mühazirə harada olacaq. Və avtobus stansiyasının harda
olduğunu da bilmirəm.
-Narahat olma, taparam.
O, sürəti azaltdı, ancaq dayanmadı.
-Mən istərdim ki....
O, iki dəfə başladı və heç cürə cümləsini bitirə bilmədi. Mən onun nə istədiyini ancaq
təssəvvürümə gətirə bilərdim. - ona yol yoldaşlığı etdiyim üçün təşəkkür etmək, ümumi
tanışlara salam göndərmək və beləcə xoşagəlməz hisslərdən qurtulmaq.
-Mən istərdim ki, sən bu axşam mənimlə mühazirəyə gedəsən, - nəhayət ki, o dilləndi.
Mən çaşdım. Bəlkə o, sadəcə yolboyu maşında hökm sürən məcburi səssizliyi pozmaq
üçün vaxt qazanmağa çalışır?
-Mən çox istərdim ki, sən mənimlə gedəsən, - o, təkrar etdi.
Bəli, əlbəttə, mən - əyalət qızıyam. Əlbəttə, mənim həyatımda danışılmağa layiq olacaq
maraqlı, həyəcanverici heç nə baş verməyib. Əlbəttə, mən paytaxt xanımlarına xas olan
parıltı və lətafətdən məhrumam. Ancaq əyalət həyatı qadına təcrübə və ya eleqantlıq
verməsə də, ona ürəyinin səsini dinləməyi - ona diqqətlə qulaq asmağı və boyun əyməyi
öyrədir.
Və heç gözləmədiyim halda ürəyimin səsi mənə pıçıldadı ki, yol yoldaşım səmimidir.
Mən dərindən nəfəs aldım. Təbii ki, heç bir mühazirəyə getməyəcəm, ancaq dostumun
sanki yanıma qayıtdığını, məni öz macərasına dəvət
etdiyini, öz qorxularını və qələbə fərəhini mənimlə bölüşdüyünü duymağın özü artıq çox
sevindirici haldır.
-Dəvət üçün çox sağ ol, - mən cavab verdim. - Ancaq mənim otel üçün pulum yoxdur,
həm də məşğələlərə çatmalıyam.
-Məndə pul var. Gecəni mənimlə qalarsan. İki çarpayılı otaq istəyərik.
Mən hiss etdim ki, havanın soyuq olmasına baxmayaraq, o, tər - su içindədir. Ürəyim
həyəcan siqnalları verməyə başladı, səbəbini anlamaq isə imkanim xaricində idi. Bir neçə
dəqiqə əvvəl içimi doldurmuş sevinc tam çaşqınlıqla əvəz olundu.
Qəflətən o, maşını kəskin saxladı və düz mənim gözlərimin içinə baxdı.
Və əgər sənin gözlərinin içinə baxırlarsa, heç nəyi gizlədə, yalan danışa bilməzsən.
Və istənilən qadın - əgər hissləri tamamilə ölməyibsə - kişinin gözlərindən onun
ehtirasın əsarətində olduğunu başa düşəcək. Bu nə qədər ağlasığmaz görünsə də,
əlamətləri nə qədər yersiz və zamansız üzə çıxsa da, başa düşəcək. Elə o andaca
kürənsaçlı qızın dediyi sözlər yadıma düşdü.
Bu mümkün deyildi. Amma bu belə idi.
Heç vaxt, həyatım boyu heç vaxt ağlıma da gəlməzdi ki, o, - bu qədər ildən sonra – hələ
xatırlayır. Biz uşaq idik, biz bir yerdə böyüyürdük, biz əl - ələ verib dünyanı kəşf edirdik.
Mən onu sevirdim - əlbəttə, əgər sevginin nə olduğunu uşağın anlaması mümkünsə.
Ancaq bütün bunlar o qədər uzaqda qalmışdı ki, sanki hansısa başqa, əvvəlki həyatda,
77
hələ günahsız ürəyin dünyada yaxşı nə varsa, hər şeyə açıq olduğu zamanlarda baş
vermişdi.
