147
Ken Kizi
"Qanlı Otto"
Amerikanın məşhur yazıçılarından biri – “Qu quşu üzərindən uçuş” filminin
ssenaristindən bir hekayə
Yəqin ki, çoxları 80-ci illərin sonunda bütün dünyaya səs salmış “Qu quşu üzərindən
uçuş” filmini xatırlayırlar. Bir neçə Oskar mükafatı alan filmin quruluşçu rejissoru dahi
Minqoş Forman , baş rolun ifaçısı Cek Nikolson dünya şöhrəti qazansa da, ssenari
müəllifi Ken Kizinin adı kölgədə qaldı. Bir çoxlarımız bilmirdik ki, bu film eyni adlı
roman əsasında çəkilib və bu romanın müəllifi Ken Kizi Amerikanın ən məşhur
yazıçılarındandır.
"Qanlı Otto"
Dayan, dayan… Bu kişinin adı necəydi? Yaddaşımı büsbütün ələk- vələk elədim ki,
bəlkə o, hafizəmin hansısa küncündə düşüb qalıb. Sonra fikirləşdim ki, axı niyə belə
səfeh şeyə vaxt sərf edirəm? Elə bil hansısa sərxoşu yerindən qaldırmaq istəyirdim, o isə
heç cür qalxmaq bilmirdi… Yox, Sadom ilə Qomorro deyil. Heç Romanın yıxılmağı da
deyil. Ooo, dayan bir, tapdım! Biz burada İsa ilə vaxt barəsində mübahisə edirdik, bu
xüsusda sitatlar gətirirdik: “ Göyün üzü ilə uçaraq İblisin cərgəsinə qoşulur, yenə bir
qədər uçur və bilmərrə çəkilib gedir.” Ho-ho-ha-ha… Əxbar, 20: 70, yaxud buna oxşar
bir şey. Deyəsən, bir şey xatırlayıram. Amma nə isə, davam edək. (1. Apokalipsis.
Parafraz. 20: 7: Min ilin sonunda İblis qaranlıqdakı məhbəsindən qurtulacaq və xalqları
haqq yolundan döndərəcək…”)
Miladın 999 il, 11 ay və 30-cu günüdür dayanıb, Ermaniya ilə Farşlandiyanın uzun sürən
cütlüyü yenə də hansısa mənfi- müsbət göstəricilərdə toqquşub. Toplar hardasa qiymə
hazırlayır. Onun adı Otto idi. Şahzadə Otto qoca şah Böyük Ottonun yeganə oğlu idi, dini
ayinlərə hörmətlə yanaşan adam idi, altı rahib, yeddi keşiş ona ağıl öyrətməklə məşğul
idilər. Özü də onlardan nəsə öyrənirdi. İdeal resept mənəvi qidadır. Hələ uşaq vaxtından
Otto artıq İncili əzbər bilirdi və yeddi keşiş ona qiyamət günü barəsində danışanda
ləzzətdən bihuş olurdu. Səsi qalınlaşan zaman isə artıq bütün Bibliyanın kəlamları
dişlərinin arasından ətrafa səpələnirdi. Rahiblər ürəklərini belə ondan əsirgəmirdilər.
Üzündə ilk tüklər peyda olanda isə o, artıq vəhyqabağı titrətmələrdə olduğu kimi bədəni
uçunurdu və axirət mələklərini seyr edirdi. Xəyal! Heyvanlar, cəng arabası, asiman…
keşişlər düşünürdülər ki, onların yetirməsinin artıq dövlət işlərinin sükanı arxasında
əyləşib dövlət gəmisini idarə edərək gələcək yüzilliklərə doğru hərəkət etmək vaxtı çatıb.
Budur, onlar Böyük Ottoya məktub yollayırlar ki, gənc Otto açıq- aşkar varisliyi qəbul
etməyə və sükan arxasına keçməyə, yəni Müqəddəs Övliya taxtına çıxmağa hazırdır.
Ancaq qoca Otto bu işlərə bir az başqa cür baxırdı. O, öz qvardiyasını yollamışdı ki, onun
əleyhinə olan riyakarları zəncirləyib tutub gətirsinlər. İşə bax, dövlət gəmisini idarə
148
etmək istəyir! Atan sənə başa salar necə idarə etmək lazımdır. Məhkəmə gedənə qədər
Böyük Otto özü bir qədər sükan arxasında oturmağı qərara aldı. Keşiş ona bayrağı hara
sancmağı öyrədirdi! Şah qəti hökm verməyə tələsmirdi, hələ öyüd- nəsihət verirdi ki,
görsün onu başa düşürlərmi? Və o, təzimlər döyən zaman, deyilənə görə, yeddi qisasçı
mələk onun imperator bədənini didib- dağıtdılar. Bu yeddi tikəni isə imperatorluğun hər
tərəfinə səpələdilər. Bu tikələrin heç biri bir daha öz bədənlərini görmədilər.
Beləcə, Böyük Ottonun oğlu Qanlı Otto adını qazanaraq taxt-taca sahib oldu – kafirlər,
zinakarlar, cadugərlər və bu qəbil işlərlə məşğul olanlar onun qamçısı altından sağ
çıxmırdılar. Qamçılama onun sarayında keçirilirdi və bir müddət sonra vilayətdə
ümumiyyətlə cinayətkar, kafir və cadugər qalmadı. Tezliklə belə bir qənaətə gəldi ki,
dünyəvi fikirlər onun axırına çıxacaq və birdən… elan etdilər ki, dünyanın sonu yetişir.
