Müasir elmin nailiyyətinə əsaslanaraq təsdiq etmək olar ki, insan evolyusion inkişafın məhsuludur. Burada bioloji amillərlə yanaşı sosial amillər də mühüm rol oynamışdır və yenə də oynamaqdadır. Bununla əlaqədar insanın yüksək səviyyədə inkişaf etmiş heyvanlardan əsas fərqini, fakt və proseslərin elmi izahı ilə göstərmək vacibdir.
İnsan və cəmiyyətin mənşəyi haqqında elm – antropososiogenez adlanır. O, insanla cəmiyyətin bir-biri ilə qarşılıqlı bağlı olan qərarlaşma prosesidir. Antropososiogenez prosesində dil çox mühüm rol oynamışdır. Əmək alətlərinin yaranması və onların təkmilləşdirilməsinə olan tələbat insanın şüurlu olduğunu göstərir. Doğrudan da əgər insan əmək aləti hazırlayırsa, bu, onun tələbatı və öz sosial əhəmiyyətini başa düşməsi ilə əlaqədardır. Bu, bilik-bacarıq və əmək vərdişləri o qədər yüksək olmasa da, xarici predmetin insan həyatı üçün faydalılığını əks etdirir. Beləliklə də xarici, kənar amillər insanın daxilinə, onun əmək vərdişlərinə və hissi obrazlarına çevrilir. Sonuncular əmək vərdişləri ilə yanaşı mövcud olur və insanın məqsədli ustanovkaları ilə bağlıdır. Bu isə o deməkdir ki, artıq qədim insan xeyli dərəcədə mürəkkəb işarə strukturları sisteminə (dil, alətlər sistemi, yasaqlar və normalar) malik olmuşdur. Əmək alətləri öz-özlüyündə ilk süni işarə deməkdir. Bu, sifətin dəyişməsi, hərəkət və heyvanların səs siqnallarından fərqli olaraq yeni siqnal idi. İnsanlar ona obyektiv məna verirdi. Lakin belə işarələr vasitəsilə ünsiyyət məhdud xarakter daşıyır. Burada isə dil köməyə gəlir. Beləliklə də səs kompleksləri isanların həyatında mühüm rol oynayan sosial mənaları maddiləşdirmək funksiyasını öz üzərinə götürür. Nitq insanın təfəkkürünə ən çox adekvat olan maddi forma rolunu oynayır. İnsanların qayğısı, niyyəti, planı sözlərin timsalında çoxdan axtarılan ifadə formasını tapır. Bu momentdən başlayaraq təfəkkür elə bir maddi əsas əldə edir ki, onun sayəsində ictimai qüvvəyə, müxtəlif şəraitləri modelləşdirən ruha çevrilir. O, həm də insan üçün daha məqbul, daha yaxın və effektiv praktiki fəaliyyət yollarını axtarıb tapan vasitə olur.