158
"Muzdlu tərəfdaşlar"
İngiliscədən çevirəni: Camal Zeynalov
Bar adamla dolu idi. Səndi Veskotun qarşısında iki kokteyli qoyul-muşdu. O, saatına
baxdı, özündə aclıq hiss etdi. O, şam yeməyini saat onun yarısında yeməyi tapşırmışdı.
İndi isə saat ona qalırdı. Yeva Baret həmişə gecikirdi. Və o bunu da bilirdi ki, saat on
birin yarısından əvvəl yemək üçün heç bir şey tapmaq olmayacaqdı. Bu vaxt başqa bir
adam bara daxil oldu. Səndi onu salamladı.
- Salam, Kotman. Bir şey içəcəksinizmi?
- Məmnuniyyətlə, cənab.
Kotman təxminən otuz yaşlı, səmimi baxışlı bir adam idi. O, görkəmindən gənc bir
oğlana oxşayırdı. Onun dolu bədəni, qara saçı və iri qara gözləri var idi.
- Stella necədir? - Səndi soruşdu.
- Yaxşıdır. Səhnəyə çıxmazdan əvvəl dincəlməyi xoşlayır. Bu onun əsəblərini
sakitləşdirir.
- Mən bu təhlükəli işi min paunda edərdim.
- Bəli, belə bir yüksəklikdən iki metr dərinliyi olan suya tullanmağa heç kəs cəsarət
edə bilməz.
- Bu mənim əvvəl gördüyüm oyunlardan daha təhlükəlidir.
Kotman gülümsədi. O, Səndinin sonuncu sözlərini bir kompliment kimi qəbul etdi.
Stella onun arvadı idi. Əlbəttə, o, həyatını təhlükəyə ataraq bu qorxulu oyunu tamaşaçılar
qarşısında edirdi. Hündür bir yerdən alovlu suya tullanmaq adamlara daha artıq zövq
verirdi. Stella iyirmi metr hündürlükdən aşağıdakı ikimetrlik dərinliyi olan suya
tullanırdı. O, tullanmazdan əvvəl suyun üzərinə benzin tökürdülər və məşəl ilə suyun
üzərindəki benzini alovlandırırdılar. Bu, çox qorxulu oyun idi.
Bu vaxt Yeva Baret başqa qonaqları ilə gəldilər. O, çox varlı bir amerikan qadını idi.
Onun stolunda həmişə çoxlu qonaqlar olurdu. Adətən, onlar yeməkdən sonra kart
oynayırdılar.
- Pako, yaxşı bir stol hazırla - deyə Yeva Baret baş xidmətçiyə tapşırdı.
- Ən yaxşı stolu - deyə baş xidmətçinin qara gözlərində ona qarşı valehedici bir ifadə
duyuldu.
- Siz heç Stellanı görmüsünüz?
159
- Əlbəttə. Üç dəfə. Mən indiyə kimi belə qorxulu oyun görməmişdim. Mən onun
ölümünü görmək istəyirəm. Əlbəttə, o bu gecələrin birində öləcək və mən bunu öz
gözlərimlə görəcəyəm.
Pako güldü.
- İndi o, elə müvəffəqiyyət qazanmışdır ki, gərək bunu gələn aya kimi qoruyub
saxlayaq. Avqustun axırına kimi o, özünü öldürməsin, bundan sonra nə edir etsin.
Orkestr çalır, keflənmiş ağalar və xanımlar rəqs edirdilər. Musiqi dayanan kimi baş
xidmətçi nəzakətlə Yeva Baretin qonaqlarını onlar üçün ayrıca düzəldilmiş stola dəvət
etdi.
- Biz Stellanı buradan daha yaxşı görəcəyik.
- Mən hovuza yaxın oturmaq istəyirəm. Buradan onun üzünü daha aydın görə
biləcəyəm.
- O, çox gözəldir? - deyə stol arxasında oturmuş xanımlardan biri soruşdu.
- O qədər də yox. Gözləri cazibəlidir. Stella hər dəfə bu səhnəni göstərəndə
öləcəyindən qorxur.
- Mən buna inanmıram. Bu, sadəcə olaraq, bir oyundur. Burada risk ediləsi heç bir
şey yoxdur.
- Sən nə haqqında danışdığını bilmirsən. Belə bir hündürlükdən dayaz suya tullanmaq
və ani olaraq suya çatanda cəld bir hərəkətlə dönüb suya baş vurmaq, bu, siz
düşündüyünüz qədər də asan iş deyildir. Əgər o bu hərəkətlə
kiçicik bir səhvə yol versə, onda onun kürəyi və başı hovuzun kənarına dəyib
parçalana bilər.
- Əgər bu risk deyildirsə, onda burada heç bir şey yoxdur. Bu iş dəqiqədən asılıdır.
Əgər o öz həyatına risk etmirsə, deməli, bu, müasir zaman üçün ən böyük möcüzədir.
Səhnənin sol tərəfində, sütunların arxasında çox hündür bir nərdivan var idi. Bir
azdan musiqi dayandı, işıqlar söndü. Projektor hovuzu işıqlandırdı. Bu vaxt Kotman
göründü. O, hovuzun yanındakı nərdivana yaxınlaşdı.
- Ağalar və xanımlar - o, yüksək səslə dedi. - Siz indi əsrin gözəl üzgüçüsünü
görəcəksiniz. Madam Stella dünyada ən məşhur üzgüçüdür. O, iyirmi metr hündürlükdən
iki metr dərinliyi olan, alovla şölələnən suya tullanır. Bu indiyə qədər görünməmiş
möcüzədir. Madam Stella bunu edə biləcək hər hansı bir adama yüz funt sterlinq verməyə
hazırdır. Ağalar və xanımlar, indi mən sizə madam Stellanı təqdim edirəm.
160
Bu zaman nərdivanın yanında kiçik bir fiqur göründü. O, hovuza tərəf getdi və ona əl
çalanlara baş əydi. Stella əyninə ipək xalat, başına isə üzgüçü papağı geymişdi. Hamı ona
diqqətlə baxırdı. - Gözəl deyil, - Yeva Baretin stolunda oturan xanımlardan biri dedi.
- Yaxşı fiqurası vardır. Siz görəcəksiniz - Yeva Baret xanımlara dedi.
Stella xalatını çıxarıb Kotmana verdi. Kotman aşağı düşdü. Stella bir anlığa dayandı
və adamlara baxdı. Onlar qaranlıqda olduğundan Stella onların yalnız ağ sifətlərini görə
bildi. Onun bədəninə görə uzun ayaqları görkəminə xüsusi gözəllik verirdi.
Stella nərdivana çıxmağa başladı. Hündürlük bu dəfə çox idi. Onun köməkçisi suya
benzin tökməyə başladı. Kotmana yanan məşəl verildi. O, nərdivanın qurtaracağındakı
kiçik platformada dayanmış Stellaya baxdı.
- Hazırsanmı? - Kotman qışqırdı.
- Bəli.
- Tullan! - deyə Kotman bu dəfə bərkdən qışqırdı.
O, qışqıran kimi əlindəki məşəl ilə suyu odladı. Dəhşətli alov göyə qalxdı. Bu vaxt
Stella tullandı. O, göydən elə bil parlaq bir ulduz kimi alovun içərisinə düşdü. Bir azdan
Stella suyun üzündə göründü. Alqış sədaları ucaldı. Kotman xalatı dərhal onun çiyninə
atdı. Stella tamaşaçılar qarşısında baş əydi. Sonra o, stolların arasından keçərək paltar
geyilən otağa getdi. Yenidən musiqi başladı. İşıqlar yandı, xidmətçilər stollarda
əyləşənlərə cürbəcür yeməklər gətirməyə başladılar.
- Əla, - deyə bir ingilis həyəcanını gizlədə bilmədi.
- Bu möcüzədir - deyə qoca hərbçi adam heç bir şeyə inanmayanlara tərəf döndü.
Səhnədən sonra Stella öz əri ilə barda oturmuşdu. Bu vaxt baş xidmətçi Kotmana
yaxınlaşdı:
- Cənab Kotman, müdir sizi axtarır. O sizi görmək istəyir.
- Haradadır?
- Buralarda olar.
- Əlimdəki pivəni içib gəlirəm.
Sonra Kotman Stellaya tərəf döndü.
- Stella, burada qalmaq istəyirsən, yoxsa otağa keçmək istəyirsən?
Stella cavab vermədi. O ağlayırdı. Onun solğun yanaqlarından göz yaşı axırdı.
161
- Sənə nə olub, əzizim?
- Sid, bu gecə mən bunu təkrar etməyəcəyəm - deyə Stella hönkürdü.
- Axı niyə?
- Qorxuram.
Sid Kotman onu ovundurmaq üçün əlini öz əlinə aldı.
- Bilirəm, sən bu dəfə əvvəlkindən daha yaxşı tullanacaqsan. Sən dünyada ən cəsur
qadınsan. Bir az iç, bu sənin üçün yaxşı olar.
