Marta: Sənə elə gəlmirmi ki, Conun arvadından gizli saxladığı şeylər var?
Konstans: Əlbəttə, mənim buna şübhəm yoxdu. Amma yaxşı arvad həmişə özünü elə
aparır ki, guya ərinin ondan gizləmək istədiyi o xırda sirrlərdən yerli-dibli xəbəri yoxdu.
Bu, ailə etiketinin əsas qaydalarındandı.
Marta: Yaddan çıxarma ki, kişilərin xəmiri ta qədimdən yalanla yoğrulub.
Konstans: Canım-ciyərim, sən lap qarımış qız kimi danışırsan. Məgər özü könüllü
aldanmaq istəməyən qadını aldatmaq olar? Yoxsa sən həqiqətən də kişiləri sirli məxluq
hesab eləyirsən? Onlar uşaq kimi şeydilər. Con özünün bu qırx yaşında on dörd yaşlı
Elendən qəti böyük deyil.
Barbara: Qızınız necədi, Konstans?
Konstans: Əladı. Oxumağa yolladığımız xüsusi məktəbi çox bəyənir. Hə, kişilərdə
qaldıq. Onlar ömürlərinin axırınacan balaca oğlan kimi qalırlar. Əlbəttə, bəzən söz
eşitmirlər. Onda gərək incikliyini üzə vurasan. Onlar hər boş şeyə elə əhəmiyyət verirlər
ki... Adam lap kövrəlir. Özü də onlar elə aciz məxluqdular. Sən nə vaxtsa xəstə kişinin
qulluğunda dayanmısan? Adamın ürəyi qan ağlayır. Heç fərq eləməz, sanki atın, yaxud
itin qulluğunda dayanmısan. Zavallı məxluqlar, əgər yağış yağsa, qaçıb ağacın altında
dayanmaq qəti ağıllarına gəlməyəcək. Onlar çox əziz, mərhəmətli, səfeh, can üzən,
xudbin məxluqlardı. Elə sadəlövh, açıq ürəklidilər ki, onları sevməmək, sadəcə, mümkün
deyil. Biclik və ağıl deyilən şeydən onlarda əsər-əlamət belə yoxdu. Onları ciddi qəbul
eləmək axmaqlıqdı. Ana, sən müdrik qadınsan. Nə fikirləşirsən?
Missis Kalver: Elə bilirəm, sən öz ərini sevmirsən.
Konstans: Boş sözdü.
(Con daxil olur)
Con: Marta, Mari-Luiza səni gözləyir. Onun dizini sarıdım.
204
Konstans: Ümid eləyirəm ki, sarığı bərk sıxmamısan.
Marta: (Konstansa) Görüşənədək, əzizim. Ana, sən bizimlə gəlirsənmi?
Missis Kalver: Yox, hələ burdayam.
Marta: Barbara, görüşənədək.
(Marta və Con çıxır).
Barbara: Konstans, əzizim, sənə bir təklifim var. Bilirsən ki, mənim biznesim gün-
gündən böyüyür, daha sifarişləri çatdıra bilmirəm. Ağlıma belə bir fikir gəlib. Niyə, axı,
sən mənim yanımda işləməyəsən?
Konstans: Mən, axı, işgüzar qadınlardan deyiləm.
Barbara: Amma sənin çox incə zövqün və saysız-hesabsız ideyaların var. Sən
interyerlərlə məşğul olarsan, mən də diqqətimi mebel alqı-satqısına yönəldərəm.
Konstans: Mənim, axı, pulum yoxdu.
Barbara: Əvəzində, məndə ürəyin istəyən qədərdi. Mənə kömək lazımdı, bu işi səndən
daha yaxşı bilən mütəxəssisi çətin tapam. Biz qazancı yarı böləcəyik. Fikrimcə, ildə
mindən min beş yüz funta qədər qazanacağını sənə vəd eləyə bilərəm.
Konstans: Mən uzun illərdi əlimi ağdan-qaraya vurmuram. Qorxuram, səkkiz saatlıq iş
mənə sürgün əzabı kimi görünə.
Barbara: Mənim təklifim barədə fikirləş, yaxşımı? Çox maraqlıdı. Sən təbiətən işlək
qadınsan. Məgər günün iyirmi dörd saatını heç nəyə həsr eləmək səni darıxdırmır?
