ƏHLİ-SÜNNƏ NƏZƏRİNDƏ SƏHABƏ
Əhli-sünnə səhabənin mədhində və onların ədalətlərində o qədər irəlilədilər ki, heç bir istisna olmadan hamını adil saydılar! Onlara irad tutan, onların ədalətini qəbul etməyən və ya bəzilərinin fasiq olmasını bildirən hər bir şəxsi görsələr, heç bir məntiqi qəbul etmədən ona hücum çəkirlər. Burada onların söhbətlərinin bir qismini araşdıraraq onların Qurandan, Peyğəmbərin düzgün və sabit sünnəsindən, əql və vicdandan uzaq olduqlarını sübut etmək istəyirik.
İmam Nəvəvi “Səhihi Müslüm” kitabının şərhində belə yazır: “Bütün səhabələr insanların ən yaxşısı və bu ümmətin sərvərləridirlər. Özlərindən sonrakı insanlardan üstün, nümunə, ədalətli olmuş və heç bir eybə malik olmamışlar. Lakin onlardan sonra gələn insanların eyb və nöqsanları vardır.”2
Yəhya ibni Muin deyir: “Hər kəs Osmanı, ya Təlhəni və ya Peyğəmbərin hər hansı bir səhabəsini söysə, yalançı sayılır və onun nəql etdiyi hədisi qəbul etmək olmaz. Allahın, mələklərin və bütün insanların lənəti həmin şəxsə olsun.”1
Zəhəbi deyir: “Ən böyük günahlardan biri də səhabələri söyüb, onlara nalayiq sözlər deməkdir. Hər kəs onlara nöqsan tutsa və ya onlara nalayiq sözlər desə, dindən və müsəlmançılıqdan çıxmışdır.”2
Qazi Əbu Yəladan soruşdular: “Əbu Bəkri söyən şəxsin hökmü nədir?”
Cavab verib dedi: Kafirdir!
Soruşdular: Əgər həmin şəxs ölsə, ona meyyit namazı qılmaq vacibdirmi?
Dedi: Xeyr!
Soruşdular: Axı o, Allahın yeganəliyinə inanan şəxslərdəndir?
Dedi: Ona əl vurmayın və ağac üzərində qəbrə tərəf aparıb dəfn edin!”3
İmam Əhməd ibni Hənbəl deyir: “Peyğəmbər (s)-dən sonra ümmətin ən yaxşı şəxsləri Əbu Bəkr, ondan sonra Ömər, sonra Osman və sonra Əlidir. Onlar hidayət olunmuşlardan və raşidin xəlifələrindəndirlər. Bu dörd nəfərdən sonra insanların ən yaxşısı Peyğəmbər (s)-in səhabələridir və onların eybləri, nöqsanları və pislikləri haqqında danışmağa heç kəsin ixtiyarı yoxdur. Belə bir iş görən şəxsi bağışlamaq olmaz və onu cəzalandırmaq lazımdır. Onun haqqında axtarış aparıb tövbə etdiyi bəlli olsa, bu, ondan qəbul olunar, lakin bu işi yenə də davam etsə, yenidən cəzalandırılar və ölənə qədər əbədi həbsə məhkum olunar, əgər yenə də tövbə etsə, bağışlanar!!”
Şeyx Əlaəddin Trablosi Hənəfi belə deyir: “Əgər bir şəxs Peyğəmbər (s)-in hər hansı bir səhabəsini – Əbu Bəkri, ya Öməri, ya Osmanıa, ya Əlini, ya Müaviyəni və ya Əmr Ası söyüb (məsələn) desə ki, onlar haqdan sapmış və kafir olmuşlar, həmin şəxs öldürülməlidir. Əgər bunlardan başqasını söymüş olsa, şiddətlə cəzalandırılmalıdır.”1
Doktor Hamid Həfəni Davud sünnülərin söhbətlərinin bir hissəsinə işarə edərək deyir: “Əhli-sünnətin əqidəsinə əsasən, səhabələrin hamısı ədalətli və ədalətdə bərabər səviyyədədirlər. Baxmayaraq ki, ədalətin müxtəlif dərəcələri vardır. Səhabələrdən birini kafir bilən şəxsin özü kafirdir və hər kəs səhabələrdən birini fasiq bilsə, onun özü fasiqdir. Əgər bir şəxs hər hansı bir səhabədən irad tutsa, sanki Allahın Peyğəmbərinə irad tutmuşdur.
Həmçinin sünnülərin böyük alimlərinin əqidəsinə əsasən, Əli ilə Müaviyə arasında baş verən ixtilaflar, eləcə də bu barədə olan tarixi hadisələr haqqında bəhs etmək caiz deyildir. Səhabələrdən bəziləri ictihad edərək haqqa nail oldular. Əli və onun ardıcıllarını buna misal göstərmək olar. Müaviyə, Aişə və onlara tabe olan bəzi səhabələr də ictihad etdikləri halda, xətaya uğradılar. Sünnülərin nəzərlərinə görə, onların arasında baş verən ixtilaflardan və pisliklərdən söhbət etmək olmaz və onlar haqqında qəzavət etməkdən yayınmaq yaxşıdır. Müaviyə səhabələrdən olduğundan, onu söyməkdən çəkinirlər! Aişəyə nalayiq söz deyən hər hansı bir şəxsi şiddətlə məhkum edirlər. Bir sözlə, onlar haqqında bəhs etməkdən çəkinib, onu Allaha tapşırmaq lazımdır.
