Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları



Yüklə 1,29 Mb.
səhifə150/297
tarix04.11.2022
ölçüsü1,29 Mb.
#67301
növüDərslik
1   ...   146   147   148   149   150   151   152   153   ...   297
psix

IV.13.3. Hisslərin fizioloji əsasları və funksiyaları


Hər bir psixi prosesin əsasını insanın beyin fəaliyyəti təşkil edir. Başqa psixi proseslər kimi, emosional halların və hisslərin fizioloji əsası da beyində gedən sinir prosesləri ilə bağlıdır. Hiss və emosiyaların əmələ gəlməsi və idarə olunması vegetativ sinir sisteminin funksiyasına daxildir. Xüsusilə, hisslərin əmələ gəlməsində beynin qabıqaltı sahələrdə baş verən sinir prosesləri çox mühüm rol oynayır. Həmin sahə tənəffüs prosesini, ürək döyüntüsünü, nəbz vurmanı, orqanizmin ayrı-ayrı hissələrinin qan ilə təchizini, hərarəti, bəzi orqanların və ifrazat vəzilərinin fəaliyyətini tənzimləyir. Ona görə də hər hansı hissin baş verməsi müvafiq üzvlərdə müəyyən dəyişikliyin əmələ gəlməsi ilə nəticələnir. Məsələn: tənəffüs ahəngi dəyişir, ürək döyüntüsü ya artır, ya da azalır, nəbz vurma dəyişir, göz bəbəyi genişlənir, tüklər biz-biz olur, tərləmə artır, ağızda dil quruyur və s. Təsadüfi deyildir ki, qədim yunan həkimi Hippokrat 60-a qədər nəbz vurma kəşf etmişdir. Odur ki, ürəyin döyüntüsü emosiyanın ən həssas indikatorudur. Ona görə də çox vaxt insanlar öz emosiyalarını ürəyin fəaliyyəti ilə əlaqələndirirlər.


