Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


İnsanın idrak fəaliyyətində hisslərin rolu



Yüklə 1,29 Mb.
səhifə147/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   143   144   145   146   147   148   149   150   ...   297
psix

İnsanın idrak fəaliyyətində hisslərin rolu. İnsanın psixi həyatı çoxcəhətli, rəngarəng olsa da o vəhdətdədir. İdrak prosesləri (duyğu, qavrayış, diqqət, hafizə, təfəkkür, təxəyyül, nitq) emosiya və hisslərlə dialektik vəhdət təşkil edir. Bu köklü qanunauyğunluq müasir təlim nəzəriyyəsi üçün fundamental əhəmiyyətə malikdir. Belə ki, hissələrin qeyri adi qüvvəsindən istifadə etməklə şagirdin və ya tələbənin idrak fəaliyyətini fəallaşdırmaq yolu ilə, təlim prosesinin məhsuldarlığını yüksəltmək olar.
Təlim prosesində öyrəncilərin emosional cəhətdən fəallaşdırılması nəinki elmi, həm də köklü praktik məsələ kimi meydana çıxır.
İnsan hafizəsi adətən seçici xarakter daşıyır. Hafizənin bu önəmli xüsusiyyəti onun hər bir növündə öz təsdiqini tapır. Belə bir önəmli qanunauyğunluq ilk növbədə insanın cisim və hadisələrə münasibəti ilə müəyyən olunur. Başqa sözlə desək insanda müəyyən hiss və emosional hal doğuran qıcıqlandırıcı (söz, hərəkət, hadisə, cism, və s.) yaddaşda daha yaxşı saxlanılır. Psixologiyada hisslərlə hafizənin qovşağında önəmli bir fenomen – emosional hafizə fenomeni əmələ gəlmişdir.
«Kinli adamın yaddaşı uzun olar», «İlan vuran ala çatıdan qorxar» tipli atalar sözləri empirik surətdə hisslərin ha­fizə və qavrayışa göstərdiyi təsiri təsdiq edir.
Qavrayış sahəsində tədqiqat aparan klinist-psixoloqlar psixologiyada təsbit olunan faktı təsdiq edirlər. Sübut olunmuşdur ki, insan onun üçün təhlükə törədən, həyatı üçün qorxulu olan cisim və hadisələri bir qayda olaraq düzgün qavramır. Yaxud da əksinə insan sevinc hissini yaşayanda, sevəndə kiməsə vurulanda ətrafda baş verən hadisələrin, insanların yal­nız yaxşı cəhətini görür, onları dəyişdirmək istəmir, olduğu kimi qavrayır, tənqidi münasibət bəsləyə bilmir. «Sevən adamın gözü kor olar» dedikdə məhz sevgi hissinin qavrayışa göstərdiyi təsir ön plana çəkilir.
Hisslərin idrak fəaliyyətində rolu təkcə qavrayış və hafizə prosesləri ilə məhdudlaşmır. Təfəkkür, təxəyyül və nitq kimi idrak prosesləri də hisslərlə vəhdətdə cərəyan edir.
Təfəkkür və hiss, ət və dırnaq kimi bir-birindən ayrılmazdır (Ə.Ə.Əlizadə). Onların vəhdətdə inkişaf etdirilməsi müasir Azərbaycan məktəbi üçün prioritet olmalıdır. Təhsil müəssisələrində təlim-tərbiyə işlərinin bu istiqamətdə qurulması daha da ahəngdar, kamil şagird şəxsiyyətinin formalaşdırılması deməkdir. Ali psixi funksiya kimi təfəkkürlə hiss arasında funksional – genetik əlaqə mövcuddur. Yeni təhsil konsepsiyası şagirdin, tələbənin təfəkkürünü inkişaf etdirməyi əsas məqsəd kimi qarşıya qoyur. Bu yolda hafizə artıq köməkçi vasitəyə çevrilir. Mütəxəssislərin fikrincə son dövrdə bir çox yerlərdə, təhsil son dərəcədə rasionallaşdırılıb və verballaşdırılıb. Belə olan şəraitdə uşaqların affektiv – emosional duyumu öləziyir. Nəticədə insanlar arasında laqeidlik, etinatsızlıq, biganəlik, soyuqluq əmələ gəlir. Odur ki, şagird təfəkkürünün fəallaşdırılması, onun inkişafı hiss və emosiyalardan təcrid olunmuş halda yox, onunla vəhdətdə, onun köməyi ilə həyata keçirilməlidir. Eksperimental şəkildə sübut olunmuşdur ki, emosional fəallıq olmadan hər hansı mürəkkəb fikri və praktik məsələnin həlli subyektiv surətdə mümkün deyildir. Odur ki, hər hansı mürəkkəb məsələ iki planda həll edilir: 1) emosional, 2) intellektual.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin