Yanğın — maddi nemətlərin məhv olması ilə nəticələnən, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir. Yanğında baş verən əsas fiziki-kimyəvi hadisələr yanar maddələrlə hava oksigeni arasında kimyəvi reaksiya getməsi, çoxlu istilik ayrılması və yanma nəticəsində əmələ gələn qazların intensiv mübadiləsidir. [1]Yanğın çox vaxt odla ehtiyatlı davranılmaması, yanğına qarşı tədbirlərə düzgün əməl edilməməsi, materialların öz-özünə alışıb yanması, statik elektrik boşalmaları və ildırım düşməsi nəticəsində baş verir, bəzən də cinayətkarlıqla qəsdən törədilir. Yanğın zamanı tüstü ilə havaya qalxan yanma məhsullarının çoxu (xüsusən polimer maddələr yandıqda) orqanizmə zəhərləyici təsir göstərir. Bəzi hallarda natamam yanma məhsulları (məs., karbon 2-oksid) oksigenlə partlayış cəhətdən təhlükəli qarışıq əmələ gətirir.
Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər. Küləyin gücünü 12 ballıq Bofort şkalasına görə ölçürlər.Küləklər rejiminə görə təsnifləşdirilir.[1]