Həsən Bəsri və Səid ibni Müsəyyib bu barədə deyirlər: “Bunlar elə məsələlərdəndir ki, Allah-taala bizim əlimizi onlara bulaşdırmamışdır. Belə olduqda, bəs nə üçün öz dilimizi onlar haqqında danışmaqla məşğul edək?!!!”
Deyilənlər əhli-sünnətin səhabənin ədaləti haqqında olan əqidəsidir və bizim nəzərimiz də məhz budur.”2 (Doktor Hamidin söhbətinin sonu!)
Təhqiq işləri ilə məşğul olan hər bir şəxsin səhabələr və sünnülərin arasında bu ifadənin hansı mənada işlənməsi haqqında çoxlu məlumatı olsa, onların bu iftixar nişanını Peyğəmbəri görən hər bir şəxsə verməsini aydın şəkildə başa düşər!!
Buxari özünün “Səhih” kitabında yazır: Müsəlman olan hər bir kəs Peyğəmbərlə bir yerdə otursa, ya onu görsə, səhabələrdən sayılır.”
Əhməd ibni Hənbəl deyir: “Bədr müharibəsində iştirak edən səhabələrdən sonra insanların ən yaxşısı Peyğəmbərlə bir il, ya bir ay, ya bir gün birgə olan, ya da təkcə onu görən şəxslərdir.”1
İbni Həcər belə yazır: “Hər kim Peyğəmbərdən bir hədis, yaxud bir söz rəvayət etsə və yaxud iman gətirdiyi halda onu görsə, səhabələrdən sayılır. Hər kəs mömin halında Peyğəmbəri görsə və müsəlman olduğu halda dünyadan getsə, istər Peyğəmbəri çox görsün, istərsə də az, istər o Həzrətdən hədis nəql etsin, istərsə də nəql etməsin, istər müharibələrdə iştirak etsin, istərsə də iştirak etməsin, istər bir kəs onun Peyğəmbərlə bir yerdə olduğunu görsün, istərsə də görməsin, hamılıqla səhabə sayılırlar!”2
Sünnülərin əksəriyyəti bu əqidədədirlər və hər kəs Peyğəmbəri görsə, yaxud o Həzrətin dövründə dünyaya gəlsə, uşaq olsa da belə səhabə sayılır.
İbni Səd səhabələri beş qrupa bölmüş və onu özünün “Ət-təbəqatul-kubra” kitabında gətirmişdir.
“Əl-müstədrək” kitabının müəllifi Hakim Nişapuri səhabələri aşağıda qeyd edəcəyimiz tərtiblə on iki qrupa bölmüşdür:
1-Hicrətdən öncə Məkkədə müsəlman olanlar. Misal üçün, raşidin xəlifələri.
2-”Darun-nüdvə”də hazır olanlar;
3-Həbəşəyə hicrət edənlər;
4-Birinci “əqəbə”də iştirak edənlər;
5-İkinci “əqəbə”də iştirak edənlər.
6-Peyğəmbərdən sonra Mədinəyə hicrət edənlər;
7-Bədr müharibəsində iştirak edənlər;
8-”Hüdeybiyyə” sülhündən öncə və Bədr müharibəsindən sonra hicrət edənlər;
9-”Rizvan” beyətində iştirak edənlər;
10-Məkkənin fəth olunmasından qabaq və “Hüdeybiyyə” sülhündən sonra hicrət edənlər. Məsələn, Xalid ibni Vəlid, Əmr ibni As və başqaları;
11-Peyğəmbər (s)-in “tüləqa” (azad olunmuş) adlandırdığı şəxslər;
12-Peyğəmbər (s)-in dövründə dünyaya gələn uşaqlar və səhabə övladları.
Sünnülər hamılıqla səhabələrin ədalətli olmasını, dörd fiqh məzhəbləri də qeydsiz-şərtsiz onların rəvayətlərini qəbul edir və onlardan irad tutmağı da caiz bilmirlər. Səhabənin hansı təbəqədə, hansı yaşda olub-olmamasına baxmayaraq, ondan nəql olunan hər bir hədisin düzgünlüyü haqqında heç bir tərəddüd etmir, onu araşdırmadan qəbul edir və başqa hədislərlə ziddiyyət təşkil edib-etməməsinə diqqət etmirlər. Onların əqidəsinə əsasən, səhabələrdən irad tutmaq olmaz; çünki onların hamısı adildir!
Doğrudan da, bu, zorakılıqdan başqa bir şey deyildir. Əql, düşüncə və insanın təbiəti ilə uyğun gəlmir və elm onu qəbul etmir. Mən əminəm ki, müasir dövrdə yaşayan yüksək mədəniyyətli cavanlar bu gülməli qanunu qəbul etməzlər.
Elm və aydın dəlil üzərində qurulan İslamın həqiqəti ilə uyğun gəlməyən bu ideyanı sünnülərin haradan gətirdiklərini mən bilmirəm və inanmıram ki, kimsənin bu haqda məlumatı olsun. Kaş ki, bunun haradan gəldiyini biləydim! Kaş ki, onlardan heç olmasa bir nəfər şəxs səhabələrin ədalətli olması barəsində Qurandan, ya Peyğəmbərin sünnəsindən və ya məntiqlə uyğun gələn bir dəlil gətirməklə məni qane edəydir!
Lakin Allaha həmd və şükürlər edirik ki, biz bu saxta nəzərlərin sirrini öyrəndik və onu gələcək fəsildə bəyan edəcəyik. Digər təhqiqatçılar da onun digər sirlərini açmaqda əllərindən gələni əsirgəməməlidirlər.
Dostları ilə paylaş: |