Konstans: Elə fikirləşmirəm ki, bu, Conun xoşuna gələcək. Insanlar elə düşünə bilərlər
ki, Con məni maddi cəhətdən təmin eləyə bilmir.
Barbara: Indi hansı zəmanədi? Indi qadınların da kişilər kimi özlərinə karyera qurması
üçün bütün imkanlar var.
Konstans: Elə bilirəm, mənim karyeram Conun qulluğunda durmaqdan ibarətdi. Ev
işlərini idarə eləmək, onun dostlarını darıxmağa qoymamaq, ona xoşbəxtlik və rahatlıq
gətirmək...
Barbara: Bəlkə, səhv eləyirsən, yumurtanın hamısını bir səbətə yığmaq nəyə lazım?
Bəlkə, həmin o karyeran alt-üst oldu?
Konstans: Nədən?
205
Barbara: Əlbəttə, ümid eləyirəm ki, bu, baş verməyəcək. Amma özün də bilirsən ki,
kişilər havalı, dəyişkən məxluqlardı. Sərbəstlik yaxşı şeydi. Özü-özünü dolandıra bilən
qadın gələcəyə daha inamla baxır.
Konstans: Çox sağ ol. Amma hələ ki, Conla xoşbəxt həyat sürürük və mən tələsik
hərəkətlərimlə onun əsəblərinə toxunmaqda bir məna görmürəm.
Barbara: Əlbəttə, tələsməyə ehtiyac yoxdu. Gələcəyin adama nə gətirəcəyini heç kim
bilmir. Amma istəyirəm, biləsən ki, sən ürəyin istəyən vaxt yanıma gələ bilərsən. Bilirəm
ki, sənin kimisini tapa bilməyəcəm. Həmin işə sahib çıxmağın üçün bir sözün kifayətdi.
Konstans: Sən çox lütfkarsan, Barbara. Bu çox gözəl təklifdi, mən də sənə çox
minnətdaram. Amma incimə, ümidvaram ki, bu təklifdən istifadə eləmək heç vaxt mənə
lazım olmayacaq.
Barbara: Nə olar, əzizim, görüşənədək.
Konstans: Görüşənədək, əzizim.
(Onlar öpüşürlər və Barbara gedir. Konstans zəngi basır).
Missis Kalver: Sən xoşbəxtsənmi, əzizim?
Konstans: Əlbəttə. Məgər mənə baxanda görünmür?
Missis Kalver: Etiraf eləməliyəm ki, görünür. Sənə baxanda həm də onu görürəm ki, nə
bir qayğın, nə də bir problemin var.
Konstans: Səhv eləyirsən. Mənim aşbazım işdən çıxmaq üçün ərizə yazıb, onun
meringləri dadına görə şəhərdə adla deyilirdi.
Missis Kalver: Con mənim xoşuma gəlir.
Konstans: Mənim də. O, kişinin yaxşı ərə çevrilməsi üçün lazım olan bütün keyfiyyətlərə
malikdi: yumşaq xarakter, yumor hissi, ekstravaqantlığa qarşı tam laqeydlik.
Missis Kalver: Əzizim, bunları əsas keyfiyyət saymaqda sən necə də haqlısan.
Konstans: Kişini yaxşı ərə çevirən ehkamlar yox, xırdalıqlardı.
Missis Kalver: Əlbəttə, həyatda güzəştə də getməli olursan. Başqa cür, sadəcə, mümkün
deyil. Insandan həddən artığını tələb eləmək düzgün deyil. Xoşbəxtliyi hərə bir cür dərk
eləyir. Əgər özünü xoşbəxt görmək istəyirsənsə, yaxınlarının da xoşbəxtliyini nəzərə
almalısan. Əgər bu, sənin adamlığın xaricindədisə onda öz bədbəxtliyindən gileylənməyə
haqqın yoxdu. Ən əsası isə gərək ayıqlığını itirib şöhrətpərəstliyin fitvasına getməyəsən.
206
Konstans: Ancaq, anacan, biz bir-birimizi necə də yaxşı anlayırıq.
Missis Kalver: Indi hamı ağıllı olub. Gözlə görünəndən savayı hər şeyi görürlər. Mən də
bu nəticəyə gəlmişəm ki, orijinal və məzəli qarı adını qazanmaq üçün onlara görünəni
göstərməyim kifayətdi.
