tamam başqa adam olardım, onda da bir-birimizi çox yaxşı başa düşərdik. Sən mənim ya
dostum, ya şefim, ya əmim, ya babam, ya da lap elə (hətta tərəddüd etsəm də) qayınatam
olsaydın, özümü xoşbəxt sanardım. Ancaq bir ata kimi mənim üçün çox ağır oldun və ən
çox da ona görə ki, qardaşlarım balaca ikən öldülər, bacılarım isə dünyaya gec gəldilər,
deməli, bu ağırlığı tək çəkməli oldum, halbuki belə ağırlıq üçün çox zəif idim.
37
Sən ikimizi də müqayisə et: qısa desək, damarlarımdan Kafka qanı axsa da, mən
Kafkalara xas olan həyat eşqilə, əməllərlə, fatehlik arzusu ilə deyil, Lövilər4 nəslinə
məxsus, adamı gizli-gizli, qorxa-qorxa əks tərəfə çəkən, bəzən də tamamilə sönüb gedən
bir həvəslə yaşamışam. Sən isə, əksinə, əsl Kafka kimi güclü, sağlam, iştahalı, qalın səsli,
danışmağa qabil olan, özündənrazı, qətiyyətli, dözümlü, zamanın nəbzini tutan, insanları
tanıya bilən, müəyyən mənada səxavətli adamsan və əlbəttə, coşqun, bəzən də tündməcaz
olduğun üçün, bütün bu üstünlüklərin tərkib hissəsi kimi səhvlərdən, zəif cəhətlərdən də
xali deyilsən. Ancaq ümumi dünyagörüşü baxımından Filipp əmi, Ludviq əmi, Haynrix
əmi1 ilə müqayisədə, bəlkə də xalis Kafka deyilsən. Qəribədir ki, bunun niyə belə
olduğunu mən də başa düşmürəm. Axı onlar çox şən, gümrah, sərbəst, qayğısız idilər və
sənin kimi də ciddi deyildilər (Yeri gəlmişkən, bu xasiyyətlərinin çoxu mənə də keçib,
lakin sənin təbiətindəki ziddiyyətlər məndə olmadığından həmin mirasdan yaxşı istifadə
edə bilməmişəm.) Ancaq yəqin ki, bu baxımdan sənin də günlərin bir-birinə bənzəməyib,
uşaqların - ən çox da mən - ümidlərini doğrultmadığı və bu səbəbdən də öz evində
sıxıldığın günlərə qədər (ancaq evə qonaq gələndə, başqa cür olurdun) sən də gülərüz
olubsan və ola bilsin nəvələrin, kürəkənin, bəlkə, Valli istisna olunmaqla, öz
övladlarından ala bilmədiyin hərarəti sənə veriblər. Hər halda biz başqa-başqa adamlar
idik və bizim belə başqa-başqa adamlar olmağımız hər ikimiz üçün o qədər təhlükəli idi
ki, kimsə yavaş-yavaş böyüməkdə olan mənlə artıq böyüyüb başa çatmış sənin
münasibətlərinin gələcəyi barədə danışmalı olsaydı, deyərdi ki, məni didik-didik
eləyəcəksən, bircə sağ tikəm də qalmayacaq. Ancaq belə olmadı, necə deyərlər, sən
saydığını say, gör fələk nə sayır, bundan da betər oldu. Bununla belə, səndən bir xahişim
var: unutma ki, səni heç vaxt heç nədə günahlandırmıram. Mənə eləməli olduğun qədər
təsir edibsən, ancaq elə bilmə ki, acıqla bu təsirdən kənara çıxmamışam.
