115
ƏHMƏD CAVAD
(1892-1937)
YENĠLƏRƏ
Mən bir aşiqəm ki, bu çaldığım saz
Dumanlı dağlara səs salacaqdır.
Ağlatdım teldə inləyən avaz
Elin xatirində çox qalacaqdır.
Doğrayacaq səsim dağda dumanı,
Dinləyəcək məni dağın çobanı.
Mən sorduğum zaman: sevdiyim hanı?
Təbiət dəyişib yaz olacaqdır.
Qorxutmayır məni bu anmayanlar,
İsrafil surindən oyanmayanlar.
Göstərdiyim yola inanmayanlar,
Bu yeni dünyada ad alacaqdır.
Seçmə aşıq şeirləri
116
AZƏRBAYCAN, AZƏRBAYCAN!
(Şeirdən bir parça)
Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan, Azərbaycan!
Səhraların sünbüllüdür,
İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan, Azərbaycan!
Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan, Azərbaycan!
…
Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan, Azərbaycan!
Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan, Azərbaycan!
…
Yer üzündə yoxdur tayın!
Gur-gur axan neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan, Azərbaycan!
Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan, Azərbaycan!
|