Konstans: Anacan, məni onların siyahısına yazma.
Missis Kalver: (Məhəbbətlə) Elə düşünmək istəmirəm ki, sən bədbəxtliyi hiss eləsən də
axmaq qürurunun ucbatından mənim səni ovundurmağıma və məsləhətlərimi diqqətinə
çatdırmağıma icazə verməyəsən.
Konstans: (Səmimiyyətlə) Icazə verərəm, anacan.
Missis Kalver: Bu günlərdə başıma qəribə bir hadisə gəlib. Bir tanış qadın yanıma gəlib
şikayət elədi ki, əri ona qəti fikir vermir. Soruşdum ki, niyə anasına yox, mənə şikayət
eləyir. Cavab verdi ki, anası lap əvvəldən onun həmin adama ərə getməsinə qarşı olub,
odur ki, indi öz dərdi azmış kimi üstəlik o arvad doğma anasına qulaq asmadığını da
başına qaxınc eləyəcək.
Konstans: Anacan, deyə bilmərəm ki, Con mənə fikir vermir.
Missis Kalver: Təbii ki, mən o qadınla danışdım. Amma etiraf eləyim ki, onun dərdinə
şərik olmaq istəmədim.
Konstans: (Təbəssümlə) Necə amansız rəftar, elə deyilmi?
Missis Kalver: Ailə məsələləriylə bağlı mənim öz prinsiplərim var. Əgər kişi arvadına
fikir vermirsə, günahkar arvaddı, əgər kişi mütəmadi başqasıyla gəzirsə, burda da on
haldan doqquzunda qadın yalnız özünü günahlandırmalıdı.
Konstans: Mütəmadi - necə də xoşagəlməz söz.
Missis Kalver: Ağlı başında olan istənilən qadın təsadüfi işlərə məhəl qoymamalıdı.
Bəzən şərait özü öz axarıyla bu səbəbi gətirir.
Konstans: Və bir də, əlbəttə ki, kişi şorgözlüyü?
Missis Kalver: Mən o tanışıma dedim ki, ərin başqa qadınları daha cazibədar zənn
etdiyindən onlarla gəzir. Amma buna görə ona hirslənməki lazımdı? Əksinə, bütün
gücünü işə salmalısan ki, ərinin gözündə o qadınlardan daha cazibədar görünəsən.
Konstans: Ana, sən təsadüfən feminist adlanan qadınlardan deyilsən?
Missis Kalver: Bu sədaqət nə olan şeydi, axı?
Konstans: Ana, əgər pəncərəni açsam, etiraz eləməzsən?
207
Missis Kalver: Pəncərə açıqdı.
Konstans: Onda əgər pəncərəni bağlasam, etiraz eləməzsən? Fikrimcə, sən yaşda bir
qadın əgər belə bir sual verirsə, deməli, məndən nəsə bir rəmzi jest gözlənilir.
Missis Kalver: Məni güldürmə. Əlbəttə ki, mən qadın sədaqətinə inanıram. Hesab
eləyirəm ki, kimsə bu istəyi şübhə altına ala bilməz. Amma kişi başqa aləmdi. Qadın
evini, təmiz adını, cəmiyyətdəki mövqeyini, ailəsini bir an belə unutmamalıdı. Odur ki,
qəti görməli olmadığı bir işi görə biləcəyinin qarşısını almaq üçün gözlərini yummağı
öyrənməlidi.
(Eşikağası daxil olur).
Bentli: Madam, zəngi basmışdız?
Konstans: Hə. Mən mister Bernard Kersalı gözləyirəm. Başqaları üçün evdə yoxam.
Bentli: Oldu, madam.
Konstans: Mister Middlton evdədi?
Bentli: Bəli, madam. O, öz qəbul otağındadı.
Konsans: Çox yaxşı.
(Bentli gedir).
Missis Kalver: Sən nəzakətlə mənə getmək vaxtımın çatdığını işarə eləyirsən?
Konstans: Əksinə, anacan. Mən israrla qalmağını xahiş eləyirəm.
Missis Kalver: O sirli centlmen kimdi?
Konstans: Anacan, Bernarddı da.