Mən qorxaq uşaq idim, həm də bütün başqa uşaqlar kimi inadkar... Düzdür, anam məni
bir az ərköyün böyüdürdü, ancaq inanmıram ki, elə çətin uşaq olmuşam. İnanmıram ki,
bircə xoş sözlə, adicə bir nəvazişlə, üzümə xoş baxmaqla mənə istədiyini elətdirmək
mümkünsüz olaydı. Sən, əslində, mərhəmətli, yumşaq adamsan (indi deyəcəyim bunu
heç də inkar etmir, çünki burda mən yalnız sənin uşağa təsirindən danışıram), ancaq
bütün uşaqların hamısında o qədər səbr, cəsarət olmur ki, oturub həmin mərhəməti
gözləsin. Sən uşaqla yalnız öz təbiətinə uyğun rəftar edə bilərsən: zorla, çığır - bağırla,
hövsələsiz... Və həmin vaxt bu üsul sənə yaxşı görünürdü, çünki məni güclü, qorxmaz bir
oğlan kimi tərbiyə etmək istəyirdin.
Əlbəttə, mənim lap uşaqlıq çağlarımda istifadə etdiyin tərbiyə üsullarını olduğu kimi
təsvir edə bilmərəm, ancaq sonrakı illərdə gördüklərimə, eləcə də Felikslə2 rəftarına
əsaslanıb onları təsəvvürümə gətirirəm. Bu anda ilk nəzərə çarpan sənin o vaxt indikinə
nisbətən daha gənc, qıvraq, coşqun, qayğısız olmağındır və onda bütün varlığınla öz
alverinə bağlanmışdın, səni gündə bir dəfə güclə görə bilirdim, ona görə də mənə təsirin
daha çox olurdu, çünki həmin təsir adətə çevrilmirdi.
Ancaq o ilk illərdən bircə hadisəni xatırlayıram. Bəlkə sənin də yadında qalmış olar... Bir
gecə tez-tez ulamağa başladım ki, su istəyirəm. Ancaq susadığıma görə yox, həm sizi
əsəbiləşdirmək, həm də kiminləsə danışmaq üçün belə eləyirdim. Bir-iki dəfə bərk
hədələsən də, xeyri olmadı və onda gəlib məni yorğan-döşəkdən zorla qaldırdın, eyvana
çıxarıb qapını bağladın, bir neçə dəqiqə gecə köynəyində bayırda saxladın. İndi demək
istəmirəm ki, onda düz eləmədin... Bəlkə doğrudan da həmin gecə məni başqa yolla
sakitləşdirmək olmazdı... Mən bununla yalnız sənin tərbiyə üsullarını və həmin üsulların
mənə necə təsir etdiyini səciyyələndirmək istəyirəm. Əlbəttə, həmin hadisədən sonra mən
sözəbaxan oldum, ancaq bununla belə, içimdə elə bil nəsə qırıldı. Mən bu mənasız su
38
istəmək həvəsimin təbiiliyi ilə zorla bayıra atılmağın qeyri - adi dəhşətini heç cür
uyuşdura bilmirdim. Sonralar illər uzunu belə bir dəhşətli fikir mənə əzab verməyə
başladı ki, o nəhəng kişi, yəni atam heç bir səbəb olmadan, gecənin birində gəlib məni
yorğan-döşəkdən qaldıraraq eyvana ata bilər və belə çıxırdı ki, mən onun üçün heç
nəyəm!
O vaxt bu, yüngül bir başlanğıc idi, ancaq bütün varlığıma hakim kəsilən "heç nə"
olmağım haqqındakı hiss (hərçənd başqa bir baxımdan həm də nəcib və cox səmərəli hiss
idi) ən çox sənin təsirinlə yaranmışdı. Onda mənə bir az ruh, bir az mehribanlıq, getmək
istədiyim yolun bir az açıq olması lazım idi, ancaq bunun əvəzində sən o yolu bağladın
və məlum məsələdir, bunu xoş niyyətlə elədin ki, mən başqa yol seçim. Lakin mən buna
yaramırdım. Məsələn, yaxşı əsgəri salam verəndə, yaxşı yeriyəndə məni daha da
ruhlandırırdın, amma məndən yaxşı əsgər çıxmadı. Məni yaxşı yeməyə, hələ üstündən
pivə içməyə də ruhlandırırdın, ya da mənasını başa düşmədiyim mahnıları təkrarlamağa,
sənin sevimli ibarələrini dilim dolaşa-dolaşa yamsılamağa... Ancaq bunların heç biri
mənim gələcəyim üçün deyildi... Maraqlıdır ki, indinin özündə də sənə nəsə toxunanda,
mən sənin iradənə qarşı çıxanda (məsələn, evlənmək fikrinə düşəndə), ya da kimsə
mənim xətrimə dəyəndə (məsələn, Pepa1 məni söyəndə) mənə ürək-dirək verirsən. Mənə
kim olduğumu xatırladırsan, daha yaxşı rəftara layiq olduğumu yadıma salırsan və Pepanı
əməlli-başlı məzəmmət edirsən. Bu yaşımda məni ruhlandırmağın daha mənası
olmadığını bir kənara qoyaq: əgər söhbət ilk növbədə məndən getmirsə, bu ruhladırmağın
mənə nə xeyiri?!
Ruhlanmaq mənə o vaxt daha çox lazım idi. Özü də hər yerdə! Onda məni sənin bütün
vücudun əzirdi. Məsələn, yadımdadır ki, o vaxt çimməyə gedəndə tez-tez bir kabinədə
soyunub-geyinməli olurduq. Mən arıq, çəlimsiz, balaca, sən isə güclü, ucaboy, iddialı...
Elə kabinədəcə özümə yazığım gəlirdi və yalnız səndən deyil, bütün dünyadan utanırdım,
çünki sən hər şeydə mənim üçün yeganə ölçü vahidi idin. Sonra kabinədən çıxırdıq,
əlindən yapışırdım... Skeletə oxşayırdım, nə edəcəyimi bilmədən ayaqyalın taxta
lövhənin üstündə dayanırdım, sudan qorxurdum, mənə üzməyi öyrətmək üçün
göstərdiyin hərəkətləri təkrar eləyə bilmirdim, xoş niyyətlə həmin hərəkətləri təzədən
dönə-dönə göstərəndə də çox utanırdım, bütün ümidlərimi itirirdim və həmin anlarda
həyatımda baş verən pis hadisələr haqqındakı bütün xatirələr bir-birinə qarışırdı. Bəzən
məndən tez soyunub çıxırdın, kabinədə tək qalırdım, adamların qarşısında rüsvay
olmadığım dəqiqələrin ömrünü bir az uzadırdım və həmin anlar da mənim üçün xoş
olurdu, sonra qayıdıb məni aparırdın. Sağ ol ki, onda mənim nə çəkdiyimi, deyəsən, hiss
eləmirdin və mən də atamın boy-buxunu ilə fəxr edirdim. Yeri gəlmişkən, aramızdakı
həmin fərq bu gün də qalır...
Buna uyğun olaraq, sonra sənin mənəvi böyüklüyün gəlirdi. Sən öz gücünlə özünü elə bir
səviyyəyə qaldırmışdın ki, onun sayəsində öz dediklərinə sonsuz dərəcədə inanırdın.
Gəncliyimdə bunu uşaqlığımda olduğundan çox hiss edirdim. Öz kreslonda oturub bütün
dünyanı idarə edirdin. Sənin dediklərin düz, başqalarınınkı isə səfeh, iftira, ağılasığmaz,
anormal idi. Sənin özünə inamın o qədər böyük idi ki, məntiqə ehtiyacın qalmırdı, ancaq
bununla belə, həmişə haqlı çıxırdın. Hətta elə də ola bilərdi ki, sən hansı məsələ barədəsə
fikir söyləməyəydin və həmin məsələ haqqında deyilən hər hansı fikir də istisnasız səhv
olmalı idi. Məsələn, sən çexləri söyə bilərdin, sonra da almanları, sonra da yəhudiləri və
özü də hər hansı xüsusiyyətinə görə deyil, bütövlükdə söyürdün və belə çıxırdı ki, yaxşı
bircə sənsən. Beləliklə, mənim üçün hüquqları idraka deyil, yalnız şəxsi mənəmliyinə
söykənən zülmkarlar kimi tapmacaya dönürdün. Ən azı, mənə elə gəlirdi...
