Edqar Allan Po
"Qızıl ölümün maskası"
12
(Amerika novellalarından bir yarpaq)
Gülər Sadıqovanın təqdimat və tərcüməsində dünya ədəbiyyatından hekayə
Edqar Allan Po 19 yanvar 1809 – cu ildə Bostonda anadan olmuş, 7 Oktyabr 1849 – cu
ildə Baltimorda vəfat etmişdir. Amerikalı yazıçı və şairdir. Özü Amerikanın romantik
cərəyanının öndə gedənlərindən biridir. ABŞ-ın ilk qısa hekayə yazarlarından olan Poe
müasir mənada qorxu, həyəcan növlərinin də atasıdır. Bu gün çox insanlar tərəfindən
ABŞ-ın böyük yazıçılarından hesab olunsa da Poe həyatdaykən tez-tez alçaldılmış və
səhv başa düşülmüşdür.
Qızıl ölümün maskası
“Qızıl ölüm“ çoxdandır şəhər əhlini qırırdı. Heç bir hücum belə qorxunc, belə öldürücü
olmamışdı. Kəskin sancılar, baş fırlanmaları, sonra da gözləri boğan qanaxmayla ölüm.
Qurbanın bədənində, xüsusilə üzündə görünən qızılı ləkələr onu dostlarının köməyindən,
sevgisindən uzaqlaşdıran xəstəliyin ilkin izləri idi. Xəstəliyin üzə çıxması, güclənməsi və
bitməsi yarım saatlıq işdir.
Amma kral Prospero xoşbəxt idi, ürəklıydi, ağıllıydı. Ölkəsindəki xalqın yarıdan çoxu
xəstəlikdən qırıldıqca saraydakı cəngavərlər və ledilər arasından sağlam və şən olan min
nəfəri hüzuruna çağırdı. Onlarla birlikdə qala kimi bir monastra, uzaqlara getdi. Çox
möcüzəli, böyük və qəribə tikiliydi bu monastr. Kralın qeyri – adi zövqündən xəbər
verirdi. Hündür, güclü divarlarla əhatə olunmuşdu. Qapılar dəmirdən idi. Gələnlər
qapılardan içəri girdikdən sonra dəmirçilər çağrıldı və qapılar tamamilə bağlandı.
Məqsəd, içərdəkilərin ümidsizlik və ya hər hansı çılğınlığa tutulub çölə çıxmaq və ya
içəri girməsinin qarşısının alınması idi. Monastr ərzaqla tam doldurulmuşdu. Bu tədbirlər
görüldükdən sonra saraylılar meydan oxuya bilərdilər hücuma. Qoy çöldəki dünya öz
başına çarə qılsın. Bu dövrdə yas tutmaq, sızlamaq axmaqlıqdı. Kral əyləncə, kef üçün nə
lazımdısa hamısını toplamışdı bura: musiqiçilər vardı, müğənnilər vardı, rəqqaslar vardı,
gözəllər vardı, şərab vardı. İçəridə bütün bunlar və etibarlılıq vardı. Çöldə isə „Qızıl
ölüm“.
Monastra yerləşəndən beş, ya da altı ay sonra, „Qızıl ölüm“ün bir az durğunlaşdığı
dövrdə Kral Prospero ağlın almayacağı qədər gözəl və böyük maskarad təşkil etdi. Hər
cür duyğunu oyadacaq bir tədbir idi bu. Amma əvvəl sizə salonları göstərim. Bunlar
hamısı aşağı mətəbədə yerləşirdi, biri də kralın öz otağı idi. Otaqlar hamısı iç – içə,
qarışıq idi. Qapıları kənara çəkmək mümkün olsaydı ortada uzun dəhliz aşıları. Kralın
qeyri adi, gözəl şeylərə olan düşkünlüyünün nəticəsi idi bu. Sağdakı və soldakı divarların
ortasında qotik pəncərə, otağın giriş çıxışını izləyən qapalı dəhlizə açılırdı. Burdakı
pəncərələrin şüşələri rəngli idi amma döşəmənin rənginə görə hərdən boğuq rəng alırdı.
