Orijinaldan çevirəni: Kamran Nəzirli
Saçlar
Hekayə
Yazıq qızcığaz Syuzən Rid yetim qalmışdı. O, Berçetlər ailəsində yaşayırdı. Deyilənə
görə bu ailənin iki və ya üç uşağı da vardı. Syuzən isə ya onların doğmaca qardaşı qızı,
ya əmi uşağı, ya da ki, yaxın qohumuydu. Belə hallarda olduğu kimi bu ailənin başçısı
haqqında müxtəlif şayiələr dolaşırdı. Misis Berçetti də yaddan çıxartmırdılar. Xüsusən də
qadınlar.
Pinkerton bu şəhərə ilk dəfə gələndə hələ qızcığazın beş yaşı da yox idi. Missis Berçett
Syuzənin saçını birinci dəfə qırxdırmağa gətirəndə, o – Pinkerton Maksinin
bərbərxanasında ilk yayını keçirirdi. Maksi özü mənə danışdı ki, Missis Berçett üç gün
dalbadal Syuzəni bərbərxanaya gətirməyə cəhd etmişdi (o zaman bu qızcığaz çox arıq idi.
Gözləri qorxudan böyümüş, qalın şümal saçlarının rəngi nə ağımtıl, nə də qara idi). Ən
qəribəsi o idi ki, – bunu Maksi nağıl edirdi, – indiyədək şəhərdə nə kişilərlə, nə də
qadınlarla «bəli», «xeyir» sözlərindən savayı, bir kəlmə kəsməyən Pinkerton onların
arxasınca küçəyə çıxmış, qızcığazı içəri keçməyə razı salmaq üçün 15 dəqiqəyə kimi
onunla danışmışdı.
138
- Vallah ayrı cür ola bilməz, o, yalnız Syuzəni gözləyirdi, – deyə Maksi and içirdi. Bu
qızcığazın bərbərxanaya ilk gəlişi belə olmuşdu. Elə Pinkerton da onun saçlarını
kəsmişdi. O isə ürkək dovşan balası kimi ağ mələfənin altında büzüşüb oturmuşdu.
Yarım il keçəndən sonra o, artıq bərbərxanaya gəlirsə də, saçlarını əvvəlkitək Pinkertona
kəsdiməyə razılıq verirdi.
Syuzən yenə də dovşan balasını xatırladırdı. Gözləri və sifəti qorxu ifadə edirdi. Mələfə
üstünə tökülmüş saçlarının nə rəngdə olduğunu demək çətin idi. Maksi danışırdı ki,
qızcığaz içəri girən vaxt, əgər Pinkerton məşğul olsaydı, o, sakitcə ona yaxın yerdə
oturar, bərbərin işini qurtarmasını gözləyərdi. Artıq hamı Syuzənə hər şənbə Pinkertonun
yanına gələn müştərilərdən biri kimi baxırdı. Belə bir hadisə olmuşdu. İkinci bərbər Mətt
Foks Pinkerton məşğul olduğu üçün qızın saçını kəsmək istəmişdi. Bunu görən Pinkerton
ucadan qışqıraraq: «Yox-yox lazım deyil. İndi mən özüm qırxaram»- demişdi. Bir ilə
yaxın işləməsinə baxmayaraq, hələ heç kəs Pinkertonun kimisə təngə gətirdiyini
görməmişdi – deyə Maksi söhbətinə davam etdi. Həmin ilin payızından qızcığaz məktəbə
getməyə başladı. Və gündə iki dəfə – səhər və günorta bərbərxananın yanından keçməli
olurdu. O, yenə əvvəlkitək qorxa-qorxa, xırda balıq sayağı sürüşüb keçir, pəncərədən
təkcə onun sarı-qonur başı görünür, ani olaraq yoxa çıxırdı. Elə bil qızcığaz konki
üstündə gəzirdi. O, əvvəllər məktəbə tək gedirdi. Sonralar ona bir neçə uşaq da qoşuldu.
Qızlar qışqıra-qışqıra bərbərxanaya baxmadan keçirdilər. Pinkerton isə həmin vaxt
pəncərədən boylanıb, onların arasında Syuzəni axtarırdı. Maksi danışır ki, o, Məttlə saat
olmadan belə Pinkertonun hərəkətlərindən haçan səkkizə beş dəqiqə və üçə beş dəqiqə
qaldığını dəqiq bilirdilər. O isə özündən asılı olmayaraq məktəblilərin səsini eşidən kimi
pəncərəyə cumurdu. Qızcığaz bərbərxanaya gələrkən Pinkerton ona iki və ya üç nanəli
noğul verirdi. Halbuki digər uşaqlara cəmi bir noğul çatırdı, bunu da Maks belə
söyləyirdi.
- Yox, deyəsən, bunu mənə ikinci bərbər Mətt Foks danışmışdı. Milad bayramında
Pinkertonun qızcığaza kukla hədiyyə etməsini də o demişdi. Məttin bundan necə xəbər
tutduğunu deyə bilmərəm. Ancaq tam əminəm ki, Pinkertonun özü bu barədə ona heç nə
danışmamışdı. Görünür, Məttin xüsusi yanaşma tərzi vardı. Çünki Pinkerton haqqında o,
Maksidən çox bilirdi. Mətt ailəli idi. Bu kök adamın şişman üzü vardı. Gözlərinin yorğun
və ya kədəli olduğunu ayırd etmək çətin idi. Əla oğlan olan Mətt Pinkertondan azca geri
qalsa da, yaxşı bərbərdi. Az danışmağına baxmayaraq, o, Pinkerton haqqda çox şey
bilirdi. Halbuki çox danışanlardan heç biri Pinkertondan bir söz belə qopara bilmirdi.
Görünür, çox danışanların əməli söz deməkdən o yana getmirdi.
Bilmirəm niyə, amma Pinkertonun hər milad bayramı qızcığaza hədiyyə verdiyini təkcə
Mətt danışırdı. Qız böyüdükdən sonra da Pinkerton ondan hədiyyələrini əsirgəmirdi.
Bunu da Məttdən eşitmişəm. Syuzən saçlarını kəsdirməyə yenə onun yanına gəlir, yenə
Pinkerton qızın məktəbə gediş-gəlişini əvvəlki maraqla izləyirdi. Qız daha böyümüşdü,
heç kəsdən də çəkinmirdi.
O dəyişmişdi. Sanki əvvəlki ürkək qızcığaz deyildi. Tez böyüdü. Lap tez. Məsələ
buradan başladı. Bəziləri isə yetimin üzü bərk olar, ona görə tez böyüdü deməkdən
çəkinmirdilər. Məsələ təkcə bunda deyildi. Qızlarla oğlanları bərabər tutmaq düzgün
olmaz. Qızlar doğulan andan müstəqil olurlar. Oğlanlar haqda isə bunu demək mümkün
deyil. Baxırsan, altmış yaşlı kişidir, amma özünü elə aparır ki, sanki körpədir. Beləsini
uşaq arabasına otuzdursan, etiraz etməz. Demək olmazdı ki, bu qız pis idi. Hər hansı bir
başqa qadın haqqında da o, daxilən iyrəncdir, demək düzgün olmazdı. Əslidə bütün
qadınlar eyni cürdür, – yamanlıq onların daxilində yatır. Çalışmaq lazımdır ki, bu pislik
qadınlarda yetişməmiş onları ərə verəsən. Amma biz istəyirik ki, onlar bizim istəyimizlə
139
oturub-dursunlar. Və buna görə də qızları yaşları ötməmiş ərə vermirik. Təbiət, xüsusən
qadınların təbiəti heç bir qanunla hesablaşmaq istəmir. Sadəcə, Syuzən həddindən artıq
tez böyüdü. Və yamanlıq onda müəyyən olunmuş qanuna görə vaxtından əvvəl yetişdi.
Belə düşünürəm ki, təbiətin əksinə getmək olmaz. Mənim də qızım var. Nə dediyimi
yaxşı bilirəm.
Hadisə belə olmuşdu. Mətt söyləyirdi ki, işin necə olduğunu onlar sonra başa
düşmüşdülər. Syüzənin on üç yaşı olardı. O, yaşına uyğun olmayaraq boyalardan çox
istifadə etdiyindən missis Berçett ona möhkəm təpinmişdi. Həmin il Syüzən çəlimsiz,
saçlarının hansı rəngdə olduğu bilinməyən, ona oxşar iki-üç qızla orada-burada
veyillənir, ucadan danışır, qəh-qəhə çəkirdi, halbuki həmin vaxt onlar məktəbdə
olmalıydılar. Üzlərinə də o qədər boya çəkirdilər ki, deyərdin, onlar gülsələr boya
qurumuş palçıq kimi qopub yerə töküləcək. Geyimləri on üç yaşlı qızların bu yaşda
geydikləri pambıq parçadan idi. Amma onlar paltarlarını elə daraldıb, elə yuxarı
çəkirdilər ki, sanki Allahın onlara verdiyi hər şeyi nümayiş etdirmək istəyirdilər. Halbuki
daha yaşlı qızlar özlərinin ipək və krepdən olan paltarlarını, adətən belə tikdirərdilər.
Mətt deyirdi ki, Syuzən bir dəfə yaxından keçəndə gördüm ki, o, corab geyməyib. Sonra
nə qədər fikirləşsəm də, onun yayda corab geydiyini xatırlamadım. Sonra başa düşdüm
ki, məsələ onun corab geyməyində deyil. Əslində onun ayaqları böyümüşdü, əsil qadın
ayaqlarına çevrilmişdi. Deməzdin ki, bu on üç yaşlı qızın ayaqlarıdır.
Bax, buna görə deyirəm: təbiətə qarşı getmək mümkün deyil. Həmin hərəkətlərə görə nə
qızın, nə də Berçettin günahı yoxdur. Nə deyilsə də, bəxtinə vaxtından qabaq həddi-
buluğa çatmaq düşmüş, bu ədəbsiz, yazıq qızların halına heç kim, biz qardaşlar, yəni
kişilər kimi acımır. Hələ siz görəydiniz, hamı Pinkertonu necə qoruyurdu. Hətta, o, qızı
daha yaxından tanıdıqdan, onunla Pinkerton haqqında cürbəcür şaiyələr dolaşandan sonra
da heç kəs bərbərin yanında bu barədə bir kəlmə belə danışmamışdı. Hamı belə
fikirləşirdi ki, bu söz-söhbətlər Pinkertona da çatıb, o da hər şeyi bilir. Bu mövzuda ancaq
o, bərbərxanadan harasa çıxanda söz salırdılar. Pinkertonun halına kənar şəxslər də
acıyırdılar. Çünki şəhərdə adam yox idi ki, Pinkertonun pəncərədən qıza baxdığını
bilməsin. Hələ on dörd yaşı olmayan bu qızın artıq oğlanlarla kinoya getdiyinə, küçədə
gəzdiyinə diqqətlə göz qoyan bu bərbəri hamı yaxşı tanıyırdı. Deyirdilər ki, Syuzən
gizlicə evdən çıxıb oğlanlarla görüşür. Missis Berçett də elə bilirdi ki, o, rəfiqələrinin
yanındadır.
Pinkertonun yanında bu qız barədə heç nə danışmırdılar. Gözləyirdilər ki, o, aprel ayında
– hara və niyə getdiyi bilinməyən – növbəti iki həftəlik məzuniyyətə yolansın. O gedən
kimi qız şəhərin küçələrində veyil-veyil gəzirdi. Hamı başa düşürdü ki, o, odla oynayır,
onun görüşlərindən missis Berçett xəbər tutunca, gec-tez bu qız bədbəxt bir hadisənin
qurbanı olacaq.
Bir il olardı ki, məktəbi də atmışdı. Berçettlər isə elə bilirdilər ki, o, hər gün dərsə gedir.
Halbuki, bu dövrdə Syuzən məktəbə heç ayaq basmamışdı. Amma hər ay – məktəbli
oğlanlar, ailəli kişilər və digərlərini fərq qoymadan ələ keçirən bu qız – belələrinin
köməyi ilə cədvəli alıb doldurur, sonra imzalamaq üçün missis Berçettin yanına aparırdı.
Heyrətlənməyə bilmirsən! Kişilər bir qadını sevərkən özlərini aldatmağa necə də imkan
verirlər. Beləliklə, o, məktəbi atdı və standart qiymətləri olan mağazaya işləməyə getdi.
O, yenə də bərbərxanaya – saçlarını kəsdirməyə möhkəm pudralanmış, əndamına kip
yapışan ucuz, alabəzək paltarda gəlirdi. Onun sifətində inamsızlıq və həyasızlıqla yanaşı
bir məsumluq da vardı. Nə iləsə yapışdırılmış saçları yanaqlarına buuq-buruq tökülürdü.
Bu qız saçlarına nə sürtsə də, xeyri yox idi. Sarı-qonur saçları rəngini qətiyən dəyişmirdi.
Ümumiyyətlə, onun saçları dəyişməz qalmışdı. İndi Syuzən həmişə Pinkertonun
140
kürsüsünə oturmurdu. Bəzən kürsü boş olanda da, o, başqa bərbərin yanında oturur,
onlarla laqqırtı vurur, salonu ətri və gülüşü ilə doldururdu. Uzun ayaqlarını mələfədən
xeyli kənara uzadırdı. Pinkerton ona tərəf qətiyyən baxmırdı. Hətta boş olarkən də özünü
məşğul olan tək göstərirdi. Qayğılı baxışlarını yerə dikib, qəsdən özünü belə aparır,
hislərini yalançı laqeydlik pərdəsi arxasında gizlədirdi. Bir dəfə Pinkerton iki həftə qabaq
özünün növbəti aprel məzuniyyətinə yollandı. Hara – bu haqda heç kəs bilmirdi. Və on il
əvvəl bu haqqda danışmağa son qoymuşdular. Mən ondan iki gün sonra Ceffersona
çatdım. Bərbərxanaya daxil oldum. Burada da Pinkerton və Syuzən haqqda danışırdılar.
- Yoxsa miladda o, yenə də qıza hədiyyə verir? – mən soruşuram.
- O, iki il əvvəl qızçün saat alıb. Özü də altımış dollara, – deyə Mətt Foks – dillənir.
Maksi müştərinin üzünü qırxırdı. Birdən o dayandı, sabunlu ülgüc əlində donub qalmışdı.
- Məni ildırım vursun, – Demək o, …belə çıxır ki, o birinci olub, onunla – Maksi qırıq-
qırıq danışırdı. Mətt heç çevrilmədi də:
- O, saatı hələ ona verməyib.
- Onu ildırım vursun, lənətə gəlmiş simic, – Maksi deyinirdi – Əgər bu qoca qızı sadəcə
dolayırsa, o yenə əclafdır. Yox, onu əgər aldatsa, kələk gəlsə…
Bu dəfə müştərinin üzünü qırxan Mətt çevrildi.
- Sən nə deyirsən? Axı o, hələ saatı qıza verməyib? Mən belə başa düşürəm Pinkerton
anlayıb ki, bu yaşda ancaq qohumlardan qiymətli hədiyyə götürmək olar.
- Səncə, Pinkerton heç nə bilmir? Üç ildir ki, – bəlkə Berçettlər xəbərsizdilər – bütün
şəhərin bildiyini o eşitməyib? Mətt sözünə ara verib yenidən müştərisi ilə məşğul olmağa
başladı. Dirsəyi aramla işlədikcə, ülgüc qısa sıçrayışlarla irəliləyirdi.
- O, haradan bilsin? Belə şeyi ancaq qadından eşitmək olar. O isə missis Kouendən
savayı heç kəslə tanış deyil. O da yəqin fikirləşir ki, Pinkertona çoxdan çatdırıblar.
- Belə də ola bilər, – Maksi dilləndi. O, iki həftə idi ki, şəhərdən çıxmışdı. Mən iki gün
Ceffersonda fırlanıb yolumu bir qədər uzağa saldım. Növbəti həftənin ortalarında
Divijenoya çatdım. Tələsmirdim. Onu qəfil yaxalamaq fikrim də yox idi. Bura çərşənbə
günü səhər gəlib çıxdım. Əgər Pinkertonun həyatında məhəbbət olmuşdusa, görünür o,
bu haqda fikirləşməyi belə unutmuşdu. Sanki məhəbbət ona yad idi. Hələ on üç il əvvəl
mən ilk dəfə onu Porterfild şəhərində (mən onda Missipinin şimalı və Alabamada fəhlə
paltarı satmağa təzəcə başlamışdım) bərbər kürsüsü arxasında görəndə özümə demişdim:
«Bax, bunun alnına bütün ömrünü subay keçirmək həkk olunub. Bu elə birdən qırxyaşlı
subay kimi doğulub».
O, gombul, alçaq bir adamcığaz idi. Torpaq rəngli sifətini yadda saxlamaq mümkün
deyildi. On dəqiqəyə bu sifəti unudardın. Əynində diaqonal xətləri olan kostyum,
boynuna arxadan düymələnən kəpənək – qalstuk taxmışdı. Belə qalstuklar bağlanmış
halda da satılırdı. Maksi mənə danışırdı ki, bir il sonra cənubagedən qatardan
Ceffersonda düşəndə, Pinkertonu görmüşdü. Onu yenə əynində həmin diaqonal xəttli
kostyom, həmin kəpənək qalstukda əlində də kapron çamodanla görmüşdü.
Bir il sonra mən onu Maksinin bərbəxanasında gördüm. Kürsünün arxasında
dayanmasaydı mən onu heç cür tanımazdım. Həmin sifət, həmin qalstuk. Sanki kimsə
onu kürsü, müştəri və bütün əşyalarla birgə qucağına alıb altmış mil uzaqdan bura
gətirmişdi. O isə elə bil hər şeydən xəbərsiz idi. Mən hətta pəncərdən çölə baxdım: keçən
ildə deyiləm ki? Bəlkə bura Porterfild şəhəridir? Sonra yadıma düşdü ki, ay yarım
bundan qabaq mən Porterfildə gedəndə, onu həmin yerdə görməmişdim.