- Xeyr, bu mənim əhvalımı daha da pisləşdirir.
- Sən öz tamaşaçılarını intizarda qoya bilməzsən, bunu özün yaxşı bilirsən.
- Sən bunlarımı deyirsən, bu donuz əti yeyənləri. Onlar nə qədər istəyir yeyir, içir,
daha başa düşmürlər ki, mən hər dəfə öz həyatımı təhlükəyə atıram.
- Əlbəttə, onlar səni görmək üçün xeyli pul xərcləyirlər - Kotman yavaşca dedi. -
Əgər bu gecə qorxub bunu yenidən təkrar etməsən, sabah bizim üçün yaxşı olmaz.
- Xeyr, bu olmayacaq, əsas məsələ budur ki, ikinci dəfə tullanmaq mənim üçün ölüm
deməkdir. Çox ləngidin, əzizim. Cənab Espinelə de ki, bu axşam tamaşa ikinci dəfə
göstərilməyəcək, çünki nədənsə əsəblərimi bu gün cilovlaya bilmirəm.
- O bununla heç vaxt razılaşmayacaq, çünki adamların əksəriyyəti səni görmək üçün
şam yeməyinə gəlirlər.
- Axı bacarmaram!
Kotman bir anlığa susdu. Stellanın kiçik solğun sifətindən yenidən göz yaşı damlaları
göründü. O, başa düşürdü ki, Stella onu necə sevir.
- İndi mən getməliyəm, əzizim. Espinel məni görmək istəyir.
- Nə barədə?
- Bilmirəm. Mən ona deyəcəyəm ki, sən hər gecə yalnız bir dəfə bu səhnəni göstərə
bilərsən. Görək, o buna nə deyəcək. Məni burada gözləyirsən?
- Yox, öz otağıma gedirəm.
On dəqiqədən sonra Stella otaqda tənha dayanmışdı. O, indi şən görünürdü.
162
- Əzizim, mən sənin üçün şad bir xəbər gətirmişəm. Onlar gələn aydan bizim
pulumuzu iki qat artıracaqlar - deyə Kotman sevincək halda otağa daxil oldu.
O, Stellaya yaxınlaşıb öpmək istədi, amma Stella onu kənara itələdi.
- Bu axşam mən yenə də tullanmalıyam?
- Mən qorxuram, amma sən tullanmalısan. Bunun üçün onlar bizə ikiqat pul
verəcəklər.
Stella yenidən ağlamağa başladı.
- Bacarmaram Sid, bacarmaram. Mən özümü öldürəcəyəm.
Bu vaxt Kotmanın da gözləri yaşla doldu. Bu göz yaşları onun Stellaya qarşı olan
hədsiz məhəbbət rəmzi idi.
- Əzizim, sən bilirsən bu nə deməkdir, yenə də köhnə həyat! - deyə Kotman Stellaya
toxtaqlıq verdi.
- Hər şey bundan yaxşıdır.
Köhnə həyat! Hər ikisi bunu xatırladı. Sid on səkkiz yaşından başlayaraq rəqslə
məşğul olurdu. Onun xarici görkəmi gözəl göründüyündən, hətta orta və yaşlı qadınlar da
pul verib onunla rəqs edirdilər. O öz işindən razı idi. O zaman bu, pis həyat deyildi, yaxşı
da gəliri olurdu. Mehmanxanada iki və ya üç adam bir otaqda yaşayırdılar, çünki o
zamanlar mehmanxanalarda kirayə haqqı çox ucuz idi. Onlar istədikləri vaxt yerdən
dururdular. Günorta yeməyini kafedə edirdilər. Sonra saat beşə kimi sərbəst vaxtları
olurdu. Axşam onlar restorana gedir, yaxşıca şam edirdilər. Yenidən rəqs başlayırdı.
Hər gün əlli və ya yüz frank qazanmaq olurdu. O günlərə gün çatmazdı, çünki onda
hamıda pul var idi. Sonra iqtisadi böhran başladı. Hər şey dəyişdi. Mehmanxanalar
boşaldı, müştərilər daha rəqs edənlərə pul xərcləmək istəmə-dilər. Sidin qazandığı pulları
günü-gündən azaldı və nəhayət tükəndi. Paltarların, ayaqqabıların qiymətləri artdı.
Belə bir zamanda Sid Kotman Stella ilə Fransada, dəniz sahilində rastlaşdı. O, çox
gözəl üzürdü. Stella avstraliyalı idi. O, gözəl üzgüçü idi. Kotman onu hər səhər dəniz
kənarında görürdü. Bir axşam Stella mehmanxanada rəqs edirdi. Onların ilk məhəbbət
macərası da buradan başladı. Fəslin sonunda onlar evləndilər.
Bu vaxtlar onlar üçün ağır keçirdi. Onların hər ikisinin mehmanxanada yaşamaları
onlar üçün asan olmadı. Onlar bütün şeylərini satdılar. Nəhayət, onlar Niçsiya gəlib
marafon rəqsinə daxil olmağa məcbur oldular. Onlar gündə iyirmi dörd saat rəqs
edirdilər. Hər saatdan bir on beş dəqiqəlik istirahət olurdu. Bu dəhşət idi.
On birinci gün Stellanın ürəyi getdi. Sonra Sid başqa bir tərəf müqabili ilə rəqsi
davam etdirdi. Ancaq sonra Sidin xəyalına bir fikir gəldi. Stella ona həmişə deyirdi ki, o,
kiçik suya hündür yerdən tullana bilir. Bu, əsil mözücə idi. Bir dəfə Sid yolda benzinin
163
alovlandığını gördü. Bu zaman o öz əvvəlki fikrini tamamladı. Alovlu suya tullanmaq -
bu, adamların xoşuna gələcək yeganə mözücədir.
O bu haqda Stellaya danışdı və Stella da bu fikri bəyəndi. Kotman dostuna ləvazimat
almaq üçün pul lazım olduğunu yazdı.
Sidin dostu Parisdə sirkdə onlar üçün bir nömrə yaratmaq üçün sirk müdiri ilə
müqavilə bağlayır. Bu nömrə böyük müvəffəqiyyət qazanır. Sonra onlar dəniz
kənarındakı bu barla müqavilə bağladılar. Onlar burada yaxşı pul qazanırdılar. Əlbəttə,
qara gün üçün.
Belə bir vaxtda, müvəffəqiyyətin yüksək zirvəsində Stella bunu birdən dayandırmaq
istəyirdi. Kotman ona daha heç bir söz demək istəmirdi, çünki onu çox sevirdi. O,
Stellanı heç vaxt qəmgin görmək istəmirdi.
- Əzizim, sən bilirsən bu nə deməkdir. Bir az yığdığımız o pulu da xərcləsək, acından
ölə bilərik. Özün bilirsən ki, burada başqa iş tapmaq qeyri-mümkündür.
Stella gözlərinin yaşını sildi və Sidə baxdı:
- Bu nədir, əzizim?
O, ayağa qalxdı və paltar şkafına tərəf getdi.
- İndi mənim üçün hazırlaşmaq vaxtıdır. Bəli, mən tamaşaçılarımı intizarda
qoymamalıyam! - deyə o hıçqırdı.
164
Esselər
Mişel Monten
1533-cü ilin 23 fevralında Fransada anadan olan Monten dünya ədəbiyyatına esseist
kimi daxil olmuşdur və o, bu janrın yaradıcısı sayılır. O Fransada şəhər parlamentində
çalışıb, bu illərdə Monten ən yaxın dostunu itirir, ömrünün sonuna qədər onu ağrı ilə
xatırlayır. 1565-ci ildə evlənir. Altı uşağından ancaq biri yaşayır. 1568-ci ildə atası ölür
və ailənin bütün maddi və mənəvi məsuliyyəti onun üzərinə düşür. Fransada davam edən
katoliklər və provoslavlar arasındakı dini düşmənçilik münasibətlərində vasitəçilik edir.
Böyrək xəstəliyinə tutularaq 1580-ci ildə tutduğu vəzifədən uzaqlaşır, Avropaya səyahətə
çıxır. Səyahət vaxtı “Yol qeydləri”ni yazır. Romada olarkən onu şəhər bələdiyyəsinin
başçısı seçirlər və o məcburən geri qayıdıb işləmək məcburiyyətində qalır. IV Henri
hakimiyyətə gələndən sonra onu məsləhətçi olmağa dəvət edir, Monten isə bu dəvəti
kübarcasına rədd edir. Bundan sonra 1592-ci ilə qədər, yəni ölümünədək bütün ömrünü
esselərə bağlayır. Montenə görə insanın ən vacib vəzifəsi birinci insan olmağı
öyrənməkdir.
Esselər
Zalımlıq haqqında
Fikrimcə, fəzilət daxili aləmimizdə olan bəsit xeyirxahlıq meyillərindən fərqli olaraq
daha ali bir şeydir. Doğuluşundan xeyirxah, ağıllı olan ruhlar eyni addımlarla yeriyirlər
və davranışlarında fəzilətli bir ruhu təmsil edirlər. Ancaq fəzilət özünü rahatca ağlın yolu
ilə getməyə kifayətlənməkdən daha böyük, daha təsirli bir səy tələb edir. Yumşaq və
üzüyola xarakterli insanlara qarşı edilən hərəkətləri düzgün başa düşmək üçün bu
xeyirxah və yerində bir hərəkətdir. Daha yaxşısı isə odur ki, sizə qarşı edilən hər hansı bir
hərəkət sizi çox yaralayanda intiqam arzusu ilə yaşamaq əvəzinə, ağlın silahlarından
istifadə etmək və çətin bir döyüşdən sonra uğur qazanmaqdır. İlk halda xeyirxah iş
görmüş, ikinci halda isə fəzilətli iş görmüş olursunuz. Birinci davranış, “xeyirxahlıq”,
ikincisi isə “fəzilətdir”. Bəlkə də, buna görə Allahın xeyirxah, güclü, comərd və adil
olduğunu deyirik, amma fəzilətli demirik. Çünki o gördüyü işi səy sərf etmədən edir.
Niyyətimiz hərəkətimizi aydınlaşdırır
Deyirlər ki, ölüm bizi bütün çətinliklərdən xilas edir. Amma mən başqa cür insanlar da
görmüşəm. Öz imkanlarımızın və gücümüzün xaricində olan şeylər üçün and
içməməliyik. Çünki hadisələr həmişə bizimlə bağlı deyil və həqiqi mənada əlimizdə olan
yeganə şey istəməkdir: İnsanın vəzifələri ilə əlaqəli bütün qaydalar mütləq istəklə
reallaşır.
165
Başqalarına aid malları əlində saxlayan və bunu dərk edərək vicdan əzabı çəkdiyi üçün
vəsiyyəti ilə ölümdən sonra bu mallardan qurtulmaq istəyən bir neçə insan tanımışam. Bu
qədər vacib bir şeyin sonraya saxlanılmasının, xətalarını bu qədər az bir peşmanlıq hissi
və zərərlə ödəmək istəməklərinin heç bir mənası yoxdur. Daha artığını verməlidirlər. Bu
nə qədər cansıxıcı və narahatlıq yaradan bir şey olsa da, bir o qədər də yüksək
qiymətləndirilərək tərifə layiq olurlar.
Bu adamlar, həyatı boyunca gizlədikləri nifrəti etiraf etmək üçün son nəfəsi gözləyən
insanlar, günahlandırdıqları adamın özünü kinlə xatırlamasına nail olaraq artıq qürurlarını
heç düşünmədiklərini açıqca göstərirlər. Pis mühakimələrini özləri ilə birlikdə öldürmək
əvəzinə, kinlərini özlərindən sonraya saxlayaraq ölümə hörmətsizlik edirlər.
Əgər edə bilsəydim, həyatımın açıq şəkildə demədiyi bir şeyi ölümümün də
deməməyini istəyərdim.
Tərcümə edən: Fərid
http://medeniyyet.az
166
Xorxe Luis Borxes
“Ölümsüzlük”
Tərcümə edən: Vilayət Quliyev
Sesiliya İnxenyerosa ithaf olunur
Solomon saith: „There is no new thing upon the earth”. So that as Plato had an
imagination „that all knowledge was but remembrance”: so Solomon giveth his
sentence, „that all novelity is but oblivion”.
Francis Bacon, „Essays”, LVIII*
1929-cu ilin iyun ayinda əslən İzmirdən olan əntiqfüruş Jozef Kartafil Londonda
knyaginya Lüsenjə Aleksandr Popun „İliada” əsərinin (1715-1720) kiçik formatlı altı
cildliyini göstərmişdi. Knyaginya tərəddüd etmədən kitabları almışdı. Bu zaman
əntiqfüruşla aralarında qısa söhbət də olmuşdu. Sonralar knyaginya xatırlayırdı ki, ona
qədim kitabları satan adam tamam qocalıb əldən düşmüşdü; sifəti cadarlanmış torpağı
xatırladırdı. Boz gözləri və bomboz saqqalı vardı. Üzü qətiyyən yaddaqalan deyildi.
Yozef Kartafil bir neçə dildə eyni dərəcədə asanlıqla və eyni səhvlərlə danışmağı
bacarırdı. Çox da uzun çəkməyən ünsiyyət zamanı o, ingilis dilindən fransızcaya, sonra
Salonikidə danışılan ispan dilinə keçmiş, axırda isə söhbəti Makao adasında istifadə
olunan Portuqal dilində davam etdirmişdi. Oktyabr ayında knyaginya „Zevs” gəmisinin
bir sərnişinindən Kartafilin İzmirə qayıdarkən öldüyünü və İos adasında dəfn edildiyini
eşitmişdi. Aşağıda verdiyimiz mətn isə „İliada”nın son cildinə yazılmışdı.
Orijinal ingilis dilində qələmə alınmışdı və orada çoxlu latın sözləri vardı. Mətnin
tərcüməsini olduğu kimi təqdim edirik.
I
Yaddaşım məni aldatmırsa, hər şey imperator Diokletionun hakimiyyəti dövründə,
Yüzqapılı Fivdə, Hekatomfilos bağlarının birində başlanmışdı. Həmin ərəfədə mən
yenicə başa çatmış Misir müharibələrində uğursuz döyüşdən çıxmışdım. Qırmızı dənizin
sahilində, Berenikadakı legionlardan birinin tribunu idim. Savaşa can atan, adlarını
qılıncla tarixə yazmaq istəyən legioner yoldaşlarımın çoxu qızdırma və şər ruhların
fitnələri nəticəsində həlak olmuşdu. Mavritaniyalılar məğlub edilmişdilər. Əvvəllər
üsyankar şəhərlərin nəzarətində olan ərazilər həmişəlik Plutonun əlinə keçmişdi.
Yenilmiş İskəndəriyyə əbəs yerə Sezardan mərhəmət umurdu. Yenidən qələbə çalmaq
üçün legionlara yarım ildən də az vaxt lazım oldu.
__________________
167
*Solomon dedi: „ Yer üzündə heç nə yeni deyil”. Platon isə onun fikrini tamamladı:
„Yeni olan hər şey sadəcə bir xatirədir”. Ona görə də yeni sayılan hər şeyin yaxşı
unudulmuş köhnə olması haqqındakı müdrik fikir Solomona məxsusdur. Frensis Bekon.
„Təcrübələr”. LVIII (ing.)
Özümə gəldikdə isə müharibə allahı Marsın üzünə ötəri baxa bildim. O, şəfqətini məndən
əsirgədi. Heç bir uğur qazana bilmədim. Bəlkə elə bu səbəbdən də dərd əlindən başımı
götürüb ucu-bucağı görünməyən qorxunc səhralardan keçdim və mübhəm Ölümsüzlər
Şəhərini axtarmağa yollandım.
Hər şey, dediyim kimi, Fivdəki bağda başlanmışdı. Həmin gecə nədənsə yuxuya gedə
bilmədim. Səhərə qədər ürəyim narahalıqla döyünürdü. Dan söküləndə ayağa qalxdım.
Kölələrim hələ yatırdılar. Ay ətrafdakı intəhasız qum səhraları rəngində idi. Şərq tərəfdən
qan içində yorğun bir süvarinin mənə tərəf çapdığını gördüm. O, bir neçə addımlığımda
ölü kimi atdan yerə yıxıldı. Latın dilində yalvarış dolu zəif səslə suları şəhər divarlarının
dibini yalayan çayın adını soruşdu. Misir çayı olduğunu və yağış sularından əmələ
gəldiyini dedim. „Mən başqa çay axtarıram, insanın həyatından ölümü yuyub aparan
çay”-deyə naməlum yolçu kədərlə pıçıldadı. Onun sinəsindən tünd rəngə çalan qan
axırdı. Atlı Qanqın o biri sahilindəki dağlardan gəldiyini dedi. O dağların sakinləri
inanırmışlar ki, Yer kürəsinin qərb qurtaracağına qədər gedib çıxa bilsən suyu insana
ölümsüzlük bəxş edən çayı tapmaq mümkündür. Atlı sonra əlavə etdi ki, orada başdan-
başa amfiteatr və qüllələrdən ibarət Ölməzlər Şəhəri yerləşir. Sübh şəfəqləri söküləndə o,
canını tapşırdı. Mən isə nəyin bahasına olursa-olsun həmin çayı və şəhəri axtarmaq
qərarına gəldim. Cəlladın sorğu-sualı nəticəsində naməlum atlının sözlərinin həqiqiliyini
təsdiqləyən əsir mavritaniyalılar tapıldı. Kimsə dünyanın qurtaracağındakı Yelisey
vadisində adamların hədddən artıq uzun ömür sürdüklərini xatırladı. Bəziləri ətəklərindən
Paktol çayının mənsəbini götürdüyü zirvələrdə yüz illərlə yaşayan insanların olduğunu
yada saldı. Romada filosoflarla söhbət elədim. Onlar insanın ömrünü uzatmağın əslində
hər kəsin əcələ can verməsini dönə-dönə təkrarlamaq olduğunu xatırlatdılar. Uzun ömür
yaşayan insan ölümlə də dəfələrlə üz-üzə gəlməli olur. Ölməzlər Şəhərinin
mövcudluğuna inanıb-inanmadığımı özüm də bilmirdim. O zaman varlığıma hər şeydən
çox bu şəhəri axtarıb tapmaq fikri hakim kəsilmişdi. Getulidəki prokonsul Flavi yardım
əli uzatdı, ixtiyarıma iki yüz nəfər əsgər verdi. Özümlə muzdlular da götürdüm. Onlar
yolu yaxşı tanıdıqlarını deyirdilər. Amma çətinlik üzə çıxan kimi qaçıb dağılışmağa
başladılar.