39
Ancaq mənə münasibətdə heyrətamiz dərəcədə haqlı olurdun, söhbət-ləri-mizdə buna söz
ola bilməzdi, çünki az-az söhbət edirdik, ancaq həqiqətdə də belə idi. Əslində, burda da
anlaşılmaz bir şey yox idi: axı mənim bütün fikir və düşüncələrim sənin o dözülməz
təsirin altında olurdu. Ən cox da sənin kimi fikirləşməyəndə... İlk baxışda səndən asılı
olmayan fikirlərim elə əvvəlindən sənin hər şeyi inkar edən mühakimənin təsiri altına
düşürdü; həmin fikirləri ifadə etmək, axıra çatdırmaq olmurdu. Mən indi hansısa böyük
bir fikirdən deyil, uşaqlıq çağlarının adi istəklərindən danışıram. Axı adam hansı
arzusununsa yerinə yetirildiyinə sevinməli, evə gəlib onu deməli idi... Ancaq cavabı
istehzalı təbəssüm, başını bulamaq, əlini stola döymək olurdu: "Burda təzə heç nə
görmürəm" və ya "Öz işindir", ya da "Mənlik deyil", "İşə bax bir!", "Bir qara qəpiyə də
dəyməz"... Əlbəttə, qayğılarının başından aşıb-daşdığı bir vaxtda səndən tələb etmək
olmazdı ki, balaca bir uşağın bütün arzu və istəklərinə valeh olasan. Yox, söhbət bundan
getmir. Söhbət, əslində, ondan gedir ki, sən əks təbiətli bir adam olduğun üçün uşağı
həmişə, özü də əməlli - başlı peşman etməli idin və bu əkslik də hər arzu - istəklə
gücləndi, axırda da adətə çevrildi, hətta hər ikimiz eyni fikirdə olanda da özünü büruzə
verməyə başladı, son nəticədə də bu məyusluq adi bir uşaq məyusluğu kimi qalmadı,
sənin hər şeydən uca olan "mən"inə rəğmən, qəlbimi sındırdı. Sən nəyinsə əksinə çıxanda
və ya hətta əksinə çıxacağın ehtimal olunanda, bütün cəsarətim, qətiyyətim, inamım,
nədənsə sevinmək ümidim yoxa çıxırdı; bu ehtimal da həmişə vardı, çünki sən mənim,
demək olar ki, bütün hərəkətlərimə qarşı çıxırdın.
Bu həm mənim fikirlərimə, həm də insanlar haqqında dediklərimə aid idi. Kifayət idi ki,
kiminləsə bir az maraqlanam - bu, təbiətimə uyğun olaraq nadir hallarda baş verirdi - o
dəqiqə mənim hisslərimə, fikirlərimə, münasibətimə hörmət etmədən başlayırdın onu
söyməyə, qara yaxmağa, alçaltmağa. Məsələn, yəhudi aktyor Lövi kimi saf, məsum
insanlar da bunun altını çəkirdilər. Onu heç tanımadan dəhşətli bir şəkildə həşəratla
müqayisə edirdin, mənə cox əziz adamlardan söz düşəndə, o dəqiqə itlərdən, birələrdən
misal çəkirdin. Aktyor ona görə yadımda qalıb ki, onun haqqında dediklərini özüm üçün
yazıb saxlamışam: "Atam (heç tanımadığı) dostum haqqında ona görə belə danışdı ki, o
mənim dostumdur. Nə vaxt mənə irad tutsa ki, onu uşaqlıqdan sevməmişəm, nankoram,
onda bu sözləri üzünə vuracağam". Bir şeyi heç vaxt başa düşə bilmədim: necə olurdu ki,
sən o sözlərinlə, mühakimələrinlə məni nə qədər alçaltdığını, sındırdığını hiss etmirdin?!
Ola bilsin, mən də tez-tez sənin xətrinə dəyən sözlər işlətmişəm, ancaq bunu hiss edib
əzab çəkmişəm. Neyləyim, özümü saxlaya, həmin sözü deməyə bilmirdim, ancaq deyə-
deyə də peşman olurdum. Sən isə heç nəyə fikir vermədən o sözləri deyirdin, heç kimə
yazığın gəlmirdi: nə deyəndə, nə də sonra... Sənin qabağında dayanmaq olmurdu...