Qərb istiqamətdəki otaq mavi döşənmişdi, pəncərələrin şüşələri də mavi idi. İkinci
salonun pərdələri və yeri qırmızı rəngdəydi, elə pəncərələr də. Üçüncü otaq başdanbaşa
yaşıl, dördüncü narıncı, beşinci ağ, altıncı isə bənövşəyi rəngdə idi. Yeddinci otaqdakı
əşyalar isə qara rəngdə idi. Amma yalnız bu otaqda pəncərələrin şüşəsinin rəngləri otağın
rənginə uyğun gəlmirdi. Bu otaqdakı şüşələr qızılı rəndə idi. Qızılı bir az da qan rənginə
13
çalırdı. Yeddi otağın heç birində nə lampa işığı, nə də şamdan vardı. Sadəcə dəhlizin hər
otağa baxan pəncərəsinin qarşısında üç ayaqlı dəmir sütunun üzərində şamlar yanır,
süzülərək qarşıdakı otağı işıqlandırırdı. Bu şam işığı yeddinci otaqdakı qırmızı pəncərəyə
düşüb elə əcaib mənzərə yaradırdı ki qonaqların ancaq bəziləri içəri girməyə ürək edirdi.
Elə həmin bu otağın cənub divarında böyük, fildişi saat asılmışdı. Saatın əqrəbləri
fırlandıqca yeknəsaq, boğuq səs çıxarırdı. Hər saat başı saat güclü zəng çalırdı. Amma bu
zəng səsi elə qəribə, elə dəhşətli çalınırdı ki, hər altmış dəqiqədən bir orkestr musiqini
dayandırır, rəqs edənlər bir anlıq durğunlaşırdı. Hətta ən coşqunların belə rənginin
saraldığını, yaşlıların əllərini alınlarına qoyub düşüncəyə daldıqlarını görmək olurdu.
Zəng səsləri susduqda isə yenə qəhqəhələr eşidilir, çalğıçılar bir anlıq bir-birlərinə baxıb
belə axmaq hisslərə daldıqlarına görə özlərini qınayırdılar. Və sanki bir daha belə
olmayacağına söz verircəsinə pıçıldaşırdılar. Amma altmış dəqiqəlik vaxt keçdikdə ( ki,
bu uçan zamanın üç min altıyüz saniyəsi deməkdir) saatın zəngi səsləndikdə yenə eyni
hisslər, eyni didərginlik, eyni dalğınlıq başlayırdı. Bunları bir yana qoyaq maskarad
həqiqətən olduqca gözəl keçirdi. Bu kralın necə də gözəl zövqü varmış. Bu rənglər, dini
əşyalar necə də uyğun idi bir-birinə. Bəzilərinə görə bu kral dəli idi. Amma yaxınları
onun dəli olmadığına inanırdı. Buna qətiyyətlə inana bilmək üçün ona toxunmaq, onu
duymaq, görmək lazım idi. Maskaradın keçirilməsinə özü nəzarət etmiş, otaqları özü
hazırlatmış hətta qonaqların geyimləri ilə belə özü məşğul olmuşdu. Maskalar həqiqətən
əcaib idi. Parlaq, heyrətamiz. Balda Hernanidən tutmuş hər kəs vardı. Əlləri, ayaqları
biçimsiz, müxtəlif vəzifələr daşıyan, çiçəkli, yarpaqlı fiqurlar vardı. Ancaq bir dəlinin
xəyal gücündən doğabiləcək dekorasiya idi bu. Otaqlardan otaqlara kölgələr gəzirdi.
Qonaqların kölgələri rəngdən rəngə düşərək avara ruhları xatırladırdı.
Budur, zəngli saat yenidən çalmağa başladı. Avara ruhlar bir anlıq durdular, musiqi
kəsildi. Və budur, yenə əvvəlki vəziyyət. Gülüşlər, şənlik, coşqunluq.
Yeddinci otağa maskalılardan heç kim girmir artıq. Çünki gecəyarısı olmuşdu. Və qırmızı
pəncərələrdən süzülən al rəngli işıq qara xalıda oynayır, dəhşətli mənzərə yaradırdı.
Üstəlik o qəribə saat da bu otaqdaydı.