Az sonra baş verən hadisələr səfərin ilk günləri ilə bağlı xoş xatirələrimizi yerlə yeksan
etdi. Arsinoydan çıxan kimi qumlu səhraya düşdük. İlan əti yeyən və hələ insan kimi
danışmağı bacarmayan troqloditlərin, qadınları ümumi, qidaları isə şir əti olan
qaramantların, Tartara sitayiş edən avqillərin torpaqlarından keçdik. Qumları qapqara
rəngə çalan, gündüzün dəhşətli istisindən qorunmaq üçün yalnız gecələr yol gedilən digər
səhraları da adladıq. Uzaqda dəniz-okeana adı verilən dağı gördük. Onun yamacları
zəhərin təsirini öldürən moloçay adlı bitki ilə örtülmüşdü, zirvəsində isə həyatlarını
şəhvətə vermiş kobud və amansız satirlər yaşayırdılar. Ecazkar şəhərin belə əcaib
varlıqların məskunlaşdığı torpaqlarda olması heç birimizə inandırıcı görünmürdü.
Çətinliklərə baxmadan yolumuzu davam etdirirdik. Artıq geri çəkilmək şərəfsizlik olardı.
Bəziləri ağılsızcasına üzlərini aya tərəf çevirərək yatırdılar. Bu da onlara həyatları
bahasına başa gəldi-qızdırma canlarını aldı. Bəziləri özümüzlə götürdüyümüz, amma
artıq iylənmiş, üfunət iyi verən suyu içməklə ağıllarını itirib ölümlərini tapdılar.
Dəstəmdəki əsgərlər ilk vaxtlar gecə ilə qaçıb aradan çıxırdılar. Sonra qiyam qaldırmağa
168
başladılar. Üzümə ağ olanları cəzalandırarkən ən amansız üsullardan da çəkinmir və
tərəddüdsüz yoluma davam edirdim. Sentruonlardan biri üsyançıların çarmıxa çəkilmiş
yoldaşlarının qisasını almaq üçün məni öldürmək istədiklərini deyənə qədər vəziyyət belə
davam etdi. Məsələnin qəizləşdiyini görəndə sədaqətlərinə inandığım bir neçə əsgərlə
düşərgədən qaçdım. Ancaq gecənin zülmət qaranlığında bir-birimizi itirdik. Tək-tənha
qaldım. Kritlinin atdığı oxa hədəf olub yaralandım. Bir neçə gün su axtara-axtara səhranı
dolaşdım. Bəlkə də bu cəmisi bir gün sürmüşdü. Lakin dəhşətli bürküdən, susuzluqdan və
təşnəlik qarşısındakı qorxudan zaman mənə belə uzun görünmüşdü. Atımın başını
buraxıb yol seçməyi onun öz ümidinə qoymuşdum. Sübh çağı üfüqdə ehramlar və
qüllələr göründü. Məni qara basırdı. Özümü alçaq tavanlı, səliqəli bir labirintdə hiss
edirdim. Onun tən ortasında su dolu bardaq qoyulmuşdu. Gözlərim bardağı görürdü,
əllərim az qala ona toxunurdu. Lakin labirintin dəhlizləri o qədər dolaşıq və məkrli idi ki,
artıq suya çatmadan öləcəyim mənə əyan olmuşdu.
II
Nəhayət bu dəhşətli qarabasmaları beynimdən qovanda əllərim bağlı halda dağın dik
yamacında qazılan və adi qəbirdən o qədər də fərqlənməyən uzunsov oyuqda olduğumun
fərqinə vardım. Oyuğun kənarları nəm idi, divarlarını insan əllərindən daha çox zamanın
cilaladığı sezilirdi. Ürəyimin sinəmdə bərk-bərk döyündüyünü, susuzluğun isə az qala
bütün bədənimi yandırdığını aydın hiss edirdim. Oyuqdan kənara boylanıb zəif səslə
qışqırdım. Dağın ətəyində, qumların və zibil qalaqlarının arasından burula-burula bulanıq
sulu irmaq axırdı. İrmağın qarşı tərəfində isə doğan, bəlkə də batan günəşin şəfəqləri
altında Ölməzlər Şəhəri bərq vururdu. Bəli, bu həmin şəhər idi. Başqa cür ola bilməzdi.
Mən divarları, tağları, frontonları və meydanları görürdüm. Şəhər özülə bənzəyən sal
daşdan ibarət yamacın üzərində yüksəlirdi. Uzandığım oyuq kimi yüzlərlə əyri-üyrü oyuq
dağın ətəyinə və vadiyə səpələnmişdi. Qumluqda o qədər də dərin olmayan quyular gözə
dəyirdi. Ətrafdakı oyuqlardan və çalalardan dəriləri bozarmış, saqqalları pırtlaşıq çılpaq
adamlar çıxırdılar. Mənə elə gəldi ki, onları tanıyıram. Onlar Ərəb körfəzinin sahillərinə
və efiopların mağara tipli yaşayış məskənlərinə basqınlar düzəldən vəhşi, qəddar troqlodit
tayfasından idilər. Gördüyüm adamların danışa bilmədiklərini və ilan əti yediklərini
eşitsəydim, qətiyyən təəccüblənməzdim.
Susuzluq məni taqətdən saldığından cəsarətlənmişdim. Fikrimdə hesabladım: irmağın
qumlu sahili təxminən otuz futluq məsafədə idi. Gözlərimi yumub əllərim arxada bağlı
halda yamac boyu üzü aşağı yuvarlanmağa başladım. İrmağa çatan kimi əzilib qana
bulaşmış dodaqlarımı bulanıq suya dirədim. Vəhşi heyvanlar suvatdan su içən kimi
içirdim. Yenidən huşumu itirib sayıqlamağa başlamamışdan əvvəl nədənsə yunan dilində
„Ezerin suyundan içən varlı Zela sakinləri” sözlərini təkrarlayırdım.
İrmağın kənarında neçə gün neçə gecə qaldığımdan xəbərsizəm. Yamacdakı oyuğa
qayıtmağa taqətim çatmadığımdan miskin, lüt-üryan vəziyyətdə naməlum sahildə uzanıb
başıma nə gələcəyini gözləyirdim. Günəşin və ayın həyatımla amansızcasına
oynadıqlarının fərqində deyildim. Cahillikləri ucbatından uşaq kimi sadədil olan
troqloditlər isə nə yaşamağıma, nə də ölməyimə kömək edirdilər. Əbəs yerə onlara məni
öldürüb canımı əzabdan qurtarmaq üçün yalvarırdım. Nəhayət günlərin birində qollarıma
vurulmuş qandalları qayanın sivri kənarına çırpıb qıra bildim. Ertəsi gün isə mən-bir
vaxtlar Roma legionunun hərbi tribunu olan Mark Flamini Ruf ilk murdar ilan əti tikəsini
oğurladım, bəlkə də sədəqə kimi aldım...
169
Ölümsüzləri görmək, fövqəlbəşərlərin yaşadıqları Şəhərin daşlarına toxunmaq ehtirası
düşüncəmə hakim kəsilmiş, yuxum ərşə çəkilmişdi. Elə bil vəhşilər də niyyətimi başa
düşmüşdülər. Gözlərinə yuxu getmirdi. Əvvəlcə məni güddüklərini sezdim. Sonra sanki
narahatlığım onlara da sirayət etdi. Adətən belə həssaslıq itlərdə olur. Vəhşilərin
məskənini ən hərəkətli vaxtda-qürub çağı tərk etməyi qərara aldım. Adətən bu saatlarda
onlar günlərini keçirdikləri çalalardan və oyuqlardan çıxır, korşalmış gözləri ilə batan
günəşə tamaşa edirdilər. Uca səslə dua oxumağa başladım. Var gücümlə qışqırmaqdan
məqsəd Allahın mərhəmətini qazanmaqdan daha çox ətrafdakı insan sürüsünü qorxutmaq
idi. Sonra zibil qalaqlarının arasından burula-burula axan kiçik irmağı keçib Şəhərə üz
tutdum. Vəhşilərdən ikisi, ya üçü gözə görünməməyə çalışaraq dalımca gəlirdilər. Digər
tayfadaşları kimi onlar da balaca boylu idilər. Adama qorxudan daha çox ikrah hissi
təlqin edirdilər. Əyri-üyrü qazılmış bir neçə bünövrənin yanından keçdim. Fikrimcə onlar
köhnə daş karxanaları idi. Şəhərin böyüklüyündən gözlərim alacalanmışdı. Onun yaxında
olduğunu zənn edirdim. Amma düşündüyüm kimi deyilmiş. Yalnız gecə yarısı Şəhər
divarlarının qara kölgəsinə gəlib çata bildim. Bu kölgələr qum üzərində heyrətamiz sirli
naxışlar salmışdılar. Müqəddəs bir qorxu içərisində quruyub qalmışdım. Birdən-birə
qarşıma çıxan Şəhər və gecə vaxtının səhrası o qədər yad, o qədər qorxunc idi ki, bura
qədər gizlicə dalımca gələn vəhşini görəndə sevincimi gizlədə bilmədim. Qumda uzanıb
gözlərimi yumdum, yuxuya getmədən səhərin açılmağını gözləməyə başladım.