Mən onun sirrini öyrənincə, üç il keçdi. İldə beş dəfə Missipi ilə Alabamanın sərhəddində
yerləşən Divijen qəsəbəsinə gedirdim. Bura cəmi bir neçə ev, dükan və mişar sexindən
ibarət qəsəbə idi. Qəsəbədə bir ev diqqətimi cəlb etdi. Möhkəm ev idi. Qəsəbənin ən
141
yaxşı evlərindən olan bu tikili həmişə bağlı olurdu. Əgər mən Divijenə yazın sonu, yayın
əvvəllərində getsəydim, bu malikanəni səliqəyə salınmış görərdim. Həyət təmizlənmiş,
ləklərdə çiçəklər əkilmiş, hasar və evin damı təmir edilmiş olardı. Yox, əgər bura payız
və ya qışda baş çəksəydim, tamam ayrı mənzərənin şahidi olardım. Həyəti ot basmış,
çəpərin taxtalarının çatışmadığını görərdim. Taxtaları kim aparmışdı, niyə aparmışdı,
məlum deyildi. Ev də həmişə bağlı olardı: bacasından tüstü də çıxmırdı. Nəhayət, bir dəfə
maraq mənə üstün gəldi. Dükan sahibindən bu ev barədə soruşdum. O, mənə bəzi şeyləri
danışdı.
Bu evin sahibi Starns familiyalı bir şəxs olub. İndi onlardan qalan yoxdur, – hamısı ölüb.
Starnslar buranın sayılıb-seçilən adamlarından olublar. Çünki onların torpağı var idi,
düzdür, bu torpaq girov qoyulmuşdu. Ona görə ki, Starns o tənbəllərdən idi ki, oturduğu
yerdən durmağa belə ərinərdi. Gəlirləri ancaq boş çörəyə və tütünə çatardı. Ona da şükr
edərdilər. Yeganə bir qızları vardı. O da heç kimlə məsləhətləşmədən yaxşı tanımadıqları
bir icarəçi – fermerin oğlu ilə nişanlanmışdı. Bu izdivac anasının ürəyincə olmasa da,
deyilənə görə atası Starns etiraz etməmişdi. Bəziləri bunu oğlanın (onun familiyası
Striblinç idi) işgüzar olması ilə izah edir, digərləri isə, sadəcə Starnsın etiraz etməyə
tənbəllik etdiyini söyləyirdilər. Hər nə isə, cavanlar nişanlandıqdan sonra Stirblinq pul
yığıb bərbərliyi öyrənmək üçün Birminqemə yollandı. O, bu şəhərə furqonla, funqon
olmayanda isə payi-piyada gedirdi. Amma hər yay nişanlısını görmək üçün Divijenə
qayıdırdı. Sonra Starns öldü. Şüşəbənddə həmişə oturduğu kürsüdəcə canını tapşırdı.
Yerliləri onun ölümünü də tənbəlliyi ilə bağlayırdılar. O, nəfəs almağa tənbəllik etdiyi
üçün vəfat etdi – deyirdilər. Striblinqi çağırdılar. Eşitdiyimə görə Birminqem
bərbərxanasında onun işləri yaxşı gedirdi. Hətta pul da vermişdi, axı yayda onlar
evlənməyi qərara almışdılar. Striblinq özünə mənzil tapmış, mebel və digər ev əşyaları
üçün beh də ödəmişdi. Starnsdan heç nə qalmamışdı. O, girov qoyduğu torpağın
pulundan başqa heç nə əlinə almamışdı. Dəfn pulunu Striblinq ödəməli oldu. Mərasim
xərcləri gəncə baha başa gəldi. Bəlkə də Starnsın özü bu xərclərə dəyməzdi. Amma
ortada missis Starns var idi. Beləliklə, Striblinq hər şeyə sıfırdan başlamalı oldu.
Bir müddətdən sonra o, mənzil tutmuş, mebel və üzüyün pulunu ödəmiş, nigaha icazə
almışdı. Birdən xəbər gəldi ki, təcili evə gəlsin; nişanlısına bədbəxtlik üz verib; qızdırma
onu yaxalayıb. Bizdə, ucqarlarda bilirsən necədir də. Həkim, baytar olsa da çox vaxt,
onları çağırmırlar. Bu adamları bıçaqlasan, güllələsən – heç kəsin vecinə deyil.
Xəstələnərkən də, ya iki-üç günə sağalar, ya da vəbadan canlarını tapşırarlar. Striblinq
gələndə o, artıq sayıqlayırdı. Qızın saçlarını kəsməli oldular. Əlbəttə, bu işi Striblinq özü
gördü. Bu işi daha kim görəcəkdi ki? Necə deyərlər, ailənin öz bərbəri vardı. Danışırlar
ki, qız elə çəlimsiz, elə arıq idi ki, onun yaşayacağına inam yox idi. Amma saçları çox
qalın idi. Rəngi nə ağımtıl, nə də qonur idi.
Qız nişanlısını tanımadan, saçlarını kimin kəsdiyini bilmədən vəfat etdi. O, hər şeydən
xəbərsiz öldü. O, hətta öldüyünü də bilmədən bu dünyadan köçdü. Ancaq bir şeyi təkrar
edirdi: «Anamın qayğısına qalın. Girov kağızı. Əgər ödəniş geciksə, atam inciyər.