Qiyamət günü Yeni ilə təyin olunur.
O, öz əyanlarını imperator pivəxanasına çağırıb elan edir: “Qiyamət günü yaxınlaşır. Biz
gərək yüksək bir dağ zirvəsinə çıxıb Qiyamət gününün gəlişini adımıza layiq şəkildə
qeyd edək. Qoy elə bilinsin ki, bu Qiyamət günü bizim tələbimizlə gəlir.” “Doğrudan da-
məiyyəti razılaşdı.- Qorxunc məhkəmə.”
Və yeni min ilin ərəfəsində o, bütün generallarını, sağlam qocaları, qadınları, yeddi
rahibi, altı rahibəni, öz arvadını, donuz balasını, Mastiv cinsli itini və şərabla dolu
çəlləkləri at arabalarına yükləyib yaxınlıqdakı təpəyə yollandı. Qaranlığın başlanğıcıdır.
Keşişlər ibadət etməlidir və onlar da təpəyə qalxırlar.
Donuzlardan birini kəsib sümükdən ayırırlar, sonra tikələrini doğrayıb şişə keçirirlər.
Sümüklər ancaq günahkarları qamçılamağa yarıyar. İndi əylənmək olar. Atılıb- düşərək
oynamağa başladılar. Qaranlıqda mələkləri seçmək olmurdu. Sonra səhər özünü yetirdi
və qəribə də olsa, Qiyamətdən əsər- əlamət yox idi. Otto azca incidi. Arvadını tikanlı
sözlərlə acıladı. Keşişlər yenə ibadət edirdilər. Hə, dünyanın sonu yetişmədiyindən onlar
əvvəlki ayinləri əldən buraxdıqları üçün heyfsilənirdilər. O zaman Otto keşişlərdən birini
bişirməyi qərara aldı. O biri keşişlər üçün bu, problem yaratdı. Allah tamahkar və
acgözləri sevmir. Onlar gecəni yatmayıb təzədən tonqal qaladılar və öz günahlarıyla baş-
başa qaldılar. Sənin canında kabus dolaşır və çığırırsan. Zar-zar ağlayırsan və başına kül
tökürsən, çığırmaqdan boğazın qovuşur. Gözünün yaşından ocaq sönür. Ancaq səhər…
səhər… torpaq əvvəlki vəziyyətinə qayıdır. Və günəş şəfəq saçır. Otto yenə əsəbiləşir,
yenə axirət görünmür.
Bax, belə. Birinci minilliyin yanvarı tövşüyə- tövşüyə özünü yetirir. Üç keşiş tonqalda
bişib bərkiyir və tonqala bir cüt rahibə də atılır. Minillik dağın zirvəsində – kral Qanlı
Otto xanımı kraliça Otto ilə dayanıb. Qaranlıq yaxınlaşır. Göy guruldayır. Külək qalxır.
Kraliça dillənir: “Ah, mənim əzizim, məsələ tək məndə olsaydı, dodağımdan qopan heç
bir söz sənin xətrinə sənin xətrinə dəyməzdi. Lakin uşağımız necə olsun?” Otto özü də
vəziyyətdən bir o qədər razı deyildi. Çaxır içilib qurtardı. Məiyyət qaçıb aradan çıxdı.
Rahiblər ya bişməkdəydi, ya da şalvarlarını doldurmuşdular. Təpədə üzərində krallıq
etməyə adam qalmamışdı. Yabıdan, arabaya qoşulmuş atlardan başqa artıq hamının qarnı
açılmışdı. O, qadını arabaya mindirib özü atın belinə sıçradı. Yırğalana-yırğalana geriyə
döndülər. Araba cırıldayırdı və çala- çuxura düşdükcə bu sözlər elə hey qadının
qulağında səslənirdi: “Bəs uşaq necə olsun?..”
149
Yanvarın dördüncü günü hələ günəş doğmamışdı. Otto hər şeyi ölçüb- biçməyə başladı,
insan ətinin qaynayıb bişməsi onun düşüncəsini məşğul edirdi və o, bu məşğuliyyətdən
zövq alırdı. Araba çay daşlarının üstü ilə irəlilədikcə adamı atıb- tuturdu. Yamacda araba
aşdı və xanım enişə yuvarlandı. Bu, yabıya ləzzət verdi. Arabanın yükü ətrafa səpələndi
və çala- çuxur arabada salamat yer qoymadı. Otto arvadına çatınca kraliça artıq canını
tapşırmışdı. Otto mərhəmət göstərdi: “Özünü əziyyətdən qurtardı.”
Və birdən qadının gilə bulaşmış paltarını gördükdə özündən çıxdı. “Körpə. Vaxtından
əvvəl doğulmuş oğlan uşağı! Şahzadə!” Öz eqoist mövcudluğu boyunca Otto ilk dəfə
hiss elədi ki, ürəyinin ən zərif telləri titrədi. Uşaq qımıldananda ürəyi əsdi. O, buna heç
şübhə etmədi. Krallığın əsl varisi doğulmuşdu. Səsi sərçə cikkiltisini andırırdı. Bu, qeyri-
adi bir doğuş idi. “Ey ucalardan uca, sən Qadirsən!”- Otto üzünü göylərə tutdu.- “Bütün
uşaqlarımı əlimdən alıbsan. Axı bu nə sirrdir? Nə vaxt bu əzablar sona yetəcək?” Göy
üzü ona dişini ağartmaqla cavab verirdi. “Bizim dalğaya qoşulun və üçüncü akt sona
yetən kimi bütün qoxumuş sirrlər açılacaq.” Budur, Tefton ucqarında bizim gənc şahımız
Otto bir əlində körpə, bir əlində isə ölmüş xanımını tutaraq dayanmışdı. Körpə artıq
əməlli- başlı çığırırdı və yemək istəyirdi. Anasının isə bədəni artıq soyumuşdu.
