəsi kimi emosiyaları təzahür etdirir.