İndisə biz böyümüşük və öz əməllərimiz üçün cavab verməyi öyrənmişik. Uşaq vaxtı
olanlarsa elə orada da qalıb.
Yenidən onun gözlərinə baxdım. Mən inanmaq istəmirdim, ya da bacarmırdım.
-Mənim cəmi bir mühazirəm qalıb, sonra isə Bakirə Ananın şərəfinə bayramlar
başlayacaq. Mənə dağlara getmək lazımdır, - o, davam etdi. -Mən sənə bir şey
göstərməliyəm.
Sehirli anlar haqqında danışan bu mükəmməl insan mənim qarşımda dayanmışdı - və
hər şeyi tərsinə edirdi: həm yersizcəsinə inadkar idi, həm də yetərincə bədgüman, həm
hadisələri tələsdirirdi və eyni vaxtda da hansısa qarışıq təkliflər edirdi. Onu belə görmək
mənim üçün ağır idi.
Mən maşının qapısını açdım, düşdüm, kapota söykəndim. Xeyli vaxt, demək olar ki,
boş olan prospektə baxdım. Siqaret yandırdım, düşünməyə çalışdım. Mən özümü elə
apara bilərdim ki, guya heç nə başa düşmürəm - özümü inandırardım ki, söhbət ən
məsum şeylərdən gedir, guya, doğrudan da, uşaqlıq dostu, bu təklifi öz rəfiqəsinə edib.
Bəlkə o, həddindən artıq çox səyahət edib və reallığı başqa cür qavrayır.
Bəlkə mən hər şeyi şişirdirəm.
O, maşından sıçrayıb çıxdı, çömbəlib yanımda oturdu.
-Mən çox istərdim ki, sən axşam mənimlə mühazirəyə gedəsən, - təkrar etdi. - Mümkün
deyilsə, - eybi yox, incimərəm.
Vəssalam! Yer kürəsi 360 dərəcə fırlandı və başlanğıc nöqtəyə qayıtdı. Mən hər şeyi
səhv anlamışam - budur, o, artıq təkid eləmir, məni buraxmağa hazırdır. Ehtiras əsiri
kişilər özlərini belə aparmırlar.
Mən özümü çox axmaq hiss elədim və eyni zamanda yüngüllük duydum. Bəli, mən
qala bilərəm - heç olmasa, bir günlük. Biz birlikdə şam edərdik, ola bilsin, hətta, içki içib
bir azca keflənərdik - uşaq vaxtı belə şey olmayıb. Bir neçə dəqiqə əvvəl ağlıma gələn
bütün səfeh fikirləri unutmaq üçün gözəl fürsət yaranmışdı, Madriddən bu yana bizi
buxovlayan buz qabığını qırmaq imkanı düşmüşdü.
Bir gün heç nəyi dəyişmir. Uzağı, rəfiqələrimə danışmağa sözüm olacaq.
-İkiçarpayılı nömrə, - mən zarafatyana dedim. - Şam yeməyinin hesabı da sənlikdi,
çünki mən gənc olmasam da, kasıb tələbəyəm. Pulum yoxdur.
Biz çemodanları nömrəyə qoyduq, oteldən çıxdıq, mühazirənin olacağı yerə tərəf getdik.
Hələ vaxt vardı və biz kafeyə girdik.
-Mən sənə bir şey vermək istəyirəm, - o dedi və balaca qırmızı kisəciyi mənə uzatdı. Elə
həmin dəqiqə onu açdım. İçində köhnə, paslanmış medalyon vardı: bir üzündə müqəddəs
Məryəm ananın, o birisində -İsanın ürəyinin təsviri.
-Səninkidi, - o, mənim təəccübləndiyimi görüb dedi.
Və mənim ürəyim yenə də təlaşlandı.