O biri otaqlarsa dopdoluydu. Orda həyatın nəbzi dəlicəsinə çalırdı. Elə bu anlarda bayaq
dediyim kimi musiqi dayandı. Vals oynayanlar yerlərində dondular. Hər şey bayaqkı
didərgin vəıziyyətə düşdü. Bəlkə də saat son dəfə, həm də on iki dəfə vuracaqdı deyə hər
kəs qulaq asmağa başladı. Amma hələ zəng səsləri bitmədən hər kəsin nəzəri daha əvvəl
nəzərə çarpmamış yeni qonağın üzərində dayandı. Yeni qonaq barədə danışılanlar əvvəl
qulaqdan qulağa yayıldı, sonra adamlar arasında heyrətli səslər yüksəldi, sonra bu səslər
mırıltıya, ən sonda isə qorxu, hürkü və iyrənməyə çevrildi. Açığı bütün qəribəliklərin
olduğu bir yerdə yeni qonağın geyiminin heyrət doğurması təəccüblüdür. Əslində
maskaraddakı geyimlər olduqca dəhşətli və əcaib idi. Yeni gələn qonağınsa əynində hər
kəsi dəliyə döndərən geyim vardı. Nəticədə bütün qonaqlar yeni gələnin geyimində heç
bir zarafat, heç bir incəlik olmadığı qənaətinə gəldilər. Qonaq sısqa, alçaq boyluydu.
Başdan ayağa kəfənə bürünmüşdü. Üzünə, gözlərinə ən yaxından baxan belə onu bir
cəsəddən fərqləndirə bilməzdi. Amma yenə də bütün bunları yaxşı qarşılaya bilərdi, dəli
kimi əylənən qonaqlar. Yeni qonaq “„Qızıl ölüm“ü” təmsil etməsəydi. Üstü başı qan idi,
alnı, üzünün hər yeri o dəhşətli qızıl rənglə rənglənmişdi. Kral Prospero qonağı gördükdə
(qonaq vals oynayanların arasında geydiyi geyimin xarakterinə uyğun ağır və ciddi
addımlarla gəzirdi) əvvəlcə diksindi və iyrənən sifət aldı, sonra isə hirsindən qıpqırmızı
qızardı.
14
Yanında duran saraylılara dönərək, “Kimdir bu?” deyə bağırdı. “ Bizə bu çirkin oyunu
oynamağa kim cəsarət edə bilər? Tutun onu və maskasını çıxarın. Çıxarın ki, səhər
bürclərdən kimi asacağımızı bilək!”
Kral Prospero bu sözləri deyərkən mavi otağındaydı. Səsi bütün yeddi otaqda əks səda
verdi. Çünki kral gənc, güclü idi. Musiqi o hələ əlini yelləyərkən dayanmışdı.
Kral bir neçə solğun saraylılarla birlikdə mavi otaqda dayanmışdı. O danışanda yanındakı
saraylılar qonağa qarşı bir neçə addım atdılar.Amma onsuz da yaxında olan qonaq özü
qərarlı və ağır addımlarla krala yaxınlaşdı. Ətrafdakılarda elə dəhşətli qorxu yaratmışdı
ki, heç kəs onu tutmağa cəsarət etmədi. Və qonaq aralarında bir metr qalana qədər kral
Prosperoya yaxınlaşdı. Ətrafdakılar onların olduğu yeri boşaldaraq divarlara çəkildilər.
Qonaq ağır addımlarla mavi otaqdan bənövşəyi otağa keçdi. Ordan yaşıla, yaşıldan
narıncıya ordan da ağa və sonda qara otağa. O anda hirsdən və bir anlıq qorxaqlığın
verdiyi utancdan dəliyə dönən kral qaçaraq altı otağa keçdi. Onun arxasınca heç kim
getmədi. Hər kəs qorxudan donmuşdu. Kralın əlində xəncər vardı. O qaça – qaça qonağa
arxadan yaxınlaşdı. Onunla üz – üzə gələn anda qışqırtı eşidildi və kral əlindəki xəncərlə
birgə xalının üstünə yıxıldı. Ümidsizlikdən doğan dəhşətlə hər kəs qara otağa atıldı.
Fildişi saatın kölgəsində dimdik, tərpənmədən duran qonağı tutdular. Amma tutduqları
məzar geyiminin altında bədən olmadığını gördükdə dəhşətə gəldilər.
Beləliklə „Qızıl ölüm“ öz varlığını büruzə verdi. Bir oğru kimi girmişdi monastra. Və
qonaqlar nəşələrinin qanlı gölməçəsində yıxılır və yıxıldıqca da ölürdülər. Sonuncu
qonaq öldükdən sonra fildişi saat da canını tapşırdı. Şamdanlardakı alovlar söndü.
Qaranlıq çürümə, „Qızıl ölüm“ hamını qorxunc qoynuna aldı.