Arabanın təkəri hələ də fırlanırdı. Yabılarsa qaçıb getmişdi… Demək olmazdı ki,
dünyanın sonuna verilən biletlər geri qaytarılıb. Siz bütün dünyanın hökmdarını heç bu
vəziyyətdə görmüsünüzmü? Onun dişləri xırçıldayır, saçlarını yolur, səsini isə ancaq özü
eşidir. Köməksizdir. Dağın arxasından sanki kimsə ona öyüd verir. Başqa heç nə. Burada,
otluqlar içində vaxtsız- vədəsiz dünyaya təşrif gətirmiş bu körpəni varis adlandırmaq
olarmı? Birdən dərin quyunun dibində ümid işartısı sezilir. Oradakı yol göstərən ulduz
haranısa nişan verir, cəzbedici, eyni zamanda dəhşətlidir. Soyuq öz təsirini göstərir.
Cansız qadının əvəzi ödənilmişdi və bu cansız bədənin döşündən süd axırdı! Budur,
bizim qəhrəmanımız səsssiz- səssiz ağlayır. İnanmaq olmurdu. Ona desəydilər, qayanı da
sıxıb qan çıxarardı, di gəl, cəsədin döşündən südü necə sağsın? Ancaq bir qədər sonra
ananın döşündən axan süd otların arasıyla qoşa cığır açaraq yeriməyə başladı. Keçi də,
dişi eşşək də, inək də süd qoxusu hiss edib bir yerə yığıldılar. Otto fikirləşdi ki, bunların
dördünü də birdən necə yemləsin? Kəndin yaxınlığındakı açıqlıqda toyuq hini və kartof
anbarı gözə dəyirdi. Ot tayası gecələmək üçün əlverişli idi. Gecənin qaranlığında ot
tayası uzaqdan ağarırdı. Buradan heç kim şübhələnməzdi. Ata oğlu ilə birlikdə yaşaya
bilərdi. Körpənin dərisi atası yıxılarkən sıyrıldı. Sanki onlar cəzasız şəkildə öz əməllərini
davam etdirirdilər. Otto bilmirdi ki, kənd sakinləri bu yöndəmsiz oğurluğun şahidi
olurlar. Kəndin ucqarlarındakı daxma və komalarda artıq onun söhbəti gedirdi. “Budur,
şahzadənin ailəsi- dəli Otto çağanı donuz balası kimi qoltuğuna vurub qaçan adicə
oğrudur və əlindəki qənimət onun varisidir.”
Ottonun burcə dəfə də xəyalına gəlmədi ki, o, nə vaxtsa hakimi- mütləq olub. Lakin bir
gün ətrafı gəzərkən təsadüfən təpənin üstündən baxanda uzaqda dəbdəbəli bir saray
gördü. “Malikanə”- Otto uşağa dedi.
Dörd ay vaxt lazım oldu ki, Otto oğlu ilə birgə donuzluqla sarayın arasındakı doqquz mil
yolu qət etsin. Min illik dağın təpəsindən sarayın qapısınacan dünyanın ən uzun yolu idi.
Orta hesabla aya iki mil düşür. Məsafəni gözəyarı ölçdü. Otto bərk təəccübləndi ki, niyə
qapının ağzında heç kim durmayıb. Lakin içəri girən kimi hər şeyi başa düşdü. Bəli, o,
150
donuz damında gecələyirdi! Baxışları bir yerdə qərar tutmurdu. Vaxtilə hər yerdə hökmü
keçirdi.
İndi artıq şəhərin əvvəlki görkəmindən əsər- əlamət qalmamışdı. Adamlar döngələrdə
siçovul kimi qaynaşırdı, piştaxtalarda mallar qalıb çürüyürdü. Qoca dilənçilər və yiyəsiz
uşaqlar zibillikdə eşələnirdilər.
Bu aylar ərzində onun doğma vətəni nə qədər dəyişmişdi?! Şəhər tanınmaz hala
düşmüşdü. O, özü də dəyişmişdi. Taxt- tacı yerləşən zala daxil oldu- hər gün bu zalda
günahkarlar cəzalandırılırdı. Qamçılama mötəbər kompaniya idi. “Axirətə hazırlıq
fantasmaqoriyası hələ də davam edir!” İeronim Bosxun mənzərəsi: qamçı vuranın
qamçısı… vıyıldayır…övliyaları satan keşişin arvadı da burada idi. Bəli, hakimiyyət
keşişlərin əlinə keçmişdi.
Lakin qəfildən hər şey dəyişir. “Artıq bəsdir!- Otto qışqırır- sizin hökmdarınız sizə əmr
edir ki, dayanasınız! Birdəfəlik!” Sədrlik edən rahiblər Ottonu və yanındakı vəliəhdi
görcək şalvarlarını doldursalar da, yenə də yuxarıdan getməyə cəhd etdilər. “Necə sübut
edəcəksən ki, sən bizim hökmdarsan? Açıq-aşkar şaha oxşamırsan. Üzünü saqqal basıb,
özün də cır- cındır içindəsən. Bizim kralımız isə şan- şöhrət dağının zirvəsindən
əbədiyyətə qovuşub. Çoxları buna şahid olub. Burada kim şəhadət verə bilər?” – tələb
edənlərin səs-küyü güclənirdi. “Bəs uşaq necə olsun?” Otto əlindəki uşağı yuxarı qaldırıb
göstərdi. Axı o, varisdir. Uşaq isə ağlayırdı. Yerə uzanmış kəndlilər də ayağa qalxıb xorla
“axı o, varisdir,” deməyə başladılar.
Rahiblərlə gözətçilər, inkivizitorlar birlikdə ölçüb- biçməyə başladılar: “Hər şey bitdi.
Axırda bəxtimiz gətirmədi. Zir- zibillər qiyama qalxdı. İndi hər kəs özü üçün
müqəddəsdir.”
Yalan həqiqəti tapdayıb keçir və dolaşıq yalanlarla dolu bu cızmaqaranın mənası nədir
görəsən? Şöhrətin sonu yoxdur- əgər yüksəklərə qalxmısansa… Amma təəssüf ki, orada
bizi qocalığın gözlədiyini hesaba almırıq. Burada hiylə keçmir: istəyirsən- götür,
istəmirsən- tulla, istəyirsən- inan, istəmirsən- inanma və bütün günü “tra- lya- lya”- oxu.
Sən torun içindəsən, hələ ürəyin bulanmır… Mən? Bəs mən kiməm? Armagedon
burnumuzun ucundadır. Hi- hi- ho…
Çevirdi: Kənan Hacı
151
Uilyam Somerset Moyem
Dünya ədəbiyyatının klassiklərindən biri, ingilislərin bu gün də ən çox müraciət etdiyi
Uilyam Somerset Moyem uzunömürlü həyatı və yaradıcılığı boyu yazıçılıq
mədəniyyətinə sadiqlik nümayiş etdirmişdir. O, demək olar ki, bütün əsərlərində -
hekayə, roman, pyes, esse, məqalə və məktublarında bunun sirrini özünəməxsus çəkildə
anlada bilmişdir. Bəs bu sirr nədən ibarətdir? Onun hər hansı bir hazır tərifi, yaxud elmi-
nəzəri sistemi varmı? Moyemin qənaəti belədir: hazır resept yoxdur!Moyemə görə,
yazıçının mədəniyyəti onun sadə və anlaşıqlı dildə və yalnız oxucu üçün yazmasındadır.
Uilyam Somerset Moyem 1874-cü il yanvarın 25-də Parisdə anadan olub. Bu zaman
onun atası Fransada Böyük Britaniya səfirliyində hüquqşünas işləyirid. Buna görə də
valideynləri Uilyamın doğuş mərasimini səfirliyin ərazisində həyata keçirirlər. Məhz
buna görə də yazıçının Böyük Britaniya ərazisində anadan olduğu iddia edilir.
Moyem uşaqlıqda fransızca danışıb, ingilis dilini yalnız 11 yaşından sonra öyrənib. 1882-
ci ilin fevralında anası dünyasını dəyişir, 1884-cü ildə isə atası xərçəng xəstəliyindən
ölür. Beləliklə, Moyem hələ erkən yaşlarından yetim qalır və Kent qraflığında yaşayan
qohumlarının yanına göndərilir. İngiltərəyə gələn Uilyamın dili topuq vurmağa başlayır
və bu şikəstlik ömrünün sonuna kimi onu müşaiyət edir.
Beləliklə, Moyem əmisi Henri Moyemin evində tərbiyə alır, Kanterberidəki Kraliça
məktəbinə gedir. Sonra Heydelberq Universitetində ədəbiyyat və fəlsəfəni öyrənir. Daha
sonra isə London Tibb Məktəbinə daxil olur,bilik və həyat təcrübəsi qazanır.
O, 1897-ci ildə ilk romanını yazır (“Lambetli Liza” - Liza of Lambeth,), daha sonra
yazdığı “Ledi Frederik” romanı ona şöhrət gətirir.
Moyem Birinci Dünya müharibəsi zamanı Britaniya kəşfiyyat idarəsi ilə əməkdaşlıq edir
və kəşfiyyatçı kimi Rusiyaya göndərilir. Sonralar Moyem bu barədə bir kitab da
yazır.(“Eşenden, yaxud Britaniya agenti”, Ashenden, or the British Agent, 1928).
Müharibədən sonra Moyem dramaturq kimi tanınır, onun bir neçə pyesi tamaşaya
qoyulur.
1919-cu ildə Moyemi Çinə göndərirlər, daha sonra isə Malayziyada hərbi attaşe kimi
işləyir, roman və hekayələri üçün çoxlu material və fakt toplayır.
Moyemin “Dövrə” (The Circle, 1921), “Sədaqətli arvad” (The Constant Wife, 1927),
“Teatr” (The Theater), “Şeppi”(Sheppi), “İti ülgüclər” (The Razor's Edge), “Ay və
Qəpik” (The Moon and Sixpence) və s. əsərləri bir çox dillərə tərcümə olunmuşdur.
Yazıçı 1965-ci il dekabrın 15-də Fransanın Nitse şəhərindəki xəstəxanada sətəlcəmdən
vəfat edir;lakin fransız qanunlarına görə meyit yarılmalı idi və buna görə də onun
cəsədini bir gün sonra evinə, Fransız şəhəri olan Sen Jan Kap Ferradakı villasına
aparırlar. Ertəsi gün, ayın 16-da isə ölüm xəbərini yayırlar. Dekabrın 22-də Moyemin
152
nəşi İngiltərədəki Kanterberiyə gətirilir və burada Kraliça məktəbi nəzdindəki Kitabxana
divarına hörülür.
Hekayələr
Luiza
İngiliscədən çevirəni: Kamran Nəzirli
Luizanın mənimlə görüşməyə nəyə görə can atmasını heç vaxt başa düşmürdüm. O, məni
sevmirdi; arxamca danışanda isə ən nəzakətli tonda pis sözlər deyirdi. Luiza sərt sözləri
də birbaşa, lakin həddən artıq mülayim şəkildə ifadə edirdi. Luizanın ikibaşlı sözləri,
köks ötürməsi öldürücüydü; amma onun gözəl əllərinin yüngül hərəkətləri tikanlı
nitqindən daha əlvan idi. Bu qadın ən zəhərli komplimentlər ustasıydı.
Biz biri-birimizi düz iyirmi beş il idi ki, yaxından tanyırdıq; amma mən heç vaxt
inanmırdım ki, köhnə tanışlıq onun üçün nəsə əhəmiyyətli bir şey olsun. Luiza məni
kobud, sərt, abırsız və ədəbsiz hesab edirdi. Mən qarışıq suallar içində itib-batmışdım: axı
nə üçün o, məndən əl çəkmir? Çox qəribəydi: Luiza məni rahat buraxmır, elə hey səhər
yeməyinə, nahara dəvət edirdi.
Luiza şənbə və bazar günləri məni şəhər ətrafındakı bağına bir-iki dəfə nahara dəvət etdi.
Nəhayət, başa düşdüm ki, bu, nə məsələdir; Luizaya əzab verən şübhə vardı; o, mənim
ona inanmadığımı bilirdi, elə buna görə də məni sevmirdi; bununla belə, mənimlə
təmasdan qaçmırdı, çünki mən yeganə adam idim ki, onu ciddi qəbul edirdim, bu da onu
qəzəbləndirirdi.
Luiza daim narahat idi; çalışırdı ki, mən ona təslim olum, səhvlərimi boynuma alım.
Görünür, Luiza dumanlı da olsa, hiss etmişdi ki, mən onun iç üzünü tanımağa
başlamışam. O da dəridən-qabıqdan çıxırdı ki, məni öz həqiqətinə inandırsın, lakin mən
inadımdan əl çəkmirdim; amma Luizanın xalis yalançı olmasına sona qədər əmin
deyildim. Ola bilsin ki, o, özünü başqalarına nisbətən daha az aldadırdı; bəlkə də
qəlbində adamlara gülürdü. Əgər beləydisə, onda düşünürdüm ki, bizim hər ikimiz
fırıldaqçıyıq, bizi biri-birimizə bağlayan ümumi bir sirr var, onu da heç kim bilmir və
ağlına belə gətirmir.
Mən Luizanı ərə getməmişdən qabaq tanıyırdım. Luiza çəlimsiz, arıq bir qız idi; onun
qəmli, iri gözləri vardı. Valideynləri onu çox sevirdi; hansısa xəstəlikdən sonra, deyəsən
yoluxucu idi, onun ürəyində problemlər yarandı və elə buna görə də ata-anası qızın
üstündə əsməyə başladı, ona xüsusi diqqət göstərdi.
153
Tom Meytlənd Luizaya evlənməyi təklif edəndə valideynləri dəhşətə gəldi; axı qızları
ailə həyatının ağırlıqları üçün hələ çox zərif idi, buna tab gətirə bilməzdi. Luizanın ata-
anası güclə dolanırdı, yaşamaq onlar üçün çətin idi, Tom Meytlənd isə varlı adamıydı.
Tom and içdi ki, Luiza üçün hər şey etməyə hazırdır, təki ona ərə gəlsin. Nəhayət,
Luizanın valideynləri Tomun qızı yaxşı himayə edəcəyi vədinə inandılar. Tom Meytlənd
boy-buxunlu, sağlam bədənli, qəşəng bir oğlan idi; o, həm də gözəl idmançıydı. Tom onu
canı qədər istəyirdi; o, başa düşürdü ki, Luizanın xəstə ürəyi var və qız bu ürəklə çox
yaşaya bilməz. Bununla belə, Tom nə qədər ömrü qalıbsa, bu müddət ərzində Luizanı
xoşbəxt etməyi qərara aldı. Tom sevimli idmanından əl çəkdi; ona görə yox ki, Luiza
bunu ondan tələb edirdi (Luiza onun uğurlarına sevinirdi). Çox qəribə təsadüf idi: Tom
idmana, tutaq ki, qolf oynamağa, yaxud ova getməyə hazırlaşanda, bir də görürdün ki,
Luizanın ürəyi getdi; o, bayılırdı.
Lakin hər hansı bir məsələylə bağlı onların sözləri çəp gələndə Luiza dərhal güzəştə
gedirdi; bu qadın yer üzündə yaşayan bütün qadınlardan bəlkə də ən üzüyolası idi; lakin
Luizanın ürəyi sözünə baxmırdı. Qadın bəzən bir həftə çarpayıda, yorğan-döşəkdə
qalırdı. Belə vaxtlarda quzu kimi mülayim olurdu, şikayət-filan eləmirdi. Əlbəttə, Tom
onun istəklərinin əleyhinə getsəydi, bu, qəddarlıq olardı. Tom arvadının yorğan-döşəyə
düşdüyünə günahkar olduğunu boynuna alır, uzun müddət Luizaya inandırmağa çalışırdı
ki, o, səhv edib. Qadın yalnız uzun çək-çevirdən sonra nəhayət razılaşırdı ki, öz bildiyi
kimi hərəkət etsin. Bir dəfə Luiza Tomla gəzməyə çıxanda bizdən heç səkkiz mil
aralanmamışdı ki, mən Toma dedim ki, Luiza ilk baxışdan zəif olsa da, səndən daha
güclüdür. Tom başını buladı və az qala uçundu. Dedi:
- Yox, yox, nə danışırsan? Sağlamlığı yaxşı deyil. Ona dünyanın ən yaxşı həkimləri
baxıb; həkimlər deyir ki, Luizanın həyatı tükdən asılıdır. Sadəcə onun qeyri-adi iradəsi
var, vəssalam.
Tom mənim Luiza barədə dediklərimi ona çatdıranda əzabkeş qadın belə dedi:
- Günü sabah mənə göz dəyəcək, baxarsız, mən ölümün bir addımlığında olacağam...
Mən isə etiraz etdim:
- Lakin mənə elə gəlir ki, sizin kifayət qədər gücünüz var; istək də olsaydı... pis
olmazdı....
Mən çoxdan müşahidə etmişdim ki, şən məclisdə, arzu olunan tay-tuşlar arasında bu
qadın hətta bütün gecəni yorulmadan rəqs oynaya bilir; əgər burada ona sərf etməyən
darıxdırıcı bir şey, yaxud kimsə olsa, Tom mütləq onu evə aparır.
Deyəsən mənim cavabım onun xoşuna gəlməmişdi, Luiza mənə nəzakətlə gülümsədisə
də, onun iri, mavi gözlərində ciddilik vardı. Nəhayət, Luiza dedi:
- Siz, düzü, gözləyirdiniz ki, mən yıxılıb öləcəyəm və siz də baxıb həzz alacaqsınız...
Luiza ərindən çox yaşadı. Onlar yaxtada dəniz səyahətinə çıxmışdılar; Luiza donmamaq
üçün yun şala bürünmüşdü. Tom isə möhkəm soyuqladı və öldü. Tomdan Luizaya yaxşı
154
miras və bir qız övladı qaldı. Luiza ümidsiz idi və onun belə bir zərbəyə dözməsi də
təəccüblüydü. Dostları Tomun ardınca onun da o dünyaya gedəcəyini gözləyirdi. Hamı
Luizanın qızına acıyırdı; yazıq qızcığaz tənha qala bilərdi. Buna görə də dostlar Luizaya
diqqəti ikiqat artırdılar; əlini ağdan qaraya vurmağa qoymurdular. Luizanın qayğısız və
rahat olması üçün əllərindən gələni edirdilər. Başqa cür necə ola bilərdi?! Axı Luiza üçün
hər hansı bir yorucu, yaxud maraqsız bir şey baş versəydi, dərhal ürəyini tutur, bayılırdı.
Belə vaxtlarda o, ölümün bir addımlığında olurdu. Luiza deyirdi ki, onun qayğısını çəkə
bilən adamın sadəcə olmaması onu məhv edə bilər, bəs o, sevimli Ayrisini bu zəif bədəni
ilə necə böyüdəcək?! Hərdən, dostları deyirdi ki, yenidən ərə getsin. O isə ah-vay edir,
cavab verirdi ki, bu xəstə ürəklə ərə getmək olar? Əlbəttə, sevimli Tomu da bu işi
bəyənərdi, yəqin ki, Ayris üçün də yaxşı olardı. Eh, axı kim bu bədbəxt əlillə ailə qurar,
onunla gün keçirmək istəyər, hə?
Qəribə də olsa, belə bir missiyanı öz üzərinə götürmək istəyən “ovçular” kifayət qədər
tapıldı; Tomun ölümündən bir il keçmiş Luiza Corc Hobhaus adlı bir nəfərə ərə getdi.
Corc qəşəng, ümidverici cavan bir oğlan idi; kasıb deyildi. O da Luizanın qulluğunda
durmaqdan, bu çəlimsiz varlığa qayğı göstərməkdən əsir-yesir olur, bunu özünə şərəf
hesab edirdi. Luiza isə ona deyirdi:
- Darıxıb-eləmə, mənim ömrümə onsuz da az qalıb...
Corc şöhrətpərəst adam idi; hərbçiydi, ehtiyata buraxılmışdı. Luizanın sağlamlığı tələb
edirdi ki, o, qışı Monte Karloda keçirsin, yayı isə Dovillada. Corc öz karyerasından
dərhal əl çəkmək istəmədi, Luiza isə bu barədə əvvəlcə heç eşitmək belə istəmirdi;
nəhayət, Luiza həmişə olduğu kimi güzəştə getdi. Beləliklə, Corc özünü bütünlüklə ona
həsr etdi ki, heç olmasa arvadı qalan qısa ömrünü mümkün qədər xoşbəxt yaşasın. Luiza
isə deyirdi:
- İndi artıq ömrümə lap az qalıb. Mən çalışıram ki, sənə yük olmayım.
