hekayə
Skripka ustası Amedeo Torti arvadı ilə birlikdə qəhvə içirdilər. Uşaqları artıq
yatırtmışdılar. Hər ikisi də çox vaxt olduğu kimi, sakitcə oturub danışmırdılar. Birdən-
birə arvad dedi: "İstəyirsən sənə bir söz deyim?.. Bu gün səhərdən ürəyimə qəribə bir şey
damıb… Elə bil bu axşam Appaşer bizə baş çəkməlidir".
"Belə şeyləri heç zarafatla da dilə gətirmirlər!" - deyə əri acıqlı tərzdə cavab verdi.
İş onda idi ki, onun köhnə ürək dostu skripkaçı Toni Appaşer artıq iyirmi gün idi ki,
vəfat etmişdi.
"Bilirəm… bilirəm ki, dəhşətdir" - deyə arvad söylədi, -"ancaq bu nə fikirdisə, mən
ondan heç cür azad ola bilmirəm".
"Eh, əgər mümkün olsaydı..." - deyə Torti qeyri-müəyyən bir təəssüflə deyindi, ancaq
təfsilatına varmaq istəməyərək, yalnız başını buladı.
Onlar yenə susdular. Saat ona on beş dəqiqə qalırdı. Birdən qapının zəngi çalındı.
Uzun, inadlı bir zəng idi. Hər ikisi qəflətən diksindilər.
"Yenə axşam-axşam kim ola?" - deyə arvad dilləndi.
Dəhlizdə qulluqçu İnesin ayaqlarının şappıltısı, qapının necə açıldığı və boğuq danışıq
səsləri eşidildi. Rəngi ağappaq ağarmış qız yemək otağına boylandı.
"İnes, kimdir orada?" - deyə xanım soruşdu.
Qulluqçu qız ağasına tərəf baxıb, dili topuq vura-vura dedi: "Sinyor Torti, bir dəqiqəlik
çıxaydız… orada... Əgər bilsəydiz!.."
"Axı kimdir orada, kim?" - deyə xanım gələnin kim olduğunu artıq çox gözəl anlasa da,
hirsli-hirsli soruşdu.
İnes sanki son dərəcə məxfi xəbər çatdırırmış kimi onlara tərəf əyilib, birnəfəsə
pıçıldadı: "Orada... orada... Sinyor Torti, siz özünüz gəlin... Maestro Appaşer qayıdıb!"
"Lənət şeytana"- deyə Torti bütün bu müəmmalardan əsəbiləşərək söyləndi, sonra da
arvadına tərəf çevrilib dedi: "Mən özüm baxaram... sən burada qal".
O, qaranlıq koridora çıxdı, oradakı dolablardan birinə ilişərək dəhlizə açılan qapının
dəstəyini var gücü ilə özünə tərəf çəkdi.
Dəhlizdə, həmişəki kimi özünün bir az sıxıntılı görkəmində Appaşer dayanmışdı.
Ancaq o, nədənsə, eynilə əvvəlki Appaşerə bənzəmirdi, cizgilərindəki dağınıq
görüntülərdən o, indi sanki bir qədər daha az maddi nəzərə çarpırdı. Bu xülya idimi?
Deyəsən, hələ yox. Deyəsən, hələ o, bizim materiya adlandırdığımız varlıqdan tam azad
olmamışdı. Yox, bu xülya idi, ancaq maddiliyinin qalıqlarını özündə saxlamış bir xülya
idi. O, adəti üzrə boz kostyum geymiş, mavi zolaqlı köynəyinin üstündən qırmızı-göy
rəngli qalstuk bağlamışdı, ikiəlli yapışdığı biçimsiz fetr şlyapasını əsəbi halda elə hey
əzib, bürüşdürürdü (sözsüz ki, xəyali kostyum, xəyali qalstuk və sair və ilaxır).
Torti hissiyyata qapılan adamlardan deyildi. Qətiyyən. Ancaq hətta o da nəfəs çəkə
bilmədən, yerindəcə quruyub qaldı. Zarafat gəlməsin, iyirmi gün əvvəl öz əlləri ilə son
mənzilinə yola saldığı neçə illərin ən əziz dostu indi onun evində, düz qarşısında
dayanmışdı!
"Amedeo!"- deyə zavallı Appaşer sanki yaranmış gərginliyi bir qədər zəiflətməkdən
ötrü gülümsəyərək dilləndi.
20
"Bu sənsən? Sən - burada?" - deyə Torti az qala tənə ilə ucadan soruşdu, çünki
keçirdiyi ziddiyyətli və anlaşılmaz duyğular indi bir anın içində, kim bilir nədənsə, onda
yalnız çılğın qəzəb hissi oyatmışdı. Məgər itirdiyi dostunu yenidən görmək imkanı ona
intəhasız bir təsəlli gətirməməliydimi? Məgər belə bir görüşdən ötrü Torti bütün
milyonlarından məmnuniyyətlə keçməzdimi? Əlbəttə, o bunu düşünmədən edərdi. Hər
şeyi qurban verərdi. Bəs elə isə indi o, nədən belə bir sevinc hissini duymurdu? Hələ
üstəlik, bu etinasız əsəbiləşmə nə demək idi? Deməli belə çıxır ki, bu qədər həyəcandan,
bu qədər göz yaşlarından, hadisənin məlum şərtiliklərinə riayət olunması ilə bağlı bir belə
narahatçılıqdan sonra indi hər şeyi yenidən başlamaq? Bu ayrılıq günləri ərzində onun
dostuna bəslədiyi duyğular ehtiyatı sona qədər tükənmiş, zərrə qədər də qalmamışdı.
"Hə, görürsən də... mənəm"- deyə Appaşer şlyapasının kənarlarını daha da bərkdən
əzib, bürüşdürərək söylədi. "Ancaq deyirəm birdən… nə isə… özün ki, yaxşı bilirsən,
bizim aramızda nə təşrifat... Əgər narahat edirəmsə…"
"Narahat edirsən? Sən bunu narahat etmək adlandırırsan?" - deyə dəli kimi özündən
çıxmış Torti bağırdı. "Allah bilir haradan qayıdıb gəlirsən, özü də bu görkəmdə.... Hələ
narahatçılıqdan da dəm vurursan! Sən bundakı cəsarətə bir bax!" Sonra o, tam ümidsizlik
içində öz-özünə dedi: "İndi mən başıma nə çarə qılım?"
"Bura bax, Amedeo", - Appaşer dilləndi, - "əsəbiləşib eləmə... Hər şey bir yana, ancaq
məndə günah yoxdur... Oranın özündə (o, əli ilə qeyri-müəyyən bir işarə elədi) nəsə
anlaşılmazlıq baş verib... Nə isə, mən hələ bir aya yaxın burada qalmalıyam… Bir ay, ya
da bir az çox... Sən ki, bilirsən, evimi artıq boşaldıblar, indi orada yeni sakinlər yaşayır..."
"Yəni demək istəyirsən ki, sən mənim evimdə qalacaq, burada yatacaqsan?"
"Yatmaq? Yox, mən daha yatmıram.... Söhbət yatmaqdan getmir... Mənə balaca bir
künc də bəs edərdi... Mən sizə mane olmaram, nə yeyirəm, nə içirəm, heç... nə isə, heç
tualetə də ehtiyacım yoxdur. Bilirsən, təki gecələr veyil-veyil gəzib-dolaşmayım, xüsusilə
də, yağışın altında".
"Necə yəni yağışın altında... sən hələ islana da bilirsən?"
"Yox, təbii ki, islanmıram", - Appaşer yüngülcə irişdi,- "ancaq yenə də, lənətə gəlmiş
zəhlətökən şeydir".
"Deməli, sən bütün gecələri burada keçirmək fikrindəsən?"
"Əgər icazə versən…"
"Hə də, əgər icazə versəm!... Heç nə anlaya bilmirəm... Bura bax, sən ağıllı adamsan,
mənim köhnə dostumsan... Sənin bütün həyatın demək olar ki, artıq arxadadır... necə olur
ki, özün anlaya bilmirsən?.. Hə, axı sənin heç vaxt ailən olmayıb!"
Appaşer pərt halda qapıya doğru geri çəkildi. "Bağışla, mən elə bilirdim... Axı söhbət
cəmisi bir aydan gedir..."
"Sən sadəcə, məni anlamaq istəmirsən"- deyə Torti az qala incimiş kimi söylədi. "Mən
özüm barədə narahat olmuram… Uşaqlar var! Uşaqlar! Yoxsa, sənə elə gəlir ki, hələ on
yaşına çatmamış iki balaca günahsız varlığın səni görə bilməsi heç nədir? Hər şeydən
əlavə, indi sən özün dərk etməlisən ki, nə vəziyyətdəsən. Məni bu rəhmsizliyə görə
bağışla, ancaq… axı sən... axı sən kabussan ... və orada ki, mənim uşaqlarım var, mən ora
kabusları buraxmaram, mənim əzizim..."
"Deməli, heç cür?"
"Deməli, heç cür əzizim, heç bilmirəm daha nə de..." Onun son kəlməsi ağzında qaldı.
Appaşer bir göz qırpımında yoxa çıxmışdı. Təkcə pilləkənlərlə tələsik aşağı enən
birisinin ayaq səsləri eşidilirdi.
* * *
21
Konservatoriyanın direktoru maestro Mario Tamburlani konsertdən çıxıb evinə
qayıdanda, - onun mənzili də elə konservatoriyanın içində idi, - saatların zəngi gecə birin
yarısını vururdu. O, evinin qapısına çatar-çatmaz, əlindəki açarı qapıdakı deşiyə salıb, bir
dəfə fırlatmışdı ki, arxadan kiminsə pıçıltısını eşitdi: "Maestro, Maestro!" O, birdən geri
çevriləndə, qarşısında dayanmış Appaşeri gördü.
Tamburlani mahir diplomat, necə deyərlər savoir faire (bacarıqlı-fransızca), tədbirli,
həyatda işlərini ehtiyatla tutmağı bacaran bir adam kimi tanınırdı. Həmin bu məziyyətləri
və ya qüsurları, - onu cüzi xidmətlərinə rəğmən, cəmiyyətdə daha yüksək səviyyəyə
qaldıra bilmişdi. O, vəziyyəti bircə göz qırpımında qiymətləndirdi.
"Ah, mənim əzizim" - deyə maestro mehriban və həyəcanlı bir səslə şirin-şirin dilləndi,
- o, əllərini skripkaçıya tərəf uzadır, eyni zamanda ona bir metrdən çox yaxınlaşmamağa
çalışırdı. "Mənim əzizim, əzizim... sən əgər bilsəydin qəlbimdəki bu boşluq..."
"Necə, necə?"- deyə qulaqdan bir az zəif olan Appaşer, - belə ki, xülyalarda hissiyyat
adətən kütləşmiş olur, - təkrar soruşdu. "Sən bir qədər hövsələ et, mən daha əvvəlki tək
eşitmirəm..."
"Oh, başa düşürəm, əzizim, başa düşürəm... Ancaq nə etməli, bağıra bilmərəm ki!
İçəridə Ada yatıb, bir də ki..."
"Bağışla… əlbəttə... ancaq sən məni bircə dəqiqəlik içəri buraxmazdın? Neçə saatdır
ayaq üstəyəm."
"Yox, yox, Allah xatirinə, Blits duyub eləsə, batdıq."
"Necə? Necə dedin?"
"Blitsi deyirəm, mənim qoyun itimi. Sən ki, onu görmüsən... O elə hay-küy qaldırar
ki... Gözətçi dərhal oyanar... sonra da, Allah bilir..."
"Deməli, heç mümkün deyil ki, mən bir-neçə gün..."
"Nə? Bizdə qalasan? Oh, əzizim Appaşer, əlbəttə, əlbəttə!... Təsəvvür et ki, sənin kimi
bir dost üçün ... Ancaq bağışla, bəs itlə nə edək?"
Bu cür cavabdan Appaşer pərt oldu. O, bu insanın yatmış hissiyyatını oyatmaq istədi:
"Bir ay əvvəl orada, qəbiristanlıqda üstümü torpaqla örtməzdən əvvəl nitq söyləyərkən
sən ağlayırdın, maestro, ağlayırdın... Xatırlayırsanmı? Elə bilirsən mən sənin
hıçqırıqlarını eşitmirdim? "
"Oh, mənim əzizim, onu demə, onu demə... mən burada (o, əli ilə ürəyini tutdu) elə bir
ağrı gəzdirirəm ki.... Aman Allah, deyəsən Blitsdır!"
Həqiqətən də qapının arxasından boğuq, təhdidedici bir mırıltı eşidildi.
"Gözlə, əzizim, bircə dəqiqə gözlə, qoy bu dözülməz heyvanı bir qədər sakitləşdirim,
sonra ... Bircə dəqiqə əzizim, bircə dəqiqə".
O, ilan kimi cəld içəri sivişərək, qapını arxasınca bağlayıb, siyirməni möhkəm-möhkəm
yerinə oturtdu. Aralığa sakitlik çökdü.
Appaşer bir neçə dəqiqə gözlədi. Sonra pıçıltı ilə "Tamburlani, Tamburlani" - deyə
dostunu səslədi. O biri tərəfdən hay verən olmadı. Onda Appaşer barmaqlarının ucu ilə
qapını astaca tıqqıldatmağa başladı. Cavabı - tam sükut idi.
Gecə tükənmək bilmirdi. Appaşer bəxtini yüngül əxlaqlı, canıyanan bir qız olan,
dəfələrlə vaxt keçirdiyi Cannanın yanında sınamaq istədi. Canna mərkəzdən uzaqda,
kirayənişinlərlə dolu köhnə binadakı iki balaca otaqda qalırdı. Appaşer ora gəlib çatanda
gecə saat üçdən keçmişdi. Bəxtindən adətən bütün belə qələbəliklərdə olduğu kimi, küçə
qapısı bağlı deyildi. O, əziyyətlə altıncı mərtəbəyə qalxa bildi, - gəzib- dolaşmaqdan artıq
tamam əldən düşmüşdü.
22
Qalereyada qatı qaranlıq olsa da, o, giriş qapısını tapmaqda elə bir çətinlik çəkmədi.
Qapını astaca döydü. İçəridən həyat əlaməti gələnə qədər qapını hələ bir xeyli döyməli
oldu. Nəhayət, qızın yarıyuxulu səsi eşidildi: "Kimdir?... Kimdir yenə gecənin bu vaxtı?"
"Canna, təksən? Aç... mənəm, Toniyəm".
"Gecənin bu vaxtı?"- deyə Canna həvəssiz, ancaq özünəməxsus sakit itaətkarlıqla təkrar
etdi. "Gözlə, indi gəlirəm".
İçəridən tənbəl-tənbəl, şappıltılı ayaq səsləri eşidildi, işıq qoşucusu çıqqıldadı, açar
buruldu. "Bu nə vaxtın gəlməyidir belə, xeyir ola?" - deyə Canna qapını açıb, onu
bağlamağı gələnin ixtiyarına buraxaraq, tələsik yatağına cummaq istəyirdi ki, Appaşerin
qeyri-adi görkəmi onu heyrətə gətirdi. Qız çaşqın halda ayaq saxlayıb, onu nəzərdən
keçirməyə başladı və yalnız bundan sonra həqiqət yuxu dumanı arxasından onun şüuruna
yeridi. "Axı sən... axı sən.... axı sən" O, demək istəyirdi ki, axı sən ölmüsən, indi mən
bunu yaxşı xatırlayıram... Ancaq bunları söyləməyə onun cəsarəti çatmadı. O, Appaşer
yaxın gələrsə onu geri itələməkdən ötrü əllərini irəli uzadaraq, dal-dala geri çəkildi. "Axı
sən ... axı sən" Birdən Canna ucadan çığırdı: "Çıx get... Allah xatirinə, çıx get!" - qız
dəhşət içində gözlərini bərəldərək ona yalvarır, Appaşer isə: "Canna, xahiş edirəm... Mən
sadəcə, bir az dincəlmək istəyirdim"- deyə dil tökürdü. "Yox, yox, çıx get! Heç ağlına da
gətirmə ... Sən məni dəli edəcəksən! Çıx get! Çıx get deyirəm! Yoxsa, bütün binanı
yuxudan oyatmaq istəyirsən?"
Belə ki, Appaşer yerindən heç qımıldanmırdı da, qız gözünü ondan çəkmədən əlini
arxaya aparıb, oradakı komodu tələsik eşələməyə başladı. Əlinə birinci keçən qayçı oldu.
"Gedirəm, gedirəm" - deyə Appaşer çaşqın halda söylədi, ancaq qız ümidsizlikdən
doğan bir cəsarətlə artıq bu gülünc silahı onun sinəsinə dirəmişdi. Qayçının hər iki ağzı
heç bir müqavimət görmədən, çox asanlıqla xülyanın bədəninə girdi. "Ah, Toni, bağışla
mən bunu etmək istəmirdim" - deyə qız vahimə içərisində çığırdı. "Yox, yox... ay,
qıdığım gəlir, yalvarıram, eləmə, qıdığım gəlir!" - deyə Appaşer əsəbi halda ucadan
pıqqıldayaraq, birdən-birə, dəli kimi gülməkdən uğunub getdi.
Bayır tərəfdən, həyətdə pəncərələrdən biri zərblə açıldı. Kimsə acıqlı səslə bağırdı:
"Bilmək olar orada nə baş verir? Saat dördə qalıb! Biabırçılıqdır, lənət şeytana!"
Ancaq Appaşer dabanına tüpürüb, yel kimi aradan çıxmışdı.
* * *
Görəsən, daha kimə müraciət etməli? Bəlkə şəhərin girişindəki San Kalisto kilsəsinin
keşişinə? Ölüm yatağında onun son dini ayinlərini icra etmiş köhnə gimnaziya yoldaşı,
mehriban don Raymondoya?
"Dəf ol, dəf ol, şeytan əməli!" - deyə möhtərəm keşiş onun yanına gəlmiş skripkaçını
bu sözlərlə qarşıladı.
"Bu mənəm, don Raymondo, Appaşerəm, yoxsa tanımadın?... Don Raymondo, icazə
ver burada sənin yanında gizlənim. Bir azdan səhər açılacaq. Heç kəs mənə sığınacaq
vermir. Dostlar üz döndərib. Bəlkə, heç olmasa sən..."
"Mən bilə bilmirəm sən kimsən" - deyə keşiş kədərli səslə, ibarəli bir tərzdə söylədi.
"Bəlkə sən iblissən, yainki duyğularımın mübhəm görüntülərisən, bilmirəm! Yox, əgər
sən həqiqətən də Appaşersənsə, onda buyur, - bu mənim yatağım, bu da sən, uzan,
dincəl!.."
"Çox sağ ol, çox sağ ol don Raymondo, mən bilirdim, bilirdim ki..."
"Sən heç təşvişə düşmə" - deyə keşiş riyakar mehribanlıqla sözünə davam elədi, - "heç
təşvişə düşmə ki, mənim adım artıq çoxdan yepiskopun qara dəftərindədir... Təşvişə
düşüb eləmə ki, sənin burada olmağın mənim üçün son dərəcə ağır hallarla nəticələnə
23
bilər... Müxtəsəri, mənim barəmdə narahat olma. Əgər səni ona görə bura göndəriblərsə
ki, mənim evimi birdəfəlik yıxasan, onda neynək, - Tanrı özü bilən məsləhətdir!.. Bura
bax, sən nə edirsən? Gedirsən, nədir?"
* * *
Bax, elə buna görədir ki, xülyalar, - əgər nə vaxtsa, hansısa talesiz bir varlıq yer üzündə
bir qədər yubanmağa səylə cəhd edirsə də, - bizimlə qalmaq istəməyərək, baxımsız
evlərdə, qədim qəsrlərin xarabalıqlarında, meşələrin qoynunda itib-batmış kimsəsiz
kilsələrdə, ya da tənha qayalarda gizlənirlər və dəniz dalğaları bu qayaları döyəcləyir,
döyəcləyir, onlar da tədricən dağılaraq, məhv olurlar.
24
Dino Buttsati
"Paxıl musiqiçi"
hekayə
İtalyancadan tərcümə edən: Cəmşid Cəmşidov
Şan-şöhrətinin zirvəsində həyatının çiçəkləndiyi bir dövrü yaşayan və son dərəcə paxıl
insan olan bəstəkar Auqusto Qorca bir axşam öz məhəllələrində tək-tənha gəzişərkən
hansısa böyük evdən gələn fortepiano səslərini eşitdi.
Auqusto Qorca ayaq saxladı. Bu müasir, ancaq nə onun, nə də həmkarlarının
bəstələdiklərinə bənzəməyən fərqli bir musiqi idi; buna oxşar bir şeyi o heç vaxt
eşitməmişdi. Dərhal heç ayırd da etmək olmurdu ki, bu ciddimi, yoxsa yüngülmü
musiqidir; o, özünün bir qədər sadəliyi ilə bəzi xalq təranələrini xatırlatsa da, onda acı bir
istehza duyulur, sanki zarafatla səslənsə də, daxilindəki sarsılmaz inamdan xəbər verirdi.
Ancaq Qorca, hər şeydən öncə, - bu musiqinin dəst-xəttindən heyrətə gəldi. O,
harmoniyanın bütün köhnə qayda-qanunlarından azad idi, bəzən sərt və inadlı olsa da,
eyni zamanda, ən kamil ifadə səviyyəsinə yüksəlirdi. Bundan əlavə, ona hər hansı bir ağır
zəhmətdən əsər-əlamət olmayan füsunkar yüngüllük və gənclik təravəti də xas idi. Ancaq
çox keçmədi ki, royal susdu və Qorca müsuqinin yenidən səslənəcəyini gözləyərək,
küçədə əbəs yerə var-gəl etməyə başladı.
- Kim bilir, yenə hansı amerikan hoqqasıdır. Onlarda musiqi yerinə ən qəliz cəhənnəm
sayıqlamasını sırıyırdılar, - deyə o düşündü və evinə tərəf üz tutdu. Bununla belə, həmin
axşam da, bütün ertəsi gün də o, qəlbində dərin bir narahatlıq hissi duydu; necə ki, birisi
meşədə ov edərkən sərt bir daşa və ya ağaca ilişir və ehtiras içərisində olduğundan bunun
fikrinə varmır, yalnız sonra, gecə zədənin yeri ağrı verəndə o, heç bir vəchlə xatırlaya
bilmir ki, bu harada və necə baş verib. Və hələ bir həftədən də artıq gözləmək lazım gəlir
ki, yaranın yeri tamamilə itib yox olsun.
Bir müddət keçmiş, saat altıya yaxın evinə dönərkən Qorca qapını açar-açmaz, qonaq
otağındakı radiodan gələn səsləri eşitdi: o, dərhal, öz peşəkar duyumu ilə həmin səsləri
tanıdı; bu dəfə tək fortepiano yox, bütöv bir orkestr çalırdı və bu onun həmin axşam
eşitdiyi musiqi parçası idi, eyni möhtəşəm və məğrur vurğular, az qala təhdidedici bir
amiranəliklə, sanki mənzilə yetişməkçün dördnala çapan küləkayaqlı bir kəhər ideyasını
təlqin edən həmin bənzərsiz harmonik ifadələr.
Qorca qapını örtməyə macal tapmamışdı ki, musiqi birdən-birə kəsildi və qonaq
otağından qeyri-adı tələsiklə çıxan xanımı Mariyanın yaxınlaşmaqda olan ayaq səsləri
eşidildi.
- Salam əzizim, bilmirdim ki, belə tezliklə qayıdacaqsan, - deyə xanımı söylədi.
Bəs nədən onun siması belə çaşqın idi? Bəlkə o, ərindən nəyisə gizlədirdi?
- Nə olub? - deyə Qorca təəccüblə soruşdu.
- Necə yəni, nə olub? Nə olmalıydı ki?-deyə Mariya özünü dərhal ələ aldı.
- Bilmirəm. Sən nəsə belə, birtəhər salamlaşdın.... Bəlkə deyəsən, indicə
radio ilə nə verirdilər?
- Eh, elə bir o qalmışdı ki, hər şeyə qulaq asım!
- Elə isə, mən içəri girən kimi sən niyə radionu belə tələsik söndürdün?
25
- Nədir, məni sorğu-suala tutmusan? - deyə, xanımı gülərək ucadan soruşdu.
Düzünü bilmək istəyirsənsə, radionu elə səni qarşılamağa çıxanda söndürdüm. Keçmişəm
öz otağıma, yadımdan çıxıb, yanılı qalıb.
- Bir musiqi verirdilər... çox maraqlı musiqi idi, -deyə Qorca fikirli-fikirli qonaq otağına
yönəldi.
- Bəxtəvərin oğlu, sənə musiqi azlıq edir, nədir? Səhərdən axşama qədər musiqi,
musiqi.... heç cür sakitləşə bilmirsən... Sən bu radiodan əl çəkəcəksən, ya yox?! - deyə o,
ərinin radionu yenidən yandırmaq istədiyini görüb ucadan deyindi.
Qorca çevrilib arvadına diqqətlə nəzər saldı: xanımı həyəcanlı görünürdü, sanki nədənsə
ehtiyat edirdi. O, nümayişkaranə bir tərzdə radionun düyməsini burdu, lövhə işıqlandı,
cihaz həmişəki kimi çıqqıldadı, sonra diktorun səsi eşidildi: - ... mera musiqisindən ibarət
proqramı dinlədiniz. “Tremel” firması tərəfindən təqdim olunan növbəti konsertlə...
- Nədir, sakit oldun? - deyə bir qədər ürəklənmiş Mariya dilləndi.
Həmin axşam - şam yeməyindən sonra dostu Cakomelli ilə birlikdə gəzintiyə çıxan
Qorca radio verilişlərinin siyahısı olan qəzeti alıb günün proqramına nəzər saldı. “Saat
1645, maestro Serco Anfossinin rəhbərliyi ilə kamera musiqisi; Hindemitin, Kuntsun,
Mayssenin, Ribbentsin, Rossi və Stravinskinin əsərləri”. Yox, dinlədiyi musiqi qətiyyən
Stravinskininki deyildi. Bəstəkarların adları qəzetdə əlifba sırası ilə verilmişdi və
görünür, əsərlərin ifa ardıcıllığı konsert zamanı dəyişdirilmişdi. Bu nə Hindemitin, nə də
Mayssenin musiqisi idi, Qorca onları çox gözəl tanıyırdı. Deməli Ribbents? Yox, onun
köhnə konservatoriya dostu Maks Ribbents on il öncə elə də pis olmayan, ancaq
sxolastik, böyük polifonik kantata ilə gücünü sınamış, sonra bəstəkarlıqdan tamamilə əl
çəkmişdi. Yalnız bu yaxınlarda, bu qədər sükutdan sonra o, Teatro di Statoda yeni bir
opera düzüb-qoşmaqla özünü yenidən göstərmişdi. Elə bu günlərdə də əsər səhnəyə
qoyulmalı idi. Ancaq həmin o birinci əsərini nəzərə almaqla , bu dəfəkinin də nə
olacağını təsəvvür etmək çətin deyildi. Deməli, bu Ribbents də deyil. Qalırdı Kunts və
Rossı. Ancaq onlar kim idilər ki? Qorca onların adlarını belə, eşitməmişdi.
- Sən orada nə axtarırsan?-deyə Cakomelli onun qəzeti diqqətlə nəzərdən keçirdiyini
görüb soruşdu.
- Heç. Bu gün radioda bir musiqi eşitmişəm. Bilmək istəyirdim kiminkidir. Maraqlı
musiqi idi. Ancaq buradan baş çıxarmaq olmur.
- Yəni, necə musiqi idi ki?
- Deməyə çətinlik çəkirəm, çox həyasız bir musiqi idi, mən deyərdim....
- Yaxşı görək, başından elə, - deyə dostunun necə vasvası olduğunu bilən Cakomelli
zarafatla söylədi. Özün məndən də gözəl bilirsən ki, səni kölgədə qoya biləcək bir
bəstəkar hələ anasından olmayıb.
- Yox, yox, əksinə, - deyə istehzanı duyan Qorca cavab verdi. Mən buna yalnız şad
olardım, hətta düşündüm ki, nəhayət, kimsə (onun tutqun fikirləri seyrəldi)... Yeri
gəlmişkən, Ribbentsin yeni operasının baş məşqi sabah deyil?
Cakomelli dərhal cavab vermədi. Yox, -deyə o laqeydliklə dilləndi. Onu, deyəsən təxirə
salıblar.
- Bəs sən özün gedəcəksən?
- Eh, çətin... Sən ki, bilirsən, belə şeylər mənim əsəblərimçün həddən ziyadədir.
Bu sözlərdən sonra Qorcanın əhvalı özünə qayıtdı.
- Zavallı Ribbents, -deyə o, ucadan söylədi. Zavallı qoca Ribbents, mən ondan ötrü
həqiqətən də şadam. Nə qədər olmasa da təsəllidir....Hə, təki olsun...!
26
Ertəsi gün axşam Qorca evdə oturub barmaqları ilə pianonun dilləri üzərində gəzişərkən
birdən, bağlı qapı arxasından həyəcanlı danışıq səslərini eşitdi. O, şübhələnərək
yaxınlaşıb qulaq asdı.
Yandakı qonaq otağında xanımı və Cakomelli nəyinsə barəsində yavaşca
məsləhətləşirdilər. Cakomelli deyirdi:
- Axı, gec-tez o, hər şeyi biləcək.
- Nə qədər gec olsa, bir o qədər yaxşıdır, -deyə Mariya cavab verirdi, - o, hələ heç nədən
şübhələnməməlidir.
Yaxşı, tutaq ki,... Bəs, qəzetlər? Qəzetləri ki, oxumağı ona qadağan edə bilməyəcəksiniz.
Bu yerdə Qorca qapıları taybatay açdı. Arvadı və dostu, sanki iş başında yaxalanmış
oğrular kimi yerlərindən dik atıldılar. Hər ikisinin bənizi ağappaq ağarmışdı.
- Deməli, belə?-deyə Qorca acıqlı-acıqlı soruşdu. Qəzetləri oxumağı kimə qadağan
edirsiniz?
- Mən ... mən..., - deyə Cakomelli kəkələdi, -mən burada bir əmioğlu barəsində
danışırdım. O israfçılıq üstündə həbs olunub. Onun atası, yəni mənim əmim bu barədə
heç nə bilmir.
Qorca rahatlıqla nəfəsini dərdi. Buna da şükür! O, bir qədər yersiz müdaxiləsinə görə
hətta utancaqlıq hissi də keçirdi. Nəhayət, bu şübhələrdən lap cana doymaq olardı. Ancaq
sonra Cakomelli sözünə davam edərək danışdıqca o, yenidən səksəkəli həyəcan hiss
etməyə başladı? Görəsən bu əmioğlu əhvalatı yalan deyildi ki? Cakomelli bütün bunları
özündən uydura bilməzdimi? Əks təqdirdə, bu gizli pıçıltılar nə demək idi?
O, həkimləri və qohumları tərəfindən qaçılmaz son hökmü gizlədilən bir xəstə kimi
şübhələr içərisində dolaşırdı: insan ətrafındakı yalanları duyur, ancaq o birilər daha da
bicdirlər və onun fikrini yayındırmağa çalışırlar, onu sakitləşdirməyə nail olmayanda isə
heç olmasa, qorxunc həqiqəti gizlətməyə cəhd edirlər.
O, evdən kənarda da şübhəli əlamətlərlə üzləşirdi: məsələn, həmkarlarının çoxmənalı
baxışları, onun yaxınlaşdığını görərkən susaraq, danışmamaları, adətən söhbətçil
insanların onu görcək sıxıntı keçirməsi... Ancaq Qorca özünü ələ alır və özü-özünə
suallar verirdi ki, bəlkə ondakı bu şübhələr nevrasteniyanın əlamətləridir. Axı, bəzi
insanlar var ki, yaşa dolduqca hər tərəfdə yalnız düşmən görürlər. Bir də axı, o nədən
qorxmalı idi ki? O, ad-san, hörmət sahibi idi, maddi cəhətdən gözəl təmin olunmuşdu.
Teatrlar və simfonik cəmiyyətlər onun əsərlərini ifa etməkdə iddialı idilər. Sağlığına söz
ola bilməzdi, heç vaxt da xəstələnməmişdi. Yaxşı, bəs nə? Onu hansı təhlükə gözləyə
bilərdi? Ancaq bu cür düşünmək ona kifayət etmirdi.
Ertəsi gün şam yeməyindən sonra onun həyəcanı daha da kəskinləşdi. Saat təxminən ona
qalırdı. Növbəti qəzeti gözdən keçirərkən o, gördü ki, Ribbentsin yeni operası səhnəyə
məhz həmin axşam qoyulur. Yaxşı, onda necə olur axı? Məgər Cakomelli deməmişdimi
ki, baş məşq təxirə salınmışdır? Necə ola bilərdi ki, heç kim ona xəbər verməsin, onsuz
keçinsinlər? Və nə üçün teatrın rəhbərliyi həmişə olduğu kimi ona xüsusi dəvətnamələr
göndərməmişdi?
- Mariya! Mariya!-deyə o, həyəcanla çığırdı. Sən bilirdin ki Ribbentsin premyerası bu
axşamdır?
Mariya təsviş içərisində özünü yetirdi:
- Mən... mən? Hə, ancaq elə bilirdim...
- Nəyi elə bilirdin?.. Bəs dəvətnamələr? Necə ola bilər ki, mənə dəvətnamə
göndərməsinlər?
- Hə, hə... Bəs, sən zərfi görməmisən? Mən onu sənin masanın üstünə qoymuşam.
- Mənə də heç nə deməmisən, eləmi?
27
- Mən elə bildim bu səninçün maraqlı deyil.. Axı sən özün deyirdin ki, heç vaxt
getməzdin... Deyirdin onlar səni tovlaya bilməzlər... Bir də ki, tamam unutmuşdum, sənə
and içirəm.
Qorca özündə deyildi.
- Mən başa düşə bilmirəm... başa düşə bilmirəm, - deyə o təkrar-təkrar söyləyirdi, - saat
on birə beş dəqiqə işləyib... artıq gecdir...bu sarsaq Cakomelli də ki (onu nə vaxtdan bəri
sarsıdan şübhələr dumanı artıq seyrəlirdi: səbəbini heç cür anlaya bilmədiyi bu təhlükə
nəsə də məhz Ribbentsin operasında olmalı idi. O, məchul baxışlarla gözlərini yenidən
qəzetə zillədi)... Aha, operanı radio ilə verirlər... İndi görüm kim bu imkanı mənim
əlimdən ala biləcək!
