37. Model və modelləşdirmə anlayışı. Model termini latın sözü olan modulus –dan götürülmüş və hərfi mənada ölçü, norma, nümunə kimi tərcümə olunur. Bu anlayış analogiya (oxşarlıq) prinsipinə əsaslanır. Model anlayışı onun konkret formasından asılı olaraq müxtəlif cür təyin olunur. Model deyəndə iqtisad elmində hər hansı bir iqtisadi prosesin, sistemin və ya hadisənin analoqu başa düşülür Tətbiq olunma istiqamətindən asılı olaraq model anlayışına müxtəlif cür yanaşmaq olar və ona görə də bu terminə müxtəlif təriflər verilmişdir
Öyrənilən sistemin (obyektin, hadisə və proseslərin) əsas cəhət və xüsusiyyətlərinin yığcam təsvirinə model deyilir. Model - elə maddi və ya təsviri obyektdir ki, tədqiqat prosesində orijinal obyekti əvəz edir və onun öyrənilməsi orijinal obyekt haqqında yeni məlumat alınmasına səbəb olur. Model dedikdə elə bir maddi və ya təsəvvür olunan obyekt başa düşülür ki, bu obyekt tədqiqat prosesində öyrənilən real obyekti əvəz edir və onun haqqında əlavə biliklər toplamağa imkan verir. Model anlayışı iki obyektin arasında mövcud olan oxşarlıqdan irəli gəlir. Onlardan birinə orijinal, digərinə isə model kimi baxılır, lakin model öyrənilən sistemi tamamilə xarakterizə edə bilməz. Başqa sözlə, onun tam surəti deyil. Digər tərəfdən ondan (orijinaldan) həddən artıq fərqlənə bilməz. Deməli, model orijinalın (obyektin, sistemin) şərti obrazı olub, real prosesdə mövcud olan əsas əlaqələri və əlamətləri mücərrəd (abstrakt) şəkildə əks etdirir. Modelin bir çox növləri vardır ki, onları iki böyük qrupda birləşdirmək olar:
fiziki (maddi)
riyazi (mücərrəd) modellər.
Ümumi təsnifata görə modellər 3 növə ayrılır:
Funksional
Struktur
Struktur – funksional
Modelləşdirmə -modellərin qurulması, oyrənilməsi və tətbiqi prosesidir. Modelləşdirmə elə bir tədqiqat üsuludur ki, eksperimentlər modeldə aparılır, alınan nəticələr orijinala aid edilir.
Modelləşdirmənin əsas vəzifələrindən biri “real aləmi” riyazi dilə çevirib, təsvirini verməkdir ki, bu da bizə imkan verir ki, onun xüsusiyyətləri haqda dəqiq təsəvvürə malik olaraq, gələcək hadisələr haqda proqnoz verə bilək. Bütün bu xüsusiyyətlər “riyazi modelləşdirmənin” (əsasını) məğziniəks etdirir.