Sənin tərbiyə üsulun bax belə idi. Mənə elə gəlir, sənin yaxşı tərbiyə etmək qabiliyyətin
var; yəqin ki, özün təbiətdə olan adamlara xeyiri dəyərdi. Dediklərinin ağıllı olduğuna
inanıb eləyər, heç bir dərdi - səri də olmazdı. Ancaq mən uşaq olanda, dediklərinin
hamısını ayə kimi qəbul edirdim, heç birini unutmurdum, onlardan dünyanın işlərini,
xüsusən də səni mühakimə etmək üçün əsas vasitə kimi istifadə edirdim və bu da heç
vaxt sənin xeyrinə olmurdu. Uşaqlığımda səninlə ən çox yemək vaxtı bir yerdə olurdum
və səndən aldığım dərslərin çoxu da stolda özümü necə aparmağım barədə olurdu. Stola
gələnlərin hamısı yeyilməli idi, onların keyfiyyəti barədə danışmaq olmazdı. Ancaq çox
vaxt yeməklər xoşuna gəlmirdi, onları "yem" adlandırırdın, "Heyvan ( yəni, aşpaz ) bunu
zibilə döndərib" deyirdin. İştahan yaxşı olduğu üçün tez-tez, isti-isti, iri loxmalarla
yeyirdin, deməli, uşaq da tələsməli olurdu, üzüntülü bir sakitlik çökürdü və bu sükutu da
sənin iradların pozurdu: "Əvvəlcə ye, sonra danışarsan", "Tez! Tez! Tez!", "Görürsən,
mən çoxdan yeyib qurtarmışam". Sümüyü dişə salmaq olmazdı - ancaq sən salırdın.
40
Sirkəni içmək olmazdı - ancaq sən içirdin. Əsas məsələ o idi ki, çörək düzgün doğransın.
Ancaq sən çörəyi ağzından şorba daman bıçaqla doğraya bilərdin. Gərək elə yeyəydin ki,
qırıntılar döşəməyə düşməyəydi, ancaq ən çox da özün tökürdün. Stola oturanda yalnız
yeməklə məşğul olmaq lazımdır, ancaq sən dırnağını ya təmizləyir, ya da kəsirdin, qələm
ucu yonurdun, diş dibi təmizləyənlə qulaqlarını eşirdin... Xahiş edirəm, məni düzgün
başa düş, ata, bəlkə də bunların hamısı adi xırdalıqlar idi, ancaq mənə ona görə belə təsir
edirdilər ki, sən - böyüklər böyüyü hesab elədiyim bir insan - mənim boynuma qoyduğun
ayələrə özün əməl etmirdin. Ona görə də mən dünyanı üç yerə bölmüşdüm. Bunlardan
biri həmin dünya idi ki, mən orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim
üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən
çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin dünya da hökumət
qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk
əsəbiləşirdin. Nəhayət, üçüncü dünya gəlirdi ki, orda da başqaları əmrlərdən, qanunlardan
uzaqlarda xoşbəxt həyat sürürdülər. Mən isə rüsvay olmuşdum, sənin əmrlərini yerinə
yetirirdim və bu da ona görə rüsvayçılıq idi ki, həmin əmrlər təkcə mənə aid olurdu. Ya
da inadkarlıq edirdim, ancaq bunun özü də rüsvayçılıq idi, çünki sənin gücün, sənin
iştahan, sənin çevikliyin məndə yox idi ki, inadkarlıq edəm, o əmrləri yerinə yetirməyəm.
Ən böyük rüsvayçılıq bir də o idi ki, bütün bunlara baxmayaraq, onları məndən elə tələb
edirdin ki, sanki belə də olmalıdır. Beləliklə, uşaqda düşüncə deyil, hisslər inkişaf edirdi.