E-mənbə / link: http://bizimki.org/category/tercume
Leonardo Şaşa
15
"Mafiyalar vesterni"
İtalyan dilindən tərcümə edəni: Cəmşid Cəmşidov
XX əsr italyan ədəbiyyatında özünəməxsus yeri olan Leonardo Şaşa (1921-1989)
maraqlı esselər və gözəl hekayələr müəllifi olmaqla yanaşı, həm də mahir detektiv ustası
kimi tanınır. Yazıçının 1961-ci ildə işıq üzü görmüş "Bayquşun günü" romanı indiyədək
onun ən geniş yayılmış, ən çox satılan və xaricdə çap olunmuş ilk əsəri kimi, böyük ədəbi
uğuru sayılır. Romanda ilk dəfə olaraq italyan mafiyasının kəndlərdəki hökmranlığının
şəhərlərə sirayət etməsindən bəhs olunur. Həmin ildə L.Şaşa görkəmli həmyerlisi
L.Pirandelloya həsr olunmuş "Pirandello və Siciliya" adlı elmi-tənqidi esselər toplusunu
da çap etdirir. Daha sonra XVIII əsr Palermo tarixindən götürülmüş "Misir xartiyası"
(1964) tarixi romanı, XVIII əsrdə yaşamış bir rahibin həyatından bəhs edən "İnkvizitorun
ölümü" (1964), 1862-ci ildə Palermoda baş vermiş dövlət çevirilişini təsvir edən "Xəncər
gəzdirənlər" (1966) və artıq tam siyasiləşmiş şəhər mafiyasının fəaliyyətini açıqlayan
"Hər kəsin öz qisməti" (1966) romanları çap olunur. 1973-cü ildə L.Şaşanın "Şərab rəngli
dəniz" hekayələr toplusu, 1974-cü ildə isə məşhur "Kontekst" romanı işıq üzü görür.
Detektiv yazı texnikasından parodiya kimi istifadə edən yazıçı "Kontekst"də cərəyan
edən hadisələri uydurulmuş bir məkanda təsvir etsə də, ölkənin bilavasitə İtaliya olduğu
açıq-aydın göz qabağındadır: hakimiyyət məqsədilə aparılan prinsipsiz siyasi oyunlar,
pulla ələ alınmış manyak tərəfindan icra olunan sifarişli qətllər, satqın dövlət məmurları
və "fövqəladə mimikriya qabiliyyətinə malik olan, siyasi rejimlərin bütün
dəyişkənliklərində öz mövcudluğunu qoruyub saxlamağı bacaran məşum mafiya
təşkilatı"... 1970-80-ci illərdə yaradıclığının zirvəsində olan L.Şaşa "Nə yolla olur-olsun"
(1975), "Mayorananın yoxa çıxması" (1975), "Moronun işi" (1978), "Yaddaş teatrı"
(1981) kimi maraqlı roman və povestlərlə çıxış edir. 1989 -cu ildə, ölümündən bir qədər
əvvəl, o, son hekayəsini - "Sadə bir hekayət"i çap etdirir...
Leonardo Şaşa ziddiyyətli şəxsiyyət idi. Ötən əsrin 60-80-ci illərində İtaliyanın mürəkkəb
ictimai-siyasi həyatında fəal iştirak edən bütün yaradıcı ziyalılar kimi, o da siyasi seçim
dilemmalarından, mənəvi böhranlardan azad deyildi. Bu baxımdan, yazıçının 1979-cu
ildə çap olunmuş gündəlikləri onun bir sənətkar kimi formalaşması, şəxsi həyatı, ədəbi-
ictimai kredosu və siyasi baxışları ilə daha da yaxından tanış olmağa imkan verir. L.Şaşa
tez-tez qeyd edərdi: "Boynuma alıram ki, mənə yersiz görünməmək, münasib olmaq,
müdriklik göstərmək qabiliyyəti verilməyib, ancaq hər şey necə olubsa, necə
varsa,elədir."
Yazıçının "Şərab rəngli dəniz" kitabından götürülmüş "Mafiyalar vesterni" hekayəsini
"Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.