Mariya kədərli bir səslə dedi:
- Augusto, təəssüflər olsun ki, radio işləmir....
- Necə yəni işləmir? Nə vaxtdan bəri işləmir?
- Elə günortadan. Saat beşdə mən onu yandırmaq istədim, içərisində nəsə “çıqq” elədi,
sonra da heç nə eşidilmədi, görünür qoruyucusu yanıb.
- Məhz bu axşam, eləmi? Deməli, siz sözü bir yerə qoymusunuz ki...
- Nədən ötrü sözü bir yerə qoymuşuq? - deyə Mariya az qaldı ki ağlasın.
Mənim günahım nədir?
- Yaxşı mən gedirəm. Haradasa bir radio tapılar...
- Yox, Auqusto... yağış yağır... özün də soyuqdəyməlisən... həm də gecdir... axırı bir vaxt
tapıb bu zəhrimara qalmış operaya qulaq asacaqsan, ya yox?!
Ancaq Qorca çətiri qapıb, evdən çıxmışdı.
O, tək-tənha küçələri dolaşarkən hansısa bir qəhvəxananın parlaq işıqları nəzərlərini cəlb
etdi. İçəridə adam az idi. Ancaq bir qədər irəlidə, kiçik çay zalında bir dəstə adam
toplaşmışdı. Və oradan musiqi sədaları süzülürdü. Qəribədir, - deyə Qorca düşündü.
Radioya belə marağı yalnız bazar günləri futbol oyunları gedəndə görmək mümkündü.
Birdən onun beynində qəfil fikir oyandı: olmaya onlar Ribbentsin operasını dinləyirlər?
Yox, bu ağlasığan deyildi. Yerlərində qımıldanmadan musiqiyə qulaq asanlar onun
şübhələrindən xeyli uzaq adamlardı: əyinlərində sviter olan iki cavan oğlan, bir yüngül
əxlaqlı qız və ağ gödəkcə geymiş ofisiant.
Qorca anlaşılmaz bir üzünt hiss etdi, sanki neçə-neçə günlər, günlər nədir, aylar və illər
öncə o bilirdi ki, təyin olunmuş bu saatda o özgə bir yerə yox, məhz buraya, bu
qəhvəxanaya gəlib çıxmalıydı. Və indi o, yaxınlaşdıqca, musiqinin ritmi və ahəngi daha
da aydın duyulduqca onun ürəyi daha da bərk sıxılmağa başlayırdı.
Bu musiqi onun üçün tamamilə yeni bir şey idi və eyni zamanda bu səslər onun beynində
bir qurd kimi çoxdan kök salmışdı. Bu həmin qəribə musiqi idi ki, Qorca onu əvvəl
küçədə, sonra isə o axşam evlərində eşitmişdi. Ancaq indi o, daha sərbəst və daha
məğrur, qeyri-adi coşqunluğuna və ramedilməz gücünə görə daha da möhtəşəm
səslənirdi. O, hətta bu savadsız insanları, - bu mexanikləri, küçə qadınlarını, ofisiantları
belə məftun etmişdi. Onlar fəth olunmuş, məğlub edilmiş kimi ağızları açıq qalmışdılar.
Dahi! Və bu dahinin adı Ribbents idi. Dostları da, xanımı da əllərindən gələni etmişdilər
ki, Qorca bu barədə heç nə bilməsin, - yanlız ona olan təəssüblərinə görə. Bu həmin o
dahi idi ki, bəşəriyyət onu, ən azı yarım əsr gözləmişdi və bu dahi Qorca yox, onun yaşıdı
olan bir başqası, indiyədək tanınmayan və saya alınmayan birisi idi.
Bu musiqi onun üçün necə də nifrətamizdi! Bu musiqini hörmətdən salmaq, onun saxta
olduğunu sübuta yetirmək, onu ələ salıb biabır etmək necə də gözəl olardı! O isə
müzəffər bir zirehli kimi sükut dalğalarını yara-yara irəliləyirdi və olsun ki, tezliklə bütün
yer üzünü fəth edəcəkdi!
28
Ofisiant onun qolundan yapışdı: - Sinyor, üzr istəyirəm, özünüzü pis hiss
etmirsiniz?Qorca həqiqətən də ayaq üstə güclə dayanırdı.
- Yox, yox, təşəkkür edirəm.
Beləcə, heç nə içmədən o, sonsuz üzüntü içərisində qəhvəxanadan yağışın altına çıxdı. -
Müqəddəs Məryəm!-deyə o, həyat sevincinin onunçün birdəfəlik bitdiyini gözəl
anlayaraq, öz-özünə pıçıldadı. O, hətta təskinlik üçün bu dərdini Tanrıya da aça bilmədi:
çünki Tanrı bu cür iztirabları qəbul etmir.
Dostları ilə paylaş: |