-Bir dəfə - onda payız idi, hava da düz indiki kimi idi, biz yəqin ki, on yaşında - filan
olardıq - sahildə oturmuşduq - böyük palıd ağacı olan yerdə. Mən bu söhbətə hazırlaşa -
hazırlaşa bir neçə həftə özlüyümdə təkrarladığım sözləri demək istəyirdim. Ancaq təzəcə
başlamışdım ki, sən medalyonunu itirdiyini qışqırıb sözümü kəsdin və onu axtarmağı
xahiş etdin.
Yadıma düşdü. Aman Allahım, mənim yadıma düşdü.
-Mən onu tapdım. Ancaq sahilə qayıdanda o qədər uzun vaxt deməyə hazırlaşdığımı
dilimə gətirməyə cəsarətim çatmadı. Və mən and içdim ki, medalyonu sənə ancaq o gün
– təxminən, iyirmi il əvvəl başladığım cümləni axıra çatdıranda verəcəm. Uzun müddət
78
onu ağlımdan çıxartmağa çalışdım, amma heç nə alınmadı. Və artıq mənim onunla
yaşamağa gücüm yoxdur.
O, fincanı yerə qoydu, siqaret yandırdı və tərpənməz baxışlarını tavana zillədi. Sonra
mənə tərəf döndü və dedi:
-Cümlə çox sadədir.
Mən səni sevirəm. Hərdən bizi kədər bürüyür və biz onun öhdəsindən gələ bilmirik.
Biz başa düşürük ki, bu günün sehirli anı keçdi, bizsə ondan istifadə etmədik. Və onda
həyat bizdən öz magiyasını, öz hünərini gizlədir.
Körpənin səsinə qulaq vermək lazımdır. O körpənin ki, nə vaxtsa sən özün olmusan və
hələ də içində bir yerlərdə yaşayır. O, həmin sehirli anların dərkinə qadirdir. Bəli, biz
körpənin ağlamasını kəsə bilərik, lakin səsini batırmaq yox.
Bu körpə mövcudluğunu davam etdirir: körpələr xoşbəxtdirlər, zira artıq rəhmət
qazanıblar.Və əgər biz yenidən doğulmağı bacarmasaq, əgər həyata nə vaxtsa
baxdığımız kimi – uşaq saflığı ilə və şövqlə baxa bilməsək, onda bizim
mövcudluğumuzun heç bir anlamı olmayacaq.
İntihar etməyin çoxlu üsulları var. O kəslər ki, cisimlərini öldürməyə cəhd göstərirlər,
Allaha qarşı çıxırlar. Lakin ruhun qətlinə cəhd edənlər də Onun qanununu pozur -
hərçənd adamlar onların bu cinayətini hesaba qatmırlar.
Sinəmizdə gəzdirdiyimiz körpənin bizə dediklərini eşidək. Utanmayaq ondan,
çəkinməyək. Onun qorxmasına yol verməyək - zira o təkdir və onun səsi, demək olar ki,
heç vaxt eşidilmir.
İzn verək - heç olmasa, azacıq - yaşamımızın ixtiyarını əlinə götürsün. O körpəyə
əyandır ki, bir gün o birindən fərqlənir.
Elə edək ki, o yenidən özünü sevimli hiss etsin. Onu sevindirək - hətta buna görə
vərdişlərimizin əksinə çıxmaq lazım gəlsə belə, hətta bu kənardan axmaqlıq təsiri
bağışlasa belə.
Yadımıza salaq ki, insanın müdrikliyi Tanrının gözündə dəlilikdir. Əgər biz ruhumuzda
yaşayan körpəyə qulaq assaq, gözlərimiz yenidən parıldayacaq. Əgər həmin körpəylə
əlaqəni itirməsək, həyatla da əlaqəmiz qırılmayacaq.
Ətrafımdakı rənglər parlaqlaşdı: səs güclənirdi və qədəhin stola dəyən dibi də bərk
cingildəyirdi.
Mühazirə sona çatan kimi bütün kampaniya - ona yaxın adam - şam eləməyə yollandı.