Mənim o vaxt nələr çəkdiyimi indi Feliksin çəkdikləri ilə müqayisə etsəm, daha aydın
olar. Onunla da belə rəftar edirsən, ona qarşı hətta daha dəhşətli tərbiyə üsulundan
istifadə edirsən, yemək zamanı səncə, nəyisə düzgün eləməyəndə, o vaxt mənə dediyin
kimi "Donuzun biri donuz!"la kifayətlənmirsən, üstəlik də əlavə edirsən: "Əsl
Hermansan" və ya "Lap atana oxşayırsan!". Bunlar bəlkə də - burda "bəlkə"dən başqa heç
nə demək olmaz - Feliksə o qədər də təsir eləmir, çünki sən onun üçün doğrudan da yaxşı
babasan, ancaq mənim vaxtımda olduğu kimi, hər şey demək deyilsən. Bundan əlavə, o,
sakit uşaqdır, bir az da kişiləşmişdir, onu hay-küylə çaşdırmaq olar, ancaq bu, çox
çəkməz. Digər tərəfdən də, sənin yanında nisbətən az olur, başqa təsirlər də görür, sən
onun üçün daha çox sevimli bir əyləncə vasitəsisən, hansı əyləncə növü xoşuna gəlir, onu
da seçir. Ancaq mənim üçün əyləncə vasitəsi deyildin, heç nə də seçə bilməzdim,
hamısını götürməli idim. Özü də heç nə demədən, etiraz eləmədən, çünki səninlə onsuz
da nə barədəsə sakit danışmaq mümkün deyildi, ən çox da sən nə iləsə razılaşmayanda və
ya özün istəməyəndə... Sənin hökmranlıq temperamentin buna yol verməz! Son illər bunu
ürək nevrozu ilə izah edirsən. Bilmirəm, nə vaxtsa başqa cür olubsan ya yox, ancaq ürək
nevrozu sənə öz hökmranlığını daha da sərtləşdirmək üçün bir vasitə olub, çünki bu
hökmranlıq başqasının son etiraz hissini də boğmalıdır. Əlbəttə, bu, irad deyil, sadəcə,
faktın özüdür. Ottla barədə "Onunla danışmaq heç mümkün deyil, o dəqiqə qayıdıb
adamın üzünü cırmaqlayır"- deyirsən, ancaq, əslində, o heç vaxt cırmaqlaya bilməz; sən
əməllə insanı qarışdırırsan; sənin üzünü cırmaqlayan əməldir və adamı dinləmədən həmin
əməl barədə qərar çıxarırsan; bundan sonra deyilənlər də səni inandırmaq əvəzinə, daha
da qızışdırır. Hələ üstəlik də deyirsən: "Nə istəyirsən elə, müstəqil adamsan... Daha
böyümüsən, sənə məsləhət verəsi deyiləm!" Və bütün bunların hamısını hirsindən
boğula-boğula, xırıltılı səslə, hökmlə deyirdin. Bu gün həmin sözləri eşidəndə, məni
uşaqlıq çağlarında olduğu kimi əsməcə tutmur, çünki hər ikimizin də köməksiz
41
olduğumuzu başa düşdüyüm üçün özümü uşaqlıq çağlarında olduğu qədər günahkar hiss
eləmirəm.
Bizim bir-birimizlə sakit danışmağımız artıq mümkün deyildi və bu da axırda öz təbii
nəticəsini verdi: mən danışmağı yadırğadım. Əlbəttə, bu o demək deyildi ki, mən yaxşı
natiq ola bilərdim, ancaq hər halda, bütün başqa insanlar kimi, fikrimi rəvan şəkildə ifadə
etməyi bacarardım. Ancaq danışmağı sən mənə çox tez qadağan elədin. "Cavab
qaytarma!"- deyə barmağını silkələyə-silkələyə hədələməyini o vaxtdan bəri unuda
bilmirəm. Səninlə üzbəüz dayananda - söhbət öz mənafeyindən gedəndə çox gözəl natiq
olursan - dilim topuq çalırdı, kəkələyirdim və sən hətta bunun özünü də mənə çox
görürdün, axırda susmalı olurdum, bəlkə də əvvəllər inadkarlıq edirdim, ancaq sonralar
sənin yanında nə fikirləşə, nə də danışa bilirdim.Yeganə tərbiyə verənim olduğun üçün
bütün həyatım boyu bunlardan azad ola bilmədim. Əgər belə fikirləşirsənsə, mən heç
vaxt sənə tabe olmamışam - çox böyük səhv edirsən. "Həmişə əksinə getmək" - sənə
qarşı münasibətdə, fikirləşdiyin və inandığın kimi, heç vaxt mənim həyat prinsipim
olmayıb. Əksinə, dediklərinə az əməl etsəydim, bəlkə də məndən daha çox razı qalardın.
Ancaq sənin bütün tərbiyə üsulların öz işini gördü, işlətdiyin fəndlərin hamısı alındı: Bu
gün necəyəmsə (əlbəttə, həyatın bəzi qanunauyğunluqlarını və onların mənə təsirini
çıxmaq şərtilə), sənin verdiyin tərbiyənin və mənim itaətkarlığımın nəticəsində olmuşam.
Bu nəticə ona görə xoşuna gəlmir, onu verdiyin tərbiyənin nəticəsi ona görə hesab
eləmirsən ki, sənin xislətinlə mənim tutulduğum xəmrə bir-birinə heç vaxt yaxın olmayıb.
Sən deyirdin: "Cavab qaytarma!" və bununla mənim içimdə yarana biləcək müqavimət
hisslərini boğmaq istəyirdin, ancaq bu, artıq idi, çünki mən çox itaətkar idim, cınqırımı da
çəkmirdim, sivişib aradan çıxırdım və yalnız səndən uzaqlaşandan, sənin hökmünün
birbaşa təsirindən azad olandan sonra qımıldana bilirdim. Ancaq yenə gəlib qarşımda
dayanırdın və yenə elə bilirdin "əksinə gedirəm", halbuki bütün bunların hamısı sənin çox
güclü, mənimsə çox zəif olmağımın təbii nəticəsi idi.
Sənin son dərəcə təsirli, ən azı məndən heç vaxt əsirgəmədiyin natiqlik məharətində
tərbiyə üçün işlətdiyin üsullar bundan ibarət idi: söymək, hədələmək, rişxənd etmək, acı-
acı gülmək və bir də lap qəribə olsa da, özünə acımaq... Məni birbaşa pis sözlərlə
söydüyün yadıma gəlmir. Əslində, söymək heç lazım da deyildi. Sənin başqa üsulların
çox idi və mən uşaq olarkən evdə, ən çox da mağazada başqalarına yağdırdığın
söyüşlərdən keyləşirdim, onları özümə aid etməməyə əsasım qalmırdı, çünki söydüyün
həmin adamlar məndən pis adamlar deyildi, çünki həmin adamlarla müqayisədə məndən
daha çox narazı idin. Burda yenə sənin o müəmmalı günahsızlığın və əlçatmazlığın öz
işini görürdü: heç vecinə deyildi ki, başqalarını qınayırsan, onlara söyməyi yasaq
eləyirsən, ancaq özün söyüş söyürsən.
Sonra həmin söyüşləri hədə-qorxu ilə daha da gücləndirirdin və bu, artıq, mənə aid
olurdu. Məsələn, sən kiməsə deyəndə ki, "Sağ tikəni qulağın boyda eləyərəm!" - məni
dəhşət bürüyürdü, halbuki bunu etməyəcəyini bilirdim ( uşaq olanda isə bilmirdim),
ancaq bu, sənin gücün haqqındakı təsəvvürlərimə uyğun gəlirdi və elə bilirdim ki, bunu
etməyə qadirsən. Məni bir də onda dəhşət bürüyürdü ki, kimisə tutmaq üçün qışqıra-
qışqıra stolun başına fırlanırdın, əslində onu tutmaq istəmirdin, özünü elə göstərirdin və
axırda da guya anam onu xilas edirdi. Yenə də uşağa elə gəlirdi ki, onun mərhəməti
sayəsində salamat qaldı və bu həyatı layiq olmadığı bir hədiyyə kimi yaşamağa davam
edirdi. Buraya eyni zamanda sənin sözünə baxmayanda gəldiyin hədə-qorxu da aiddir.
Sənin xoşuna gəlməyən bir işə başlayanda, məni hədələməyə başlayırdın ki, alınmayacaq
və sənin fikirlərinə çox böyük ehtiramla yanaşdığım üçün həmin iş lap sonralar da
alınmırdı. Beləliklə də özüm öz işimə inamımı itirirdim, tərəddüd edirdim, ümidsizliyə
42
qapılırdım. Mən yaşa dolduqca, heç nəyə yaramadığımı sübut edən dəlillərin sayı
çoxalırdı. Tədricən müəyyən mənada haqlı olmağa başlayırdın. Yenə də məhz sənin
təsirin altında belə olduğunu deməyə çəkinirəm. Sən yalnız olanları gücləndirirdin.
Ancaq çox gücləndirirdin, çünki mənimlə müqayisədə son dərəcə güclü idin və gücündən
də yaxşıca istifadə edirdin.
Tərbiyə üçün daha çox istehzaya inanırdın, çünki mənim üzərimdəki hökmranlığına ən
çox bu uyğun gəlirdi. Adətən, məzəmmətə belə başlayırdın: "Bunu belə eləyə bilməzdin?
Yəqin, sənin üçün çox çətindir, eləmi? Əlbəttə, buna vaxtın çatmaz.." və sair və ilaxır...
Hər sual da qəzəb dolu gülüşlə, qəzəb yağan sifətlə müşayiət olunurdu. Nəsə bir pis iş
gördüyünü heç özün başa düşməmiş, müəyyən mənada cəzalanmış olurdun. Adamı ən
çox yandıran üçüncü şəxs kimi töhmətləndirilməyi olurdu. Belə çıxırdı ki, mən heç
birbaşa danlanmağa da layiq deyildim. Yəni özüm yanında otura-otura, guya anamla
danışırdın: "Cənab oğlumuzdan belə şeylər gözləmə!" (Bu da sonralar öz təsirini
göstərdi: məsələn, anam yanımızda olanda sənə birbaşa müraciət etməyə cəsarətim
çatmadı və bu da məndə adətə çevrildi. Axı, yanında oturmuş anasından sənin haqqında
nəyisə soruşmaq uşaq üçün çox da qorxulu deyildi. Məsələn, o, belə soruşurdu: "Atanın
kefi necədir?" və bununla da özünü hər hansı bir xoşagəlməz hadisədən sığortalayırdı ).
Əlbəttə, elə hallar olurdu ki, sənin ən dəhşətli istehzana da şərik çıxırdım, ən çox da
həmin istehza başqasına, məsələn, uzun illər yola getmədiyim Elliyə aid olanda... Az qala
hər dəfə yemək zamanı ona deyəndə ki: " Bu gombul qız gərək stoldan on metr uzaqda
otura!" və ardınca da onun oturuşundan necə iyrəndiyini göstərmək üçün üzündə heç bir
mehribançılıq, zarafatcıllıq ifadəsi olmaya-olmaya, əksinə, qəzəblə onun oturuşunu öz
kreslonda yamsılayanda mənim üçün bayram olurdu, ağrı-acılarımı bir az unudurdum. Bu
və ya buna bənzər hadisələr çox tez-tez olurdu və, əslində, sən bununla heç nəyə nail
olmurdun. Mənə elə gəlir, bunun səbəbi sənin hirsinin, qəzəbinin baş verən hadisəyə
uyğun gəlməməsi idi. Hiss olunurdu ki, stoldan bir az aralı oturmaq kimi xırda bir "səhv"
bu dərəcədə qəzəblənməyə səbəb ola bilməz, əslində, bundan əvvəl böyüyə-böyüyə
yığılıb qalıbmış və təsadüfən bu hadisə olan kimi, partlayıb üzə çıxıb. Dəqiq bilinirdi ki,
Dostları ilə paylaş: |