ATAM İSMAYILIN ƏZİZ XATİRƏSİNƏ
İnfarkt şöbələrində
gecə səhərə kimi
Monitora göz dikənlər –
Allah bizə kömək olsun!
Novxanıda, Bilgəhdə...
Bu il əkilən tinglər,
Bu yayın istisində
Allah sizə kömək olsun!
Döyüş meydanlarında
Bir qarış torpağını
Öz ürəyi bilənlərə,
Bütün darda qalanlara
Allah özü kömək olsun!
110
Ulu Tanrım, bu səhər
Gündüzü gecəyə dönənlərə də –
Zülmətli gözlərə qoy İŞIQ dolsun.
...Barmağı tətikdə, əli nişanda,
Ovçuya da, ova da –
Allah özü kömək olsun!
Gəncə, 13 iyul, 1991
AYANIM
Sənə şeir yazmaq istədim
Ürəyimin gücü çatmadı.
Saçlarının ətrinə
Çörəyimin gücü çatmadı.
Nəfəsində
İşığın ətri, Günəşin dadı
Səsin –
Allahın adı...
Elə bil bağrımnan çıxan ürəksən
Elə bil bu dünya heç olmayıbdı,
Ya mən olmamışam
dünyada min il...
Gəl ürək, gəl görək, gəl boynuma min! –
Ürəyim boynumda
dünyanı gəzək.
14 sentyabr, 1999
|