Ötən fəsillərin birində qeyd etdik ki, bir ayə nazil olduqda, Həzrət Peyğəmbər (s) özü həmin ayəni təfsir edib, müsəlmanlara kamil salavat göndərməyin yolunu öyrətdi, onları yarımçıq salavat göndərməkdən çəkindirdi və onun Allah dərgahında qəbul olmadığını bildirdi. Bununla belə, sünnülər yarımçıq salavat göndərməkdə israr edir və öz salavatlarında “Ali-Mühəmməd” (Mühəmməd (s)-in övladları) ifadəsini işlətmirlər. Əgər çarəsizlik üzündən onu desələr də, səhabələri də ona əlavə edirlər. Əgər onların qarşısında bir nəfər “Səlləllahu əleyhi və alihi” desə, dərhal həmin şəxsin şiə olduğunu bildirirlər. Çünki Peyğəmbər (s)-ə kamil salavat göndərmək şiələrə məxsusdur.
Bu, danılmaz bir həqiqətdir, mən öz təhqiqlərimdə həmişə buna yəqin etmişəm və hər zaman bir yazıçının Mühəmməd (s) ifadəsindən sonra “Səlləllahu əleyhi və alihi və səlləm” cümləsini kamil şəkildə yazdığını gördükdə, dərhal onun şiə, “Səlləllahu əleyhi və səlləm” formada yazıldığını gördükdə isə, onun sünnü olduğunu bilir və şiələrin həmişə Peyğəmbər (s)-in şərif sünnəsinə əməl etdiyini, sünnülərin isə həmişə ondan üz çevirdiyini və yarımçıq salavat göndərdiyini başa düşürəm. Onlar yalnız çıxılmaz vəziyyətdə qaldıqda, “alihi” ifadəsini artırır və Əhli-beytin səhabələrdən artıq məqam və fəzilətlərə malik olmadıqlarını bildirmək üçün, heç bir istisna etmədən “səhabələr” ifadəsini də əlavə edirlər.
Bunların hamısı Bəni Üməyyənin Əhli-beyt (ə) qarşısında tutduğu mövqelərinin və onlarla etdikləri düşmənçiliklərinin nəticəsidir ki, onlara salavat göndərmək əvəzinə lənət deyir və camaatı da bu işə məcbur edirdilər.
Lakin sünnülər müsəlmanların içərisində rüsvay olmasınlar deyə, bu məsələdə onlara itaət etmədilər, Əhli-beytə nalayiq sözlər deməkdən və lənət etməkdən əl çəkdilər, amma ürəklərində onlara qarşı olan kin-küdurəti və düşmənçiliyi davam etdirdilər. Hər bir vasitəyə əl ataraq onların nurunu söndürmək, səhabələrin yanında onların düşmənlərini uca tutmaq üçün əllərindən gələni əsirgəmədilər və onlar üçün həqiqətlə uyğun gəlməyən fəzilətlər və üstünlüklər düzəltdilər. Səbəbi də bundan ibarətdir ki, sünnülər indiyə qədər Müaviyənin, eləcə də bir çox səhabələrin Əhli-beyt (ə)-a təqribən səksən il lənət göndərmələri haqqında heç bir söz demir, üstəlik onlar üçün Allahdan razılıq diləyirlər. Bir sözlə, səhabələrə irad tutan, onların cinayətlərinin üstünü açan hər bir müsəlmanı kafir hesab edib, onun ölümünə fətva verirlər.
Bəzi hədis düzəldənlər Peyğəmbərin səhabələrə öyrətdiyi kamil salavata əlavə sözlər artırmasına səy göstərmiş və bununla da Əhli-beytin məqam və fəzilətinin azalmasını güman etmişlər. Belə ki, rəvayət edərək demişlər ki, belə salavat göndərin: “Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əla əzvacihi və zurriyyətih!” (İlahi, Mühəmmədə, onun ailəsinə, zövcələrinə və övladlarına salavat göndər!). Halbuki təhqiq əhli salavata artırılan hissəni başa düşüb, Aişəni Əhli-beytə əlavə etmək istədiklərindən agah olur.