Şəhərin nəhəng sal qaya üzərində salındığını artıq demişdim. Bu qayanın dairəvi sərt
yamacları da Şəhərin qala divarları kimi keçilməz idi. Yorğunluqdan ayaq üstə güclə
dayanırdım. Nə qədər axtarsam da, nə qara qayada ayaq qoymağa bir yer, nə də hamar
divarda qapıya bənşəyən bir keçid görə bilirdim. Günortanın dəhşətli bürküsü məni
yaxınlıqdakı mağarada gizlənməyə məcbur etdi. Mağaranın içərisində quyu vardı, onun
dərinliklərinə doğru pilləkən enirdi. Pillələrlə aşağı düşdüm. Çirkli, dolaşıq keçidlərdən
adlayıb tağlı tavanı olan bir otağa çıxdım. Qaranlıqda divarları güclə seçə bilirdim. Yerin
altındakı bu otağın doqquz qapısı vardı. Onların səkkizi adamı labirintin içərilərinə aparır
və aldadıcı yollarla geri qaytarırdı. Yalnız sonuncu-doqquzuncu qapıdan labirintlər
vasitəsi ilə digər otağa keçmək mümkün oldu. Əvvəl düşdüyüm yer kimi bura da dairəvi
idi. Yerin altındakı belə sərdabələrin dəqiq sayını xatırlamıram. Üzləşdiyim
uğursuzluqlardan, keçirdiyim həyəcan dolu anlardan sonra bəlkə də bu say mənə
həqiqətdə olduğundan daha çox görünürdü. Hər tərəfə vahiməli sükut hakim kəsilmişdi.
Yerin dərinliyindəki bu daş koridorlarda heç bir səs-səmir eşidilmirdi. Yalnız haradan
əsdiyi bilinməyən yeraltı küləyin xəfif uğultusunu, bir də qayaların arası ilə axan paslı
suyun zəif şırıltısını fəhm eləmək mümkün idi. Mən dəhşət içərisində bu yeni, əcaib
dünyaya alışdığımı anlayırdım. Artıq doqquz qapılı sərdabədən və qarmaqarışıq
labirintlərdən başqa hər hansı bir dünyanın mövcud olduğuna inana bilmirdim. Yerin
altında nə qədər gəzib dolaşdığımı xatırlamıram. Yalnız bir şey yadımdadır: dolaşıq
keçidlərdə canımın hövlündən ora-bura vurnuxanda bir vaxtlar dünyaya göz açdığım
şəhər, yoxsa vəhşilərin ürəkbulandıran qəsəbəsi üçün daha çox darıxdığımı kəsdirə
bilmirdim.
Hansısa koridorun dərinliyində gözləmədiyim halda divarda çıxış qapısı tapıldı. Uzaqdan
yayılan günəş şüası düz üstümə düşdü. Qaranlıqdan yorulmuş gözlərimi yuxarı qaldırdım
və başgicəlləndirici yüksəklikdə səmanın bir parçasını gördüm. Göy üzü nədənsə əvvəlcə
mənə tünd qırmızını xatırladan mavi rəngdə idi. Divarla yuxarı dəmir pilləkənlər qalxırdı.
Yorğunluq və həyəcandan üzülüb əldən düşsəm də, son qüvvəmi toplayıb dəmir
nərdivanla yuxarı qalxmağa başladım. Arada yalnız içimi bürümüş xoşbəxtlikdən hıçqıra-
hıçqıra ağlamaq üçün ayaq saxlayırdım. Budur, artıq kapitelləri və astraqalları, üçbucaq
170
və dairəvi frontonları, mərmərdən və qranitdən düzəldilmiş əzəmətli abidələri görürdüm.
Demək, qaranlıq labirintlərin əsarətindən qurtarıb Şəhərin göz qamaşdıran
əsrarəngizliyinə qovuşmuşdum.
Yuxarı çıxanda özümü balaca bir meydançada, daha dəqiq desəm, iç həyətdə gördüm.
Həyət dörd tərəfdən əyri-üyrü forması və müxtəlif hündürlükdə divarları üzərində əcayib
kümbəzlər və sütunlar dayanan tikili ilə əhatə olunmuşdu. İlk növbədə bu qeyri-adi
binanın çox qədim zamanların yadigarı olması diqqəti çəkdi. Mənə elə gəldi ki, bina
adamlardan, hətta üstündə yerləşdiyi torpağın özündən də qədimdir. Düşündüm ki, belə
qədim binanı (hələ burada insanın gözlərini qorxudan hansısa bir özəlliyin olmasını
demirəm) yalnız Ölməzlər tikə bilərdilər. İlk dəqiqələrdə ehtiyatla, sonra laqeyd halda,
axırda isə heç nəyə məhəl qoymayan dəliqanlı ədası ilə bu qarmaqarışıq həyətin
pilləkənlərini, keçidlərini gəzib dolaşdım. (Yalnız pilləkənlərin müxtəlif hündürlükdə və
genişlikdə olmasının fərqinə varanda birdən-birə niyə belə möhkəm yorulmağımın
səbəbini başa düşdüm).Əvvəlcə gəzdiyim sarayın allahların yadigarı olduğunu
düşündüm. Lakin boş otaqları dolaşandan sonra fikrim dəyişdi: onu tikən allahlar artıq
ölüblər. Sarayın qeyri-adiliyini seyr edəndə isə öz-özümə dedim: onu tikən allahlar dəli
olublar. Bu sözləri qeyri-adi bir ittihamla söylədiyim də dəqiq yadımdadır. Qorxu hissi
keçirməkdən daha çox vicdan əzabı çəkirdim. Gördüklərimin nə qədər dəhşətli olduğunu
duyğularımdan daha çox ağlımla dərk edirdim. Tikilinin qədimliyindən doğan
təəssüratlara yeniləri əlavə olunurdu: onun ölçüsüzlüyünü, eybəçərliyini və cəfəngliyini
daha dərindən anlayırdım. Qaranlıq labirintdən təzəcə çıxmışdım. Amma işıqlı Ölməzlər
Şəhəri məndə yalnız qorxu və ikrah hissi doğurmağa başlamışdı. Labirinti insanları
dolaşdırmaq, azdırmaq üçün düzəldirlər. Labirintin simmetriyalarla zəngin memarlığı
yalnız bu məqsədə xidmət edir. Mənim həyətində dayandığım tikilinin memarlığında isə
heç bir məqsəd güdülməmişdi. Hara baxırdınsa, dalana dirənən koridorlar, adam əli
çatmayan pəncərələr, balaca otaqlara, yaxud keçilməz yeraltı lağımlara açılan təmtəraqlı
qapılar, pillələri və məhəccərləri çölə tərəf qabarmış əyri pilləkənlər görünürdü. Elə
pilləkənlər də vardı ki, onlar divarla üzüyuxarı, əzəmətli tavana doğru yüksəlir, amma bir
neçə dəfə burulandan sonra elə bil suvağı qopmuş künbəzin altında gözəgörünməyən
maneyə toxunaraq yarıda qırılırdılar. Hər şeyi olduğu kimi dəqiqliyi ilə təsvir etdiyimi
deyə bilmərəm. Amma aradan illər keçəndən sonra da bu götüntülər yuxumu qaçırırdı.
Ona görə də nələrin həqiqətən olduğu kimi yadımda qaldığını, nələrin isə gecə
qarabasmalarının dəhşətindən yarandığını söyləmək çətindir. Düşünürdüm ki, bu şəhər
dəhşətlidir; hətta səhranın ucsuz-bucaqsız dəriliklərində yerləşsə də, onun mövcudluğu,
yaşaması bütün keçmişi və gələcəyi zəhərləyir, məhv edir, dünyaya meydan oxuyur. Nə
qədər ki, bu Şəhər var, dünyada heç kəs xoşbəxtliyi və həyatın mənasını dərk
etməyəcəkdir. Mən Şəhərin üzərindən mübhəmlik pərdəsini götürmək istəmirdim.
Müxtəlif dillərdəki sözlərin qarmaqarışıqlığı,bədənlərinin bütün əzaları- başları,
quyruqları, bağırsaqları ilə bir-biri ilə çulğalaşan, bir-birinə nifrət edən pələng və öküz
cəmdəkləri-mənim təsəvvürümdə bu Şəhər belə idi.
Nəm və qumlu yeraltı sərdabələrlə necə yol tapıb geriyə qayıtmağım indi də mənə bir
sirri-xuda kimi görünür. Yalnız axırıncı labirintdən çıxandan sonra özümü bir də haçansa
Ölümsüzlər Şəhərində görmək ehtimalının yaratdığı qorxunun varlığımı bir an da olsa
tərk etmədiyini yaxşı xatırlayıram. Başqa heç nəyi yadıma sala bilmirəm, nə qədər
çalışsam da, keçmişi xatirəmdə canlandırmağı bacarmıram. Lakin, görünür, mən hər şeyi
könüllü şəkildə unutmuşdum. Görünür, geriyə qayıtmağım o qədər çətin olmuşdu ki, indi
əsla xatırlaya bilmədiyim günlərin birində hər şeyi həmişəlik beynimdən silib atmaq
qərarına gəlmişdim.
171
III
Sərgüzəştlərim haqqındakı hekayətin diqqətli oxucuları vəhşilərdən birinin diş-diş Şəhər
hasarlarının dibinə kimi məni qarabaqara izlədiyini təbii ki, yaddan çıxarmayıblar.
Axırıncı sərdabədən keçib yeraltı aləmdən çıxandan sonra bu vəhşini yenidən gördüm. O,
küt sifətlə uzanıb qumda nə isə çəkir, sonra isə əlinin bir hərəkəti ilə hərflərə oxşayan
işarələri pozurdu. Əvvəlcə həmin işarələri vəhşi tayfanın əlifbası hesab etdim. Amma
dərhal da başa düşdüm ki, hələ danışmağı bacarmayanların yaza bildiklərini düşünmək
səfehlikdir. İşarələr bir-birindən fərqlənirdi. Bu isə onların nəyinsə rəmzləri olma
ehtimalını ya yerli-dibli istisna edir, ya da əhəmiyyətli dərəcədə azaldırdı. Vəhşi
dayanmadan xətlər çəkir, diqqətlə onlara baxır, nələrisə düzəldirdi. Sonra sanki bayaqdan
bəri məşğul olduğu iş onu bezdirdi. Əli və dirsəyi ilə xətlərin hamısını pozdu. Mənə
baxdı və elə bil ki, tanıdı. Ürəyimə bir yüngüllük, toxtaqlıq gəldi. Özümü son dərəcə
tənha hiss etdiyimdən mağaranın qumlu döşəməsindən üzümə baxan bu ibtidai məxluqun
neçə vaxtdan bəri burada məni gözləməsi fikri ağlıma gəldi. Günəş hələ də amansızcasına
şaxıyırdı. Hətta gecə yarısı ilk ulduzların işığı altında troqloditlərin kəndinə tərəf yola
çıxanda da ayaqlarımızın altındakı qum təzəcə qalanmış soba kimi isti idi. Vəhşi məndən
qabaqda gedirdi. Bu gecə onun bəzi sözləri anlamasına, hətta ardımca təkrarlamasına nail
olmaq istəyirdim. Fikirləşirdim ki, itlər və atlar insanın verdiyi ayrı-ayrı əmrləri anlaya
bilirlər. Bəzi quşlar, məsələn, tutuquşu isə hətta bütöv sözləri və cümlələri təkrarlayır.
İnsan ağlı nə qədər ibtidai və cilalanmamış olsa da, hər halda şüursuz məxluqların
bacardıqlarından böyük şeylərə qadirdir.
Vəhşi o qədər miskin və zavallı vəziyyətdə idi ki, mənə „Odisseya”dakı zəiflikdən can
verən qoca və xəstə iti-Arqusu xatırlatdı. Öz-özlüyümdə onu Arqus adlandırdım və heç
olmazsa, adını öyrətməyi qərara aldım. Lakin nə qədər çalışsam da, hər dəfə uğursuzluğa
düçar olurdum. Bütün cəhdlərim boşa gedirdi. Səbrliliyim, sərtliyim, onu nəyəsə məcbur
etməyə çalışmağım heç bir fayda vermirdi. Hərəkətsizliyi, donuq baxışları ilə tamam
başqa bir aləmdə idi. Az qala qulağına qışqırdığım sözlərin heç birini eşitmirdi. O,
yaxında dayanmışdı, amma həm də çox uzaqda idi. O, elə bil lavadan düzəldilmiş balaca,
dağılıb getməkdə olan sfinks kimi qumun üzərində uzanmışdı və göylərin sübh
şəfəqlərini qürub qızartıları ilə əvəz etməsinə laqeydliklə baxırdı. Qəti əmin idim: vəhşi
nə istədiyimi başa düşməyə bilməzdi. Yadıma efioplarla bağlı bir məsələ düşdü. Onlar
meymunların yalnız işə buyrulmamaq üçün qəsdən danışmadıqlarına ürəkdən inanırlar.
Arqusun sükutunu da mən həmin qorxu və inamsızlıqla izah edirdim. Sonra ağlıma daha
qeyri-adi fikirlər gəldi. Bəlkə biz Arqusla tamamilə başqa-başqa dünyanın adamlarıyıq,
hər şeyi eyni şəkildə qəbul etsək də bütün bunlar Arqusda tamamilə fərqli asossasiya
doğurur? Bəlkə də onun təsəvvüründə heç bir şey mövcud deyil, sadəcə bunların yerini
ani təəssüratların başgicəlləndirici və arasıkəsilməz oyunu tutur? Fikirləşdim ki, bu
yaddaş və zaman anlayışlarının itirildiyi bir dünya ola bilər. İsimlərin mövcud olmadığı,
yalnız fellərin və hər hansı şəkilçi qəbul etməyən epitetlərin işləndiyi bir dili
təsəvvürümdə canlandırmağa çalışdım. Beləcə günlər, onların ardınca isə illər biri-birini
əvəz edirdi. Və bir səhər xoşbəxtliyə bənzəyən hadisə baş verdi. Yağış yağdı,
arasıkəsilməz və güclü yağış...
Gecələr səhrada hava bəzən soyuq olur. Həmin gecə isə elə bil tonqal qalanmışdı.
Qarabasmanın təsiri ilə düşünürdüm ki, məni bu qızmar səhradan götürüb aparmaq üçün
üstümə böyük bir çay axır (bir zamanlar o çaydan tutduğum balığı qaytarıb yenidən suya
atmışdım). Sarı qumda uzanıb başımı qara daşın üstünə qoymuşdum. Xəyalımdakı çayın
172
mənə yaxınlaşmasını, məni ağuşuna alıb aparmasını gözləyirdim. Göy üzünün birdən-
birə açılması və yağışın şıdırğı səsi xəyallarımı yarıda qırdı. Lüt anadangəlmə halda
daldalandığım mağaradan bayıra çıxdım. Artıq dan sökülürdü. Özlərini məndən heç də az
xoşbəxt hiss etməyən tayfa əhli çılpaq bədənlərinin yağış damlaları ilə təmasından az
qala dəli olmaq dərəcəsinə gəlmişdilər. Arqus ilahi lütfə nail olmuş Kibela kahinləri kimi
gözlərini səmaya zilləyərək yavaşca zarıyırdı. Onun sifətindən üzü aşağı axan damlaların
yalnız yağış suyu deyil, həm də göz yaşı olduğunu sonralar öyrənə bildim. Arqus!-deyə
üzümü ona tərəf tutub qışqırdım:-Arqus!
Və elə bu zaman Arqus sevinc içərisində sanki çoxdan yerini unutduğu, itirdiyi bir şeyi
tapıbmış kimi dalbadal bu sözləri dedi: Arqus! Ulissin iti. Sonra isə mənə baxmadan
əlavə etdi: Zibilliyə atılmış köpək.
Biz reallığı çox asanlıqla qəbul edirik. Bəlkə də ona görə ki, intuitiv şəkildə heç nəyin
əslində mövcud olmadığının fərqindəyik. Arqusdan „Odisseya” haqqında nə bildiyini
soruşdum. Yunanca danışmağa çətinlik çəkirdi. Sualımı bir də təkrarlamalı oldum.
Çox az şey bilirəm,- dedi. -Hətta ən istedadsız rapsoddan da az! Bu dastanı yazdığım
dövrdən min yüz ildən də çox vaxt keçib.
