İnsanların bir-birlərini qavramalarının mexanizmləri. Məlum olduğu kimi, ünsiyyət prosesində ən azı iki adam iştirak edir. Onlar bir-birilə informasiya mübadiləsi aparır, bir-birinə qarşılıqlı təsir göstərir və bir-birlərini qavramağa, anlamağa çalışırlar. Bəs onlardan hər biri digərinin zahiri davranış tərzinə görə özündə onun daxili aləmi barədə təsəvvürü necə yaradır? Bu sual daima mütəxəssislərin diqqətini cəlb etmiş və ciddi tədqiqatlar nəticəsində onlar burada qarşılıqlı qavrama və anlamanın üç mühüm mexanizm əsasında baş verdiyini aşkara çıxarmışlar: eyniləşdirmə, refleksiya və stereotipləşdirmə. Eyniləşdirmə – başqa adamın davranışını şüurlu və şüursuz olaraq subyektin özünün davranış tərzlərinə oxşatmaq, bənzətməklə qavraması və anlamasından ibarətdir. Başqa sözlə, çox vaxt insanlar qarşılıqlı əlaqə şəraitində özlərini qavradıqları adamın yerinə qoymağa cəhd göstərməklə onun daxili vəziyyəti, keçirdiyi hisslər, fikirlər, davranış motivləri və s. haqqında mülahizə yürütməyə çalışırlar. Bu zaman həmin adamın (və ya adamların) davranış tərzini bir növ həmin şəraitdə özlərinin keçirə biləcəkləri psixoloji hallarla eyniləşdirirlər. Özlərinin bu kimi şəraitdə keçirmiş olduqları və keçirə biləcəkləri hisslər və vəziyyət onları qavramaq üçün əsas olur.
İnsanın başqalarını qavraması zamanı təkcə subyektin başqalarını anlaması deyil, onunla ünsiyyətə girən, təmasda olan fərdin onu necə qavraması və anlamasına diqqət yetirilməsi də vacibdir. Subyektin ünsiyyətdə olduğu adamlar tərəfindən necə qavranıldığını dərk etməsi refleksiya formasında başverir. Psixoloqlar refleksiyanı başqa adamları qavramanın tərkibinə daxil edirlər. A.B.Petrovskinin fikrincə, başqa adamı anlamaq qismən həmin adamın qavrayış subyekti kimi sənə münasibətini dərk etmək deməkdir.1 Deməli, insanların bir-birini qavramasını güzgünün ikiqat əks etdirməsinə bənzətmək mümkündür. İnsan başqasını əks etdirməklə, həmin başqasını əks etdirmə güzgüsündə özünü də əks etdirir. Ünsiyyət prosesində eyniləşdirmə və refleksiya vəhdətdə baş verir.
İnsanların bir-birini qavraması və anlamasının mexanizmi kimi stereotipləşdirmə də xüsusi əhəmiyyət kəsb edir.