Hamı birdən danışırdı, mənsə gülümsəyirdim -gülümsəyirdim, çünki bu axşam tamamilə
fərqliydi. Uzun illər ərzində ilk dəfə hər şey öz - özünə baş verirdi - planlaşdırılmadan və
qayğısızcasına.
Nə böyük xoşbəxtlik! Mən Madridə getmək qərarını verəndə, bütün hərəkətlərim
kontrol altındaydı. İndi hər şey dəyişib. İndi - mən burdayam - Bilbaoda, heç vaxt
olmadığım yerdə, baxmayaraq ki, o, mənim doğma şəhərimdən üç saatlıq məsafədədir.
Mənimlə bir stol arxasında əyləşənlərdən ancaq birini tanıyıram. Lakin hamı sanki yüz
ilin tanışıyıqmış kimi müraciət edir. Özüm - özümə heyrətlənirəm - çünki danışmağı,
içməyi, əylənməyi onlardan heç də pis bacarmıram.
Mən ona görə burdayam ki, həyat qəflətən məni yaşama təhvil verib. Mən nə qorxu, nə
günah, nə utanc hiss edirəm. Onu görən kimi və onun səsini eşidən kimi haqlı olduğuna
inandım - elə anlar var ki, riskə getmək, çılğın əməllər etmək mütləq lazımdır.
«Mən nə qədər vaxtımı kitab - dəftərlə əlləşərək, fövqəlinsani səylər göstərərək boşa
sərf etmişəm - könüllü qul olmaq üçün, - mən fikirləşdim. - Mən bu işi əldə etmək üçün
niyə dəridən - qabıqdan çıxırdım ki? Bir insan, bir qadın kimi o mənə nə verə bilər?»
79
Heç nə. Yəni mən ancaq ona görə doğulmuşam ki, həyatımın qalanını dəftərxana stolu
arxasında, hakimlərə məhkəmə proseslərini aparmaqda yardımçı olmaqla keçirim?
Yəqin belə fikirlər çox içməkdən yaranır: «İşləməyən dişləməz» - axı, bunu
babalarımız hələ binayi - qədimdə deyiblər.
Bu yuxudur. Və o indicə sona çatacaq. Bəs onda niyə hələ də qurtarmır? Və ilk dəfə
ağlıma gəldi ki, onunla dağlara getməyə dəyər. Onsuz da tətil başlayır - qarşıda bütöv bir
həftə var.
- Sən onun nəyisən? - bizim stolun arxasında oturmuş gözəl qadın məndən soruşdu.
- Uşaqlıq dostuyuq, - mən cavab verdim.
- O, uşaq vaxtı da bunu bacarırdı?
- «Bunu» - yəni nəyi?
Stol arxasındakı söhbət get-gedə sönükləşirdi.
- Özün bilirsən, - o dedi. -Möcüzə yaratmağı.
- O, elə o vaxtdan yaxşı danışmağı bacarırdı, - nə dediyimi düz-əməlli anlamadan cavab
verdim.
Stol arxasındakıların hamısı gülüşdü - o da hamı ilə birlikdə. Mənsə nəyin onları bu
qədər əyləndirdiyini yenə də başa düşmədim. Ancaq şərabın təsirilə özümü azad hiss
edirdim və baş verənləri idarə etməyə ehtiyac görmürdüm.
Mən ətrafa baxdım, nə barədəsə bir-iki replika atdım və bir dəqiqədən sonra onları
unutdum. Və yenidən tətil haqqında düşünməyə başladım.
Burda oturmaq mənimçün xoş idi, maraqlı idi. Mənim təzə tanışlarım ciddi problemlərin
müzakirələri arasında yaranan fasilələrdə zarafatlaşır, məzələnirdilər və mənə elə gəlirdi
ki, dünyada baş verən hər şeyin mənə birbaşa dəxli var. Hər halda həyat, heç olmasa, bir
gecəliyə qarşımda televiziya ekranından, qəzetdən dayanmamışdı.
Hə, Saraqosa qayıdanda danışmağa sözüm olacaq. Əgər onun dəvətini qəbul etsəm,
xatirə və təəssüratlar bütün bir il üçün bəs edəcək.
«O, mənim Soriya haqqında danışdıqlarımı dinləməməkdə tamamilə haqlıydı» - mən
düşündüm və özümün özümə yazığım gəldi: neçə illərdi ki, yaddaşımın rəfində eyni
əhvalatlar yatır?!
- Bir az da iç, - və ağbaş kişi stəkanımı doldurdu.
Mən də uşaqlarıma və nəvələrimə, əslində danışacaq çox az şeyim olduğunu fikirləşib
içdim.
- Mən sənə ümid edirəm - o, yalnız mənim eşidə biləcəyim səslə dedi:
- Gedək Fransaya.
Şərab mənim dilimi açmışdı.
- Əgər bir məsələyə aydınlıq gətirsək. Ancaq o halda.
- Hansı məsələyə?
- Mühazirədən əvvəl dediklərinə. Kafedə.
- Medalyon haqqında?
- Yox, - mən var-gücümlə ayıq görünməyə çalışaraq və düz onun gözlərinin içinə
baxaraq cavab verdim. - Sənin onda mənə dediklərin haqqında.
- Yaxşı, biz sonra bu haqda danışarıq, - o, mövzunu dəyişməyə cəhd edərək dedi.
Sevgi etirafı. Onda biz danışa bilmədik, amma indi mən onu bütün məsələnin, məhz,
bundan ibarət olduğuna inandıra bilərdim.
- Əgər səninlə getməyimi istəyirsənsə, mənə qulaq asmalısan.
- Daha burda yox ki. Burda biz əylənirik.
- Sən Soriyadan çox tez getdin, - mən təslim olmurdum.- Mən səni doğma yerlərə
bağlayan yeganə bağam. Məhz, o, sənə irəli getmək üçün güc verir.
80
«Vəssalam. Heç bir sevgidən söhbət belə ola bilməz».
O, mənə səssizcə, sözümü kəsmədən qulaq asırdı. Lakin qəfildən kimsə fikrini
öyrənmək üçün onu çağırdı və bizim söhbətimiz qırıldı.
Nə isə, heç olmasa, mən hər şeyi aydınlaşdırdım, - mən öz-özümə dedim. Belə sevgi
ancaq nağıllarda olur.
Ona görə ki, real həyatda biz baş tutmayan sevgini sevgi hesab etmirik. Sevgi, yalnız
sevdiyimiz şəxsi fəht eləməyə ümid - qoy, lap cüzi
olsun - qalanda əhəmiyyət kəsb edir.
Yerdə qalanlar - fantaziyadır. Və sanki mənim fikirlərimi oxuyurmuş kimi, o, stolun o
başından mənə tərəf bərkdən dedi:
- Məhəbbətin şərəfinə içək!
O da azacıq kefli idi. Mən bu imkandan istifadə etmək qərarına gəldim.
- Məhəbbətin bəzən uşaq ağılsızlığı olduğunu anlamağa qadir müdriklərin şərəfinə.
- Müdrik elə sevdiyi üçün müdrikdir. Axmaqsa - ona görə axmaqdır ki, elə bilir,
məhəbbəti dərk etməyə qadirdir, - o cavab verdi.
Stol arxasındakılar onu eşitdilər və bir dəqiqədən sonra sevgi qızğın mübahisənin
mövzusuna çevrildi. Hər kəsin öz nəzər nöqtəsi vardı, hər kəs dişi ilə, dırnağı ilə öz
həqiqətini müdafiə edirdi və ehtirasların yatışması üçün bir neçə şüşə şərab gərək oldu.
Elə bu vaxt kiminsə yadına düşdü ki, artıq gecdir və sahibi restoranı bağlamağa
hazırlaşır.
- Sərbəst beş gün! - stolun o biri başından kimsə qışqırdı. - Sahibi siz ciddi söhbətlər
etdiyiniz üçün restoranı bağlamaq istəyir.
Hamı güldü, hamı – ondan başqa.