Hisslərin əmələ gəlməsində dinamik stereotipin yaranması və ya pozulması mühüm rol oynayır. Yəni həyat tərzindən, münasibətindən asılı olaraq beyində müəy­yən rabitələr əmələ gəlir və get-gedə möhkəmlənir. Odur ki, həmin rabitələrdə hər hansı dəyişikliyin baş verməsi mövcud rabitələrin pozulması ilə nəticələnir. Bu da insanda razılıq, narazılıq, sevinc, heyrət, şübhə, maraq, qəzəb və s. kimi hisslərin əmələ gəlməsi ilə nəticələnir.
Deməli, müəyyən dinamik stereotipin əmələ gəliməsi və ya pozulması ilə əlaqədar olan sinir prosesləri, hisslərin fizioloji əsasını təşkil edir. Hiss və emosiyaların əmələ gəlməsində və cərəyan etməsində ikinci siqnal sistemi xüsusi rol oynayır. Çünki hər hansı emosional halı elə sözün köməyi ilə də yaratmaq olar.
Beləliklə beyin qabığında və qabıqaltı sahədə baş verən sinir prosesləri, hiss və emosiyaların fizioloji əsası hesab olunur.
Psixologiya tarixində hiss və emosiyaların əmələ gəlməsi haqqında müxtəlif nəzəriyyələr mövcud olmuşdur. Bunlardan Ceyms-Lange, Kannon-Bard nəzəriyyələrini və S.Şixterin konsepsiyasını qeyd etmək olar.
İnsanın emosional və hiss halına simpatik və parasimpatik sinir sistemi nəzarət edir.
Dalaşarkən və ya qorxuya düşüb qaçarkən simpatik sistem insan orqanizmində müəyyən dəyişikliklər etməklə (mə­­sələn: qan təzyiqi artır, qanın laxtalanma dərəcəsi yük­səlir, tərləmə artır və s.) onu düşdüyü vəziyyətə hazırlayır və enerji dolu qanı bütün hüceyrələrə göndərir. Belə bir təhlükəli vəziyyət aradan qalxdıqdan sonra parasimpatik sistem öz funksiyasına başlayır və insanın fizioloji durumunu normalaşdırır.
Adi vəziyyətdə müəyyən duyğu və emosiyaların, təhlükəli vaxtlarda isə qorxu və qəzəb emosiyalarının müşayəti ilə yaşayırıq. İnsan oğlunun ətrafıyla etdiyi çoxəsrlik davadan, vuruşmadan salamat çıxmasına bu iki sistem yardım etmişdir. Deməli, emosiyalar orqanizmin düşdüyü vəziyyətə uyğunlaşmasını təmin etməklə, insan həyatının davam etməsində önəmli rol oynayır.
Hisslər əsasən 3 mühüm funksiyanı yerinə yetirir: siqnal, tənzimetmə və kommunikativ funksiya. Bu funksiyalar ümu­milikdə insanın ətraf aləmi düzgün əks etdirməsinə və ona uyğunlaşmasına xidmət göstərir. Biz emosiyaların köməyi ilə nitqdən istifadə etmədən biz tərəf müqabilimizin emosional durumunu başa düşür və ona uyğun şəkildə ünsiyyət qururuq.
Hiss və emosiyaların xarici təzahürlərinə əsasən müx­təlif mədəniyyətə malik olan, dilini bilmədiyimiz hər hansı xalqın nümayəndəsinin emosional halını, şad, kədərli, qəzəbli olduğunu, qorxduğunu, təccübləndiyini çox asanlıqla müəyyən edə bilərik.
Hisslər insanın idrak obyektinə bəslənən subyektiv münasibətlə bağlıdır.
Siqnal funksiyasının köməyi ilə biz ətraf aləmdə baş verən hadisələrin hansının həyatımız üçün faydalı və ya təhlükəli olduğunu dərk edirik. Bundan sonra davranış və rəftarımızda həmin cəhətləri nəzərə alaraq fəaliyyətimizdə müəyyən dəyişikliklər edirik.
İkincisi, hisslər insanın hərəkət və fəaliyyətinin motivi kimi çıxış edərək onları müəyyən istiqamətə yönəldə bilir. Bu hisslərin tənzim etmə funksiyası ilə bağlıdır. Məsələn: hər hansı dilə olan maraq, onu öyrənmək istəyi insanı müvafiq ali məktəbdə oxumağa təhrik edir. Dilə olan həvəs insanı həmin xalqın tarixindən, mədəniyyətindən bəhs edən kitablar oxumağa, filmlərə tamaşa etməyə və musiqisinə qulaq asmağa vadar edir.
Hisslərin kommunikativ funksiyası onunla ifadə olunur ki, insanın keçirdiyi hisslər onun mimikasında, səsində, tənəffüs ahəngində və s. təzahür edir. Hisslərin bu cür ekspres­siyası, qarşı tərəf üçün informasiya mənbəyinə çevrilir. Beləliklə, həmin kommunikativ funksiya şəxsiyyətlərarası qarşılıqlı münasibətlərin tənzimlənməsinə xidmət göstərir. Məsələn: kədəri ekspressiya etməklə insan qarşı tərəfə özünün pis, çətin vəziyyətdə olduğunu bildirir. Bu hal onun köməyə ehtiyacı olduğu haqqında başqasına məlumat verir. Bundan sonra biz həmin adama kömək etmək istəyir, onun dərdinə şərik olur və təsəlli veririk.
Amerikan psixoloqu K.İzard qeyd olunan funksiyalarla yanaşı emosiyaların motivasiya və sosializasiya funksiyalarının olduğunu da qeyd etmişdir. Məsələn: qorxu hissi insanı kömək axtarmağa məcbur edir. Güclü yanğın təhlükəsi qonşularda qorxu hissi yaradır. Bu da onların birləşməsinə və mütəşəkkil formada qorxu mənbəyinə qarşı mübarizə aparmalarına səbəb olur. Bu qorxunun yaratdığı sosializasiyadır. Hər bir emosiyanın özünə məxsus sosializasiya funksiyası var. İkrah emosiyası olmasaydı, insanların gigiyenik qaydalara əməl etməsi, estetik tələbatları ödəməyə ehtiyac qalmazdı. Bu mənada fərdin sosiallaşması prosesi hiss və emosiyanın hesabına həyata keçirilir.
Ümumiyyətlə hiss və emosiyaların yerinə yetirdiyi funksiyalar bir-birilə vəhdət təşkil edir. Psixoloji araşdırmalarda aşağıdakı fundamental emosiyalar müəyyən olunmuş və təsvir edilmişdir (K. İzard, 1980) maraq, sevinc, heyrət, kədər, qəzəb, nifrət, həqarət, qorxu, həya, günah, həyəcan, əzab.

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   297




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin