Marta: Lazım deyil. Sən tamamilə haqlısan. Bu artıq elə bir həddi ki, kişini yıxıb-
sürümək qadın ləyaqətinə yaraşmaz. Əgər Con fikirləşirsə, Konstans bu vəziyyətdə
söyüşlə əl-qol atmaqla özünü alçaldacaq, deməli, qadınları yaxşı tanımır. (Cona) Elə
bilirəm, Konstansın sərbəstlik qazanmasının qarşısında maneə olmamağa kişiliyin çatar.
Missis Kalver: Ah, Konstans, ümidvaram, sən boşanmaq istəmirsən?
Marta: Ana, sən necə də səhvsən. Məgər o, ona hörmət eləməyən bir kişiylə bir damın
altında yaşaya bilər? Bir sözünə inanmadığın və nifrət etdiyin bir kişiylə birgə həyata
həyat demək olarmı? Hələ üstəlik onların övladlarını düşün. Məgər Konstans bundan
sonra qızının bu monstr yanında böyüməyinə razı olarmı?
Konstans: Con həmişə çox gözəl ata olub. Bunu deməmək günahdı.
Missis Kalver: Əzizim, çox da qəddar olma. Yaxşı başa düşürəm, indi ürəyin necə qan
ağlayır, amma ayıq başla fikirləş, dərdinin fitvasına getmə, sonra peşiman olarsan.
Konstans: Mənim ürəyim qan-zad ağlamır. Əksinə, ordan bal damır.
Missis Kalver: Əzizim, anan heç vaxt səni aldatmaz. Mən sənin hikkəni və heyrətini
aydın görürəm. Belə vəziyyətdə bu, təbiidi.
Konstans: Amma mən öz ürəyimə baxanda, orda heyrətin izini də görmürəm. Məni
heyrətləndirən yalnız Conun səfehliyidi ki, onun da ucbatından hər şey üzə çıxdı.
Con: Imkan ver, bir kəlmə də mən deyim. Mən bacardığımı elədim, amma mələklər aman
vermədi.
Konstans: Mələklərin siqaret çəkmək kimi pis vərdişi yoxdu.
Con: Amma əgər heç olmasa bir qullab vursaydılar, ömür boyu tərgidə bilməzdilər.
Missis Kalver: Konstans, əzizim, belə xudbin olma. Bu, ürəkdən ağrını almağın ən pis
yoludu. Gəl, ananın qucağına, canım mənim, qoşa ağlayaq. O dəqiqə yüngülləşəcəksən.
Konstans: Ana, sənə çox minnətdaram, amma ölsəm də gözümdən bircə damla yaş çıxara
bilmərəm.
238
Missis Kalver: Belə amansız olma. Əlbəttə, Con günahkardı. Mən bunu etiraf eləyirəm.
O özünü biədəb, çox biədəb aparıb. Amma kişilər zəif məxluqdular, həyasız qadınlar da
bundan istifadə eləyirlər. Əminəm ki, o, sənə verdiyi bu əzaba görə peşimandı.
Marta: Konstans, məni heyrətləndirən odur ki, Conun gəzdiyini biləndə sənin heç vecinə
də olmadı.
Konstans: Doğrusu, elə düşündüm ki, bu, mənim vecimə olmamalıdı.
Marta: (Təəccüblə) Məgər sən onun arvadı deyilsən?
Konstans: Conla mən xoşbəxt insanlarıq. Biz ideal cütlük olmuşuq.
Marta: Sən necə belə danışa bilərsən?
Konstans: Biz beş il bir-birimizdən ötrü əldən getmişik. Heç bir ailədə məhəbbət bu
qədər tab gətirə bilməz. Bəli, bizim bal ayımız düz beş il çəkdi, sonra isə taleyin bizə
daha bir hədiyyəsi oldu - bu məhəbbət hissi hər ikimizi eyni vaxtda tərk etdi.
Con: Mən etiraz eləyirəm, Konstans. Sənə olan məhəbbətim məni heç vaxt tərk etməyib.
Konstans: Mən başqa söz demək istəyirəm, əzizim. Sənin məhəbbətinə mənim zərrə
qədər də şübhəm yoxdu. Mənim sevgim də səngiməyib. Biz bir-birimizin maraqlarını
bölüşürdük, birlikdə olmağın ləzzətini yaşayırdıq, sənin uğurların məni qürrələndirirdi,
xəstələnəndə qayğıyla başımın üstünü kəsdirirdin. Biz eyni zarafata gülür, eyni həyəcanı
yaşayırdıq. Mən məhəbbət telləriylə bir-birinə bizim qədər bağlı olan ikinci bir cütlük
tanımırdım. Amma vicdanla de, son on ildə də sən məni sevirdin?
Con: Məgər on beş il evli olan bir kişidən belə şey gözləmək...
Konstans: Əzizim, məni sənin bəraətin maraqlandırmır. Mən səndən sadə və aydın cavab
gözləyirəm.
Con: Böyük mənada mən səni hamıdan üstün sayıram. Sənin qədər bəyəndiyim ikinci bir
şəxs yoxdu. Rastıma çıxanlar arasında sən ən gözəlisən. Və mən lap sənin yüz yaşında da
belə deməkdən yorulmayacam.
Konstans: Mənim pilləkəndən gələn addım səslərimi eşidəndə ürəyin çırpınırmı? Otağa
girən kimi səndə güclü əllərinlə məni bağrına basmaq həvəsi oyanırmı? Nəsə mən bunu
hiss eləmirəm.
Con: Çünki mən axmaq kimi görünmək istəmirəm.
Konstans: Onda deməli, mən öz sualıma cavab ala bildim. Artıq nə sən mənə, nə mən
sənə aşiqəm.
Con: Sən bu haqda heç vaxt mənimlə danışmamısan.
239
Konstans: Fikrimcə, ər-arvadlar bir-biriylə bizdən qat-qat artıq danışır. Amma elə
nüanslar var ki, bir-birinə doğma olan iki insan bunu yaxşı bilsə də özlərini elə aparırlar
ki, guya bilmirlər. Güman eləyirlər ki, belə olmağı hər ikisinin xeyrinədi.
Con: Sən nədən bu qənaətə gəlmisən?
Konstans: İndi sənə deyəcəm. Bir dəfə biz rəqs eləyəndə aşkar elədim ki, hərəkətlərimiz
əvvəlki qədər sinxron alınmır. Məsələ mənim fikrimin dağınıq olmasındaydı. Bizimlə
yanaşı rəqs eləyən bir qadının saç düzümünə baxıb fikirləşdim ki, görən, beləsi mənə
yaraşar? Sonra sənə baxıb gördüm ki, onun ayaqlarına məftun olmusan. Elə onda anladım
ki, sən daha məni sevmirsən. Dərindən nəfəs aldım, çünki artıq mənim də sənə sevgim
ölmüşdü.
Con: Etiraf eləməliyəm ki, bu, heç mənim ağlıma da gəlməyib.
Konstans: Bilirəm. Vurğunluq müvəqqəti bir şeydi. Kişinin ağlına da gəlməz ki, qadın
onu sevməyə bilər. Əzizim, qəti narahat olma, bu, sizin cinsin çox nadir
çatışmazlıqlarından biridi.
Marta: Sən bu sözlərlə mənə, anama, işarə eləyirsən ki, bundan sonra Conun eşq
macəraları bir-birini sıraladı, o da doydum demədi.
Konstans: Onu illər sonrası ilk dəfə pis ayaqda, ən dar cığırda yaxaladıq deyə, gəl elə
düşünək ki, heç də vəfasız olmayıb. Sən mənə qarşı acıqlı deyilsən ki, Con?
Con: Yox, əzizim, acıqlı deyiləm... Amma bir az dilxoram. Elə bilirəm ki, sən məni gülüş
hədəfinə çevirmisən. Ağlıma da gəlməzdi ki, mənə olan hisslərin belə dəyişə bilər.
Əlbəttə bu, mənim xoşuma gəlmir.
Konstans: Bəsdi, görək. Sən ki, ağlı-başı yerində olan adamsan. Doğrudanmı, elə bilirdin
ki, mən bütün bu illərimi cavabsız ehtirasıma həsr eləməyə hazıram? Hansı ki, uzağı
bunun qarşılığında yalnız dostluq və doğmalıq qazanacam? Məgər bilmirsən ki, böyründə
özünün sevmədiyin bir qadının sənin sevdiyini hiss eləməkdən əzablı bir şey yoxdu?
Con: Sənlə əzab yanaşı dayana bilməz, Konstans.
Konstans: (Hava öpüşü göndərərək) Doğrudanmı, sən bizim necə xoşbəxt həyat
sürdüyümüzü hiss eləmirsən? Biz Tanrının sevimliləriyik. Mən sənin mənə hədiyyə
etdiyin o beş illik xoşbəxtliyi ömrümün sonunacan unutmaram. Mən dəlicəsinə sənə aşiq
idim və ömrümün sonunacan bu hiss mənlə olacaq. Sən mənim kimi sevmirdin. Bizim bu
məhəbbət nə səndən, nə də məndən ötrü yükə çevrildi. O yük birdən-birə boşaldı. Odur
ki, səndə də, məndə də,nə bir mübahisə, nə bir iddia yarandı, bəzən birində yenicə
başlayan, o birində çoxdan olan hirs-hikkə ikimizdə də olmadı, qarşılıqlı ittihamlar və
sair kimi ağrılı şeylər olmadı. Bizim məhəbbət, bilirsən, nəyi xatırladır? Eyni vaxtda hər
iki tərəfdən dəqiqliklə doldurulmuş krossvordu. Bax elə buna görə də hamı bizi xoşbəxt
sayırdı, bizi ideal cütlük hesab eləyirdi.
240
Marta: Demək istəyirsən ki, sən Conun Mari-Luizayla sevişdiyini biləndə heç nə hiss
eləmədin, eləmi?
Konstans: İnsan təbiətən mükəmməl məxluq deyil. Etiraf eləyim ki, ilk əvvəl
əsəbiləşdim, amma yalnız ilk əvvəl. Sonra qərara aldım ki, Cona görə əsəbiləşmək
ağılsızlıqdı. Çünki başqası heç də ondan artıq deyil. Həm də, axı, mən elə də əzazil insan
deyiləm, Cona ən isti hisslər bəsləyən, onun xoşbəxt olmasını arzulayan birisiyəm. Və
əgər o, öz hisslərinə güc gəlmək istəyirsə, qıraq-bucaqda kimisə gözaltı eləyibsə... Mən
düzmü izhar eləyirəm, Con?
Con: Mən hələ hisslərimə qarşı getməyi ağlıma gətirmirəm.
Konstans: Fikirləşdim ki, bəlkə, elə belə yaxşıdı. Yaxşı ki, onun diqqətini mənim yaxın
rəfiqəm cəlb eləyib. Bu halda bir ana kimi hər ikisini öz nəzarətimdə saxlaya bilərəm.
Con: Bu lap çox oldu, Konstans.
Konstans: Mari-Luiza çox yaxşıdı. Con kifirin birisiylə gəzsəydi, mənim xətrimə dəyərdi.
Mari-Luiza çox varlıdı. Deməli, onun Conun puluna ehtiyacı yox idi. Həmin pulları mən
geninə-boluna öz evim üçün xərcləyə bilmişəm. Mari-Luiza elə ağıllı deyil ki, səni öz
nəzarətində saxlaya bilsin. Nə qədər ki, sənin ürəyin mənə məxsus idi, bədəninin onun
olması fikriylə barışmalı olmuşdum. Con, əgər qıraqda bir başqasıyla gəzmək istəsəydin
və məsləhət üçün mənə müraciət eləsəydin, sənə yalnız Mari-Luizanı təklif eləyərdim.
Əgər sənə nəsə bir məşuqə arzulasaydım, seçimim məhz Mari-Luiza olardı.
Con: Əzizim, elə başa düşdüm ki, biz sənə elə də güclü kəf gəlməmişik. Sən elə
müdriklik nümayiş eləyirsən ki, elə bil, mənim bütün içimi görürsən.
Missis Kalver: Konstans, sənin bu münasibətini bəyənmirəm. Mənim vaxtımda əgər
arvad kişisinin bir başqasıyla gəzdiyini bilsəydi, hönkür-hönkür ağlayıb düz üç həftə
anasının yanında qalardı. Ərinin peşimançılıq hissi keçirdiyini, öz günahını yumaq üçün
hər şeyə hazır olduğunu görməyincə, yanına qayıtmazdı.
Marta: Belə başa düşürük ki, sən Conla boşanmaq fikrində deyilsən, eləmi?
Konstans: Bilirsiz, başa düşə bilmirəm, nədən qadın ərinin, sadəcə, bir başqasıyla
gəzdiyinə görə, öz rahat evini atmalı, yanındakı kişi nəfəsindən, qazancdan ona düşən heç
də az olmayan paydan imtina eləməlidi. Bu bilirsiz nəyə bənzəyir? Elə bil, burnunu kəsib
atırsan ki, üzün genişlənsin.
Marta: Mənim daha sözüm yoxdu. Bunu təsəvvürümə belə gətirə bilməzdim. Qadın
oturub onu necə axmaq yerinə qoyduqlarını təmkinlə müşahidə eləyir.
Konstans: Mənim zavallı Conum, sən özünü çox səfeh apardın. Həyatda səfehlik
naqislikdən pis sayılır. Çünki naqisliyi birtəhər düzəltmək olar, amma təəssüf ki, səfehliyi
düzəltmək mümkün deyil.
241
Con: Mən necə də axmaq olmuşam, Konstans. Özüm də bunu bilirəm. Amma başına
gələn başmaqçı olar. Bu bir daha təkrarlanmayacaq.
Konstans: Demək istəyirsən ki, gələcəkdə ehtiyatını əldən verməyəcəksən, hə?
Missis Kalver: Yox, Konstans, o demək istəyir ki, əsl dərs aldı, gələcəkdə
şikayətlənməyə sənin heç bir əsasın olmayacaq.
Konstans: Mən həmişə elə bilmişəm, kişilər yalnız yaşlaşanda günahlardan azad olurlar.
Çünki onda özləri də həyatda artıq yükə çevrilirlər, heç bir dəyərləri olmur. Gördüyünüz
kimi, Conun canı hələ çox suludu. Mənim hesablamalarıma görə, sən hələ bir on beş il də
özünə korluq verən deyilsən, hə, əzizim?
Con: Qulaq as, Konstans, nəsə mən səni heç cür başa düşə bimirəm. Bəzi sözlərin adamı
lap hövsələdən çıxarır.
Konstans: Hər halda, elə bilirəm, Mari-Luizaya bir yox, bir neçə əvəz tapılacaq.
Con: Konstans, vicdanıma and içirəm ki...
Konstans: Vicdan sənin yeganə yerindi ki, ona əvəz tapa bilmərəm. Görürsənmi, mən
sənin eşq macəralarını görməzliyə vuranda hər şey bizdə yağ kimi gedirdi. Amma indi
vəziyyət pis tərəfə dəyişib. Sən məni çox qəliz vəziyyətə salmısan.
Con: Mən çox təəssüflənirəm, Konstans.
Marta: Konstans, sən ondan ayrılmaq istəyirsən?
Konstans: Yox, istəmirəm. Con, Barbaranın mənə iş təklif elədiyini unutmamısan ki?
Mən imtina eləmişdim. Amma indi fikrimi dəyişib təklifi qəbul eləmək istəyirəm.
Con: Niyə? Başa düşə bilmirəm, bunun nə mənası var?
Kontans: Çünki daha bütünlüklə səndən asılı olmaq istəmirəm, Con.
Con: Amma, axı, mənim əzizim, qazandıqlarımın hamısı həm də sənindi. Səni hər şeylə
təmin etmək mənim ən böyük sevincimdi. Tanrı da şahiddi ki, sənin tələbatın elə də
böyük deyil.
Konstans: Səninlə razıyam. Con, etiraf elə ki, bu vaxtacan mən özümü ağıllı aparmışam,
eləmi? İndi isə mənim istəklərimə qarşı çıxma.
(Qısa pauza)
Con: Başa düşə bilmirəm, işləmək sənin nəyinə lazımdı, axı? Amma əgər məsələni belə
qoyursansa, bir kəlmə də deyən deyiləm. Təbii ki, arzularını gerçəkləşdirmək sənin
haqqındı.
242
Konstans: Bax, bu lap gözəl oldu. Indi pasientlərinin yanına get. Yoxsa, mən tək özümü
yox, səni də saxlamalı olacam.
Con: Səni öpə bilərəmmi?
Konstans: Niyə də yox?
Con: (Onu öpür) Deməli, barışdıq?
Konstans: Barış və qarşılıqlı anlaşma. (Con çıxır) O, çox şirin oğlandı, eləmi?
Missis Kalver: Konstans, nə plan qurmusan?
Konstans: Mənmi, ana? (Onu sorğuya çəkir) Sən özün necə bilirsən?
Missis Kalver: Sənin baxışların xoşuma gəlmir.
Konstans: Heyif. Amma çoxları bu baxışların qarşısında əriyib gedir.
Missis Kalver: Sən nəsə yaramaz bir şey düzüb qoşmusan, amma onun məhz nə
olduğunu anlamıram.
Marta: Başım çıxmır, Barbaranın yanında işləmək sənə nə verəcək?
Konstans: Ildə min funtdan min beş yüz funta qədər pul.
Marta: Özün də bilirsən ki, mən pulu demirəm.
Konstans: Ev qadını olmaqdan bezmişəm.
Marta: Ev qadını dedikdə sən nəyi nəzərdə tutursan?
Konstans: Pulu verməyə yox, almağa öyrəncəli fahişəni.
Missis Kalver: Əzizim, sənin bu sözlərini atan eşitsəydi, nə deyərdi.
Konstans: Əzizim, iyirmi beş il əvvəl ölmüş bir centlmenini nə deyəcəyini bilmək üçün
fal açdırmaq lazımdı. O, hazırcavab adam idi?
Missis Kalver: Əlbəttə, yox. O, yaxşı adam idi, amma başdan bir az xarab idi. Tanrılar da
belələrini çox sevdiklərindən onu tez öz yanlarına çağırdılar.
(Bernard Kersal qapını açıb qonaq otağına baxır)
Bernard: Gəlmək olar?
Konstans: Axır ki. Mən də elə bildim, yəqin, hardasa ilişib qalmısan.
243
Bernard: Mənim maşınımı görəndə Luiza xahiş elədi ki, özüm onu aparım. Mən də
imtina eləyə bilmədim.
Konstans: Deməli, sən onu evinə aparmısan?
Bernard: Yox, mənə dedi ki, mütləq saçını qaydaya salmalıdı. Mən onu Bond-stritdəki
salona apardım.
Konstans: Bəs, sonra?
Bernard: Dedi ki, özüm də bilmirəm, siz mənim barəmdə nə fikirdəsiz.
Konstans: Qadınların əksəriyyəti kişinin fikri onu maraqlandırmasa da belə deyir. Sən nə
cavab verdin?
Bernard: Dedim, çalışıram, mənə qəti aidiyyatı olmayan məsələlər barədə fikir
bildirməyim.
Konstans: Əzizim Bernard, səndə mənə ən xoş gələn şey özündən çıxmamaq bacarığındı.
Hətta yerlə göy birləşsə belə, sən ideal ingilis centlmeni olaraq qalacaqsan.
Bernard: Mən fikirləşdim ki, bu, ən yerinə düşən cavabdı.
Konstans: Hə, əziz anam, daha səni burda saxlamağa cürət eləmirəm. Martayla sənin
yəqin o qədər işiniz var ki.
Missis Kalver: Işimizi yadımıza saldığına görə təşəkkür. Gedək, Marta. Görüşənədək,
əzizim, sağ ol, mister Kersal.
Bernard: Sağ olun.
Konstans: (Martaya) Görüşənədək, əzizim. Dərdimə şərik olduğuna görə sənə
minnətdaram. Ağır günümdə mənə çox dayaq oldun.
Marta: Mən səni başa düşə bilmirəm, nə desən də başıma girməyəcək.
Konstans: Sizə uğurlar. (Missis Kalver və Marta çıxır. Bernard onların ardınca qapını
bağlayır). Biz çoxmu gecikirik?
Bernard: O qədər çox gecikirik ki, bir neçə dəqiqə bizi xilas eləyə bilməz. Mənim sənə
çox vacib bir sözüm var.
Konstans: (Bernarddan söz çəkə-çəkə) Sənin, yoxsa mənim üçün vacib?
Bernard: Bu dəhşətli səhnənin məni necə təəssüfləndirdiyini təsəvvürünə belə gətirə
bilməzsən.
244
Konstans: Elə düşünürəm, bunun bir işıqlı tərəfi də var?
Bernard: Mən yalnız bu gün həqiqəti bildim. Amma ağlıma da gəlməzdi ki, sən çoxdan
bu məsələdən xəbərdarsan. Əgər bu qədər vaxtı bu boyda əzabı gülüş pərdəsi arxasında
gizləyə bilmisənsə, sən çox güclü qadınsan. Əgər əvvəllər mən sənə, sadəcə, pərəstiş
edirdimsə, indi on dəfə artıq pərəstiş eləyirəm.
Konstans: Bernard, sən məni lap utandırdın.
Bernard: Sənin nələr yaşadığını fikirləşəndə ürəyim qan ağlayır.
Konstans: Başqalarının bədbəxtliyini ürəyə belə yaxın qoymaq olmaz.
Bernard: Ürəyin nə vaxt nə istəsə qulluğunda hazıram. Bu sözləri sənə deməyimin
üstündən heç bir saat da keçməyib. Ağlıma gəlməzdi ki, vaxt belə tez keçəcək. Artıq
ruhuma hakim kəsilən məhəbbətimi gizlətməyə ehtiyac yoxdu. O, Konstans, mənə ərə
gəl. Özün də bilirsən ki, sizin can bir qəlbdə yaşadığınıza inanmaqda davam eləsəydim,
bu haqda bir kəlmə də deməzdim. O, səni sevmir. Nədən, axı, səni belə alçaldan birisiylə
bir damın altında yaşayasan? Özü də bilirsən ki, neçə illərdi sənə qarşı necə
sədaqətliyəm. Sən özünü mənə etibar eləyə bilərsən. Çəkdiyin bu mənəvi əzabı sənə
unutdurmaq üçün lazım gəlsə həyatımı da qurban verərəm. Konstans, mənə ərə
gələrsənmi?
Konstans: Əzizim, əlbəttə ki, Con özünü çox iyrənc aparıb, amma o, əvvəlki kimi mənim
ərimdi.
Bernard: Yalnız kağızda. Sən qalmaqaldan yayınmaq üçün gücün çatanı elədin, indi əgər
boşanmaq istəsən, o, sənə etiraz eləyə bilməz.
Konstans: Doğrudanmı sən elə fikirləşirsən ki, Con özünü çox iyrənc aparıb?
Bernard: (Heyrətlə) Bəlkə, mənə demək istəyirsən ki, onunla Mari-Luiza arasındakı
münasibətlərdə sənə nəsə şübhəli qalan məqamlar var?
Konstans: Yoxdu.
Bernard: Onda, and verirəm, de görüm nə məsələdi?
Konstans: Mənim doğma Bernardım, sən varlı adamlar üçün nikahın nə olduğu barədə nə
vaxtsa düşünmüsənmi? Fəhlə sinfiylə bağlı məsələ məlumdu. Arvad yemək bişirir, evi
silib-süpürür, corabları yuyur, uşaqlara baxır, onlara paltar tikir. Nə isə o, öz qiymətinə
uyğun borcdan çıxır. Amma indi gəl bizim zümrənin qadınlarına diqqət verək. Ev işlərini
qulluqçular görür, əgər qadın özünə əziyyət verib doğmaq istəyirsə, uşaqlara dayələr
baxır və imkan düşən kimi onlar özəl internat məktəblərə göndərilir. Gəl həqiqətin
gözünün içinə baxaq. Əslində qadın kişinin ona sahib çıxmaq həvəsini ustalıqla
dəyərləndirən bir məşuqədi. Bu həvəsdən bərk-bərk tutaraq kişini nikah mərasiminə tərəf
çəkir. Səbəb də odur ki, hətta bu həvəs öləndən sonra da o kişiylə bir damın altında
yaşaya bilsin.
245
Bernard: O, həm də kişinin həyat yoldaşı və dostudu.
Konstans: Əzizim, ağlı başında olan hansı kişi brici klubda yox, evdə arvadıyla, yaxud da
qolfu kişiylə yox, qadınla oynamaq istəyər? Muzdlu katib kişinin işinə onu sevən
yarından daha çox yarayır. Lap dərinə getsək, müasir arvad həşarat kimi bir şeydi.
Bernard: Mən səninlə razı deyiləm.
Konstans: Çünki zavallı dostum, məni sevdiyin üçün həqiqətin gözünün içinə baxa
bilmirsən.
Bernard: Sənin nə demək istədiyini heç cür başa düşmürəm.
Konstans: Con mənə başım üstə dam, oturmağa yer, əyin-baş almağa, əylənməyə pul,
yolum üçün avtomobil verir, cəmiyyətdə mənə mövqe qazandırıb. Onun başqa çıxış yolu
da yoxdu. Çünki on-on beş il mənə dəlicəsinə vurulub və bütün bu sadaladığımla
razılaşıb. Əlbəttə, əgər indi onun özündən soruşsan deyər ki, dəliliyin məhəbbət qədər
ötəri, ani növü yoxdu. Bu hərəkəti onun ya ürəyi açıqlığından, ya da burnundan o yanı
görməməsindən xəbər verir. Necə düşünürsən, onun bu ürəyi açıqlığından və burnundan
uzağı görə bilməməsi kimi qüsurundan istifadə eləməklə mən vicdansızlıq nümayiş
elətdirmirəm ki?
Bernard: Nə mənada?
Konstans: Daha ucuz ala biləcəyi bir şey ona həddən artıq baha başa gəlib. Bu, daha ona
lazım olmayacaq. Odur ki, mən nədən tərəddüd eləməliyəm? Həvəsin, istəyin gec-tez
söndüyünü mən başqalarından pis bilmirəm. Həvəs gəlir və gedir, bunun ötəriliyinin
səbəbini isə bilən yoxdu. Əminlik yalnız bir şeydədi: əgər həvəs öldüsə, bir də
dirilməyəcək. Ona görə də, əgər Con lazım olan hər şeylə hələlik məni təmin eləyirsə,
mənə qarşı naxələf çıxmasından şikayətlənməyə nə haqqım var? O, özünə bir oyuncaq
alıb və əgər daha onunla oynamaq istəmirsə, özünü zorlamalı deyil ki? O, həmin
oyuncağı alıb, axı.
Bernard: Haqlısan, amma bu yalnız özü haqqında düşünən kişilərə aiddi. Bəs, qadın?
Konstans: Hesab eləmirəm ki, qadının vəziyyətinə təəssüflənmək lazımdı. Mən də yüz
qızdan doxsan doqquzu kimi yalnız bir məqsədlə ərə getmişəm. Bunun yaşamaq üçün
daha asan, daha yüngül və daha sərfəli üsul olduğu səbəbindən. On beş il ərdə olan bir
qadın kişisinin ona qarşı naxələf çıxdığını biləndə ürəyi yox, qüruru sınır. Əgər həyata
ayıq başla baxmağı bacarırsa, anlamalıdı ki, bu, arvadlıq adlı ümumilikdə çox xoş bir
peşənin qaçılmaz tərəflərindəndi.
Bernard: Bununla da sən məni bəyənmədiyini demək istəyirsən.
Konstans: Elə bilirsən, mənim prinsiplərim cəfəngiyyatdı?
246
Bernard: Elə bilirəm ki, sən də məni mən səni sevdiyim qədər sevsəydin, bütün bunları
ciddi qəbul eləməzdin. Sən hələ də Cona aşiqsən?
Konstans: O, mənə çox əziz bir insandı, eynimi açır, biz bir-birimizlə çox yaxşı yola
gedirik, amma mən daha ona aşiq deyiləm.
Bernard: Sadaladıqlarım sənə kifayətdi? Səni həddən ziyadə yeknəsəq gələcək gözləmir
ki? Doğrudanmı, sənə məhəbbət lazım deyil?
(Pauza. Konstans fikirli-fikirli Bernarda baxır).
Konstans: (Cazibədar baxışlarla) Əgər mənə məhəbbət lazım olsaydı, sənin yanına
gələrdim, Bernard.
Bernard: Konstans, sən ciddimi deyirsən: Doğrudanmı, sən mənə qarşı biganə deyilsən?
Ah, mənim əzizim, sənin ayaqların dəyən torpağa mən baş qoyaram!
(Konstansı bağrına basıb ehtirasla öpüşlərə qərq edir).
Konstans: (Bernardın qolları arasından çıxaraq) Əzizim, tələsmə. Conun məni yedirib-
içirdiyi bir vaxtda ona xəyanət etsəm özümü bağışlamaram.
Bernard: Bəs, əgər məni sevirsənsə, onda necə?
Konstans: Mən demədim ki, səni sevirəm. Amma, əgər sevsəm belə, nə qədər ki, Con
məni lazım olanlarla təmin eləyir, ona olan sədaqətimi qoruyub saxlayacam. Bütün
məsələ maddiyyatdı. O, məni satın alıb və əgər mən onun pulunu ödədiyi malla ürəyim
istəyən kimi rəftar eləsəm, özümü fahişədən də aşağı məxluq sayaram.
Bernard: Amma ümidim qalır, eləmi?
Konstans: Indi sən yalnız biz Reynlafa çatanacan oyunun qurtarmayacağına ümid eləyə
bilərsən.
Bernard: Istənilən halda, sən ora getmək istəyirsən, eləmi?
Konstans: Bəli.
Bernard: Çox yaxşı. (Bütün ehtirasıyla) Mən səni sevirəm.
Konstans: Onda aşağı düş, mühərriki işə sal, radiatora yağ tök, nə bilim, nə lazımdı elə.
Mən bir dəqiqədən sonra yanındayam. Zəng eləməliyəm.
Bernard: Oldu.
(Bernard gedir. Konstans telefon dəstəyini əlinə alır).
247
Konstans: Meyflauer 2646... Barbara sənsən? Konstansdı. Ay yarım əvvəl mənə elədiyin
təklif... qüvvəsində qalırmı? Neynək, mən onu qəbul eləməyə razıyam... Yox, yox, heç nə
baş verməyib. Con lap əladı. Özün bilirsən ki, həmişəki kimi nazımı çəkməklə məşğuldu.
Məsələ burasındadı ki, mən özüm-özümü təmin eləmək istəyirəm. Nə vaxt işə başlaya
bilərəm?.. Nə qədər tez olsa yaxşıdı.
ÜÇüncü pƏrdƏ
Əhvalat əvvəlki məkanda cərəyan edir.
Üstündən bir il ötüb. Günün ikinci yarısıdı. Konstans stol arxasında əyləşib
məktub yazır. Eşikağası Barbara Fosettin və Martanın gəlişini xəbər verir.
Bentli: Missis Fosett və miss Kalver.
Konstans: O! Əyləşin. Mən indi.
Barbara: Biz astanada rastlaşdıq.
Marta: Ayaqüstü sənə dəymək istədim. Fikirləşdim, bəlkə, sənə nəsə köməyim lazım
oldu.
Konstans: Sən çox nəzakətlisən, Marta. Amma, yəqin ki, köməyə ehtiyacım olmayacaq.
Mən hazıram, hər şeyimi yığmışam. Ömrümdə ilk dəfə əminəm ki, heç nə yaddan
çıxmayıb.
Barbara: Fikirləşdim ki, gəlib sənlə sağollaşım.
Konstans: Əzizim, mən arxamca qapını bağlayan kimi iş danışmaq lazım deyil.
Barbara: Düzünə qalsa, mən elə iş üçün gəlmişəm. Səhər mənə bir evdən sifariş gəlib,
onlar Italiya üslubunda otaq istəyirlər.
Konstans: Sənin bu baxışların heç xoşuma gəlmir, Barbara.
Barbara: Mən də fikirləşdim, bir halda ki, sən Italiyaya gedirsən, nədən ordakı
mağazalara baş çəkib bəyəndiyin bir şey seçməyəsən.
Konstans: Ağlına da gətirmə. Bütün ili öküz kimi işləmişəm, yalnız dünən axşam saat
altıda iş alətlərini bir kənara qoyub, çirkli kombinezonumu soyunub, alnımın tərini silib,
rəngli-pasaqlı əllərimi yuyub özümə gəlmişəm. Sən dedin ki, mən altı həftəlik
məzuniyyət götürə bilərəm.
Barbara: Etiraf edim ki, sən bu istirahəti zəhmətinlə qazanmısan.
248
Konstans: Mən qapını arxamca bağlayan kimi zəhmətkeş ingilis fəhləsi qiyafəsindən
çıxıb yenidən ideal ingilis xanımı qiyafəsinə düşmüşəm.
Marta: Səni heç vaxt belə gözəl əhval-ruhiyyədə görməmişəm.
Konstans: Mən nəsə elmişəm, nəyəsə nail olmuşam. Və özümə söz vermişəm ki, qarşıdan
gələn bu altı həftədə vanna otaqları, divar kağızları, mətbəx əl-üz yuyanları, mərmər
döşəmələr, portyerlər, mebel üzlükləri, soyuducular, daha nə bilim nələr, yuxuma da
girməyəcək.
Barbara: Bunu heç mən də istəmirəm. Sadəcə, istəyirəm, sən Italiyadan rəngli mebel
dəsti, bir neçə güzgü gətirəsən.
Konstans: Yox, mən var gücümlə işləmişəm, özü də deyim ki, işimdən həzz almışam.
Indi də istirahətdən həzz almaq istəyirəm.
Barbara: Özün bilərsən.
Marta: Konstans, əzizim, sənə sözüm var.
Konstans: Mən də elə bilirdim, sən artıq sözünü demisən. Adətən, sən mənə heç vaxt sirr
açmırsan.
Marta: Ağlına belə gəlməz ki, bu gün Bond-stritdə kimi görmüşəm.
Konstans: Ağlıma gəlir. Mari-Luizanı.
Marta: Axı!
Konstans: Əzizim, heyif ki, səni dilxor eləməli olacam. Bir saat əvvəl özü mənə zəng
eləmişdi.
Marta: Amma mən elə bilirdim o, hələ bir ay da burda olmayacaq. Axı, bir illik getmişdi.
Konstans: Dünən axşam qayıdıb, indilərdə gəlib çıxar.
Marta: Bura?
Konstans: Hə. Dedi ki, mən evdən çıxanacan gəlib görüşəcək.
Marta: Maraqlıdı, görən ona nə lazımdı?
Konstans: Bəlkə, ayrılığımızı daha da uzatmaq istəmir. Fikrimcə, bu, istənilən halda onun
tərəfindən çox nəcib addımdı. Yaddan çıxarmayaq ki, o, yenidən qayıdıb, yəqin, işi-gücü
xirtdəkdəndi.
Barbara: O, bütün dünyanı gəzib, eləmi?
249
Konstans: Hə, Malayziyada olub, Mortimerin o ölkədə biznes maraqları var, Çində olub,
Ingiltərəyə də Hindistandan üzüb gəliblər.
Marta: Dəfələrlə özüm sual vermişəm, görən, həmin biabırçı səhnədən sonra onları o
uzaq səfərə sən yollamamısan ki?
Konstans: O səhnə ki, etiraf elə, əzizim, sənə sonsuz məmnunluq gətirdi.
Barbara: Şübhəsiz, onlar düzgün qərar qəbul etdilər.
Marta: Təbii ki, öz işindi, əzizim, amma onun şəhərdə peyda olduğu bir vaxtda sənin altı
həftəliyə qeyb olmağın düzgündürmü?
Konstans: Biz zəhmətkeş qadınlar məzuniyyəti ancaq bizə veriləndə götürə bilərik.
Barbara: Con, əlbəttə ki, yaxşı dərs aldı. Ikinci dəfə bu səhvi eləməz.
Marta: Elə düşünürsən ki, o, daha Mari-Luizanı sevmir?
Konstans: Nə bilim. Bu da Con. Yaxşısı budu, özündən soruş.
(Bu zaman Con qonaq otağına daxil olur).
Con: Nə soruşsun?
Marta: (Özünü itirmədən) Fikirləşirəm, görən, Konstans səfərdə olan müddətdə sən burda
nəylə məşğul olacaqsan?
Con: Mənim o qədər işim var ki. Bilirsən, klubda daha tez-tez olacam.
Marta: Təəssüf, vaxt ayıra bilmirsən. Gərək sən də məzuniyyət götürüb Konstansla
gedəydin.
Barbara: Bu məsələdə mənim günahım yoxdu. Mən vaxt seçimini onun ixtiyarıma
buraxmışdım.
Konstans: Bilirsən, mən Italiyaya getmək istəyirdim, amma Con qitənin elə ölkəsinə
üstünlük verir ki, onu Ingiltərədən fərqləndirmək mümkün olmasın.
Marta: Bəs Elen?
Konstans: Avqust üçün Xenlidə ev tutmuşuq. Conun orda qolf oynamaq, çayda çimmək
imkanı olacaq, mən də işin başsız qalmaması üçün hər gün şəhərə gedəcəm.
Barbara: Əzizim, icazə versən, gedərdim. Ümidvaram ki, əla istirahət eləyəcəksən. Sənin
buna tam haqqın var. Bilirsən, Con, əgər mən Konstansı öz yanımda işləməyə razı sala
bilmişəmsə, deməli, çox ağıllı qadınam. Onun tayı-bərabəri yoxdu.
250
Con: Mən bu ideyanı əvvəldən bəyənməmişəm. Hələ də bu qənaətimdə qalıram.
Barbara: Sən məni hələ də heç cür bağışlaya bilmirsən?
Con: Konstans israr eləyirdi, odur ki, mənim susmaqdan başqa əlacım yox idi.
Barbara: Yaxşı yol.
Konstans: (Onu öpərək) Görüşənədək, əzizim, özünü çox yorma.
Marta: Mən də səninlə çıxıram, Barbara. Anam dedi ki, o da sağollaşmaq üçün gələcək.
Konstans: Lap yaxşı. Görüşənədək.
(Konstans hər ikisini öpüb qapıya ötürür. Onlar gedirlər).
Con: Konstans, mən belə başa düşdüm ki, sən Barbaranın təcili işləri olduğu üçün
məzuniyyətini indi götürürsən.
Konstans: Məgər mən belə dedim?
Con: Bəli.
Konstans: Yadımda deyil.
Con: Əgər bilsəydim, sənə konkret vaxt ayrılmayıb, əlbəttə ki, mən də məzuniyyətimi
ikimizə də uyğun olan vaxta...
Konstans: (Sözünü kəsərək) Sənə elə gəlmirmi ki, ər-arvad gərək məzuniyyətlərini eyni
vaxta salmasın? Məzuniyyətin məğzi dincəlmək, havanı, şəraiti dəyişmək, yeni
təəssüratlar qazanmaqdı. Səncə, kişi, əgər, məzuniyyətə arvadıyla getsə, bunları ala
biləcək?
Con: Hər şey arvaddan asılıdı.
Konstans: Mənim üçün belə cütlükləri otelin restoranında görməkdən qüssəli mənzərə
yoxdu. Hər ikisi eyni stol arxasında, kişi qadınla qabaq-qənşər əyləşib, amma bir-
birlərinə deməyə sözləri yoxdu.
Con: Boş sözdü. Əksər ər-arvad şən və xoşbəxtdi.
Konstans: Hə, ola bilər, amma qadının barmağındakı nişan üzüyünə baxanda adama elə
gəlir ki, onu çoxdan deyil, təzəcə taxıb.
Con: Biz həmişə yollaşmışıq. Mən sənin barmağına nişan üzüyü taxanda da mərasimə
keşiş nəzarət eləyirdi. Güman eləyirəm ki, mənimlə darıxmazsan.
251
Konstans: Əksinə, sən həmişə məni qarnım cırılanacan güldürmüsən. Məsələ mənim
ciddiliyimdəydi. Qorxurdum ki, səni bezdirərəm. Ona görə də belə qərara gəldim ki, bir
neçə həftəlik ayrılıq sənin ancaq xeyrinə olar.
Con: Zarafatından heç qalmırsan.
Konstans: Hər halda, artıq nəyisə dəyişmək gecdi. Çamadanlar yığılıb, hamıyla
sağollaşmışam. Insanlar da, bilirsənmi, öz aləmlərində artıq səninlə bir də ay yarımdan
sonra görüşəcəyini yəqinləşdirib səhəri gün qarşısında görəndə nəsə birtəhər olur.
Con: Hə... yəqin... Qulaq as, Konstans, səndən bir şey soruşmaq istəyirəm.
Konstans: Buyur.
Con: Mari-Luizanın qayıtdığından xəbərin varmı?
Konstans: Bəli. Söz verdi ki, mən yola çıxanacan gəlib görüşəcək. Məmnuniyyətlə
onunla görüşəcəm.
Con: Onda səndən bir xahişim olacaq.
Konstans: Nə xahiş?
Con: Sən məni yaman gizlədin, xilas elədin. Mən sənin bu mərhəmətinə həmişəlik bel
bağlaya bilmərəm. Odur ki, sənin borcundan çıxmaq istəyirəm.
Konstans: Nəsə səni başa düşə bilmirəm.
Con: Mən Mari-Luizanı Mortimer bura gəlib, necə deyərlər, buynuz çıxardığı gündən
görməmişəm. Mari-Luiza təxminən bir il burda olmayıb. Yaranan şəraiti nəzərə alaraq,
əminəm ki, biz keçmiş münasibətləri bərpa eləyə bilmərik.
Konstans: Sən nədən bildin ki, onda belə bir həvəs yarana bilər?
Con: Onun öz gəlişini sənə xəbər verməsi nəsə məni narahat eləyir.
Konstans: Narahat eləyir? Bəzi qadınlar telefon aparatını görəndə, sadəcə, özlərini
saxlaya bilmirlər, telefonçu qızın "nömrəni, zəhmət olmasa" deməsini eşidəndə isə nəsə
cavab verməlidir, axı. Belə güman eləyirəm ki, Mari-Luizanın ağlına ən birinci bizim
nömrə gəlib.
Con: Mari-Luizanın mənə dəlicəsinə vurulduğunu gizlətməyin mənası yoxdu.
Konstans: Yəqin, buna görə onu nə sən, nə də mən təqsirləndirə bilərəm.
Con: Mən daş qəlbli görsənmək istəmirəm, amma tale əgər bizim münasibətlərin
üstündən xətt çəkdisə, ümid eləyirəm, bu, həmişəlikdi.
252
Konstans: Sən azad insansan və istəklərinə uyğun hərəkət eləməyə tam haqqın var.
Con: Mən özümü düşünmürəm, Konstans. Məni Mari-Luizanın, amma etiraf eləyim ki,
əsas da sənin gələcəyin narahat eləyir. Əgər mənimlə Mari-Luizanın münasibətlərinə bir
yağlı nöqtə qoyulmasa, heç vaxt sənin gözünün içinə baxa bilmərəm.
Konstans: Sənin belə məsum və ucuz həzdən məhrum olacağının fikri mənə ağır gəlir.
Con: Əlbəttə, bu, ağır qərardı, amma, əgər qəbul olunubsa, hesab eləyirəm ki, çevik
hərəkət eləmək lazımdı.
Konstans: Səninlə tamamilə razıyam. Bilirsən, mən nə eləyəcəm? Mari-Luiza burda
peyda olan kimi çıxıb sizi təklikdə qoyacam.
Con: Amma mən tam əksini düşünürdüm.
Konstans: Niyə?
Con: Çünki qadın bu işin öhdəsindən kişidən qat-qat yaxşı gələr. Ağlıma belə bir fikir
gəlib: niyə, axı, sən ona hər şeyi izah eləməyəsən?
Konstans: Mən?
Con: Səndən nə gedir ki? Mən desəm yaxşı düşməz. Deyərsən, bəs, insan özünə hörmət
qoymalıdı. Odur ki, sən məsələni belə qoyursan: ya o mənə yaxın gəlmir, ya da sən əks
halda onu bütün şəhərdə biabır eləyirsən.
Konstans: Axı, özün də bilirsən, mənim necə yumşaq ürəyim var. Əgər o, hönkürüb
ağlasa, sənsiz yaşaya bilmədiyini bəyan eləsə, əlbəttə ki, dözə bilməyib deyəcəm ki, lənət
şeytana, qoy, Con elə sənin olsun.
Con: Konstans, sən mənə belə badalaq vurmarsan.
Konstans: Niyə ki? Özün də bilirsən, sənin xoşbəxtliyin mənim üçün hər şeydən irəlidi.
Con: (Qısa pauzadan sonra) Konstans, səninlə tam açıq olmaq istəyirəm. Mari-Luizadan
mən xirtdəyəcən doymuşam.
Konstan: Əzizim, niyə əvvəlcədən belə demirdin?
Con: Konstans, özün yaxşı başa düşürsən ki, qadına belə şeyləri deməzlər.
Konstans: Başa düşürəm. Bu onun heç xoşuna gəlməyəcək.
Con: Qadın qəribə məxluqdu. Əgər sən onu bezdirdinsə, bunu azca da tərəddüd eləmədən
birbaşa üzünə vuracaq, sənin reaksiyan qəti vecinə olmayacaq. Amma əgər kişi qadından
bezirsə, yazıq bir göz qırpımındaca əclafa və qorxunc məxluqa çevrilir, cəhənnəm
odunda yanmaq ona ünvanlanmış qarğışlardan ən yüngülü olur.
253
Konstans: Yaxşı, danışdıq, özüm əncam çəkərəm.
Con: Səndən bir dənədi. Amma onunla elə kobud davranmayacaqsan, eləmi? Istəməzdim
onun xətrinə dəyək. O, elə xoşxasiyyət insandı. Elə deyilmi, Konstans?
Konstans: Səninlə tamamilə razıyam.
Con: Bu onun üçün çox böyük zərbə olacaq.
Konstans: Qorxuram, bir xeyli müddət özünə gələ bilməsin.
Con: Ona başa sal ki, Con üçün də çətin olacaq. Istəmirəm ki, məndən pis təəssüratla
ayrılsın.
Konstans: Əlbəttə.
Con: Amma iki ayağını bir başmağa dirə ki, ayrılıq qaçılmazdı.
Konstans: Hər şey sən istəyən kimi olacaq.
Con: Sənsiz, axı, mən neylərdim, Konstans. And içirəm ki, sənin kimi arvadı çıraqla da
gəzsən tapa bilməzsən.
(Eşikağası Mari-Luizanın gəlişini xəbər verir).
Bentli: Missis Darhem.
(Qadınlar mehribancasına qucaqlaşıb öpüşürlər).
Mari-Luiza: Əzizim, səni yenidən görməyimə çox şadam. Bu nə gözəl gündü, nə gözəl
gündü.
Konstans: Əzizim, sən çox gözəl görünürsən. Bu sənin təzə mirvari qolbağındı?
Mari-Luiza: Qiyamətdi, elə deyilmi? Hindistanda Mortimer mənə tayı-bərabəri olmayan
zümrüdlər də aldı. O, Con, necəsən?
Con: Təşəkkür edirəm, hər şey qaydasındadı.
Mari-Luiza: Son görüşümüzdən sonra kökəlmisən ki?
Con: Qəti.
Mari-Luiza: Amma mən arıqlamışam. (Konstansa) Yol qabağı sənə çatdığıma görə necə
də şadam. Əgər geciksəydim, yanıb-yaxılardım. (Cona) Hara gedirsiz?
254
Con: Heç hara. Konstans tək gedir.
Mari-Luiza: Hə, əlbəttə. Sən axı, həmişə məşğulsan, düz demirəm?
Con: Elədi.
Mari-Luiza: Konstans burda olmadığı müddətdə ümidvaram ki, biz vaxt eləyib
görüşəcəyik.
Con: Nə bilim.
Mari-Luiza: Mortimer indi qolfu əvvəlkindən xeyli yaxşı oynayır. O, məmnuniyyətlə
sənlə yarışa çıxar.
Con: Hə, əlbəttə. Elə mən də onunla.
(Çıxır)
Mari-Luiza: Elə istəyirdim ki, səni evdə tək tutam. Konstans, sənə deməyə o qədər sözüm
var. Con necə də diqqətlidi. Dərhal çıxıb getdi. Ondan başlamaq istəyirəm ki, hər şey yağ
kimi alındı. Sən tamam haqlıymışsan. Sənin məsləhətinə qulaq asıb Mortimeri az qala bir
illik burdan dartıb aparmağım çox yerinə düşdü.
Konstans: Mortimer axmaq deyil ki.
Mari-Luiza: Hə kişilərlə müqayisədə yetərincə ağlı var. Əlbəttə ki, məndən
şübhələndiyinə görə həyatını cəhənnəmə döndərdim, axır-axırda lap mum kimi oldu.
Amma görürdün ki, mənlə bağlı onda tam arxayınçılıq yoxdu. Kişilərin nə məxluq
olduğunu məndən yaxşı bilirsən. Əgər nəsə beyninə girdisə, onu ordan maqqaşla da
dartıb çıxara bilməzsən. Amma səfərin səmərəsi oldu. Mən özümü mələk kimi apardım, o
da xeyli pul qazandı. Odur ki, indi mənə də, insanlara da daha çox etibar eləyir.
Konstans: Mən çox şadam.
Mari-Luiza: Mən sənin qarşında çox borcluyam, Konstans. Mən Mortimerə Seylonda
sənin üçün çox gözəl sapfir aldırdım. Dedim ki, sənin qabağında işlətdiyi günahı az da
olsa yumalıdı. Əzizim, onu yüz iyirmi funta aldıq. "Kartye"yə aparıb özünə layiq ziynət
əşyası düzəltdirərsən.
Konstans: Nə gözəl.
Mari-Luiza: Elə fikirləşmə ki, mən yaxşılıq itirənəm. Konstans, səni əmin eləmək
istəyirəm ki, mənimlə Con barədə bundan sonra narahat olmaya bilərsən.
Konstans: Mən onsuz da narahat deyiləm.
255
Mari-Luiza: Bilirəm ki, özümü çox iyrənc aparmışam, amma ağlıma da gəlməzdi ki, sən
bundan xəbər tutacaqsan. Əgər ağlıma gəlsəydi, özün məni kifayət qədər tanıyırsan ki,
onu yaxınıma belə buraxmazdım.
Konstans: Təşəkkür eləyirəm.
Mari-Luiza: Istəyirəm, mənə bir yaxşılıq da eləyəsən, Konstans. Rədd eləməzsən?
Konstans: Rəfiqəmə kömək eləmək mənə xoşdu.
Mari-Luiza: Sən bizim o Conu yaxşı tanıyırsan. Canlara dəyən kişidi, amma əgər bu işə
nöqtə qoyulubsa, o da başa düşməlidi.
Konstans: Nöqtə qoyuldu?
Mari-Luiza: Əlbəttə, mən bilirəm ki, o, yenə də əvvəlki kimi mənə dəlicəsinə aşiqdi. Mən
bunu indicə otağa girən kimi gördüm.
Konstans: Hə, sən kişiləri ovsunlayırsan.
Mari-Luiza: Bu həyatda bəzən özünü də fikirləşməlisən. Amma Con başa düşməlidi ki,
məsələ sənə agah olandan sonra bizim münasibətlər daha o cür qala bilməz.
Konstans: Mən bacardığım qədər özümü görməzliyə vurdum.
Mari-Luiza: Nəticədə elə alındı ki, demə, sən nə vaxtdan bəri kənardan bizə gülürmüşsən.
Deməli, romantikadan da əsər-əlamət qalmadı. Sən məni başa düşürsən də?
Konstans: Belə, tutqun.
Mari-Luiza: Bilirsən, Conun ürəyinə qəti toxunmaq istəməsəm də, məsələni uzatmağa
qəti həvəsim yoxdu. Istəyirəm, sən çıxıb gedənəcən hər şeyə biryolluq son qoyulsun.
Konstans: Bu çox qəfil oldu. Qorxuram, Cona pis təsir eləyə.
Mari-Luiza: Mən artıq qəti qərar qəbul eləmişəm.
Konstans: Uzun və təsirli səhnə üçün əlbəttə ki, vaxt yoxdu, baxım görüm, Con
evdədimi. Sən sözlərini on dəqiqəyə yerləşdirə biləcəksən?
Mari-Luiza: Mənim üzüm gəlməz! Yaxşı olar, sən özün ona deyəsən.
Konstans: Mən?!
Mari-Luiza. Özün onu yaxşı tanıyırsan, vəziyyətinə uyğun söz tapıb deyə bilərsən. Sənə
pərəstiş eləyən bir kişinin üzünə ona qarşı biganə olduğunu demək nəsə yaxşı alınmır. Bu
sözləri üçüncü tərəfin dilindən eşitsə onun üçün daha yüngül olar.
256
Konstans: Sənin qərarın qətidi?
Mari-Luiza: Mən buna əminəm. Ona deyə bilərsən ki, bundan sonra biz ancaq dost ola
bilərik. Sən bizə qarşı necə də mərhəmətli davrandın. Sənin bu inamından sui-istifadə
eləmək insanlıqdan olmaz. De ki, onu həmişə xoş hisslərlə xatırlayacam, o, ürəkdən
sevdiyim yeganə kişidi, amma artıq ayrılmalıyıq.
Konstans: Əgər o, səninlə görüşə israr eləsə necə?
Mari-Luiza: Mənası yoxdu, Konstans, mən onu görmək istəmirəm. Özümü saxlaya
bilməyib ağlayacam, gözlərim dolacaq. Əzizim, məni əvəz elə, nə olar.
Konstans: Yaxşı.
Mari-Luiza: Parisdən açıq yaşıl rəngdə ziyafət libası almışam, sənə çox yaraşar. Onu sənə
versəm, etiraz eləməzsən? Cəmi bir dəfə geyinmişəm.
Konstans: Indi mənə Conla nədən belə tələsik əlaqələri pozmaq niyyətinə düşməyinin əsl
səbəbini açıqla.
(Mari-Luiza gözlərini geniş açıb gülür)
Mari-Luiza: And iç ki, heç kimə deməyəcəksən.
Konstans: And içirəm.
Mari-Luiza: Bilirsən, əzizim, Hindistanda qiyamət bir gənclə rastlaşdım. Qubernatorun
yavəridi. O, evə bizim bərədə qayıdırdı. O, mənə aşiqdi.
Konstans: Sən də təbii ki, ona aşiqsən.
Mari-Luiza: Mən lap ağlımı itirmişəm. Bilmirəm, axırı necə olacaq.
Konstans: Məncə, hər ikimiz axırını təxmin eləyə bilərik.
Mari-Luiza: Mənim bu ehtirasım başıma bəladı. Əlbəttə, sən məni başa düşə bilmərsən.
Çünki soyuq qadınsan.
Konstans: (Çox təmkinlə) Amma sən, Mari-Luiza, abır-həyasını küçədə qoyan balaca
ləçərsən.
Mari-Luiza: Yox, yox. Düzdü, eşq macəralarım olur, amma mən hər küçədən keçənlə
yatmıram.
Konstans: Əgər əsl fahişə olsaydın, sənə daha çox hörmət eləyərdim. Çünki o, çörəyini,
yağını təmin eləmək üçün bu işlə məşğul olur. Amma sənin hər şeyini ərin təmin eləsə də
257
canını pulunu ödəyən kişiyə vermirsən. Mənim təsəvvürümdə sən, sadəcə, qabanın,
oğrunun birisisən.
Mari-Luiza: (Heyrətlə, incikliklə) Konstans, sən bu sözləri mənə necə deyə bilirsən?
Amansız olma. Mən də elə bilirdim, sən məni çox istəyirsən.
Konstans: İstəyirəm. Səni yalançının, mənasızın, həşaratın birisi hesab eləyirəm, amma
istəyirəm.
Mari-Luiza: Sən, doğrudanmı, məni bu cür görürsən?
Konstans: Bəli. Bununla bərabər sənin yumşaq xasiyyətin var, səxavətlisən, hərdən
məzəli olursan. Və plyuslar, etiraf eləyim ki, minusları üstələyir. Ona görə də sən məndə
ikrah doğurmursan.
Mari-Luiza: (Təbəssümlə) Sənin ciddi dediyinə inanmıram. Özün bilirsən ki, mənim
səndən yaxın rəfiqəm yoxdu.
Konstans: Mən insanları olduqları kimi qəbul eləyirəm və mərc gəlməyə hazıram ki, sən
iyirmi ildən sonra mərhəmət mücəssəməsi olacaqsan.
Mari-Luiza: Əzizim, dərhal hiss elədim ki, sən mənimlə məzələnmək qərarına gəlmisən.
Konstans: İndi qaç get, canım-gözüm, mən də Cona bu faciəvi xəbəri çatdırım.
Mari-Luiza: Görüşənədək, onunla bir az yumşaq danış. Biz onun hisslərinə rəhm
eləməliyik. (Dönüb gedir və qapıya çatanda dayanıb Konstansa baxır) Mənə həmişə
qəribə gəlir ki, görən, sən belə gözəl ola-ola nədən kişilərin diqqətini o qədər də cəlb
eləmirsən? Cavab indi mənə aydın oldu.
Konstans: Mənə də de.
Mari-Luiza: Bilirsən... sən yumoru xoşlayan qadınsan. Kişilər də yumoru xoşlayan qadını
xoşlamırlar.
(Çıxır. Bir az sonra qapı astaca açılır və Conun başı görünür)
Con: Getdi?
Konstans: Gəl. Yol açıqdı, hər şey də qaydasındadı.
Con: (Qonaq otağına daxil olur) Qapını necə bağladığını eşitdim. Sən ona dedin?
Konstans: Hə.
Con: Dilxor oldu?
Konstans: Əlbəttə, sarsıntı keçirdi, amma zərbəyə dözə bildi.
258
Con: Ağladı?
Konstans: Yox. O qədər də yox. Düzü, elə bilirəm, sözlərim onu, sadəcə, keyitdi. Amma
qəti əminəm ki, evə gəlib donu açılanda, hər şeyi olduğu kimi dərk eləyəndə içindən bir
dəli hönkürtü qopacaq.
Con: Ağlayan qadın! Dəhşətli mənzərədi.
Konstans: Eləsinə baxanda adamın ürəyi qan ağlayır. Amma bilirsən, insan ağlayanda
yüngülləşir.
Con: Məncə, sən həddən artıq soyuq insansan. Amma mənə ağır təsir eləyir. Ona əzab
verdiyimi özümə bağışlaya bilmirəm.
Konstans: Əminəm, o, anlayacaq ki, bu addımı mənə görə atmısan. O, bilir ki, sən hələ də
ona ən məhrəm hisslərlə bağlısan.
Con: Amma sən ona azca da ümid yeri qoymadın, eləmi?
Konstans: Əmin ola bilərsən.
Con: Həl halda, sevinirəm ki, sən məzuniyyətə can rahatlığıyla yollanırsan. Yeri
gəlmişkən, sənə pul lazım deyil ki? Lazımdısa, qəbz yazım.
Konstans: Yox, minnətdaram. Kifayət qədər pulum var. Bir ilə min dörd yüz funt
qazancım olub.
Con: Amma! Bu çox iri məbləğdi.
Konstans: Özümlə iki yüzünü götürürəm, iki yüzünü əyin-başıma, başqa şeylərə
xərcləmişəm. Yerdə qalan mini də bu səhər sənin hesabına köçürdüm. Son on iki aydakı
yeməyimi və kirayə haqqımı ödəmək üçün.
Con: Əzizim, bax bunu nahaq eləmisən. Mən bunu eşitmək belə istəmirəm. Istəmirəm ki,
sən yeməyinə, yatmağına pul verəsən.
Konstans: Mən fikrimdə qətiyəm.
Con: Sən daha məni sevmirsən?
Konstans: Bunun nə dəxli var? Elə bilirsən, qadın kişini ancaq onu himayə elədiyinə
görə, sevə bilər? Öz cazibəni nədən belə aşağılayırsan? Sənin o xoş siman və yumor
hissin hara qeyb oldu?
Con: Bu, axı, absurddu, Konstans. Mən səni lazım olan hər şeylə təmin eləyə bilərəm.
Yemək, kirayə haqqı kimi min funt təklif eləməyin məni alçaldır.
259
Konstans: Bunu necə həzm eləyəcəyin sənin öz işindi, amma udmalısan. Min funta çox
şey almaq olar.
Con: Mən o pulu istəmirəm. Sənin işləmək istəyini mən heç vaxt bəyənməmişəm. Elə
hesab eləmişəm ki, ev işləri sənin üçün kifayətdi.
Konstans: Mən işləməyə başlayandan məgər sənin üçün nəsə narahatlıq yaranıb?
Con: Elə də yox.
Konstans: Inan mənə, yalnız heç bir işi olmayan qadınlar ev işlərinin onların bütün
gücünü və vaxtını aldığından gileylənirlər. Əgər sən nə istədiyini bilirsənsə, təcrübəli
qulluqçuların varsa, bütün işləri cəmi onca dəqiqədə eləmək olar.
Con: Istənilən halda, sən işləmək istədin, mən də buna qarşı çıxmadım. Fikirləşdim,
vaxtın xoş keçər, amma, əlbəttə, bundan qazanc götürəcəyimi ağlıma da gətirməmişəm.
Konstans: Bilirəm, ağlına da gətirməmisən.
Con: Konstans, mənim bir an belə başımdan çıxmır ki, sənin bu qətiyyətin Mari-Luiza ilə
aramızda olan hadisəylə əlaqəlidi.
(Pauza. Sonra Konstans xeyli ciddiləşir)
Konstans: Con, Mari-Luizayla arandakı eşq macərasına görə səni tənbeh eləməməyim
təəccüblü deyildimi?
Con: Təəccüblüydü. Səbəbi ancaq sənin müqayisə olunmaz dərəcədə böyük
mərhəmətində axtarırdım.
Konstans: Sən səhvsən. Mən hesab eləmirdim ki, səni tənbeh eləməyə haqqım çatır.
Con: Niyə, axı, Konstans? Sənin tam haqqın var idi. O da, mən də özümüzü heyvan kimi
aparmışdıq. Bəli, mən murdar köpəyəm, amma şükür ki, murdar köpək olduğumu özüm
də bilirəm.
Konstans: Sənin mənə həvəsin sönmüşdü. Buna görə səni necə tənbeh eləyə bilərdim?
Əgər bədənin məni istəmirdisə, sənin qarşını necə kəsə bilərdim? Özün də görürsən ki,
mən səliqə-sahmanı yerində olan bu evə də sən deyən diqqət ayırmıram.
Con: Amma, axı, sən mənim övladımın anasısan.
Konstans: Gəl, işin bu tərəfini elə də qabartmayaq, Con. Mən öz cinsimə aid olan təbii bir
vəzifəni yerinə yetirmişəm. Doğulandan sonra da ona başqaları, bu cansıxıcı işə daha
dərindən bələd olanlar baxıblar. Gəl, vicdanla etiraf eləyək ki, sənin evində mən həşarat
kimi bir şey idim. Məni itirməmək üçün rəsmən bəzi öhdəlikləri öz üzərinə götürməyə
razılaşdın ki, buna görə sənə hədsiz dərəcədə minnətdaram. Çünki sən mənim interyer
260
üçün bahalı, amma hərdən əl-ayağa dolaşan bir element olduğumu nə sözünlə, nə də
hərəkətinlə üzə vurdun.
Con: Mən heç vaxt sənin mənə mane olduğunu düşünməmişəm. Və sənin nədən özünə
həşarat deməyin mənə çatmır. Məgər mən nə vaxtsa xərclədiyin pulların bir pensinə görə
nəsə mızıldanmışammı?
Konstans: (Kinayə ilə) Doğrusu, mən elə bilirdim, sən hər şeyin yerin-yurdun bilənsən,
amma belə çıxır, axmağın birisiymişsən. Doğrudanmı, sən dərhal orta statistik qadının
tələsinə düşən orta statistik kişilər kimi səfehsən? Yəni, bir halda ki, evlənmisən, gərək o
qadının hər istəyini yerinə yetirib, bütün təlabatlarını ödəyəsən, eləmi? Özü də, təbii ki,
öz rahatlığını, maraqlarını, məşğuliyyətini qurban vermək bahasına. Həm də onun nökəri
və sərmayədarı olmağını özünün ən böyük xoşbəxtliyi saymaqla, eləmi? Yetər, Con, bu,
mümkün olan şey deyil. Bir halda ki, qadınlar artıq hərəmxana divarlarını söküb qaçıblar,
indi onlar üçün yeganə yol küçə qanunlarıyla yaşamaqdı.
Con: Sən çox şeyləri mötərizə arasında saxlayırsan. Doğrudanmı elə fikirləşirsən ki, kişi
keçmişdə sevdiyi qadına qarşı mərhəmət hissini saxlaya bilməz?
Konstans: Elə bilirəm, kişidə mərhəmət hissi onun nəsə qurban verəcəyi ana qədər olur.
Con: Neynək, sənin, əlbəttə ki, kişi-qadın münasibətlərinə özünəməxsus baxışların var,
amma hesab eləyirəm ki, bu mənə əl verir. Sən məsələdən iş şişəndən xeyli əvvəl agah
olmuşdun. Amma mənə hələ də aydın deyil ki, səni işləməyə nə vadar etdi.
Konstans: Bütün qadınlar kimi mən də tənbələm. Abır-ismət yerində olana qədər əvəz
qaytarmadan aldıqlarımla razılaşırdım. Hə, özüm də bilirdim ki, həşarat kimiyəm. Amma
sonra iş elə gətirdi ki, bunu mənim üzümə vurmaqdan səni ancaq nəcibliyin, bir də
ağıldan kəmliyin saxlayanda həyatımı dəyişmək qərarına gəldim. Düşünürdüm, artıq elə
bir mövqe qazanmağın vaxtı çatıb ki, ürəyim istəyən an təmkinli və nəzakətli tərzdə,
amma tam qətiyyətlə sənə rədd olmağı təklif eləyim.
Con: İndi də həmin mövqedəsən?
Konstans: Məhz həmin mövqedəyəm. Mənim səndən heç bir asılacağım yoxdu. Özümü
saxlaya bilərəm. Son bir il üçün öz xərclərimin hamısını özüm ödəmişəm. Əslində, bütün
azadlıqların başında bir azadlıq durur - maddi azadlıq. Hara fırlatsan da hər şeyi pul həll
eləyir. Hə, indi mən bu azadlığa çatmışam və qəlbim sevinc hissiylə aşıb-daşır.
Yadımdadı, bu hissləri mən yalnız həyatımda ilk dəfə çiyələk dondurması yeyəndə
yaşamışdım.
Con: Bilirsən, yaxşı olardı, sən indi üstümə yağdırdığın bu bumbuz nifrəti bir il xırda-
xırda yığıb saxlamaqdansa, orta statistik qadın kimi mənə bir ay dişinin dibindən çıxanı
deyəydin.
261
Konstans: Əzizim, sən nə danışırsan? Sən məni düz on beş ildi tanıyırsan. Məgər məni
qeyri-səmimilikdə günahlandırmaq olarmı? Məndə sənə qarşı nifrət-filan yoxdu. Bu necə
ola bilər, əzizim, mən, axı, səni çox sevirəm.
Con: Belə çıxır ki, sən bütün bunları mənə özümü əclaf yerində hiss elətdirməkdən ötrü
deyirsən.
Konstans: Elə şey yoxdu. Vicdanıma and olsun. Ürəyimin içinə baxanda orda ancaq sənə
qarşı məhrəm, isti hisslər görürəm. Yoxsa, sən mənə inanmırsan?
(O, bir müddət lal-dinməz Konstansa baxır. Conun baxışlarında təəccüb var)
Con: Qəribə də olsa, inanıram, Konstans, sən möcüzə qadınsan.
Konstans: Bilirəm, amma sən başqalarına bunu demə. Yaxın adamı tərifləmək heç də
yaxşı şey deyil.
Con: (Valehedici təbəssümlə) Heyif ki, mən sənə qoşulub gələ bilmədim. Sənin tək yola
çıxmağın heç yaxşı olmadı.
Konstans: Yox, mən tək getmirəm. Məgər sənə deməmişəm?
Con: Yox.
Konstans: Hə, onda yadımdan çıxıb. Mən Bernardla gedirəm.
Con: Hə? Yox, mənə deməmisən. Başqa kim gedir?
Konstans: Başqa heç kim.
Con: Amma, axı! (O, bu xəbərdən açıq-aşkar sarsılıb) Nəsə bu, gözlənilməz oldu.
Konstans: Niyə, axı, burda nə var ki?
Con: (Hiss olunur, əməlli-başlı karıxıb) Bilirsən, gənc bir qadının hansısa bir kişiylə - hər
halda, atası deyil - altı həftəliyə harasa getməsi qəbulolunmazdı.
Konstans: Doğrudan ha, Bernard səndən bir az böyükdü.
Con: Şayiələrdən qorxmursan?
Konstans: Əzizim, mən bunu bütün dünyaya elan eləməyə hazırlaşmıram. Üstəlik, mən
burda kiməsə, nəsə deməmişəm. Sən birincisən. Sənin bu xəbəri kiminləsə
bölüşməyəcəyinə arxayın ola bilərəmmi?
(Con qəflətən hiss eləyir ki, köynəyinin yaxalığı boğazını sıxır. Barmaqlarıyla onu açmaq
istəyir).
262
Con: Səni, yəqin ki, kimsə görəcək, sonra söz-söhbət başlanacaq.
Konstans: Mənim buna çox böyük şübhəm var. Çünki biz avtomobildə olacağıq, özü də
tünlük yerləri yox, kənar-bucaqları seçəcəyik. Bizim əziz dostlarımız başımızı
ağrıtmayacaqlar, əmin ola bilərsən. Əgər mövsümün ən qızğın çağında məşhur kurortlara
getsən, bax onda dostların gözü qarşısında olacaqsan.
Con: Əlbəttə, mən o qədər axmaq deyiləm ki, kişiylə qadın birlikdə səyahətə çıxırsa
bunun ən pis tərəfini fikirləşim, amma bu hərəkətin kifayət qədər qeyri-adi olduğunu da
inkar eləyə bilmərəm. Sizin aranızda nəsə ola biləcəyini mən ağlıma belə gətirmirəm,
amma adi adam məhz pis tərəfi düşünəcək.
Konstans: (Kifayət qədər soyuq) Mənə həmişə elə gəlib ki, adi adamlar özlərini müdrik
sayanlardan daha ayıqdı.
Con: (Üç-gözünü turşudaraq) Bununla nə demək istəyirsən?
Konstans: Əlbəttə ki, biz səfərə ər-arvad kimi yollanırıq.
Con: Konstans, mənim başımı xarab eləmə. Nə dediyini özün də bilmirsən. Bu, heç də
gülməli deyil.
Konstans: Zavallı Con, bəs sən bizi necə qəbul eləyirsən? Məgər mən belə kifirəm ki,
sözlərim sənə inandırıcı görünmür? Bəs, başqa nədən mən məhz Bernardla yola çıxıram?
Əgər mənə yol yoldaşı lazım olsaydı, qadınla gedərdim. Bir-birimizə baş ağrısından
gileylənərdik, eyni salonda bir-birimizin başını yuyardıq, əyin-baş qeybəti eləyərdik.
Qadınla səfərə çıxmaq daha xoşdu.
Con: Ola bilsin, mən lap dəli olmuşam, amma sənin nə demək istədiyini heç cür başa
düşə bilmirəm. Doğrudanmı, Bernard Kersalın sənin məşuqun olduğuna məni inandırmaq
istəyirsən?
Konstans: Əlbəttə, yox.
Con: Bəs onda bu nə söhbətdi?
Konstans: Əzizim, məncə hər şey aydındı. Mən altı həftəlik məzuniyyətə gedirəm,
Bernard da səmimi qəlbdən mənə yol yoldaşı olmasını təklif edib.
Con: Bəs mən?
Konstan: Heç nə olmaz. Sən evdə qalıb öz pasientlərinlə məşğul olarsan.
Con: (Özünü ələ almağa çalışaraq) Mən həmişə özümü təmkinli insan hesab eləmişəm,
indi də hisslərimə sərbəstlik vermək niyyətində deyiləm. Mənim yerimdə başqa kişi
olsaydı, indi ayağını yerə vurub ev-eşiyi alt-üst eləyərdi. Mən aləmi bir-birinə qatmaq
fikrində deyiləm, amma sən bu sözlərinin məndən ötrü böyük sürpriz olduğunu etiraf
eləməlisən.
263
Konstans: Yalnız ilk baxışdan, əzizim. Əminəm ki, cəmi bir neçə dəqiqədən sonra
dərindən götür-qoy eləyib anlayacaqsan ki, mən qeyri-adi nəsə deməmişəm.
Con: Inanmıram, bu dəqiqələrə dözə biləm. Nəsə halım yaxşı deyil, qorxuram, elə indicə
infarkt olam.
Konstans: Onda yaxanı aç. Sən doğrudan da yaman pörtmüsən.
Con: Hardan bilirsən, bəlkə, sənə getməyə icazə vermədim?
Konstans: (Ürək açıqlığıyla) Ordan bilirəm ki, sən mənə getməyə icazə verməyə
bilməzsən.
Con: Mən sənin ciddi olduğuna, sadəcə, inana bilmirəm. Heç cür başa düşə bilmirəm ki,
bu ideya hardan ağlına gəldi?
Konstans: Fikirləşdim, bu dəyişiklik xeyrimə olar.
Con: Boş şeydi.
Konstans: Niyə ki, sənin xeyrinə oldu, axı. Yoxsa unutmusan? Mısmırığını sallaya-
sallaya qalmışdın. Sonra Mari-Luizayla macəran başladı və sən tamamilə dəyişdin. Şən,
xoş bir insan oldun, enerjin aşıb-daşmağa başladı. Beləsiylə bir damın altda yaşamaqdan
gözəl nə ola bilərdi?! Hər şey göz qabağındaydı.
Con: Kişiylə qadın bir deyil.
Konstans: Sən bunun fəsadları haqqında düşünürsən? Amma yadda saxla ki, Viktorianlıq
dövrü keçmişdə qaldı.
Con: Məni narahat eləyən başqa şeydi. Ər arvada xəyanət eləyəndə hamının qadına rəhmi
gəlir, tərsinə olanda kişi gülüş hədəfinə çevrilir.
Konstans: Camaatın təsəvvüründə belədi. Ağlı-başında olan adam gərək belə şeyi eyninə
də almasın.
Con: Istəyirsən, mən əlimi qoynuma qoyub yad bir kişinin arvadımı məndən necə
oğurladığına tamaşa eləyim? Bəlkə, məndən əlini sıxıb ona yaxşı yol arzulamağımı xahiş
eləyəsən?
Konstans: Elə bunu deməyə hazırlaşırdım. O, səninlə sağollaşmaq üçün indilərdə
gələcək.
Con: Mən onun əngini əzəcəm.
Konstans: Məsləhət görməzdim. O, möhkəm kişidi, həm də məndə belə təsəvvür var ki,
solaxay zərbəsi çox tutarlıdı.
264
Con: Elə isə mən ürəyimdə olanların hamısını onun üzünə boşaltmaqla yüngülləşərəm.
Konstans: Yaxşı görək. Yoxsa sən Mari-Luizayla nə hoqqalardan çıxdığını unutmusan?
Biz ən yaxın rəfiqəydik. O, mənlə məsləhətləşmədən başına şlyapa da almazdı.
Con: Mənim damarlarımdan axan su deyil, qandı.
Konstans: Hal-hazırda məni yalnız sənin başının içindəki o boz şey maraqlandırır.
Con: O, səni sevir?
Konstans: Dəli kimi. Guya özün bilmirsən?
Con: Mən? Hardan bilim?
Konstans: Bu axırıncı ilini o elə buralarda keçirib. Olmaya elə bilirdin, bura səni görməyə
gəlir?
Con: Mən ona fikir vermirdim. O, mənə darıxdırıcı görünürdü.
Konstans: Düzdü, adamı darıxdırır. Amma o, çox ürəyəyatımlı kişidi.
Con: Yaxın adamının xörəyini yeyib, şərabını içib, sonra da arvadıyla yatana kişi demək
olar?
Konstans: Deməliyəm ki, o, elə sənə oxşayıb, Con.
Con: Qətiyyən. Buynuz çıxarmaq Mortimerin alnına yazılıb.
Konstans: Hamımız üçün yeganə düzgün yol hər şeyi gizli saxlamaqdı.
Con: Görürəm, sən məni özümdən çıxarmaq niyyətindəsən. Mən bu dəqiqə əlimə keçəni
vurub sındıracam.
Konstans: Henri əminin bizim toyumuza hədiyyə elədiyi bax oradakı o güldandan başla.
Sındır onu. Bu, müasirliyin qədimlik üzərində möhtəşəm qələbəsi olacaq.
(Con güldanı əlinə alıb döşəməyə çırpır. Güldan cilik-cilik olur).
Con: Gördün?
Konstans: Nədi, yüngülləşdin?
Con: Qəti yüngülləşmədim.
Konstans: Onda çox təəssüf. Biz onu sənin xəstəxanadakı həmkarlarından birinin toyuna
hədiyyə eləyə bilərdik.
265
(Eşikağası missis Kalveri qonaq otağına ötürür)
Bentli: Missis Kalver.
Konstans: Anacan, nə yaxşı ki, gəlib çıxdın. Səninlə səfər öncəsi görüşməyi çox
arzulayırdım.
Missis Kalver: Belə görürəm, güldanınız aşıb.
Konstans: Elə deyil. Con özündən çıxmışdı, belə düşündü ki, nəsə sındırsa özünə
gələcək.
Missis Kalver: Boş şeydi. Con həmişə özündədi.
Con: Siz də belə düşünürsüz, missis Kalver? Bəli, mən özümdən çıxmışdım. Mən çox
çılğınam. Siz də Konstansla dilbirsiz?
Konstans: Yox, anamın heç nədən xəbəri yoxdu.
Con: Nəsə bir şey eləyin, onu saxlayın. Siz, axı, ona təsir eləyə bilərsiz. Başa düşməlisiz
ki, onun bu qərarı ağılsızlıqdı.
Missis Kalver: Əzizim, sənin nə demək istədiyin mənə çatmır.
Con: Konstans Bernard Kersalla Italiyaya səfərə hazırlaşır. Ikilikdə.
Missis Kalver: (Heyrətlə) Bu ola bilməz. Sənə kim dedi?
Con: Indicə Konstans özü dedi. Yeri gəlmişkən, elə səslə danışırdı ki, elə bil söhbət
havanın isti-soyuqluğundan gedirdi.
Missis Kalver: Doğrudanmı belədi, Konstans?
Konstans: Heç bir doğru bu qədər doğru ola bilməz.
Missis Kalver: Məgər Conla yola getmirsiz? Mən həmişə elə bilmişəm, sizin aranızdan su
da keçmir.
Con: Mən də. Biz heç vaxt dalaşmamışıq, sözümüz həmişə üst-üstə düşüb.
Missis Kalver: Əzizim, sən daha Conu sevmirsən?
Konstans: Əlbəttə, sevirəm.
Con: Qadının kişiyə qarşı eləyə biləcəyi ən alçaldıcı hərəkətə yol verdiyin halda hansı
üzlə məni sevdiyini bəyan eləyirsən?
266
Konstans: Gicləmə, Con. Düz bir il əvvəl sən də eynən bu şəkildə məni alçaltmısan.
Con: (Nəhayət, məsələnin nə yerdə olduğunu anlayaraq Konstansa yaxınlaşır) Deməli,
sən Mari-Luizaya görə haqq-hesabı mənimlə bu cür çürüdürsən?
Konstans: Sən doğrudan da axmaqsan, Con. Belə fikir mənim ağlıma da gəlməyib.
Missis Kalver: O haqq-hesab tamam başqaydı. Con, təbii ki, düz hərəkət eləməmişdi, ona
görə də həm özü üzr istədi, həm də cəzasını aldı. Əlbəttə, onun bu hərəkəti bizə başağrısı
oldu. Amma kişiyə kişi deyiblər, ondan belə hərəkətləri həmişə gözləmək olar. Ona görə
də gərək günahından keçəsən. Amma qadın başqadı. Poliqamlıq kişilərin qanındadı. Odur
ki, müdrik qadın qeyri-iradi hərəkətlərini kişiyə bağışlamağı bacarmalıdı. Çünki onlar
təbiətlərini dəyişə bilməzlər. Qadın isə təbiətən monoqam məxluqdu. Onlar, sadəcə, bir
kişidən artığını arzulaya bilməzlər. Bax buna görə də onlar öz cinsləri üçün müəyyən
olunmuş təbii məhdudiyyətləri pozanda bütün dünyanın qınaq yerinə çevrilirlər.
Konstans: (Təbəssümlə) Qəribə işdi. Bilirsən, adam heç cür anlaya bilmir ki, nədən ər
üçün şirin olan şeyə, arvad tamarzı qalsın.
Missis Kalver: Hamımıza məlumdu ki, sədaqət anlayışı kişi üçün boş şeydi. Onlar qadını
paltar kimi dəyişə-dəyişə vicdanlı, zəhmətkeş, etibarlı ər adını da özlərində saxlaya
bilərlər. Amma qadında hər şey başqa cürdü. Bu zaman onları yalançı, ikrahedici, laqeyd,
yiyəsiz, riyakar məxluq kimi qəbul eləyir. Bax elə buna görədi ki, bəşəriyyətin on min
illərdən bəri olan təcrübəsi qadından sədaqət tələb eləyir. Hamı bilir ki, sədaqət bütün
insani keyfiyyətlərin açarıdı.
Konstans: Onların ən böyük sədaqətsizliyi elə özlərini satmaqlarıdı. Onlar yemək,
geymək, yatmaq üçün özlərini bazara çıxarırlar. Onlar yeriyən, daşınan şəxsi əmlakdılar.
Onlar büsbütün ərlərindən asılıdılar və ərlərinə xəyanət eləyəndə namussuz, riyakar
adlarıyla damğalanırlar. Amma mən başqayam. Mənim Condan maddi asılılığım yoxdu,
ona görə də seksual azadlıq tələb eləyirəm. Bu gün mən bir illik xərclərimin müqabilində
Conun hesabına min funt köçürmüşəm.
Con: Mən o puldan imtina eləyirəm.
Konstans: Istəsən də, istəməsən də o pul sənindi.
Missis Kalver: Bu sənin belə özündən çıxmağına əsas vermir.
Konstans: Mən özümdən çıxıb eləməmişəm.
Con: Əgər azad məhəbbəti həzz sayırsansa, səhv eləyirsən. Inan mənə, o barədə
deyilənlər həddən artıq şişirdilib.
Konstans: Elə isə, adamı heyrət bürüyür ki, görən, insanlar niyə bu azadlığın üstündən
xətt çəkmirlər.
267
Con: Mən nə dediyimi yaxşı bilirəm. Mənə inana bilərsən. Kənar münasibətlər ailə
həyatıyla müqayisədə boş bir şeydi. Əzizim, səni əmin eləyirəm ki, bu yolun axırı yoxdu.
Konstans: Ola bilsin, sən haqlısan, amma bilirsən, nəyisə başqasının təcrübəsinə istinadən
müəyyənləşdirmək çətindi. Fikrimcə, insan gərək hər şeyi öz üzərində təcrübədən
keçirsin.
Missis Kalver: Sən Bernardı sevirsən?
Konstans: Doğrusu, hələ müəyyənləşdirməmişəm. Kimisə sevib-sevmədiyini necə bilmək
olar?
Missis Kalver: Əzizim, mən bunu yoxlamağın yolunu bilirəm. Sən onun diş fırçasından
istifadə edərsənmi?
Konstans: Yox.
Missis Kalver: Deməli, onu sevmirsən.
Konstans: O, düz on beş il mənə pərəstiş eləyib. Belə sədaqət təbii ki, mənim də
ürəyimdə öz əksini tapmalıdı. Ona hansısa yolla göstərmək istəyirəm ki, məni
qədirbilməz adlandırmaq olmaz. Bilirsən, altı həftədən sonra o, Yaponiyaya qayıdır. Indi
otuz altı yaşım var və o, mənə heyrandı. Yeddi ildən sonra qırx üç yaşım olacaq.
Doğrudu, qadınların əksəriyyəti bu yaşda da cazibəsini saxlayır, amma əlli beş yaşlı
kişinin diqqətini cəlb eləyə biləcək qədərində yox. Odur ki, mən belə qərara gəldim: ya
indi, ya da heç vaxt. Onun da artıq fikrini öyrənmişəm. Soruşdum ki, son altı həftəni
onunla birlikdə Italiyada keçirməyimə razıdımı? Razılaşdı. Hə, Neapolda onun üzərək
məndən ayrılan gəmisinin ardınca yaylıq yelləyəndə başa düşəcək ki, bu uzun illik
təmənnasız məhəbbətə dözməyə dəyərmiş.
Con: Altı həftə. Sən altı həftədən sonra onu atırsan?
Konstans: Hə, əlbəttə. Bizim məhəbbət üçün vaxt çərçivəsi müəyyənləşdirdiyimə görə,
elə bilirəm, cənnət həzzi yaşayıb bir-birimizdən ayrılanda özümüzü göyün yeddinci
qatındakı kimi hiss edəcəyik. Con, özün yaxşı bilirsən ki, qızılgül təzətər olanda gözəldi,
sonra ləçəkləri bir-bir düşür.
Con: Sən məni son həddə qədər heyrətləndirdin, sarsıtdın. Mən sadəcə, çaşıb qalmışam.
Sən məni yaman yerdə yaxaladın.
(Pəncərənin qarşısında dayanan missis Kalver qışqırır)
Konstans: Nə olub?
Missis Kalver: Bernard. O, bura gəlir.
Con: (Konstansa) Sən istəyirsən, mən onu hər şeydən bixəbər kimi qarşılayım?
268
Konstans: Bu, ən yaxşı variantdı. Qısqanclıq səhnəsi qurmağın axmaqlıq olar. Mən
onunla getmək qərarımı dəyişən deyiləm.
Con: Mən, bəyəm şəxsi ləyaqətimi qorumağa borclu deyiləm?
Konstans: Onları ən yaxşı halda cibində gizləməklə qoruya bilərsən. Con mən Mari-
Luiza sənin məşuqən olduğunu bilə-bilə, necə qəbul elədimsə, sən də bu cür hərəkət
eləsən minnətdar olaram.
Con: O, bilirmi, mən bilirəm?
Konstans: Əlbəttə, bilmir. O, ənənəvi baxışlara malik insandı və dostun gözü görə-görə
ona xəyanət eləməz. O, sənin məsələdən xəbərdar olmadığına qəti əmindi.
Missis Kalver: Konstans, mənim heç bir sözüm sənin qərarını dəyişdirməyəcək, eləmi?
Konstans: Bəli, əzizim.
Missis Kalver: Onda boşuna çənəmi yormaq fikrim yoxdu. O, bura qalxanacan çıxıb
gedəcəm.
Kontans: Necə məsləhətdi. Anacan, görüşənədək. Ordan sənə xeyli açıqca göndərəcəm.
Missis Kalver: Mən sənin bu hərəkətini təqdir eləmirəm, Konstans, əksini deməyi də
artıq bilirəm. Nə faydası var? Pozğunluq, yalana meyllilik, arvadına xəyanət kişinin
qanındadı. Qadının alnına isə abır-həyanı qorumaq, əzab çəkmək və günahları
bağışlamaq yazılıb. Əsrin əvvəllərindən üzü bəri belə gəlir və yeni heç bir ideya bizim
cəmiyyətin bu yazılmamış qanunu poza bilməz.
(Eşikağası, ardınca da Bernard daxil olur)
Bentli: Mister Kersal.
Missis Kalver: Salam və sağ ol, Bernard. Mən elə getməyə hazırlaşırdım.
Bernard: Təəssüf. Neynək, görüşənədək.
(Missis Kalver gedir)
Konstans: (Bernarda) Gün aydın. Bircə dəqiqə.
(Eşikağasına) Bentli, zəhmət olmasa mənim yüklərimi aşağı aparıb, taksiyə qoyarsan,
yaxşımı?
Bentli: Yaxşı, madam.
269
Bernard: Konstans, sən artıq gedirsən? Yaxşı ki, səni görə bildim. Səninlə sağollaşa
bilməsəydim, bunu ömrüm boyu özümə bağışlamazdım.
Konstans: (Eşikağasına) Taksi gələndə mənə xəbər elə.
Bentli: Oldu, madam.
Konstans: Indi sənə də vaxt ayıra bilərəm.
(Eşikağası çıxır)
Bernard: Deyəsən, istirahət üçün yaman tələsirsən?
Konstans: Tələsirsən də sözdü. Belə səyahət həyatımda ilk dəfədi. Burda güclə
dayanıram.
Bernard: Sən tək gedirsən, eləmi?
Konstans: Hə, tək-tənha.
Bernard: Dost, heyif ki, sən imkan eləyə bilmədin.
Con: Hə, çox heyif.
Bernard: Elə bilirəm, bu, bütün yaxşı mütəxəssislərin problemidi. Iş aman vermir. Sənin
də öz pasientlərindən başın açılmır.
Con: Neyləmək olar?
Konstans: Həm də Italiya Conun bəyəndiyi ölkə deyil.
Bernard: Deməli, sən Italiyaya gedirsən? Elə bil ağzından Ispaniya çıxmışdı, axı?
Konstans: Yox, söhbət həmişə Italiyadan gedib.
Bernard: Doğrudan da sənin üçün heç yaxşı olmadı, Con. Özü də Komo gölünün
yaxınlığında əla qolf meydançası var.
Con: Doğrudan?
Bernard: Iyulun sonunda təsadüfən Neapolda olmayacaqsan?
Konstans: Bilmirəm. Hələ planlarımı müəyyənləşdirməmişəm.
Bernard: Ona görə soruşuram ki, mənim üzəcəyim bərə Neapoldan tərpənəcək. Orda
görüşsəydik, yaxşı olardı.
Con: Çox yaxşı olardı.
270
Konstans: Ümid eləyirəm, mənim yoxluğumda sən Conla tez-tez görüşəcəksən.
Qorxuram, yazıq mənsiz çox darıxa. Niyə gələn həftə birlikdə nahar eləməyəsiz?
Bernard: Çox təəssüf. Axı, mən də yola çıxıram.
Konstans: Doğrudan? Deyəsən, axı, sən Yaponiyaya gedənəcən Londonda qalmaq
niyyətindəydin.
Bernard: Mən də istəyirdim. Amma həkimim mənə müalicəvi suyu olan bir yeri məsləhət
bildi.
Con: Sən nədən müalicə olunmalısan ki?
Bernard: Elə bir xüsusi xəstəlik yoxdu. O, mənə gümrahlıq kursu keçməyi məsləhət bildi.
Con: Eləmi? Sənin həkiminin adı nədi?
Bernard: Sən onu tanımırsan. Biz birlikdə döyüşmüşük.
Con: Aydındı.
Bernard: Hə, ona görə də təəssüf ki, səninlə xudahafizləşməliyəm. Əlbəttə, Avropaya kim
bilir, bir də neçə ildən sonra qayıdacağımı fikirləşəndə, Londonu tərk eləmək mənə ağır
gəlir, amma digər tərəfdən əgər mütəxəssisə müraciət eləmisənsə, onun məsləhətini qulaq
ardına vurmaq da düzgün deyil.
Con: Xüsusən də, həmin mütəxəssis öz məsləhətini pulsuz veribsə.
Konstans: Çox təəssüf. Mən də elə bilirdim, burda olmadığım müddətdə Con sənin
sayəndə özünü yaxşı aparacaq.
Bernard: Çətin ki, mən bunu təmin eləyə bilərdim. Amma hər halda, teatra, qolf
oynamağa gedərdik.
Konstans: Ümumiyyətlə, vaxtınızı əla keçirərdiz eləmi, Con?
Con: Çox əla keçirərdik.
(Eşikağası daxil olur)
Bentli: Taksi gözləyir, madam.
Konstans: Təşəkkür eləyirəm.
(Eşikağası çıxır).
271
Bernard: Onda icazə verin, gedək. Ola bilsin, sizi bir də görmədim. Ona görə də
Londonda keçirdiyim bu bir ildə mənə göstərdiyiniz qayğı və qonaqpərvərliyə görə sizə
təşəkkür edirəm.
Konstans: Bizə baş çəkdiyinizə görə minnətdarıq.
Bernard: Səninlə Con məni elə isti qarşıladız ki. Bu ilin mənim üçün belə uğurlu
olacağını təsəvvürümə də gətirməzdim.
Konstans: Sənsiz çox darıxacağıq. Con təcili əməliyyata çağırıldığı vaxtda onu əvəz
eləyə biləcək bir insanın olduğuna elə şad idi ki. Elə deyilmi, əzizim?
Con: Əlbəttə, əzizim.
Konstans: Mən sənin yanında olanda rahat idi. Rahat idinmi, əzizim?
Con: Əlbəttə, rahat idim, əzizim.
Bernard: Nəyəsə lazım olduğuma görə, elə mən də çox şadam. Məni unutmayın,
yaxşımı?
Konstans: Biz unuda bilərikmi, heç vaxt.
Con: Heç vaxt.
Bernard: Əgər boş vaxtınız olsa, mənə yazın, yaxşımı? Təsəvvür belə eləyə bilməzsiz ki,
bizlərə - qəriblikdə olanlara vətəndən gələn məktub necə qiymətlidi.
Konstans: Əlbəttə, yazarıq. Ikimiz də. Eləmi, əzizim?
Con: Əlbəttə, əzizim.
Konstans: Con elə gözəl məktublar yazır ki, maraqlı, məzəli.
Bernard: Deməli, danışdıq. Əlvida, dost. Uğurlar.
Con: Əlvida, dost.
Bernard: Əlvida, Konstans. Sənə o qədər sözüm var ki. Özüm də bilmirəm, hansından
başlayım.
Con: Mən səni tələsdirmək istəmirəm, amma taksi gözləyir, deməli, hesab da yazır.
Bernard: Con elə dəqiqlik sevəndi. Yaxşı, bircə kəlmə deyəcəm: Tanrı səni qorusun.
Konstans: Au revoir.
272
Bernard: Neapolda olsan xəbər elə, yaxşımı? Əgər klubuma məktub yollasan, mənə
çatdıracaqlar.
Konstans: Hə, əlbəttə.
Bernard: Əlvida.
(O, hər ikisi qarşısında dostyana başını tərpədib gedir. Bernard qapını arxasınca örtən
kimi Konstans gülməyə başlayır və az sonra uğunub gedir)
Con: Nəyə güldüyünü mənə də desən, çətin olmaz ki? Əgər sən mənim şalban kimi
dayanıb-durub təhqir olunmağımdan həzz aldığımı düşünürsənsə, səhv eləyirsən.
Neapolda təsadüfi görüş nə deməkdi?
Konstans: O, səni azdırır.
Con: O, axmağın biridi!
Konstans: Sən doğrudanmı bu qənaətdəsən? Amma məncə o, heç də özünü pis aparmadı.
Belə məsələlərdə onun heç bir təcrübəsi olmadığını nəzərə alsaq, deyə bilərəm ki, o, öz
rolunun öhdəsindən gələ bildi.
Con: Əgər beyninə onun mükəmməllik mücəssəməsi olduğunu yeritmisənsə, sənlə
mübahisə eləməyin mənası yoxdu. Amma ürəyim ağrıyır, özünü belə bir adama vermək
qərarına gəlməyinə təəssüflənirəm.
Konstans: Yəqin, arvadın gələcək məşuqəsinin kim olmasıyla bağlı ər-arvadın fikri üst-
üstə düşməyə də bilər.
Con: Elə bilirəm, sən onu məndən üstün saymağa iddialı deyilsən.
Konstans: Qətiyyən. Mən səni həmişə kişi gözəzlliyinin zirvəsi hesab eləmişəm.
Con: Özü də o, eynilə mənim kimi geyinir.
Konstans: Bu, təbiidi. Sizin axı, dərziniz eyni adamdı.
Con: Mən elə bilirəm, sənin təsəvvüründə o, heç də məndən hazırcavab deyil.
Konstans: Əlbəttə.
Con: Bəs, onda, niyə səfərə onunla çıxmaq istəyirsən?
Konstans: Sənə məgər bir də izah eləməliyəm? Səbəb çox sadədi. Istəyirəm, qatar
tərpənənəcən ayağımı qoyduğum yerə başını qoymağa hazır bir kişinin ağuşunda olum.
Istəyirəm, mən otağa girəndə xoşbəxtlikdən onun gözlərinin necə parıldadığını görüm,
biz birlikdə aya baxanda onun əllərinin mənim əllərimi necə sıxdığını, belimi
273
qucaqlayanda bədənini necə şirin üşütmə tutduğunu bütün canımla duyum. Istəyirəm,
başımı onun çiyinlərinə qoyub dodaqlarının saçıma incə toxunuşundan həzz alım.
Con: Bax bunu, ağlına da gətirmə. Yazığın boynu qırılar, xəstəxanalıq olar.
Konstans: Onunla kənd cığırıyla yanaşı addımlaya-addımlaya mənə dovşanım, pişiyim
deməsini eşitmək istəyirəm. Istəyirəm, onunla boş şeylər barədə saatlarla söhbət edək.
Con: İlahi, özün saxla.
Konstans: Istəyirəm biləm, hətta susanda belə ən hazırcavab, ən dilli-dilavər
qadınam.Con, sənin on illik diqqətin məni tamamilə qane eləyirdi, odur ki,biz ən yaxın və
doğma dostlar idik, amma indi qısa müddətə olsa da ürəyimdən başqa şey keçir.
Doğrudanmı, sən bunu mənə çox görəcəksən? Istəyirəm, məni sevsinlər.
Con: Amma, axı, əzizim, mən səni sevirəm. Əlbəttə, mən özümü iyrənc apardım, sənə az
diqqət ayırdım, amma hələ gec deyil, hər şeyi dəyişmək olar. Sən mənim üçün yeganə
qadınsan. Mən hər şeyi başlı-başına buraxıb səninlə gedəcəm.
Konstans: Bu ideya məni heç də təmin eləmir.
Con: Bəsdi görək, əzizim, heç olmasa bir tikə rəhm göstər. Mən Mari-Luizanı atdım.
Sənin də, əlbəttə ki, öz əlindədi, Bernarda qapını göstər.
Konstans: Amma sən Mari-Luizanı mənim yox, öz istəyinlə atdın.
Con: Məsələni qəlizləşdirmə, Konstans. Gəl, birlikdə yola çıxaq. Bu cür ikimizə də yaxşı
olar.
Konstans: Zavallı Conum, mən maddi azadlığı bal ayını öz ərimlə keçirmək məqsədilə
qazanmamışam.
Con: Elə düşünürsən ki, mən, əgər ərəmsə, məşuq roluna yaramaram?
Konstans: Ay mənim əzizim, qızardılmış qoyun ətiylə quzu kababının dadı bir olmur.
Con: Sən heç bilirsən, nə yoldasan? Mənim ideal ər olmaq üçün dəridən-qabıqdan
çıxdığım bir vaxtda sən məni təzədən Mari-Luizanın ağuşuna itələyirsən. Vicdanıma and
içirəm, sən evdən çıxan kimi mən onun yanına gedəcəm.
Konstans: Nahaq yerə vaxt itirib benzin yandıracaqsan. Qorxuram onu evdə tapmayasan.
Onun bir gənc adaxlısı peyda olub. Mari-Luiza ona bir könüldən min könülə aşiqdi.
Con: Nə?
274
Konstans: Hansısa əyalətin qubernatorunun yavəridi. Bu gün yanıma o xahişlə gəlmişdi
ki, ikinizin arasında hər şeyin bitdiyini yumşaq tərzdə sənə başa salım.
Con: Ümidvaram ki, sənə bu qədər əzab verən münasibətlərimizi mənim daha əvvəl
pozmaq qərarına gəldiyimi ona demisən.
Konstans: Yox, fürsət eləyə bilmədim. O, mənə öz xahişini çatdıranda çox tələsirdi.
Con: Bilirsən, Konstans, heç cür mənə çatmır. Bəs sənin o qürurun hara qeyb oldu? Sənin
ərini axmaq yerinə qoydular. Yerində başqa qadın olsaydı, Mari-Luizaya bax belə
deyərdi: Nə qəribə təsadüf. Elə indicə Con da mənə dedi ki, bir daha səninlə görüşməmək
qərarına gəlib. Amma, Konstans, təbii ki, sən belə deməmisən. Çünki məni adam yerinə
qoymursan.
Konstans: Sən düz demirsən, əzizim. Mən həmişə sənin qayğını çəkəcəm. Mən ola bilsin,
sənə xəyanət eləyəcəm, amma səni atan deyiləm. Həmişə də sədaqətimi özümün ən üstün
keyfiyyəti saymışam.
(Eşikağası qapını açır)
Con: (Əsəbi tərzdə) Nə məsələdi?
Bentli: Fikirləşdim, bəlkə, madam onu aşağıda taksinin gözlədiyini unudub.
Con: Cəhənnəm ol!
Bentli: Necə məsləhətdi, ser.
(Gedir)
Konstans: Anlamıram, sən nədən onu acıladın? Taksinin pulunu Bernard verəcək. Mən
hər halda artıq çıxmalıyam, yoxsa Bernard elə düşünər ki, qərarımı dəyişmişəm.
Görüşənədək, əzizim. Ümidvaram, mən burda olmayan müddətdə çox darıxmayacaqsan.
Aşpazın bişirdiklərinə mız qoymasan, ac qalmayacaqsan. Mənimlə xudahafizləşmək
istəmirsən?
Con: Cəhənnəm ol.
Konstans: Baş üstə. Altı həftədən sonra qayıdıb gələcəm.
Con: Qayıdacaqsan? Hara?
Konstans: Bura.
Con: Bura? Bura? Elə bilirsən, səni evə buraxacam?
275
Konstans: Niyə də yox? Dərindən götür-qoy eləyəndə özün də başa düşəcəksən ki,
mənim heç bir günahım yoxdu. Bir də axı, mən səndən sənin özünə lazım olan nəyisə
istəmirəm.
Con: Heç başa düşürsənmi, mən səninlə boşanmaq istəyə bilərəm?
Konstans: Əlbəttə. Amma mən kimə ərə getdiyimi yaxşı bilmişəm. Əri xeyli düşünüb
daşınandan sonra seçmişəm. Çalışmışam, centlmenə ərə gedim və sən özün baiskarı
olduğun günahlarıma görə məni boşamazsan.
Con: Mən səninlə boşanmayacam. Çünki qorxuram risq eləyib ikinci dəfə evlənsəm, elə
bir qadına rast gəlim ki, o da əriylə eynilə sənin kimi davranan birisi olsun.
Konstans: (Qapıdan) Mən qayıda bilərəmmi?
Con: (Qısa pauzadan sonra) Sən dünyanın ən dəymə-düşər, ərköyün, heç nədən özündən
çıxan, səhvlərini israrla yeridən, həm də ən cazibədar, gözəlliyi göz qamaşdıran
qadınısan. Sənin kimisinə ər olmaq Tanrının ən böyük cəzasıdı. Hə, lənət şeytana, qayıda
bilərsən.
(Konstans ona əliylə öpüş göndərib, arxasınca qapını çırparaq, qonaq otağından qeyb
olur.)
E-mənbə / link: http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?id=1170
Dostları ilə paylaş: |