- Bəs, səncə, ciddi şeylər barədə harda danışmaq lazımdır?
- Kilsədə! – birinci şəxs cavab verdi.
Bu dəfə bütün restoran gülüş səsindən guruldadı.
O qalxdı. Mən fikirləşdim ki, o, indicə dava salacaq - axı biz hamımız bir on il əvvələ,
gənclik dövrünə qayıtmışdıq. O dövrə ki, dava - öpüş, həyasız sığallar, qulaq batıran
musiqi və coşğun sürətlə birlikdə – gecə yığıncaqlarının vacib elementlərindən idi.
Ancaq yox – o, sadəcə mənim əlimdən tutdu və qapıya tərəf getdi.
- Biz getməliyik, – dedi. - Artıq gecdir.
Yağış Bilbaoda da, bütün dünyada da yağışdı. Sevən kəslər tapmaq və itirmək
qabiliyyətinə sahib olmalıdır. O, onların arasında tarazlığı gözləməyi öyrənib. O, şəndir
və yol boyu zümzümə edir.
Mənim başımın içi hələ azca uğuldayır, dünyanın rəngləri hələ bozarmayıb,
sönükləşməyib, ancaq mən də tədricən tarazlığımı bərpa edirəm. Necə deyərlər, mən
situasiyaya nəzarət etməliyəm, çünki onunla getmək istəyirəm.
Və mənim üçün situasiyanı nəzarətdə saxlamaq çətin deyil, ona görə ki, artıq dəlicəsinə
sevmirəm. Kim ki, öz qəlbini ram etməyə qadirdir, ona bütün dünya baş əyəcək.
«Mən qəlbimi sərbəst buraxmaq istərdim», - deyə düşünürəm. Əgər mən ürəyimi ona
verə bilsəydim - heç olmasa bir week-endlik – yanaqlarıma düşən yağış damcılarının dadı
indi fərqli olardı. Əgər sevmək asan olsaydı, o, məni qucaqlayardı və zümzümə etdiyi
melodiyanın taktında başqa əhvalat danışardı və o, bizim əhvalatımız olardı. Əgər orada
uzaqda, bayramların arxasında, Saraqosa qayıdan yol görünməsəydi, mən istərdim ki,
meyxoşluğum heç vaxt keçməsin, onu öpmək, oxşamaq, ancaq sevgililərə məxsus sözləri
pıçıldamaq və eşitmək üçün yetərincə azad olum.
Ancaq yox. Bacarmıram.
81
İstəmirəm. O isə təklifinə «hə» deyəcəyimi hələ bilmir. Bu risk mənim nəyimə gərəkdir,
axı? Çünki, bu anda keflilik məni nəşələndirmişdi, çünki mən bir - birinə eynilə bənzəyən
günlərdən yorulmuşdum.
Lakin bu yorğunluq keçəcək. Mən də o dəqiqə Saraqosa - özüm seçdiyim və öz xoşumla
yaşadığım şəhərə qayıtmaq istəyəcəyəm. Məni məşğələlər gözləyir, müsabiqə gözləyir.
Mən nə vaxtsa rastlaşmalı olduğum (bu isə o qədər də asan olmayacaq) - ərim gözləyir.
Məni sabit və sakit, uşaqlı, nəvəli, təminatlı, təqaüdlü, illik məzuniyyətli həyat gözləyir.
Ona hansı qorxuların əzab verdiyindən xəbərsizəm, əvəzində öz qorxularımı yaxşı
tanıyıram. Və onların sayı yetərincədir -yenilərini istəmirəm.
Mən kimisə onun qədər sevməyi bacarmazdım: heç vaxt bacarmazdım.
Mən onu çox yaxşı tanıyıram - axı, biz uzun müddət yanaşı yaşamışıq:
Onun bütün zəifliklərini, qorxularını tanıyıram. Mən başqaları kimi ona valeh olmağı
bacarmaram.