Missis Kalver: Bu ad mənə heç nə demir. Ümidvaram ki, o, müqəddəs Bernard deyil.
Eləmi, əzizim?
Konstans: Sən ki, hələ yaddaşından şikayətlənmirsən. Bernard Kersalı xatırlamalısan, axı.
Yadındamı, mənə evlənmək təklifi eləmişdi?
Missis Kalver: Mənim gözəl qızım, sənə evlənmək təklif eləyən bütün o cavanları yadda
saxlamaq mənim yaddaşımın imkanı daxilində deyil.
Konstans: Amma, axı o, mənim razılığımı daha israrla tələb eləyirdi.
Missis Kalver: Niyə?
208
Konstans: Görünür, rədd cavabı verdiyimə görə. Başqa səbəb tapa bilmirəm.
Missis Kalver: O, məndə heç bir təsir oyatmadı, hə?
Konstans: Deyə bilmərəm ki, buna cəhd eləyirdi.
Missis Kalver: Görünüşü necəydi?
Konstans: Belə, hündür bir oğlan.
Missis Kalver: Onlar hamısı hündür idi.
Konstans: Şabalıdı saçlı, qonur gözlü.
Missis Kalver: Onlar hamısı şabalıdı saçlı, qonur gözlüydü.
Konstans: O, çox gözəl rəqs eləyirdi.
Missis Kalver: Onlar hamısı çox gözəl rəqs eləyirdi.
Konstans: Mən, az qalmışdı, ona ərə gedəm?
Missis Kalver: Bəs niyə getmədin?
Konstans: Elə bilirəm onun üstünə ayaqqabımı silmək üçün döşəməyə uzanmağa hazır
olduğunu çox aydın büruzə verirdi.
Missis Kalver: Qısası, onda yumor hissi çatışmayıb.
Konstans: Onun məni sevdiyinə qəti əmin idim, Cona gəlincə, belə qəti əminlik məndə
yox idi.
Missis Kalver: Əvəzində, indi var, elə deyilmi?
Konstans: Bəs necə! Con mənə pərəstiş eləyir.
Missis Kalver: Nədən bu gənc insan bu gün sənə baş çəkmək qərarına gəlib?
Konstans: O, artıq heç də gənc deyil. O vaxt iyirmi yaşı var idi, indi təxminən qırx beşdi.
Missis Kalver: O, hələ də sənə aşiqdi?
Konstans: Belə düşünmək istəməzdim. Doğrudanmı, o məhəbbət on beş ilə sönməyib?
Inanmıram. Ana, mənə elə baxma. Mən belə baxışları xoşlamıram.
Missis Kalver: Onda mənə quyruq bulama. Əlbəttə, onun sevib-sevmədiyini özün yaxşı
bilirsən.
209
Konstans: Mən Con ərə gedəndən sonra onu görməmişəm. Bilirsən, o, Yaponiyada
yaşayır. Onun Kobedə ticarət evi var. Müharibə vaxtı qısa məzuniyyətlə bura gəlmişdi.
Amma o vaxt mən bərk xəstə olduğuma görə, onu qəbul eləmədim.
Missis Kalver: Belə de! Bəs onda niyə təzədən gəlib? Onunla məktublaşırdın?
Konstans: Əlbəttə, yox. On beş il görmədiyi adama kim məktub yazar? Amma hər ad
günümdə mənə gül dəstəsi göndərir.
Missis Kalver: Necə də nəzakətlidi.
Konstans: Bu yaxınlarda isə ondan məktub almışam. Yazmışdı ki, Ingiltərədədi, mənimlə
görüşmək istəyir. Odur ki, onu bura dəvət eləmişəm.
Missis Kalver: Sənin bu qədər ağıllı olmağın məni lap heyrətləndirir.
Konstans: Çox güman ki, o, xeyli dəyişib. Kişilər yaman tez qocalır, elə deyilmi? Bəlkə
keçəlləşib, kökəlib?
Missis Kalver: Bəlkə də evlənib?
Konstans: Əgər evlənsəydi, çətin, mənimlə görüşməyə həvəsi olardı, düz demirəm?
Missis Kalver: Belə başa düşürəm ki, onun səni əvvəlki kimi sevdiyini düşünürsən.
Konstans: Elə deyil.
Missis Kalver: Onda nədən belə həyəcanlısan?