Henrini çağırın. (Henri Striblinq, Pinkertonun özü idi. Bir il sonra mən onunla
Ceffersonda rastlaşdım. «Demək, Henri Striblinq sənsən») Girov kağızı. Anamın
qayğısına qalın. Henrini çağırın. Girov kağızı. Henrini çağırın». Və o öldü. Ondan cəmi
bir şəkil qalmışdı. Ayrısı yox idi. Pinkerton şəkili nişanlısının bir çəngə tükü ilə birlikdə
jurnalardan birində oxuduğu ünvana göndərib, o saçlardan şəklə çərçivə hazırlamağı
sifariş vermişdi. Ancaq şəkil də, saçlar da haradasa poçtda itmişdi. Hər nə isə Pinkerton
daha onları geri də almamışdı. Nişanlısını basdırıb bir ildən sonra (o, Birminqemə
142
qayıtmalı oldu, icarəyə götürdüyü mənzili təhvil verdi, mebeli qaytardı, yenidən pul
yığmağa başladı) onun qəbri üstünə başdaşı qoydurdu. Sonra o, şəhəri tərk etdi. Şayiə
gəzirdi ki, o, Birminqemdəki bərbərxanadan da çıxıb.
İşdən gedən kimi, sanki o, yerə batmışdı. Heç yerdə yox idi. Amma Birminqemlilərin
dediyinə görə, bir az da qalsaydı, bərbərxanaya sahib olardı. İşini atsa da o, yazda-aprel
ayında nişanlısının ölümünün ildönümündə yenidən doğma yerlərdə göründü. Missis
Starnsa baş çəkib, iki həftə qalıb, yenidən işə qayıtdı.
Sonra məlum oldu ki, o, yerli banka baş çəkib, girov kağızına görə faizləri ödəyib.
Beləliklə, missis Starnsın ölümünə kimi Pinkerton hər il yazda bu şəhərə gəlir, girova
görə faizləri ödəyirdi. Təsadüf elə gətirdi ki, o, burada olarkən missis Starns da vəfat etdi.
Axı o, ilin cəmi iki həftəsini burada keçirirdi; həyət-bacaya əl gəzdirir, abadlıq işləri
görür, çalışırdı ki, ondan sonra Missis Starns əziyyət çəkməsin. O isə bərbərin gördüyü
bu işlərə elə də əhəmiyyət vermir, onu özünə bərabər saymırdı. Bərbərin gördüyü işləri
isə onunçün şərəf bilirdi. Pinkerton qarıya qarşı çox sadə idi. Sonra o da öldü. Öləndə:
«Yadda saxla, Sofi nə tapşırmışdı – söyləmişdi. Girov kağızı. Biz görüşəndə Mister
Starns ilk növbədə girov kağızı barədə soruşacaq».
Pinkerton onu da dəfn etdi. Hörmət əlaməti olaraq onunçün də başdaşı qoydurdu. Sonra
borcları ödəməyə başladı. Starnsların Alabamada bəzi qohumları var idi. Divijendə hamı
gözləyirdi ki, bu qohumlar üzə çıxacaq, malikanəni ələ keçirəcəklər. Amma qohümlar
tələsənə oxşamırdılar. Yəqin gözləyirdilər ki, Pinkerton bütün borcları ödəyəndən sonra
işə başlasınlar. O isə hər il banka pulu ödəyir, doğma yerlərə qayıdıb, malikanədə abadlıq
işləri görürdü. Deyirdilər ki, Pinkerton qadından pis işləmirdi. Evdə hər yeri yuyur,
süpürüb, təmizləyirdi. Hər apreldə iki həftə ancaq ev işləri ilə məşğul olurdu. Sonra o,
harasa gedirdi. Hara – heç kəsə məlum deyildi. Və hər aprel hər şey təkrar olunurdu.
Pinkerton qayıdıb bankın pulunu ödəyir, heç zaman ona məxsus olmayan evdə yır-yığış
edir, səliqə-sahman yaradırdı. Malikanənin yanında mən onu görən vaxtdan beş il keçirdi.
O, heç dəyişməmişdi. Bir il sonra onu Porterfilddə gördüyüm zaman geydiyi paltarlar da
həminki idi. Maksi deyirdi ki, cənuba gedən qatardan düşərkən əlində də həmin o karton
çemodan vardı. İki gün onun arxasınca nəzər salmışdılar. O, heç kəslə görüşməmiş, heç
yerə getməmişdi. Görünür, heç kəsi tanımırdı. İşi-gücü olmadığından sadəcə veyillənir,
ora-bura baxırdı. O, bütün gününü klub həyətlərində keçirən avara oğlanlardan
fərqlənirdi. Axşam düşüb-düşməmiş ombalarını yırğalayıb hırıldaya-hırıldaya qazlı su
satılan köşklərə və ya poçta gələn qızları gözləyən oğlanlar ona Pinkerton ayaması
vermişdilər. Onlar deyirdilər ki, o, xəfiyyədir. Buna görə də xəfiyyəyə az oxşayır. Həmin
gənclər onu Pinkerton adlandırmışdılar. Ceffersonda Maksinin işlədiyi bu on iki ildə
hamı onu Pinkerton kimi çağırırdı. Maksi danışırdı ki, Pinkerton Alabamadan idi.
- Hansı yerindən? – Alabama böyük şəhərdir. Birminqemdən? – Maksi dillənir.- Amma
o, Birminqemdən olana oxşamır. Alabamanın hər hansı bir yerindən ola bilər, amma
Birminqemdən yox.
- Bəli – Pinkerton cavab verdi. – Birminqemdənəm. Bərbərdən daha başqa söz ala
bilmədik. Onu gözlənilmədən Maksinin bərbərxanasında görməsəydim, bəlkə də
Pinkertona Porterfilddə rast gəldiyimi xatırlamazdım.
- Porterfilddə? – Mənim orada bacanağımın bərbərxanası var. Deməli, sən keçən il
Porterfilddə işləmisən? – Maksi davam edir.
- Bəli, – Pinkerton cavab verir – İşləmişəm.
Maksi mənə onun məzuniyyəti ilə bağlı tərsliyindən danışmışdı. Pinkerton yayda heç cür
məzuniyyətə getmək istəmir, əvəzində isə yazda iki həftəlik məzuniyyətlə razılaşırdı.
Səbəbi nədir – izah etmirdi. Maksi danışır; aprel işin qızğın çağı olduğundan məzuniyyət
143
yada düşmür. Belə bir vaxtda Pinkerton mənə yaxınlaşıb bildirdi: aprelədək sizdə işləyib,
sonra gedəcəyəm. «Demək bizdən ayrılmaq istəyirsən?» Maksi danışır. Bu söhbət yayda,
missis Berçett ilk dəfə Syuzən Ridi bərbərxanaya gətirən vaxta təsadüf edir.