Və bir də mən bilirəm ki, məhəbbət - bəndə oxşayır: əgər nazik su şırnağının keçə
biləcəyi dəlik qoysan, tezliklə onun təzyiqindən divarlar yıxılacaq, elə bir an gələcək ki,
axının qarşısında dayanmağa heç kimin
gücü çatmayacaq.
Əgər divarlar yıxılsa, məhəbbət hər şeyi zəbt edəcək və hamının üzərində hakim olacaq:
nəyin mümkün, nəyin qeyri - mümkün olması
onun vecinə deyil. Onu maraqlandırmır - sevdiyimiz şəxsi yanımızda saxlamağa
gücümüz çatacaq, ya yox. Məhəbbət idarə olunmazdır.
Yox, mən divarda dəlik qoya bilmərəm - hətta çox kiçiyini belə.
- Bir dəqiqə!
O, ani olaraq susdu. Yaş körpüdən kiminsə tələsik addımları eşidildi.
- Gedək, - o, əlimdən yapışaraq dedi.
- Dayanın! Bircə dəqiqə! - Yolçu qışqırdı. - Mən sizinlə danışmalıyam!
Ancaq o, addımlarını yeyinlətdi.
- Bizi çağırmır, - o dedi. - Otelə gedək.
Bununla belə, məhz, bizə müraciət edirdilər - küçədə başqa heç kim yox idi.
Mənim ürəyim əsdi, bir anda ayıldım. Yadıma düşdü ki, Bilbao - basklar ölkəsinin
paytaxtıdır və burda tez-tez terror aktları baş verir. Addımlar
yaxınlaşırdı.
- Gedək! - o dedi və daha da sürətlə yeridi.
Lakin artıq gec idi. Aramızda sanki yerin altından çıxmış, başdan - ayağadək yaş kişi
fiquru peyda oldu.
- Dayanın! - həmin adam təkrar etdi. - Bir dəqiqəlik! Allah xatirinə!
Mən qorxudan qaçmaq istədim, hansı möcüzəyləsə yanımızda patrul maşının
əyləclərinin zingildəməsi üçün yalvardım. Qeyri - ixtiyari ondan bərk - bərk yapışdım,
ancaq o, əllərimi itələdi.
- Yalvarıram, - yad kişi dilləndi. - Mən sizin burda olduğunuzu eşitdim. Tanrı eşqinə,
kömək edin! Mənim oğlumu xilas edin!
O ağladı və təkrar – təkrar:
- Sizə yalvarıram! Yalvarıram! - deyərək diz çökdü.
Mənim dostum dərindən nəfəs aldı, başını aşağı saldı, gözlərini yumdu. Yaranmış
səssizlikdə yağış damlalarının tappıltısı və körpünün ortasında diz çökmüş adamın necə
ağlaması eşidilirdi.
82
- Otelə get, Pilar, - nəhayət, dostum dilləndi - Uzan, yat. Mən ancaq səhərə yaxın
qayıdacam.
***
Məhəbbət - başdan-başa hiylə və tələdən ibarətdir. O, öz gəlişi haqqında xəbər vermək
istəyəndə, ancaq işığını göstərir, işığın yaratdığı kölgələri isə - gizlədir.
- Bir ətrafa bax, - o dedi. - Gəl diz çökək, yerin ürəyinin necə döyündüyünə qulaq asaq.
- İndi yox, - mən cavab verdim. - Mən jaketimi çirkləndirə bilmərəm. Ondan bir dənədir.
Biz zeytun ağacları ilə örtülü təpələrlə gedirik. Bilbaodakı dünənki yağışdan sonra
günəşli səhər yuxuya bənzəyirdi. Mənim qara eynəyim yox idi - ümumiyyətlə, özümlə
heç nə götürməmişdim, çünki elə həmin gün Saraqosa qayıtmağa hazırlaşırdım. Gecə
ondan götürdüyüm köynəkdə yatmalı oldum, otelimizin yanındakı kiçik dükandan özümə
mayka aldım, yuduğum - bir gün əvvəl geyindiyim quruyana qədər dəyişək kimi nə isə
olsun deyə.
- Məni hər gün eyni paltarda görmək, yəqin səni bezdirib, - bu adi söhbətin məni
gerçəkliyə qaytarmasını istədiyim üçün zarafatyana dedim.
- Mən xoşbəxtəm, çünki sən – burdasan.
Medalyonu mənə qaytardığı andan etibarən o, mənə daha sevgisi haqqında danışmır.
Lakin şəndir və özünü 18 yaşlı gənc kimi aparır.Və indi mülayim səhərin şəfəqlərinə
bürünmüş halda yanımda addımlayır.
- Sənin orada nə işin var? – mən üfüqü gizlədən Pireneyin qollarını göstərib soruşdum.
- Dağların o biri üzü –Fransadır, – o, təbəssümlə cavab verdi.
- Mən məktəbdə coğrafiyanı oxumuşam. Bilmək istəyirəm, niyə ora gedirik və orda nə
edəcəyik?
- Niyə? Ona görə ki, mən sənə bir ev göstərmək istəyirəm. Ola bilsin, o səni
maraqlandırdı.
- Əgər sən əmlak satan agent olmaq qərarına gəlmisənsə, məni yadından çıxart. Mənim
pulum yoxdu.
Mənimçün fərqi yox idi – Navarraya gedirik, ya Fransaya. Təki bayramda Saraqosa
geri dönməyim.
«Hə, necədir? – ağlım ürəyimdən soruşdu. – Onun təklifini qəbul etdiyin üçün
məmnunsan. Sən dəyişmisən və özün bunu hiss edirsən».
Yox, bir qram da dəyişməmişəm. Sadəcə bir az dincəlmişəm.
- Bir daşlara bax.
Doğrudan da, çaydaşı kimi sığallı, hamardırlar, amma burda, Navarranın
düzənliklərində heç vaxt dəniz olmayıb.
-Onları kəndlilərin, ziyarətçilərin, macəra axtaranların dabanları cilalayıb, - o dedi. –
Daşlar dəyişib, lakin yolçular da həminki deyil.
- Bildiklərinin hamısını sənə səyahətlər öyrədib?
- Yox.Vəhyin möcüzələri.
Mən onun nəyi nəzərdə tutduğunu başa düşmədim və dərinə getməməyə üstünlük
verdim. Mən günəşə, düzlərə, üfüqdəki sıra dağlara necə qarışdığımı hiss edirdim.
- Biz hara gedirik? – mən soruşdum.
- Hələ ki, heç hara. Biz sadəcə səhərdən, günəşdən, gözəl mənzərədən, həzz alırıq. Hələ
qarşıda bizi maşınla uzun yol gözləyir, – o deyir və ani tərəddüddən sonra əlavə edir. –
Sən medalyonu gizlətdin?
83
- Gizlətdim, – mən cavab verirəm və addımlarımı yeyinlədirəm. Bu səhərin sərbəstliyini
və sevincini korlamamaq üçün bu haqda danışmaq istəmirəm.
Qabaqda şəhərcik peyda olur. Orta əsrlər üçün xarakterik olaraq o, təpənin
zirvəsindədir və mən aralıda onun kilsə zəngini və qəsrin xarabalığını görürəm.
- Gəl, ora gedək, – mən xahiş edirəm.
O, tərəddüd edir, ancaq sonra razılaşır. Yolda sovməə ilə (kişik kilsə) rastlaşırıq və mən
ora girmək istəyirəm. Mən dua edə bilmirəm, ancaq kilsənin sükutu məni həmişə
sakitləşdirir.
«Özünü günahlandırma, sənin heç bir günahın yoxdur, - mən özümə deyirəm. – Əgər o
sevirsə, bu onun öz işidir».
O, medalyonu soruşdu. Mən bilirəm – o gözləyirdi ki, biz yenidən kafedəki köhnə
söhbətə qayıdacağıq. Gözləyirdi – həm də istədiyini eşitməyəcəyindən qorxurdu. Bax, elə
Dostları ilə paylaş: |