SƏHABƏNİN ƏDALƏTİNƏ İNANMAQ AŞKAR SÜNNƏ İLƏ MÜXALİFDİR
Peyğəmbər (s)-in səhabələr müqabilində tutduğu mövqeyə, rəftar və əmələ müraciət etdikdə, hər kəsin öz haqqını layiqincə verməsini görəcəyik. Çünki o Həzrət Allaha görə qəzəblənir və Allaha görə xoşhal olurdu. Allah-taalanın əmrinə qarşı çıxan hər hansı bir səhabəyə qəzəblənir və öz nifrət hissini bildirirdi. Necə ki, Xalid ibni Vəlid Cüzeymə övladlarını qətlə yetirdiyi üçün ona qəzəbləndi. Üsamənin böyük və şərafətli tayfadan olan bir qadının oğurluq etməsi qarşısında ona ürək yandırmasına görə qəzəblənib belə buyurdu:
“Vay olsun sənə! Allahın hökmünü və həddini icra etməyib başqasına ürək yandırırsan? Allaha and olsun! Əgər Mühəmmədin qızı Fatimə də oğurluq etsəydi, onun əlini kəsərdim. Sizdən əvvəl yaşayan insanların məhv olmasına səbəb olan bu idi ki, hər vaxt şərafətli və böyük şəxslərdən biri oğurluq etsəydi, ona heç bir söz deməyib azad edirdilər. Lakin hər vaxt fəqir və aşağı təbəqədən olan bir şəxs oğurluq etsəydi, Allahın həddini icra edirdilər.”
Gördüyümüz kimi, Həzrət Peyğəmbər (s) bəzən mütəal Allahdan özünün ixlaslı səhabələrindən bəziləri üçün bərəkət, mərhəmət, bağışlanmaq istəyir və dua edirdi. Bəzən də əmrinə tabe olmayanları lənətləyirdi. Bir dəfə bəzi səhabələr haqqında belə lənət etdi: “Allah Üsamənin ordusuna qoşulmayan şəxslərə lənət etsin!” Bu o zaman idi ki, səhabələrdən bəziləri Üsamənin cavan olmasını bəhanə edərək onun orduya sərkərdə təyin edilməsi üçün öz narazılıqlarını bildirib, müharibəyə getməkdən imtina etdilər.
Başqa bir yerdə görürük ki, o Həzrət söhbət edib, bəzi yalançı səhabələrin vasitəsilə aldanmamaqlarını xalqa başa salırdı. Belə ki, münafiqlərin biri barəsində belə buyurmuşdur: “Onun elə dostları vardır ki, sizin hər biriniz öz namaz və oruclarınızı onların namaz və orucları müqabilində kiçik sayırsınız. Onlar Quran oxuyur, lakin bu onların boğazlarından aşağı keçmir (yəni qəlblərinə heç bir təsir bağışlamır), oxun kamandan çıxdığı kimi, dindən çıxmışlar.”
Ya görürük ki, o Həzrət Xeybər müharibəsində iştirak edib öldürülən şəxsin cənazəsinə namaz qılmayıb, “o, Allah yolunda xəyanət etmişdir” – deyə buyururdu. Çünki onun şəxsi vəsaitini açıb baxdıqda, bəzilərində yəhudilərin möhürlərinin olduğunu gördülər.
Mavərdi deyir: Peyğəmbər (s) Təbuk müharibəsində susuzladı. Münafiqlər dedilər: “Mühəmməd səmalardan xəbər verir, lakin su əldə edə bilmir.” Bu zaman Cəbrail nazil olub həmin şəxslərin adlarını Peyğəmbər (s)-ə dedi.
Peyğəmbər (s) onların adlarını Səd ibni Übadəyə buyurduqda, Səd dedi: “Əmr edin, boyunlarını vurum.” Peyğəmbər (s) isə buyurdu: “Lazım deyil, yoxsa camaat deyər ki, Mühəmməd öz səhabələrini öldürür, amma nə qədər ki, bizimlədirlər, onlarla yaxşı rəftar edəcəyik.”1
Peyğəmbəri-Əkrəm onlarla Qurani-Kərimin buyurduğu kimi rəftar edirdi. Belə ki, Quranda buyurulur: Allah onların düz danışanlarından razı, münafiqlərinə, əhd-peymana əməl etməyənlərinə qəzəblidir və bir çox möhkəm ayələrdə də onları lənətləmişdir. Biz bu barədə “Zikr əhlindən soruşun” kitabının “Quran bəzi səhabələrin gördükləri işlərinin üstünü açır” bölümündə geniş şəkildə söhbət etmişik.
Nümunə üçün, Allah-taalanın münafiq olan bəzi səhabələrin açıqladığı işlərinin birini qeyd etməklə kifayətlənirik: Səhabələrdən on iki nəfəri bəhanə edib yollarının uzaq olduğu üçün hər gün məscidə gələ bilmədiklərini bildirdilər. Buna görə də namaz qılmaq üçün bir məscid tikdilər. Görəsən bundan böyük vəfadarlıq və ixlas varmı ki, bir şəxs namazı vaxtında və ya camaatla qılmaq üçün öz sərvətini məscid tikmək yolunda sərf etsin?
Lakin göylərdə və yerdə olan hər bir şeyə, ürəklərdə olanlara, sirlərə və xəyanətlərə agah olan mütəal Allah onların məqsədlərini bilib Peyğəmbərə vəhy edərək nifaqlarını açıqladı və buyurdu:
وَالَّذِينَ اتَّخَذُواْ مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِّمَنْ حَارَبَ اللّهَ وَرَسُولَهُ مِن قَبْلُ وَلَيَحْلِفَنَّ إِنْ أَرَدْنَا إِلاَّ الْحُسْنَى وَاللّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ
“(Quba məscidinə) zərər vurmaq, küfr etmək və möminlər arasında təfriqə salmaq məqsədilə, əvvəllər Allah və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən muğayat olmaq üçün məscid tikən və: “Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmirik” – deyə and içən münafiqlərin, həqiqətən, yalançı olmaları barədə Allah özü şahidlik edəcəkdir.”1
Allah haqqı deməkdən çəkinmədiyi kimi, Peyğəmbər (s) də heç bir pərdə olmadan öz səhabələrinə “dünya üstündə döyüşüb, yəhudi və məsihilər kimi azğınlıqda olacaq, küfr yolunu seçəcək, qiyamət günündə cəhənnəmə gedəcəklər” – deyə buyurmuşdur. Bununla da o Həzrət onların (kiçik qoyun sürüsü qədər) az bir qrupunu çıxmaq şərtilə, qalanlarının cəhənnəm əhlindən olduqlarını xəbər vermişdir.
Buna əsasən, sünnülər hansı dəlilə istinad edib deyirlər ki, səhabələrin hamısı ədalətli və behişt əhlindəndir, onların hökmlərinə əməl etmək, nəzəriyyələrini, bidətlərini qəbul etmək vacibdir, onlara irad tutmaq insanın dindən çıxmasına gətirib çıxarır?!
Bunu, divanə belə qəbul etməz, onda qala ağıllı adam olsun! Bu, xəlifələrin, padşahların və onların alimlərinin düzüb-qoşduqları yalan və ittihamdan başqa bir şey deyildir. Biz bunu qəbul edə bilmərik. Çünki əqlimiz vardır və bu söz insanın əqli və vicdanı ilə uyğun gəlmədiyi kimi, Allahı və Peyğəmbəri rədd etmək deməkdir, hər kəs Allahı və Peyğəmbəri rədd etsə, kafirdir.
Biz sünnüləri bu əqidədən dönməyə və ya onu inkar etməyə məcbur etmirik. Çünki hər bir insan azaddır, gördüyü işlər və dedikləri sözlər müqabilində məsuldur. Amma bunu da bilmək lazımdır ki, səhabənin ədaləti barəsində Qurana və Peyğəmbər sünnəsinə itatə edərək, onların yaxşı əməl sahiblərini mədh və pis işlər görənlərini məzəmmət edənləri kafir hesab etmək olmaz. Çünki hər kəs Quran və sünnəyə itaət edirsə, Allahın və Peyğəmbərin dostları ilə dost, düşmənləri ilə də düşməndir.
Elə buradan da aydın olur ki, sünnülər Quran və sünnənin aşkar buyruqları ilə müxalifət edir, Əməvi və Abbasi rejiminin göstərişlərinə əməl edib, bütün şəri və əqli əsaslardan əl çəkirlər.
Maraqlıdır ki, səhabələrə nalayiq sözlər deməyi küfr hesab edən sünnü alimlərindən hər hansı birindən “nə üçün Müaviyəni və ona tabe olan səhabələri Əli (ə)-a minbərlər üstündə söyüş verib lənət etdikləri üçün kafir bilmirsiniz?” – deyə soruşduqda, Qurandan ayə gətirərək belə deyirlər:
تِلْكَ أُمَّةٌ قَدْ خَلَتْ لَهَا مَا كَسَبَتْ وَلَكُم مَّا كَسَبْتُمْ وَلاَ تُسْأَلُونَ عَمَّا كَانُوا يَعْمَلُونَ
“Onlar bir camaat idilər ki, keçib getdilər: Onların kəsb etdikləri (qazandıqları əməllər) özlərinə, sizin kəsb etdiyiniz isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.”1
Dostları ilə paylaş: |