- Yox, – deyə Pinkerton cavab verir, – bura xoşuma gəlir. Sadəcə, yazda iki həftəliyə
getmək istəyirəm.
- İşin var? – Maksi soruşur.
- Hə, işim var – Pinkerton cavab verir.
Maksi məzuniyyətə bacanağının yanına Porterfild şəhərinə gedirdi. Tutaq ki, dənizçi
göldə avarla qayıqla necə gəzirdisə, o, da bacanağının müştərilərinin üzünü o sayaq
qırxırdı. Bacanağı ona demişdi ki, Pinkerton onun yanında işləyib. Apreldə məzuniyyət
götürdükdən sonra bir daha işə qayıtmayıb.
- O, sənin yanından da bu sayaq gedəcək. Pinkerton Alabamada yerləşən Boşvardan,
Penessidən, Florensiyadan da bu cür getmiş, hər yerdə cəmi bir il qərar tutmuşdu. O,
sənin yanına da qayıtmayacaq. Özün görərsən, – bacanağı söyləmişdi. Maksi danışırdı ki,
evə qayıtdıqdan sonra onun beş-altı şəhərdə bir il işləyib, sonra getməyinin səbəbini
öyrənməyə çalışdım.
- Niyə axı sən heç yerdə qərar tutmursan? Maksi soruşur – Sən yaxşı bərbərsən; uşaq
bərbəri kimi isə tayı-bərabərin yoxdur. Axı niyə işdən çıxırdın?
- Heç, elə-belə, bələd olmaq istəyirdim – Pinkerton izah edir.
Aprel gələn kimi o, yenə iki həftəlik məzuniyyətini götürür. Üzünü qırxıb, şey-şüylərini
karton çemodana qoyaraq şimala gedən qatara oturur.
- Yəqin qonaq gedirsən? – Maksi soruşur.
- Havamı dəyişmək istəyirəm – Pinkerton cavab verir.
Həmin diaqonal kostyumda, qara kəpənək qalstukda Pinkerton yola düşdü. İki gündən
sonra isə – Maksi mənə danışır – məlum oldu ki, bərbər bir il ərzində yığıb banka
qoydyğy pulu da götürüb.
O, missis Kauengildə məskən salmışdı, vaxtının çoxunu kilsədə keçirir, demək olar ki,
pul xərcləmirdi. Hətta siqareti də atmışdı.
Belə ki, Maksi də, Mətt də, yəqin bütün Cefferson əhli də elə fikirləşirdi ki, Pinkerton bir
il ərzində özünü tutduqdan sonra, o, məzuniyyət vaxtını Memfisdə əyləncələrdə keçirir.
Dəmir yolunda ekspeditor işləyən Mitç Yuinq də missis Kauengildə yaşayırdı. O,
danışırdı ki, Pinkerton bileti həmişə qovşaq stansiyayadək alırdı. «Oradan isə istəyirsən
Memfisə, istəyirsən Birminqemə, istəyirsən Yeni Ormana get» – Mitç danışırdı.
- Hər nə isə artıq o, bizdən ayrılıb – Maksi danışırdı, – Mənim sözlərimi yadda saxlayın:
biz bir daha onu burada görmərik.
Bu fikirlə də hərəsi bir tərəfə getdi. Beləliklə, həmin iki həftə başa çatdı. Amma on
beşinci gün Pinkerton heç nə olmamış kimi yenidən bərbərxanaya gəldi. Pencəyini
çıxarıb ülgücünü qaydaya salmağa başladı. Harada olduğu barədə isə heç nə demədi.
Sadəcə havamı dəyişməyə getmişdim, vəssalam.
Elə vaxt olurdu ki, onları nəyəsə təhrik etmək istəyirdim. Ceffersona haçan gəlirdimsə,
onu bərbərxanada kürsü arxasında görürdüm. Sifətdən o, heç qocalmamışdı. Lap o qızın
saçları kimi – Syuzən Rid nədən, hansı boyadan istifadə etməsinə baxmayaraq saçlarının
rəngi qətiyyən dəyişmirdi. Beləliklə, məzuniyyəti qurtaran kimi, səhərisi Pinkerton işdə
olurdu. Yenə bir il ərzində pul yığır, bazar günləri kilsəyə gedir, balaca müştəriləri üçün
nanəli nabatdan alırdı. Məzuniyyət vaxtı çatan kimi yenə pulu bankdan götürüb, Divijenə
yola düşür, girov kağızının faizini ödəyib, malikanəni qaydaya salırdı.
Elə vaxt olurdu ki, mən Ceffersona gələndə, o, burada olurdu. Onda Maksi mənə
danışırdı ki, Pinkerton bu qızcığaz Syuzən Ridin saçlarını necə nəvazişlə qırxır, təkrar-
144
təkrar hamarlayır, güzgünü elə tutur ki, boynunun ardını da görə bilsin. Sanki bu adi
qızcığaz deyil, məşhur aktrisa idi.
- O, qızdan pul da götürmürdü – Mətt Foks danışırdı – kassaya pulu da cibindən ödəyirdi.
- Mənə nə, özü bilər – Maksi dillənir – Mənim iyirmi beş qəpiyimi ödəsinlər. Bunu kim
verəcək, mənə dəxli yoxdur.
Bir beş il keçsəydi, mən də deyəcəkdim: «Bəlkə bu onun qiymətidir» – özünü bu həddə
çatdırıb. Hər halda şəhərdə belə danışırdılar. Doğru danışırdılar, ya yox, deyə bilmərəm.
Amma qız və qadınlar haqqında şayiələri çox vaxt özü bu yola can atan, ancaq günah
etməkdən qorxan və ya kiminləsə yaxınlıq etmək istəsə də, buna nail ola bilməyən
şəxslər açıq və qibtə üzündən yayırlar. O, aprel ayında təzəcə məzuniyyətə getmişdi ki,
şəhəri yeni şayiə bürüdü. Yəni bu da oyunun axırı – qız axır ilişdi. Skinidar içərək özünü
zəhərləyib.