IV
Hər şey elə həmin gün aydın oldu. Sən demə Ölməzlər troqloditlərin özləri, boz-bulanıq
sulu qumlu irmaq isə atlının axtardığı həmin çay imiş. Şöhrəti Qanqa qədər gedib çıxan
Şəhər doqquz əsr bundan əvvəl dağıdılıbmış. Onun qalıqlarından, tör-töküntülərindən elə
həmin yerdə içərisində olduğum əcaib tikilini ucaltmışdılar. Bu artıq Şəhər deyil, ona
parodiya idi. Bu dünyanı idarə edən ağılsız allahların şərəfinə tamam baş-ayaq ucaldılmış
bir məbəd də sayıla bilərdi. Bizə bəlli olan bir şey vardısa o da həmin allahların insanlara
bənzəməmələri idi. Gördüyüm tikili isə Ölümsüzlərin əllərinin toxunduğu sonuncu rəmz
idi. Bundan sonra yeni mərhələ başlanırdı. Artıq hər cür iş və hərəkətin mənasızlığı
fikrinə gələn Ölümsüzlər bütün vaxtlarını yalnız fikirləşməyə, yalnız ətraf aləmin seyrinə
dalmağa sərf etmişdilər. Onlar əzəmətli tikilini başa çatdırmış, sonra isə yerli-dibli
unutmuşdular. Məhz bu səbəbdən də yaşamaq üçün təkrar mağaralara qayıtmışdılar.
Sonra bütünlüklə inzivaya çəkilərək ətraf aləmi dərk etmək qabiliyyətini itirmişdilər.
Bütün bunları Homer körpə uşağa nağıl danışırmış kimi mənə danışdı. Özünün
qocalıqdakı həyatını anlatdı. Ulissin səyahətinə bənzəyən son səyahətindən, dənizin
mövcudluğundan xəbərsiz qalan, əti duzlamadan yeyən, avarın nə olduğunu bilməyən
adamları axtarıb tapmaq arzusundan söhbət açdı. Yüz ildən çox Ölümsüzlər Şəhərində
yaşamışdı. Şəhər dağıdılandan sonra həyətində dayandığım əcaib tikilinin inşası da onun
ideyası olmuşdu. Burada qeyri-adi nə isə axtarmağa lüzum yoxdur. Homerin əvvəlcə
Troya müharibəsini, sonra isə siçanlarla qurbağaların savaşını tərənnüm etməsi tarixdən
bəllidir. O da eyni ilə əvvəlcə Kainatı, sonra isə Xaosu yaradan Allah kimi hərəkət
etmişdi.
Ölməzlərin həyatı başdan-başa boşluqdan ibarətdir. Əslində insandan başqa bütün canlı
varlıqlar ölümsüzdürlər. Çünki onların ölüm haqqında təsəvvürləri yoxdur. Özünü
ölümsüz hiss etmək isə həm ilahi duyğudur, həm də dəhşətdir, ağlasığmaz bir şeydir.
Mən fikir vermişəm ki, dini baxışların çoxluğuna və müxtəlifliyinə baxmayaraq
ölümsüzlüyə inam hissinə son dərəcə nadir hallarda təsadüf olunur. İudeylər, xristianlar
və müsəlmanlar ölümsüzlük fikrini qəbul edirlər. Lakin özlərinin ilk, maddi, yer
üzündəki həyatlarına həddindən artıq önəm vermələri yalnız bu həyata ürəkdən
inandıqlarını göstərir. Bütün qalan ayinlər isə kimlərisə bu dünyadakı həyat üçün
173
mükafatlandırmaq, yaxud cəzalandırmaq məqsədi güdür. Hindistanın bəzi dini
cərəyanlarında təsadüf olunan girdab anlayışı mənə daha xoş gəlir. Bu girdabda başlanğıc
və son yoxdur. Hər bir həyat özündən əvvəlkinin davamıdır, eyni zamanda özündən
sonrakının rüşeymlərini daxilində yaşadır. Onlardan heç biri tamın, bütövün mücəssəməsi
kimi çıxış edə bilməz. Əsrlərin təcrübəsindən yararlanan Ölümsüzlər respublikası
dözümlülük, hər şeyə laqeyd, hətta deyərdim ki, nifrətamiz münasibət məsələsində
kamilliyin zirvəsinə yüksəlmişdi. Onlar başa düşürdülər ki, sonu olmayan həyatlarında
hər kəs hər şeylə üzləşə bilər. Özlərinin keçmiş, yaxud gələcək yaxşı əməlləri sayəsində
hər biri sonda mərhəmət və şəfqətə layiq görülə bilər. Lakin eyni zamanda onların hər
biri keçmiş, yaxud gələcəkdəki rəzillik və yaramazlıqları ucbatından istənilən xəyanət və
alçaq əməli də törətməyə hazır idi. Qumar oyunlarında tək və cüt çox vaxt demək olar ki,
bərabər sayda düşərək bir-birlərini tamamladıqları kimi Ölümsüzlərdə də istedad və
qabiliyyətsizlik qarşılıqlı şəkildə biri-birlərini islah və məhv edirdi. Bu baxımdan bəlkə
də zövqsüz bir əsər olan „Sid haqqında nəğmə” „Ekloq”lardakı yeganə bir epitetin, yaxud
Hekalitin hansısa sentensiyalarının qarşılığı idi. İlk baxışdan nəzərə çarpmayan adi şəklin
doğurduğu ani bir fikir də hər şeyi çox gözəl gizlədə, yaxud anlaşılması çətin olan bir
müəmmanı asanlıqla açıqlaya bilər. Mən keçmişdə törətdikləri naqis əməllər sonrakı
əsrlərdə xeyirxahlıq kimi dəyərləndirilən adamlar tanıyıram. Əgər hər şeyə bu bucaq
altında yanaşsaq, o zaman bütün hərəkətlərimiz ədalətlidir, eyni zamanda onların heç bir
dəyəri yoxdur. Deməli belə çıxır ki, nə mənəvi, nə əxlaqi, nə də rasional meyarlar
mövcuddur. Homer „Odisseya”nı qələmə almışdı. Lakin şəraitin çoxsaylı və sonu
görünməyən kombinasiyalar yaratdığı sərhədsiz zaman genişliyində kiminsə, nə vaxtsa
yeni bir „Odisseya” müəllifi olması imkanı həmişə qüvvədə qalır. Burada hər bir adam
bir heçlikdir, eyni zamanda hər bir Ölümsüz dünyadakı bütün insanlardır. Korneli
Aqrippi dediyi kimi, mən-allaham, mən-qəhrəmənam, mən-filosofam, mən-şeytanam,
mən-bütün dünyayam! Əslində isə bu bir mən kimi mənim olmadığımı söyləməyin ən
usandırıcı yoludur.
Dünyaya hər şeyin nə isə başqa bir şeylə qarşılıq verildiyi sistem kimi baxmağı təlqin
edən bu görüşlər Ölümsüzlərə güclü təsir göstərmişdi. Onlar ilk növbədə şəfqət hissini
itirmişdilər. Mən çayın qarşı sahilindəki daş karxanaları haqqında danışmışdım.
Ölümsüzlərdən biri sürüşüb oradakı ən dərin çalaya düşmüşdü. Aydın məsələdir ki, onun
əzilməsi, yaxud ölməsi qeyri-mümkün idi. Əvəzində isə susuzluqdan dəhşətli əzab
çəkirdi. Lakin yalnız aradan yetmiş il keçəndən sonra bu zavallının xilası üçün həmin
çalaya kəndir sallamaq fikri kiminsə ağlına gəlmişdi. Ölümsüzləri öz şəxsi taleləri də
maraqlandırmırdı. Onların bədəni sanki müti bir ev heyvanına çevrilmişdi. Bu heyvanın
ölməməsi üçün ayda bir neçə saatlıq yuxu, bir udum su və bir tikə ət yetərli idi. Amma
Ölümsüzləri tərkidünya adamlar sırasına yazmağa tələsməyin. Onların fikirləşməkdən
duyduqları həzz qədər ikinci güclü bir həzz yox idi. Odur ki, bütün vaxtlarını bu işə sərf
edirdilər. Hərdən nə isə fövqəladə hadisələr Ölümsüzləri ətraf aləmə qaytarırdı. Dünyanın
əzəli sevinc mənbələrindən biri olan yağışın yağdığı həmin sübh vaxtında olduğu kimi...
Ancaq belə istisnalar çox nadir hallarda baş verirdi. Ölümsüzlər illərlə bir vəziyyətdə
qalmağı bacarırdılar. Yadımdadır ki, onlardan biri heç zaman uzandığı yerdən ayağa
qalxmırdı. Hətta quşlar sinəsində yuva qurmuşdu.
Əksliklərlə uzlaşmayan heç bir şeyin mövcud olmaması haqqındakı doktrina nəzəri
cəhətdən o qədər də əhəmiyyətli deyil. Lakin yalnız bu doktrina sayəsində biz
Ölümsüzlər X əsrin başlanğıcında, yaxud da sonunda Yer üzünə yayılmağa başladıq.
Bizim məntiq yolu ilə gəldiyimiz nəticə bundan ibarət idi: əgər suyu ölümsüzlük bəxş
edən çay varsa, deməli suyu həmin ölümsüzlüyü yuyub aparan çay da mövcuddur. Yer
174
üzərindəki çaylar sonsuz sayda deyil. Dünyanı gəzib dolaşan Ölümsüz bütün çayları
sınaqdan çıxarır. Beləcə, biz ölümsüzlüyü yuyub təmizləyən çay axtarırıq.