Konstans: Bu ki, təbiidi. Istəmirəm, məni görəndə fikirləşsin ki, qocalıb korlanmışam. O,
mənə səcdə eləyirdi, anacan. Yəqin, elə bilir ki, yenə əvvəlki kimiyəm. Istəməzdim ki, bu
otağa girəndə çənəsi əyilsin.
Missis Kalver: Bəlkə, yaxşısı budu, onunla təklikdə görüşəsən?
Konstans: Yox, anacan, qalmalısan. Mən xahiş eləyirəm. Bəlkə, o, elə bədheybət olub ki,
heç bir də onu görmək istəmədim. Bu halda sənin yanımızda olmağın işləri
yüngülləşdirər. Bəlkə, heç mən onunla təklikdə qalmaq istəmədim.
Missis Kalver: Belə de.
Konstans: (Bic-bic baxıb) Amma bəlkə də qalmaq istədim.
Missis Kalver: Bununla sən məni pis vəziyyətə qoyursan.
Konstans: Indi mənə qulaq as. Əgər qərara alsam ki, o, həqiqətən bədheybətdi, onda bir
neçə dəqiqə havadan, təbiətdən danışıb, sonra pauza eləyərik və hər ikimiz çoxmənalı
baxışlarımızı düz onun gözünün içinə zilləyərik. Belə baxışlar altında kişilər özlərini
210
axmaq yerində hiss eləyirlər. Kişilər isə özlərini axmaq yerində hiss eləməyi xoşlamırlar.
Odur ki, o, durub gedəcək.
Missis Kalver: Bəzən, o yazıqlar necə aradan çıxmağı özləri də bilmirlər, belə vaxtlarda
yer ayrılsa, yerə girərlər.
Konstans: Amma işdi əgər qərara alsam ki, o, çox ürəyəyatımlı birisidi, onda burun
dəsmalımı çıxarıb pianonun üstünə qoyacam.
Missis Kalver: Nəyə görə?
Konstans: Əzizim, ona görə ki, sən öz qoca ayaqlarınla qalxıb deyə biləsən ki, artıq
getməlisən.
Missis Kalver: Bunu mənə deməsən də anladım. Amma maraqlıdı, dəsmalı niyə pianonun
üstünə qoymalısan?
Konstans: Çünki mən tez özümdən çıxan məxluqam. Ona görə də məndə dəsmalı
pianonun üstünə qoymaq kimi impulsiv bir həvəs oyana bilər.
Missis Kalver: Çox gözəl. Amma mən heç vaxt öz hisslərimə etibar eləmirəm.
(Bentli peyda olub Bernard Kersalın gəlişini xəbər verir. Yaraşıqlı, dərisi gündə yanmış,
gümrah bir kişi qonaq otağına daxil olur. Onun çox gözəl bədən quruluşu var və özünün
qırx beş yaşından cavan görünür)
Bentli: Mister Kersal.
Konstans: Gün aydın. Siz mənim anamı xatırlayırsınızmı?
Bernard: (Missis Kalverin əlini sıxır) Əminəm ki, o, məni xatırlamır.
(Konstans çantasından balaca burun dəsmalı çıxarır)
Missis Kalver: Siz necə də uzaqgörənsiz.
Konstans: Çay üçün artıq gecdi, elə deyilmi? Nəsə içmək istəyirsən?
(Konstans zəngə tərəf gedərkən yolda burun dəsmalını pianonun üstünə qoyur).
Bernard: Xeyr, təşəkkür eləyirəm, elə indicə bir stəkan bədənə vurmuşam.
Konstans: Dilin açılsın deyə?
Bernard: Mən həyəcanlıyam.
Konstans: Gözlədiyin kimi mən çox dəyişmişəm, hə?
211
Bernard: Mən buna görə həyəcanlı deyildim.
Missis Kalver: Bütün məsələ sizin Konstansı görmədiyiniz bu on beş ildədi?
Bernard: Bəli. Sonuncu dəfə Ingiltərədə olanda Konstansla görüşə bilmədim. Hərbdən
tərxis olunandan sonra da dərhal Yaponiyaya yollanıb, öz biznesimi bərpa eləməli oldum.
Gördüyünüz kimi, yalnız indi qayıdıb gələ bildim.
(Konstans çoxmənalı baxışlarını anasına dikib, amma missis Kalver buna əhəmiyyət
verməməyə çalışır. Konstans çantasından ikinci burun dəsmalını çıxarır və imkan tapan
kimi onu da pianonun üstünə, o biri dəsmalın yanına qoyur).
Missis Kalver: Bu dəfə neçə müddətlik gəlmisiz?
Bernard: Bir illik.
Missis Kalver: Arvadınızı da gətirmisiz?
Bernard: Mən evli deyiləm.
Missis Kalver: Bəs Konstans mənə deyirdi ki, siz bir yapon qızla evlənmisiz?
Konstans: Boş-boş danışma, ana. Mən sənə haçan elə söz demişəm.
Missis Kalver: Hə, yəqin Culiya Linton fikirlərimi çaşdırıb. O, Misir əmirinə ərə
getmişdi. Mən biləni çox xoşbəxtdi. Hər halda, əri hələ onu öldürməyib.
Bernard: Ərin necədi?
Konstans: Hər şey qaydasındadı. Ümid eləyirəm, indi o da bura gələr.
Bernard: Deyəsən, balaca bir bacın da vardı. O, necədi?
Missis Kalver: Martanı soruşur. Elə nə vaxtdı ərə getməyə hazırlaşır.
Konstans: Məndən o qədər də balaca deyil. Artıq otuz yaşı var.
(Missis Kalver pianonun üstündəki iki dəsmalı qəti görmək istəmir. Və Konstans ümidsiz
halda çantadan üçüncü burun dəsmalını çıxarıb o birilərin yanına qoyur).
Missis Kalver: Mister Kersal Şərqi bəyənirsizmi?
Bernard: Bilirsiz, orda həyat heç də pis deyil.
(Elə bu an missis Kalver üç burun dəsmalını görüb diksinir)
Missis Kalver: Deməzsiz, saat neçədi?
212
Konstans: Artıq gecdi, ana. Sən bu gün evdə nahar eləməyəcəksən, eləmi? Elə bilirəm,
naharacan bir az uzanıb dincəlsən yaxşıdı.
Missis Kalver: Ümidvaram ki, sizinlə yenə görüşəcəyik, mister Kersal.
Bernard: Yenidən görüşməyimizə şad olaram.
(Konstans anasını qapıya ötürür)
Missis Kalver: Görüşənədək, əzizim. (Pıçıltıyla) Dəsmalları gördükcə getməli, yoxsa
qalmalı olduğumu heç cür xatırlaya bilmirdim.
Konstans: Bunun üçün gözlərini təyinatı üzrə işlətməyin kifayət idi. Belə bir kişiylə on
beş illik ayrılıqdan sonra təklikdə qalıb dərdləşməyin lazım olub-olmamadığını bilmək
üçün bir baxış kifayət idi.
Missis Kalver: Sən pianonun üstünə elə bir ucdan dəsmalları düzdükcə məni əməlli-başlı
çaşdırdın.
Konstans: Tanrı xətrinə, get, ay ana. (Ucadan) Görüşənədək, mənim şirin anam. Heyif ki,
tələsirsən.
Missis Kalver: Görüşənədək.
(Missis Kalver gedir və Konstans qonaq otağına qayıdır)
Konstans: Pıçıldaşmağımıza görə bizi bağışla. Anam gizli danışıqlar xəstəsidi.
Bernard: Boş şeydi.
Konstans: İndi gəl, rahat oturaq. Qoy, bir sənə baxım. Sən heç dəyişməmisən. Təkcə bir
azca arıqlamısan, bir də ola bilsin, qırışların artıb. Kişilər xoşbəxt məxluqlardı, onlar
yaşlaşdıqca daha maraqlı olurlar. Xəbərin varmı ki, mənim artıq otuz altı yaşım var.
Bernard: Bunun nə fərqi var?
Konstans: Istəyirsən, sənə balaca bir sirr açım. Məktub yazıb səni qəbul eləməyim üçün
icazə istəyəndə səni bir də görəcəyimin sevinci məni elə çaşdırdı ki, dərhal cavab
göndərdim. Sonra məni təşviş bürüdü. O cavabımın geri qaytarılması üçün nə desən,
verərdim. Bu gün də səhərdən, elə bil, tikan üstə oturmuşam. Sən qonaq otağına keçəndə
dizlərimin necə əsdiyini sezmədin?