Xəstə ürəyinə baxmayaraq, növbəti iki-üç ildə Luiza demək olar ki, gözəl qiyafədə bütün
gecə məclislərində, ziyafətlərdə kart oynayır, şənlənir, hətta gənc, qəşəng və hündürboylu
cavan oğlanları bicliklə ələ almağa çalışırdı. Lakin Corc Hophaus Luizanın birinci əri
kimi o qədər də dözümlü deyildi. O, Luizanın gündəlik qayğıları ilə yaşaya bilmirdi;
buna görə də o, spirtli içkiyə qurşanmışdı. Görünür, Corc buna adət etmişdi və bu da
Luizanın heç xoşuna gəlmirdi; lakin xoşbəxtlikdən (Luiza üçün), müharibə başladı. Corc
hərbi hissəyə qayıtdı və üç ay sonra həlak oldu. Luizaya yenə ağır zərbə dəydi, lakin
qadın başa düşürdü ki, belə vaxtlarda öz kədərinə qapılıb qalmaq olmaz. Onun
ürəkkeçmələri baş versə də, bu barədə heç kəs xəbər tutmurdu. Fikrini dağıtmaq üçün
Luiza Monte Karloda öz villasını sanatoriya elədi; bura sağalmaqda olan zabitlər üçün
istirahət mərkəzinə döndü. Dostları Luizaya deyirdilər ki, o, bu cür gərginliyə dözə
bilməz... Luiza razılaşırdı, deyirdi:
- Əlbəttə, bu, məni öldürəcək... Bilirəm. Lakin problem də deyil. Mən öz borcumu yerinə
yetirirəm...
Lakin bu iş də onu öldürmədi. Luiza həyatdan heç vaxt bu qədər ləzzət almamışdı. Onun
sanatoriyası bütün Fransada ad çıxarmışdı.
155
Mən Luizanı təsadüfən Parisdə gördüm. O, “Rits” restoranında çox yaraşıqlı, hündürboy
bir fransız gənci ilə səhər yeməyi yeyirdi. Luiza mənə dedi ki, bura sanatoriyanın işindən
ötrü gəlib. Zabitlər ona qarşı son dərəcə nəzakətlidirlər. Onlar bilirlər ki, o, çəlimsiz, zəif
qadındır; buna görə də onu əziyyət çəkməyə qoymurlar. Zabitlər ona lap sevən ər kimi
diqqət və qayğı göstərirlər... Sonra Luiza ah çəkdi və dedi:
- Yazıq Corc, kim bilərdi ki, mən bu ürəklə ondan çox yaşayacam?
- ...və yazıq Tom!- mən də əlavə etdim.
Bilmirəm nə üçünsə, mənim bu sonuncu sözlərim onun xoşuna gəlmədi. Luizanın üzünə
adəti üzrə əzabkeş bir təbəssüm qondu və onun gözəl gözlərindən yaş axdı.
- Siz həmişə elə danışırsız ki, guya mənim günahım var... Mənə elə gəlir ki, siz məni
qınayırsınız... Mənim ömrümə onsuz da az qalıb... və məncə, siz buna görə də məni
günahkar hesab edirsiniz...
- Yeri gəlmişkən, sizin ürəyiniz artıq sağalıb....- dedim.
- O heç vaxt sağalmayacaq. Mən bu gün özümü bir mütəxəssisə göstərdim. Dedi ki, mən
gərək hər gün, hər an hər şeyə hazır olam...
- Boş şeydi, siz artıq iyirmi ildi bu ölümə hazırlaşırsınız...
Müharibədən sonra Luiza Londona köçdü. O, hələ də arıq, çəlimsiz idi, gözləri iri, lakin
solğun olmuşdu. Luizanın qırxa yaxın yaşı olsa da, heç kim ona iyirmi beşdən artıq yaş
verməzdi. Ayris pansiondan çıxmış, artıq yekə qız olmuşdu; o, köçüb gəlmişdi Luizanın
yanına və onunla birgə yaşayırdı.
- Qızım mənim qayğıma qalacaq,- Luiza deyirdi.- Əlbəttə, onun üçün belə bir əlillə
yaşamaq çətin olacaq; lakin Ayris şikayətlənən qız deyil... Axı mən də günlərimi
sayıram, az qalıb ömrümə...
Ayris gözəl idi; ona bütün ömrü boyu demişdilər ki, anan ciddi xəstədir. Hətta uşaqlıqda
səs-küy salmağa belə icazə vermirdilər. Qız həmişə başa düşürdü ki, anasına
həyəcanlanmaq olmaz; hər cür rahatsızlıq ona ziyandır. Buna baxmayaraq, indi Luiza
əminliklə deyirdi ki, heç vaxt razı olmaz ki, qızı özünü yaşlı, əldən düşmüş bədbəxt bir
qadına həsr etsin. Ayris bunu eşitmək belə istəmirdi. Bu ki, özünü qurban vermək deyil?!
Xoşbəxtlikdir! Yazıq anaya nədəsə kömək köstərə bilirsənsə, bundan böyük səadət olar?!
Luiza isə dərindən ah çəkib onun xidmətini qəbul edirdi.
- Mənə yardımçı olmaq Ayrisin ürəyincədir,-Luiza dedi.
- Sizə elə gəlmirmi ki, Ayris daha çox adamlar arasında olmalıdır?- deyə soruşdum.
- Mən elə bunu ona hər gün deyirəm. Onu əylənməyə məcbur edə bilmirəm... Allah
görür, mən istəmirəm ki, kimsə məndən ötrü əziyyət çəksin.