Ölüm (yaxud ölümün daim xatırlanması) insanların ürəyini ülvi hisslərlə doldurur, həyatı
qiymətli nemətə çevirir. Mövcudluğun əbədi olmadığını dərk edən insanlar özlərini buna
uyğun aparırlar. Onlar atdıqları hər addımın sonuncu ola biləcəyini anlayırlar. Elə bir
sima yoxdur ki, onun cizgiləri insanın yuxuda gördüyü və tezliklə unutduğu digər simalar
kimi yaddaşlardan silinməsin. Öləri insanlarda hər şeyin yerinin heç nə ilə doldurulmsı
mümkün olmayan əvəzsiz dəyəri var. Ölümsüzlərdə isə bunun əksinə olaraq hər bir
hərəkət (və hər bir fikir) artıq keçmişdə itib-batanların, yaxud gələcəkdə insanı dəli
həddinə çatıracaq dərəcədə baş verənlərin əks-sədasıdır. Elə bir şey yoxdur ki, heç nəyi
göstərməkdən usanmayan güzgülərdə artıq onun əksi olmasın. Ölümsüzlər üçün heç nə
bir dəfə olmur, heç nə öz ələdüşməzliyi ilə qiymətli deyil. Qəm, qüssə, adət-ənənələrin
müqəddəsləşdirdiyi kədər Ölümsüzlər üzərində ağalıq edə bilmir. Biz Homerlə Tanjer
qapıları önündə ayrıldıq. Deyəsən, heç vidalaşmaq da yadımıza düşmədi.
V
Mən yeni çarlıqları və imperiyaları gəzib dolaşdım. 1066-cı ildə Stemford körpüsündə
vuruşurdum. Amma kimin tərəfində olduğumu xatırlamıram. Ya orada öz ölümünü tapan
Hapoldun, ya da həmin döyüşdə ingilis torpaqlarının altı fut, yaxud da bundan bir az artıq
hissəsini fəth edən Xarald Xadradın yanında idim. Müsəlman tarixi ilə hicri VII əsrdə
Bulaq şəhəri yaxınlığında indi unutduğum dildə, xatırlaya bilmədiyim əlifbada
Sindibadın yeddi səyahətini və Bürünc şəhərin tarixini qələmə almışdım. Səmərqənddə,
həbsxananın həyətində dəfələrlə şahmat oynadığım yadıma gəlir. Bikanerdə
münəccimliklə məşğul olurdum. Bogemiyada da eyni peşəni davam etdirirdim. 1638-ci
ildə Kolojvarda idim. Sonra Leypsiqə getdim. Aberdində olarkən 1714-cü ildə kitabçıdan
Aleksandr Popun altı cildlik „İliada”sını aldım. Yadımdadır ki, bu kitab tez-tez oxuyur və
böyük zövq duyurdum. 1729-cu uldə Popun kitabı haqqında bir ritorika professoru ilə
mübahisəmiz düşdü. Adı deyəsən Cambattista idi. Mülahizələri mənə inandırıcı göründü.
1921-ci il oktyabrın 4-də sərnişini olduğum və məni Bombeyə gətirən „Patna” gəmisi
Eritreyaya yan aldı. Sahilə çıxdım. Başqa bir səhəri, artıq çoxdan ötüb keçmiş zamanların
sübh çağını xatırladım. O zaman da Qırmızı dənizin sahillərində lövbər salmışdıq. Mən
Roma tribunu idim. Qızdırma və şər ruhlar isə əsgərlərimi ot kimi biçirdi. Şəhər
kənarında şəffaf sulu çeşmə gördüm. Həmişəki adətim üzrə əyilib sudan içdim. Sahilə
qalxanda tikan kolu əlimi cızdı. Qəflətən bu kiçik, əhəmiyyətsiz yaranın ağrısını hiss
etdim. Az keçmədən isə gözlərimə inanmadan möcüzə seyr edirdim. Ovcumda, tikanın
cızdığı yerdə qan damlası peyda olmuşdu. „Mən yenidən adi, öləri bir insanam!”-deyə
öz-özümə pıçıldayırdım. „Mən yenə də hamı kimiyəm!”. Həmin gecə səhər açılıb sübh
şəfəqləri ətrafa yayılana qədər daş kimi yatdım.
İllər keçəndən sonra bu səhifələri bir də nəzərdən keçirdim. Birinci fəsildə və digər
fəsillərin bəzi abzaslarında gözümə saxta notlar dəydi. Bəlkə də bunun səbəbi
təfərrüatlara həddindən artıq uymağım idi. Şairlərin əsərlərində belə hallara daha çox
təsadüf olunur. Yalan hər şeyi zəhərləyir. Çünki təfərrüatlar yaddaş üçün yox, hər hansı
cinayət işinin açılması üçün səciyyəvidir... Lakin mənə elə gəlir ki, daha dərin səbəbləri
axtarıb tapa bildim. Məni uydurmaçı saysalar da həmin səbəbləri burada açıqlamağa
çalışacağam.
175
Danışdığım tarixçə iki müxtəlif adamın başına gələn hadisələr biri-birinə
qarışdırıldığından qeyri-real görünə bilər. Birinci fəsildə yaralı süvari Fiv şəhərinin
divarları önündən axan çayın adını öyrənmək istəyir. Əvvəlcə bu şəhəri Hekatomfilos
adlandıran Flamini Ruf süvariyə çayın adının Misir olduğunu söyləyir. Lakin həmin
sözlərin heç biri onun öz fikri deyil. Bu fikirlər “İliada”da Fiv şəhərinə Hekatomfilos,
“Odisseya”da isə Proteyin və Ulissin dili ilə Nilə Misir çayı deyən Homerə məxsusdur.
İkinci fəsildə ölümsüzlük suyunu içən romalı yunan dilində bir neçə söz söyləyir. Bu
sözlər də Homerdən götürülüb. Onları dəniz gəmiləri haqqında söhbət gedən hissənin
sonunda tapmaq mümkündür. Sonra başgicəlləndirici memarliği ilə seçilən sarayda
romalı hansısa ittihamlar irəli sürür, hətta “vicdan əzabı” haqqında danışır. Bu sözlər də
bir vaxtlar eyni dəhşətli vəziyyəti təsvir edən Homerdən götürülmüşdür. Mətnə
münasibətdəki müxtəliflik məni narahat etdi. Lakin estetik səciyyəli fərqlər həqiqəti
açmağıma yardımçı oldu. Bu barədə sonuncu fəsildə söhbət gedir. Orada mənim
Stemford körpüsündə vuruşmağımdan, Bulakda dəniz səyyahı Sindibadın macəralarını
qələmə almağımdan, Aberdində Aleksandr Popun “İliada”sını sifariş edib
gətirtməyimdən danışılır. Həm də bütün bunlar haqqında inter alia (söz arası-lat.) bəhs
edilir.
”Bikanerdə münəccimliklə məşğul olurdum. Bohemiyada da eyni işi davam etdirirdim”.
Bu şəhadətlərin heç biri yalan deyil. Lakin цnəmli olan məhz nəyin fərqləndirilməsi,
nəzərə çaprdırılmasıdır. İlk şahidin ilk baxışdan hərbçi olduğunu güman etmək
mümkündür. Amma sonra onu hərbi işlərin deyil, insan talelərinin maraqlandırdığı aşkara
çıxır. Onun ardınca gələn şahidliklər isə daha maraqldır. O qədər də aydın olmayan, lakin
sadə bir səbəb məni həmin şahidliklər üzərində dayanmağa məcbur edir. Onların həqiqət
olduğunu bildiyimdən bu addımı atırdım. Həmin şəhadətlər romalı Flamini Rufun dilində
bu şəkildə səslənmir. Lakin Homerdə məhz belədir. Təəccüblü işdir ki, Homer on üçüncü
əsrdə Sindibadın-yeni Ulissin macəralarını qələmə alır. Və aradan yüz illər keçəndən
sonra barbar dilində danışılan şimal çarlığında цz ”İliada”sında təsvir olunan hadisələrə
təsadüf edir. Bikaner adının işləndiyi ifadəyə gəldikdə isə bu sцzün ədəbiyyatdan yaxşı
başı çıxan, dəniz gəmilərinin təsvirini verən şair kimi parlaq sцzlə yaddaşlarda qalmağa
can atan müəllifə məxsusluğu aşkara çıxır.
Son yaxınlaşanda xatirələrdən obrazlar deyil, yalnız sцzlər qalır. Zamanın bir vaxtlar
mənim üçün müəyyən əhəmiyyəti olan sцzləri bütün əsrlər boyu müşaiyətçim olan
adamın taleyinin simvollarına çevrilən sцzlərlə dəyişik salmasında qəribə heç bir şey
yoxdur. Mən Homer idim. Tezliklə Nik olacağam. Sonra isə Uliss kimi bütün insanlara
çevriləcəyəm-yəni цləcəyəm.
Dostları ilə paylaş: |