Hər nə olmuşdusa, o üç ay adam arasına çıxmadı; kimsə deyirdi o, Memfisdə
xəstəxanadadır, amma qız yenə bərbərxanaya gəldi, Pinkerton sərbərst olsa da, Məttin
kürsüsünə oturdu. O, əvvəllər də bərbəri əsəbləşdirmək üçün min cür hoqqalar çıxarırdı.
Maksi danışırdı ki, bu qız elə acıqlı, elə arıq idi ki, ondan yaxşılarını tabuta qoyurlar.
Əynində güllü paltar vardı. O qədər ətirlənib, boyalanmışdı ki, – buna biabırçılıqdan
savayı ayrı ad verməzdilər. Budur, o, Maksinin kürsüsündə oturdu. Qız hırıldayırdı, uzun,
lüt ayaqlarını sanki sərgiyə çıxarmışdı. Sanki otaqda ondan savayı heç kəs yox idi. Boş
kürsünün ortasında dayanan Pinkerton isə özünü görməməzliyə vururdu. Bəzən elə
olurdu ki, daxili bir qüvvə məni bu hadisələr barəsində danışmığı vadar edirdi. Amma
heç kəsə heç nə danışmırdım. Bircə Qəvin Stivensə ürəyimi açmalı oldum. Ona görə ki,
Stivens adi adamlardan deyildi. Ədliyyə məmurcuqlarından, məhkəmə siçovullarından
fərqli olaraq o, Harvard Universitetini bitirmişdi. Ağıllı adam idi. Ceffersonda dairə
prokuroru işləyirdi. Onunla tanışlığım belə olmuşdu. Mən Qordonvill bankında hesabdar
işləyərkən xəstələndim. Bir müddət xəsəxanada qaldıqdan sonra Memfis qatarıyla evə
qayıdarkən Stivenslə tanış oldum. O, mənə səyyari ticarətlə məşğul olmağı məsləhət
bildi. İndiyədək çalışdığım firmaya işə düzəlməkdə kömək etdi. İki il bundan əvvəl mən
hər şeyi ona nəql etdim.
- Qız indi min oyundan çıxır. O isə qocalıb. Bundan sonra kim ona yaxın duracaq. Heç
qızı əməlli-başlı böyütmək ona nəsib olmayacaq – davam edirəm – girov kağızlarına görə
faizləri ödəyən kimi isə Alabamada yaşayan Starnslar qaçıb gələcək, malikanəni ondan
alacaqlar. Bununla da onun işi bitəcək. Sizcə, bu halda o, nə edə bilər?
- Bilmirəm – Stivens cavab verir.
- Yəqin başını götürüb hara gəldi gedəcək və öləcək, – mən deyirəm.
- Mən də belə fikirləşirəm – Stivens dillənir.
- Xeyrixahlığı əvəzinə yamanlıq görərsə, heç təəccüblənmərəm. O, nə birincidir, nə də
axırıncı – əlavə edirəm.
- Əlbəttə, birinci deyil – Stivens deyir.
Beləliklə, ötən həftə mən yavaşca Divijenə tərf yollandım. Çərşənbə günü ora çatdım.
Baxıram ev yenicə rənglənib. Dükan sahibindən öyrəndim ki, Pinkerton girov kağızına
görə sonuncu faizi də ödədikdən sonra Starnsların girov kağızını satın almışdır.
- İndi Alabamada yaşayan Starnslar hazır evə sahib ola bilərlər – o danışır.
- Hər nə olsa da, amma Pinkerton missis Starnsa verdiyi sözə əməl etdi – dillənirəm.
- Pinkerton? – dükan sahibi soruşur. Deməli, siz onu belə çağırırdınız? Gör ha. Deməli,
Pinkerton. Gör ha!
145
Ceffersona üç ay sonra qayıda bildim. Pəncərədən gözucu bərbərxanaya baxsam da, içəri
girmədim. Pinkerton görsənmirdi. Onun yerində cavan bir oğlan dayanmışdı.
«Maraqlıdır, görəsən, Pinkerton öz nabat qutusunu gənc bərbər üçün saxlayıb, ya yox?»
Öz-özümə düşünsəm də içəri girmədim. Fikir məni götürdü: «Axır ki, getdi». Başladım
götür-qoy etməyə; tamam əldən düşərsə, onu nə gözləyir? Yəqin haradasa ucqar bir yerdə
üç kürsüdən ibarət bir bərbərxanada əynində həmin mil-mil kostyum, boynunda qara
kəpənək qalstuk dünyasını dəyişəcək.
Buradan uzaqlaşıb, alıcılarımla görüşdüm. Nahar edib sonra Stivensin kontoruna getdim.
- Görürəm, şəhərinizə yeni bərbər gəlib – deyirəm.
- Bəli, Stivens cavab verir. Diqqətlə mənə baxıb əlavə edir: – Deyəsən eşitməmisiniz?
- Nəyi eşitməmişəm? – soruşuram. O gözlərini başqa səmtə yönəldir.
- Mən o məktubu almışam, – davam edir. – Yazmışdılar ki, Pinkerton girov kağızlarına
görə borcları ödəyib, evi də rəngləyib. Bu haqda ətraflı danışın.
Və mən Divijenə çərşənbə günü çatdığımı, Pinkertonun isə çərşənbə axşamı oradan
çıxdığını bildirirəm. Yerli sakinlər isə dükana yığışıb Alabamada yaşayan Starnsların
haçan gələcəyini müzakirə edirdilər. Evi Pinkertonun özü rəngləmişdi. Qəbirlərdən
ikisini səliqəyə salmış, mister Starnsın qəbrinə isə toxunmamışdı. Görünür, onu narahat
etmək istəməmişdi. Gedib qəbirlərə baxdım. O, qəbir daşlarını da qaşımış, nişanlısının
qəbrinin üstündə isə alma ağacı əkmişdi. Ağac artıq çiçəkləmişdi. Yerli adamlar bu
mövzuda o qədər danışmışdılar ki, Starnsların evinə baxmağa məndə güclü maraq
yarandı. Evin açarı dükançıda idi. O söylədi ki, evə baxmaq istəsən, açarı verə bilərəm.