Tərcüməçidən
"Mafiyalar vesterni"
16
Palermo və Trapani əyalətlərinin sərhədində şəhər boyda böyük kənd. Birinci Dünya
müharibəsi gedir. Və sanki bu bəs deyilmiş kimi, kəndin öz daxilində də müharibə var:
cəbhədə şəhid olan vətəndaşlarının sayına bərabər ardıcıllıqla qurbanlar aparan qanlı bir
müharibə. İki mafiya klanı çoxdandır ki, qan düşmənidir. Orta hesabla ayda iki qətl. Hər
dəfə də bütün kənd bilir ki, luparadan açılan növbəti atəş hansı tərəfin işidir və cavab
luparanın qurbanı kim olacaq. Bunu karabinyerlər də bilir, sanki oyun gedir, bütün
qaydalarına riayət olunan bir oyun; cavanlar hakimiyyətə can atır, "qocalar" öz
mövqelərini müdafiə edirlər, birini onlardan vururlar, birini bunlardan. Ancaq başçılar
tələsmirlər: barışıq olacağını gözləyirlər. Belə olduqda isə, onlardan biri, - ya "qocaların",
ya da cavanların başçısı, - razılığa gəldikdən, barışığa qatıldıqdan sonra dərhal
"vurulacaq"; "dostluq qədəhi"ndən içəcəyi, içər-içməz, boğazında qalacaq.
Müəyyən bir məqamda rəqabət get-gedə qızışaraq, yerli başçıların səviyyəsinə çatır.
Adətən belə olduqda, onu qızışdıran tərəf münasib vaxt seçir və sülh tələb edir: onda hər
iki tərəfi danışdırmaqdan, bir araya gətirməkdən ötrü yaxın yerlərdən ağsaqqallar axışıb
gəlirlər, - cavanları başa salırlar ki, onlar hər şeyə malik ola bilməzlər, "qocaları" isə
inandırmağa çalışırlar ki, hər şeyi əldə saxlamaq da qeyri-mümkündür. Barışıqlar,
danışıqlar başlayır. Nəhayət, tərəflər birləşdikdən sonra hər iki klanın ümumi və
dinməzcə razılığı ilə başçılardan biri aradan götürülür: ya sürgün, ya istefa, ya da ölüm.
Ancaq bu dəfə belə deyil. Ağsaqqallar gəlir, klanların nümayəndələrini görüşdürürlər:
bununla belə, bütün mövcud adətlərə və bəslənilən ümidlərə baxmayaraq, qətllərin arası
kəsilmək bilmir; daha da qəddar, hətta amansız bir şəkildə. Hər iki tərəf ağsaqqalların
qarşısında bir-birini xəyanətdə ittiham edir. Camaat nə baş verdiyini anlamır.
Karabinyerlər həmçinin. Xoşbəxtlikdən, ağsaqqallar soyuqqanlı və ayıq adamlardır.
Onlar hər iki nümayəndə heyətini yenidən bir araya gətirirlər, son altı aydakı qurbanların
siyahısı tutulur və "bunu biz vurmuşuq", "bunu isə biz", "bunu biz öldürməmişik", ''bu isə
qətiyyən bizlik deyil" və s.-dən sonra belə bir sarsıdıcı nəticəyə gəlirlər ki, qətllərin üçdə
ikisində nə bu, nə də o biri mafiyanın əli var. Deməli, az qala rəsmi şəkildə mövcud olan
bu klanların aradan götürülməsinə xidmət edən hansısa üçüncü, gözəgörünməz , gizli bir
klan da mövcuddur? Bəlkə tənha bir qisasçı, bir yalquzaq, bir sərsəm manyak var ki, hər
iki tərəfin mafiozolarını qırıb-çatmağı özü üçün bir əyləncəyə çevirmişdir? Hamı başını
itirib. Karabinyerlər də həmçinin: onlar meyitləri məlum məmnuniyyət hissi ilə yığışdırıb
aparırdılarsa da, (lupara ilə qətlə yetirilən həmin o cinayətkarların meyitlərini ki,
sağlıqlarında sübutlar vasitəsilə güllə qabağına gətirmək qeyri-mümkün olardı), o vaxt
həm də fərarilərin ucbatından çəkdikləri başağrısına görə istədikləri və arzuladıqları
yalnız o idi ki, bu qardaş qırğını tezliklə qurtarıb sona yetirəydi.
Ağsaqqallar işi yoluna qoyduqdan sonra hər iki klana məsələni bitirməyi tapşırıb,
yavaşca aradan çıxırlar. Çünki nə tərəflərdən biri, nə də hər ikisi birlikdə onların
toxunulmazlığına zəmanət verə bilmir. Yerli mafiozolar öz təhqiqatlarina başlayırlar:
ancaq mənasız bir qisasın və ya sərsəm bir özbaşınalığın qurbanına çevrilmək qorxusu,
onların ucbatından namuslu insanların daima düşdüyü vəziyyətlərə indi, bir anın
içərisində özlərinin düşə bilməsi xofu onları çaşdırır və vahimələndirir. Nəhayət, onlar
başqa bir çıxış yolu tapmayaraq, öz siyasət adamlarını qısnamağa başlayırlar ki, onlar da,
öz növbələrində karabinyerləri ciddi, dəqiq və mükəmməl bir təhqiqat aparmağa
tələsdirsinlər: ancaq həm də şübhələnirlər ki, əgər karabinyerlər mafiyanın kökünü
qanuni yolla kəsə bilmirlərsə, deməli bu qəddar və mütəşəkkil insan o v u n u n
təşkilatçısı elə onlar özləridir. Əgər hökumət əhali artımının qarşısını almaqdan ötrü hər
17
dəfə ortaya bir vəba mərəzi atırsa, onda niyə də düşünməyəsən ki, mafiozoların gizli
qırğınına karabinyerlər özləri fitva verməyib?
Naməlum şəxsin və ya şəxslərin hədəfi nişan alması isə davam etməkdədir. Köhnə
mafiyanın başçısı da qətlə yetirilir. Kənddə arxayınçılıq hissi ilə yanaşı, xof da var.
Karabinyerlər bilmirlər daha hara baş vursunlar, mafiozolar - təşviş içində. Ancaq mafiya
başçısının, bütün kəndin yalançı göz yaşları ilə iştirak etdiyi dəbdəbəli dəfn
mərasimindən dərhal sonra, mafiozoların simalarindakı çaşqınlıq və qorxu hissi bir anın
içərisində yoxa çıxır. Sən demə, onlar güllələrin kim tərəfindən açıldığını biliblər və artıq
bu adamın hökmü oxunub. Başçı öləndə də başçı kimi ölür: necə olubsa, qoca canını
tapşıranda nəyəsə işarə edib, nəyisə nişan verib və mafiozolar qatilin əlamətlərini
dəqiqləşdirə biliblər. Söhbət əsla şübhə doğurmayan bir şəxsdən gedirdi: bu, ciddi,
hamının hörmət etdiyi savadlı mütəxəssis, xasiyyətcə bir qədər qaraqabaq, tənha bir insan
idi. Ancaq kənddə, - sözsüz ki, indi bunu bilən mafiozolardan başqa, - heç kim təsəvvür
də edə bilməzdi ki, o, belə uzunsürən, amansız və sərrast müharibə aparmağa qadirdir və
bu vaxta qədər elələrini o dünyaya göndərib ki, karabinyerlər onlardan hətta birini belə
iki-üç saatdan artıq içəridə saxlaya bilməzdi. Mafiozolar bu qədər illər keçdikdən sonra
onun bu adamlara olan nifrətinin belə soyuqqanlılıqla, aydın düşüncə və sərrast ölüm
hökmləri ilə bu cür alovlanmasının səbəbini də xatırlayıblar. Sözsüz, deyilməsi artıqdır
ki, bunun səbəbkarı qadın idi.
Hələ tələbə ikən, bu adam və qədimliyi bir o qədər dəqiq olmasa da, çox varlı bir ailənin
qızı bir-birlərini sevirlərmiş. Universiteti bitirdikdən sonra oğlan, sevgisinə sadiq qalaraq,
evlənməkdən ötrü qızın valideynlərinə yaxınlıq cəhdləri edir. Onu rədd edirlər: çünki
kasıb idi və kasıbçılıqla başladığından bir mütəxəssis kimi gələcəyinə inamları yox idi.
Ancaq onun qızla məktublaşması davam edir, qarşılarina çıxan çətinliklərlə birlikdə hər
ikisinin bu maneələri dəf etmək istəyi də güclənirdi. Onda qızın varlı və adlı-sanlı
qohumları m a f i y a y a müraciət edirlər. Mafiyanın başçısı, hamının qorxub-çəkindiyi
qoca mafiozo gənc mütəxəssisi yanına çağırtdırır: müxtəlif məsəllərlə, öyüd-nəsihətlə
onu istəyindən döndərməyə çalışır; bundan bir şey çıxmadığını gördükdə, keçir birbaşa
hədələrə. Oğlana yenə heç nə təsir etmir; qız isə əməlli-başlı vahiməyə düşür. Bu
qaçılmaz təhlükənin əvvəl-axır baş verəcəyi qorxusundan o, nəhayət, belə qərara gəlir ki,
sevgiləri heç bir vəchlə baş tutan deyil və öz mühitindən olan birisinə ərə gedir. Oğlan
özünə qapanır, ancaq üzüntüsünü və qəzəbini büruzə vermir. Görünür, elə həmin o
vaxtdan da düşündüyü qisası hazırlamağa başlayır.
İndi mafiya onu açıqlamışdı. O, məhkum idi. Hökmün icrasını qoca başçının oğlu öz
üzərinə götürür: bu haqqı ona atasının bitməmiş yas mərasimi və mərhumun son
vəsiyyəti verirdi. Məhkum olunmuşun bütün vərdişləri, yaşadığı yerin ətrafı, hətta evinin
içi belə təfsilatı ilə öyrənilir. Ancaq bir şey nəzərə alınmır: artıq bütün kənd başa
düşmüşdü ki, mafiozolar hər şeyi bilirlər, - onlar yenə əvvəlki həyasız davranışlarına
qayıtmışdılar və artıq o naməlum təhlükədən açıqdan-açığa qorxub-çəkinmirdilər. Bunu
hamıdan əvvəl məhkum olunmuşun özü başa düşmüşdü.
Gecələrin birində gənc qisasçı anasından son xeyir-duasını alıb evlərindən çıxır. Məhkum
olunmuşun evi uzaqda deyildi. Gənc mafiozo pusquda durub, onun evə qayıtmasını
gözləyir. Bəlkə də evdə olduğunu düşünərək, yuxuda haqlamaq məqsədi ilə içəri girməyə
cəhd edir; və ya pəncərədən boylanacağını, balkona çıxacağını güman edərək, qapısını
döyüb, çağırır, - məlum deyil. Təkcə o məlumdur ki, vurmalı olacağı şəxs onu qabaqlayır
və aldadır. Başçının arvadı, gənc qisasçının anası atəş səsi eşidir: elə düşünür ki, vendetta
baş tutub, hər dəqiqə artan üzüntülü həyəcanla oğlunun yolunu gözləyir. Nəhayət, o, baş
vermiş müdhiş həqiqəti anlayır. Evdən çıxır: bütün tədbirlərə və ehtimallara görə həmin
18
gecə vurulmalı olacaq adamın evi qarşısında öz oğlunun meyitini tapır. Onu çiyninə alıb
evə gətirir; yatağına uzadır və ertəsi gün elan edir ki, oğlu öz yatağında güllə yarasından
keçinib, - onu kim vurub, nə vaxt vurub - məlum deyil. Onu kimin vura biləcəyi barədə
isə, karabinyerlərə - bircə kəlmə də! Ancaq oğlanın dostları hər şeyi başa düşür və qisası
daha da əsaslı surətdə hazırlamağa başlayırlar.
Yay günlərindən biri sona yetərkən, hamı axşam sərinində hava almaqdan ötrü
meydandakı klub və qəhvəxanaların, mağazaların qarşısındakı stullarda özünə yer
etmişdi (İlk dəfə olaraq mafiyanın hökmündən yaxa qurtarmağı bacarmış həmin o şəxs də
əczaxananın qarşısında əyləşmişdi). Birdən kimsə avtomobilin mühərrikini işə salmağa
başladı. Dəstək fırlanır, mühərrik ona pulemyot qatarına bənzər dəmir cingiltisi və qıcırtı
ilə cavab verirdi. Səs-küy kəsiləndə isə əczaxananın qarşısındakı oturacaqların birində,
ürəyi karabin atəşi ilə parça-parça edilmiş bir nəfərin, Siciliyanin ən qəddar
mafiyalarından birinin sıralarına ölüm və dəhşət toxumu səpməyi bacarmış bir insanın
meyiti qalmışdı.
Lupara - canavar ovunda istifadə olunan lüləsi kəsik tüfəng, bu tüfəngdən açılan atəş.
Karabinyerlər - İtalyan jandarmları
Mafiozo - mafiyaçı, mafiyanın üzvü
Vendetta - qisas, qan qisası
İtalyan dilindən çevirəni: Cəmşid Cəmşidov
Dino Buttsati
19
"Kabus"
Dostları ilə paylaş: |