145
ÖMÜR BURA QƏDƏR İMİŞ
Dayan, əzmə bu çəməni,
Yollar bura qədər imiş.
Unut məni, bilim ki, qoy,
Ömür hara qədər imiş.
Qucaqlayır duman yeri,
Bacarırsan, güman, yeri!
Bilsə, açılar dan yeri
Axtardığım səhər imiş.
Bil ki, yazılıb günaha,
Dərd gedir üzü sabaha.
Ürəyimdən çıx get daha,
Qalmağın bir qəhər imiş.
Bir çay səsli gecə üçün
Ağlamışıq için-için.
Bu ürəkdən gəlib keçən
O ürəkçün hədər imiş.
Dayan, əzmə bu çəməni,
Yollar bura qədər imiş.
Unut məni, bilim ki, qoy,
Ömür hara qədər imiş.
146
ÜRƏK, MƏNİ RAHAT BURAX
Ağlayana yar-yoldaşsan.
Üzümdə ələnən yaşsan.
Dərd ilə doğma qardaşsan,
Ürək, məni rahat burax!
Gəmimizin yolu duman...
Vəfa qılmadı bu liman.
Yol ver gedim, uzaq dolan,
Külək, məni rahat burax.
Qaçmaram, sözdən qaçmaram, –
Dedim daha əl açmaram.
Şah oğlu şaham, acmaram,
Çörək, məni rahat burax.
Nə yağış var, nə çisək-çən,
Quruyubdu yaşıl çəmən.
Nə baxırsan bu çəməndən,
Çiçək, məni rahat burax!
Ağlayana yar-yoldaşsan,
Üzümdə ələnən yaşsan.
Dərd ilə doğma qardaşsan,
Ürək, məni rahat burax.
|