Pinkerton inciməz. Evdə əsl səliqə-səhman mövcud idi. Lap xəstəxanadakı kimi pilətə elə
təmizlənmişdi ki, par-par parıldayırdı. Səbət odun tilişkələri ilə doldurulmuşdu. Dükançı
söylədi ki, o həmişə buradan gedərkən zənbili ağzınadək tilişkələrlə doldurur.
- Bəlkə fikirləşir ki, Alabamadakı qohumlar ona sağ ol deyəcəklər, – mən deyirəm.
İçəri keçib zala daxil olduq. Küncdə fisqarmoniya qoyulmuşdu. Mizin üstündə isə nöyüt
lampası və Bibliya görünürdü. Lampa da, şüşəsi də tər-təmiz idi. Ancaq, görünür,
lampaya nöyüt tökülməmişdi. Buna görə heç nöyüt iyi də gəlmirdi. Nigaha razılıq kağızı
isə çərçivəyə salınaraq şəkil kimi kaminin üstündə qoyulmuşdu: 4 aprel 1905-ci il.
- Bax, burada o, ödənişlərin hesabnı aparır, – dükançı (onun familiyası Bidvell idi)
göstərir. O, masaya yaxınlaşıb Bibliyanı açdı. Birinci səhifədə ölüm tarixləri iki sütunda
yazılmışdı. Nişanlısının adı Sofi olub. Mən əvvəlcə sütunda onun adını axtardım.
Nişanlısının adı sonuncudan əvvəl yazılmışdı. Bu qeydləri missis Starns aparmışdı.
Yəqin ki, bir on dəqiqə ona vaxt sərf etmişdi. Qeyd isə belə idi:
«Sofi Starns 1905-ci ilin aprelin 16-da vəfat edib».
Axırıncı qeydləri isə səliqəli, gözəl xəttlə Pinkerton aparmışdı:
«Missis Uill Starns. 23 aprel 1916»
- Ödəmələr axırdadır – Bidvel söyləyir.
Axıra baxdıq. Pinkerton köçürmələri sütun şəklində qeyd etmişdi. Birinci ödəniş – 16
aprel 1917-ci il, 200 dollar. Ardınca banka növbəti köçürmələr göstərilirdi. 16 aprel
1918-ci il. 200 dollar. Aprelin 16-sı 1919-cu il – 200 dollar; aprelin16-sı 1920-ci il – 200
dollar. Beləliklə, lap sonuncu ödəniş 16 aprel 1930-cu ildə 200 dollar olmuşdu. Burada o,
sütunun altında xətt çəkmiş və yazmışdı.
«Artıqlaması ilə ödənilib. 16 aprel,1930».
sonuncu cümlə elə xəttlə yazılmışdı ki, vaxtilə kolleclərdə kargüzarlıq işini bu cür
dəqiqliklə öyrədirdilər. Sanki qələm özü-özünə sonda yazıya bir quyruq da əlavə etmişdi.
146
Görünür o bunu özünəvurğunluqdan yox, sadəcə son sözü yazandan sonra ya qələmi
saxlaya bilməmiş, ya da bu quyruq işarəsini nəhayət rahat olduğu üçün cızmışdı.
- Deməli, o, missis Starnsa verdiyi vədə əməl etdi, – deyə Stivens soruşur.
- Bidvelə də mən belə dedim – dillənirəm.
Stivens isə öz işində idi. Sanki heç məni eşitmirdi.
- Demək qarı rahat yata bilər. Mənə elə gəlir ki, onun tabeliyindən çıxan qələm də bunu
söyləmək istəyib. O, daha sakit yata bilər. Axı Pinkertonun yaşı qırx beşi ötmüşdü.
Əslinə qalsa elə də çox deyil. Bununla yanaşı o, sütunun altında «Artıqlaması ilə
ödənilib» sözünü yazanda bu ağır, ümidsiz, zülmətli zamanın cazibəsini hiss etməyən
yeniyetmə uşaq və ya əsli-nəsli bilinməyən qızcığaz kimi rahat nəfəs almışdı.
- Amma, gör, bu qızcığaz onun başına nə oyun açdı da – sözümə davam edirəm. – Artıq
qırx beş yaşı var. İndi Pinkerton başqasını harada tapsın? O, yenisini axtarıb tapınca yaşı
əllini ötər.
Bu məqamda Stivens mənə tərəf baxdı.
- Siz yəqin hələ eşitməmisiniz – soruşur.
- Yox, – deyirəm. – Bərbərxanaya boylanıb baxdım. Ancaq bilirdim ki, Pinkerton orda
olmayacaq. Qabaqcadan doymuşdum ki, o, faizləri ödəyən kimi bir gün də bu şəhərdə
qalmayacaq. Belə başa düşürəm ki, Pinkerton qız haqqında heç nə bilmirdi. Ya da heç
nəyi vecinə almırdı.
- Sən belə fikirləşirsən ki, o, heç nə bilmirdi?
- Başa düşmürəm, bu necə ola bilər? Amma dəqiq deyə bilmərəm. Bəs, sən necə
fikirləşirsən?
- Mən bilmirəm. Heç bilmək də istəmirəm. Amma məndə xoş xəbər var.
- Nə xəbərdir? – soruşuram. O, yenə mənə baxır. – Siz bir ucdan deyirsiniz ki, sonuncu
yeniliklərdən xəbərsizəm, sonra da belə. Nəyi axı eşitməmişəm?
- Syüzən Ridd haqqında – Stivens dillənir. Və mənə baxır.
- Sonuncu məzuniyyətdən qayıdan Pinkerton həmin günün axşamı onunla evləndi. Və bu
dəfə qızı da özüylə apardı.
Çevirəni: Sərraf Talıb
Qeyd: İlk dəfə “Sənət qəzeti”ndə çap olunub.
kultaz.com
Dostları ilə paylaş: |