156
Mən Ayrislə bu barədə söhbət edəndə, görün o mənə nə dedi:
- Yazıq anam! Dostlarıma qonaq getməyimi, onlarla məclislərdə olmağımı istəyir...lakin
mən harasa getmək üçün hazırlaşanda, o saat anamın ürəkkeçməsi tutur... Yaxşısı budur,
elə evdə oturum...
Çox keçmədi ki, Ayris sevdi. Mənim bir tanışım vardı; çox yaraşıqlı, münasib bir gənc
idi. O, sevgisini Ayrisə bildirdi və qız da ona könül verdi. Ayris mənim xoşuma gəliridi,
buna görə də onun bu sevdasına sevindim. Sevinirdim ki, nəhayət, bu qızın da öz ailə
həyatı olacaq. Görünür, Ayris əvvəllər heç ağlına gətirməzdi ki, belə şey ola bilər.
Günlərin bir günü Ayrisin nişanlısı məyus-məyus mənə dedi ki, toy qeyri-müəyyən
müddətə təxirə salınıb. Ayris anasını tək qoymaq istəmir. Əlbəttə, bunun mənə dəxli yox
idi, lakin buna baxmayaraq, Luiza ilə görüşməyi qərara aldım. Luiza adətən dostlarını çay
süfrəsinə dəvət edirdi; indi bir qədər yaşlaşmış, ətrafına rəssamları və yazıçıları yığmağa
başlamışdı.
- Eşitmişəm Ayris ərə gedir,- deyə hal-əhvaldan sonra soruşdum.
- Hələ məlum deyil. Hələ ki yox! Amma çox istərdim ki, o, ərə getsin. Mən onun
ayaqlarına döşənib yalvardım ki, ərə getsin, o isə məni tərk etmək istəmədiyini bildirdi.
- Sizə elə gəlmirmi ki, onun üçün çətindi?
- Dəhşətli dərəcədə. Düzdür, mənim vaxtıma bir neçə ay qalıb; lakin düşünəndə ki, kimsə
özünü məndən ötrü qurban verir, az qalır bağrım çatlasın...
- Əzizim Luiza, siz artıq iki ər dəfn eləmisiniz, düzü, mən bir şeyi başa düşmürəm: axı nə
üçün siz daha ikisini də basdırmayasınız?
- Burda gülməli heç nə görmürəm,- qadın soyuqqanlıqla dilləndi.
- Arzuladığınız niyyətlərə çatmağa sizin kifayət qədər gücünüz çatır: çox qəribədir,
hansısa bir şey istədiyiniz kimi olmursa, o saat xəstə ürəyiniz sizə mane olur... Qəribə
deyilmi?
- Ah! Mən yaxşı bilirəm siz mənim barəmdə nə düşünürsüz. Siz heç vaxt mənim ciddi
xəstə olduğuma inanmamısınız. Elə deyilmi?
Mən düz onun gözlərinin içinə baxdım. Dedim:
- Heç vaxt! Hesab edirəm ki, bu iyirmi beş ildəki davranış və hərəkətləriniz başdan-ayağa
saxtadır. Mən həyatımda sizin kimi özündənrazı və qəddar qadına rast gəlməmişəm... Siz
iki bədbəxt adamın – sizinlə ailə quran adamların həyatını məhv etdiniz. İndi də doğma
qızınızın həyatını cəhənnəmə döndərmək istəyirsiniz.
157
Əgər Luizanın ürəkkeçməsi tutsaydı, buna təəccüblənməzdim. Əmin idim ki, o,
qəzəblənəcək, lakin Luiza sadəcə gülümsədi, sonra astaca dedi:
- Mənim bədbəxt dostum, az qalıb o günə! Bax, bu sözləriniz üçün çox peşiman
olacaqsınız...
- Deyin görüm, Ayrisin ərə getməməsi barədə qərarınız qətidi?
- Mən ona yalvarıram ki, oğlana ərə getsin. Əlbəttə, bilirəm ki, bu, mənim axırıma
çıxacaq. Nolsun axı? Mən kiməm? Sadəcə yükəm yük... hamı üçün...
- Və siz də ona beləcə dediniz ki, ərə getsə, siz öləcəksiniz?
- Ayris özü məni buna məcbur etdi.
- Guya sizi, niyyətinizə daxil olmayan bir işi görməyə məcbur etmək olar, hə?
- Ayris istəyirsə, lap günü sabah evlənsinlər! Əgər bu, məni öldürəcəksə, qoy öldürsün,
noolar!
- Bəlkə risk edək?
- Sizin mənə bir damcı da yazığınız gəlmir, hə?
- Siz mənə gülünc görünürsünüz, nə yazığı gəlmək?
Luizanın bəbəkləri ağardı, orda azca ənlik göründü; bununla belə, o, hələ də
gülümsəyirdi; Luizanın soyuq və kinli baxışlarını sezmək mümkün idi. Nəhayət, qadın
hökmlə dilləndi:
- Toy bir aydan tez olmayacaq! Və bir də... Əgər mənə bir şey olsa, ümidvaram ki, nə siz,
nə də Ayris vicdan əzabı çəkməyəcəksiniz...
Luiza sözünün üstündə durdu. Toy günü təyin olundu, təmtəraqlı yer sifariş verildi,
dəvətnamələr göndərildi. Ayris və gənc nişanlısı sevincdən işıq saçırdılar. Toy günü
səhər saat on radələrində bu şeytan gəlinciyi Luizanın ürəkkeçməsi tutdu və o, dünyasını
dəyişdi. Luiza öldü və onu öldürən Ayrisi alicənablıqla bağışladı...
Dostları ilə paylaş: |