4.Köləlik və kölə ticarəti
Köləlik və kölə ticarəti həmçinin 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsi ilə də qadağan edilmişdir. Orada bəyan olunur ki, heç kəs köləliyə və öz iradəsindən asılı olmayan vəziyyətə məruz qalmamalıdır; köləlik və kölə ticarəti və onların bütün formaları qadağan olunur.76 Bu əməllərin qarşısının alınması zərurətini nəzərə alaraq beynəlxalq hüquqda digər sahəvi konvensiyalarda da bu cinayətlə mübarizə məsələləri öz əksini tapmışdır. Məsələn, 1982-ci il Dəniz hüququ üzrə BMT Konvensiyası kölələrin daşınmasını qadağan edir. Konvensiyanın 99-cu maddəsində qeyd olunur ki, hər bir dövlət kölələrin öz bayrağı altında üzmək hüququna malik olan gəmilərlə daşınmasının qarşısının alınması, belə daşınmalara görə cəzaların müəyyən olunması, habelə bu məqsədlə onun bayrağından qanunsuz istifadə barədə xəbər verilməsi üçün effektiv tədbirlər görür.77 Köləlik və kölə ticarəti ilə bağlı məsələlər Avropa İnsan hüquqları Məhkəməsinin yurisdiksiyasına daxil olaraq, Avropa Konvensiyasının 3-cü maddəsi ilə müdafiə olunur. Məsələn, Məhkəmə özünün 2005-ci il tarixli Siliadin Fransaya qarşı işində bir uşağın dörd ildən artıq bir müddətdə ev qulluqçusu kimi heç bir pul ödənilmədən saxlanması ilə bağlı mübahisəyə baxmış və müəyyən etmişdir ki, bu işdə qurbanın üzərində “həqiqi qanuni mülkiyyət hüququ” həyata keçirilməmişdir. 78 Beləliklə, hazırki dünyada gedən qlobal dəyişikliləri, beynəlxalq münasibətlərdə cərəyan edən ictimai-siyasi, iqtisadi və mədəni, habelə, aktiv emiqrasiya və imiqrasiya proseslərini nəzərə alaraq, köləlik və kölə ticarəti cinayətinə daha fərqli aspekdən yanaşılmaqla, müasir beynəlxalq hüquqda bu cinayətlə mübarizə müxtəlif beynəlxalq konvensiya və digər sənədlər çərçivəsində aparılmalıdır. Həmçinin, Azərbaycan cinayət qanunvericliyi də köləliyi və kölə ticarətini hazırda qüvvədə olan beynəlxalq norma və prinsiplər nəzərə alınmaqla sülh və insanlıq əleyhinə cinayət kimi müəyyən etmiş, onu müasir dövrün reallıqları nəzərə alınmaqla kriminallaşdırmışdır. İnsan alveri və qanunsuz miqrasiya. İnsan alveri və qanunsuz miqrasiya son dövrlər daha geniş yayılan və ona qarşı mübarizədə daha sıx beynəlxalq hüquqi əməkdaşlığın həyata keçirildiyi beynəlxalq xarakterli cinayətlərdən hesab olunur. İnsan alveri və qanunsuz miqrasiya hazırda bütün dünyada ölkələrə və ailələrə təsir edən amillərdəndir. Beynəlxalq Əmək Təşkilatının (BƏT) statistikasına görə hazırda 2,5 milyon şəxs insan alverinin qurbanıdır və cinsi istismarın və əmək istismarının subyektləridirlər. Bu cinayətlərlə mübarizə məsələləri həm elmi-nəzəri, həm də praktiki əhəmiyyəti ilə diqqəti cəlb edir. Belə ki, bununla bağlı universal və regioinal təşkilatlar, habelə ikitərəfli əməkdaşlıq çərçivəsində dövlətlər tərəfindən bir sıra sənədlər qəbul edilmişdir. İlk öncə beynəlxalq və regional konvensiyalar əsasında insan alveri cinayətinin elementlərinin və anlayşının verilməsini və şərhini zəruri hesab edirik. Bu cinayətlə mübarizə məsələləri BMTnin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasında və onu tamamlayan BMT Baş Assambleyasının 15 noyabr 2000-ci il tarixli qətnaməsi əsasında qəbul edilmiş “İnsan alverinin, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolda nəzərdə tutulmuşdur. Həmin sənəddə “insan alveri” adı altında insanların istismar məqsədilə cəlb edilməsi, daşınması, ötürülməsi, cinayətin ört-basdır edilməsi yolu və ya güc tətbiq etmə hədəsi, onun tətbiqi və ya digər məcburetmə formaları, oğurlama, xuliqanlıq, aldatma, hakimiyyətdən sui-istifadə və ya zəiflik vəziyyətindən istifadə edərək və ya ona nəzarət edən digər şəxs tərəfindən razılıq almaq məqsədilə onun pul və ya digər mənfəətlə ələ alınması başa düşülür. Qeyd etmək lazımdır ki, bu anlayış o qədər də böyük dəyişiliklər edilmədən milli qanunvericliyiə implementasiya olunmuşdur. Azərbaycan cinayət qanunvericiliyinə müvafiq olaraq “insan alveri” adı altında şəxsin alqı-satqısı və ya ona sahibliklə əlaqədar digər əqdlərin baglanması, yaxud onun istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhəddindən keçirilməsi üçün və ya eyni məqsədlə digər şəxslərə verilməsi üçün cəlb edilməsi, əldə edilməsi, saxlanması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür. Lakin, “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda isə bu cinayətin anlayışı “İnsan alverinin, xüsusən də qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolda nəzərdə tutulan anlayışdan demək olar ki, heç nə ilə fərqlənmir. Qanuna görə, “insan alveri” dedikdə, zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə hədə qorxu və ya məcburetmə vasitələri ilə, oğurlamaq, dələduzluq, aldatma yolu ilə təsir imkanlarından və ya kömək siz vəziyyətindən sui- istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla insanların istismar məqsədi ilə cəlb edilməsi, saxlanılması gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi başa düşülür.
Ədəbiyyat
1. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı
2. İnsan alveri: metodik tövsiyələr, normativ sənədlər. Bakı, Qanun 2007. 412 səh.
3. İnsan alverinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu
4. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini, polis general-mayoru cənab Seyfulla Əzimovun "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair" illik məlumatı, 19.05.2020. https://insanalveri.gov.az/?/az/news/view/213/
5. Köləlik və yaxud insan alveri, http://www.anl.az/down/meqale/olaylar/2010/noya br/140140.htm
Dostları ilə paylaş: |