Bernard: İlahi, niyə, axı?
Konstans: Əzizim, belə görürəm ki, səndə çatışmır. Mən, axı, axmaq deyiləm, yaxşı
bilirəm ki, gəncliyimdə gözəl olmuşam. Bilirsən, illərlə bərabər gözəlliyin də ötüb
213
keçdiyini nə qədər acı olsa da istədin-istəmədin özünə etiraf etməlisən. Bunu sənə
kənardan heç kəs deməyəcək. Özün isə bu fikirləri özündən qovmaq istəyirsən. Qərara
aldım ki, yaxşısı budu, acı da olsa gerçəyi öyrənim. Səni bura dəvət eləməyimin bir
səbəbi də budu.
Bernard: Özün bilməliydin ki, mən nə fikirləşsəm də sənə pis demərəm.
Konstans: Bilirəm. Odur ki, görən kimi gözümü sənin gözündən çəkməzdim. Qorxurdum
ki, orda bu sözlər yazıla bilər: "Ilahi, bu qız nə günə düşüb?
Bernard: Yazılmışdı?
Konstans: Sən içəri keçəndə çox sıxılırdın, gözünü yerdən qaldırmağa ürək eləmirdin.
Bernard: Həqiqətən də on beş il əvvəl sən yaraşıqlı bir qız idin, amma indi ondan on beş
dəfə gözəlsən.
Konstans: Bunu eşitmək necə də xoşdu.
Bernard: Məgər inanmırsan?
Konstans: Elə bilirəm, sən mənə kələk gəlmirsən. Özü də etiraf eləyim ki, bu, məni
sevindirir. Amma indi de görüm, niyə evlənməmisən? Vaxt ötür, bilirsən, sonra gec
olacaq. Əgər evlənməsən, səni çox tənha qocalıq gözləyir.
Bernard: Ürəyim səndən başqa heç kimi istəmədi.
Konstans: Boşla görək. Demək istəyirsən ki, sən məndən sonra heç kimə vurulub-
eləməmisən?
Bernard: Mən bu vaxt ərzində bir topa qıza vurulmuşam, amma qərar qəbul eləmək
məqamı gələndə başa düşmüşəm ki, səni hamıdan çox sevirəm.
Konstans: Təşəkkür eləyirəm. Əgər məndən sonra heç kimə vurulmadığını desəydin,
onsuz da sənə inanmayacaqdım, özü də inciyəcəkdim ki, məni axmaq yerinə qoymusan.
Bernard: Görürsənmi, başqalarına da sənə olan sevgimin gözüylə baxmışam. Birinin
saçları sənin saçlarını, o birinin təbəssümü sənin təbəssümünü xatırlatdığına görə...
Konstans: Özümü səni həyatın sevincindən məhrum etdiyimə inandırmaq istəməzdim.
Bernard: Günah səndə deyil. Mənim şikayətlənməyə haqqım yoxdu. Işimdən ləzzət
alıram, yaxşı pullar qazanıram. Bu iş mənim istirahətimə qəti mane olmayıb. Dünyanı
görməyə mənə imkan yaradıb. Mənə yox, Cona ərə getdiyinə görə, səni qəti
günahlandırmıram.
Konstans: Conu xatırlayırsan?
214
Bernard: Əlbəttə, xatırlayıram. Çox maraqlı kişiydi. Cürət eləyib deməliyəm ki, mən heç
vaxt sənə onun kimi yaxşı ər ola bilməzdim. Mənim müsbət cəhətlərimlə yanaşı mənfi
cəhətlərim də çoxdu. Bəzən, çox əsəbi oluram. Amma Con, yəqin ki, sənə istədiyin hər
şeyi verə bilib. Onun arxasında özünü, yəqin, lap lay divarın arxasındakı kimi hiss
eləyirsən. Yeri gəlmişkən, bundan sonra da səni Konstans çağıra bilərəmmi?
Konstans: Əlbəttə. Niyə də yox? Bilirsən, Bernard, sənin gözəl xasiyyətli insan olduğuna
məndə gün-gündən daha çox əminlik yaranır.
Bernard: Sən Conla xoşbəxtsən?
Dostları ilə paylaş: |