Dünyada e-hökümət quruculuğunun ən son mərhələsi internet üzərindən səsvermə kimi demokratik vasitənin tətbiqidir. Müasir dövrdə e-nəslin formalaşması artıq bütün xidmət və fəaliyyətlərin internet üzərindən təqdim olunmasına zərurət yaradır. Məsələn, Avropa Birliyinə üzvü olan bəzi ölkələrdə gənclərin seçkilərdə aşağı iştirak faizini müasir media, informasiya texnologiyaları vasitəsilə artırmaq mümkün olub. Hər seçicinin səsinin əhəmiyyətli olması, seçkinin vətəndaşlara qərarvermə prosesində dolayısı ilə iştirak etmək üçün şərait yaratması, namizədlər barəsində obyektiv məlumatların çatdırılması baxımından e-səsvermə və e-seçkinin tətbiqinin rolu əvəzsiz sayılır. Artıq bir neçə Avropa ölkəsində e-seçki sistemi uğurla tətbiq olunaraq, səsvermə mobil telefon vasitəsilə həyata keçirilir. E-seçki sisteminin daha ucuz, asan, az bürokratik, müdaxilə oluna bilməyən, seçkisonrası verilən səsin yoxlanmasına şərait yaradan yenilik olması e-demokratiyanın bərqərar olması baxımından "e-hökumət" layihəsinin əhəmiyyətini ölçüyəgəlməz edir.