Biz onlara deyirik: Əgər sizin sözünüzü və bu rəvayətin düzgünlüyünü qəbul edib, möminlərin anaları sayılan Peyğəmbər (s)-in zövcələrinin də Əhli-beytdən olduğunu desək, bunun səhabələrə heç bir dəxli yoxdur. Mən bütün müsəlmanları bu barədə mübahisə və müsabiqəyə dəvət edir və onlardan istəyirəm ki, buna Qurandan və ya sünnədən hətta bir dəlil belə gətirsinlər. Lakin bu, qeyri-mümkün bir işdir.
Quran və sünnə səhabələrə və onlardan sonra qiyamət gününə qədər dünyaya gəlib yaşayan bütün insanlara Peyğəmbər və onun Əhli-beytinə salavat göndərməyə göstəriş verir. Bu, onların yüksək məqam və fəzilətə malik olmaqları, eləcə də heç bir kəsin onlardan üstün olmaması üçün kifayətdir.
Əbu Bəkr, Ömər, Osman, səhabələr və dünyada yaşayan milyonlarla müsəlmanlar namaz qılanda, “Əllahummə səlli əla Muhəmməd və Ali-Muhəmməd” – cümləsini deməsələr, namazları batil sayılır. Bunu Şafeinin nəzmə çəkdiyi şerdə də görmək olar:
“Kəfakum min əzimiş-şəni ənnəkum,
Mən ləm yusəlli ələykum la səlatə ləhu.”
“Sizin məqam və mənzilətinizdə bu qədər bəsdir ki,
Hər kəs sizə salavat göndərməsə, onun namazı düzgün sayılmaz.”
Şafeini nəzmə çəkdiyi bu şerə görə şiəlikdəə ittihamlandırdılar. Çünki Bəni Üməyyənin və Bəni Abbasın siyasətləri bundan ibarət idi ki, hər kəs Mühəmməd və onun Əhli-beytinə salavat göndərsəydi, yaxud onların fəzilətləri barəsində bir şer, yaxud bir hədis desəydi, onu şiəlikdə ittihamlandırırdılar!
Bu barədə çoxlu danışmaq olar, lakin biz dediklərimizlə kifayətlənirik, əlavə məlumat əldə etmək istəyənlər bu haqda yazılan kitablara müraciət edə bilərlər.
Əhəmiyyət kəsb edən məsələ budur ki, bu fəsildə şiələrin Peyğəmbər (s)-in sünnəsinin həqiqi ardıcılları, namazlarının kamil və düzgün olduğunu başa düşdük. Bunu hətta şiələrin müxalifləri də qəbul edirlər. Sünnülər (öz alimlərinin dedikləri kimi) bu məsələ ilə əlaqədar Peyğəmbər sünnəsi ilə müxalifət edib namazlarını və salavatlarını yarımçıq yerinə yetirirlər.
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ فَقَدْ آتَيْنَآ آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُم مُّلْكًا عَظِيمًا
“Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? Halbuki Biz İbrahim övladına da kitab və hikmət vermiş və onlara böyük mülk bəxş etmişdik.”1
PEYĞƏMBƏRİN İSMƏTİ VƏ ONUN ƏHLİ-SÜNNƏYƏ OLAN TƏSİRİ
Müsəlmanlaar “ismət” məsələsində eyni fikirdədirlər. Bu, müsəlmanların Peyğəmbər (s)-in hökmlərini qeydsiz-şərtsiz qəbul etməklərinin əsas amilidir. Çünki onların əqidələrinə əsasən, o Həzrət nə deyirsə, nəfsi istəklər üzündən deyil, vəhyə və İlahi ilhama əsaslanmışdır. Əgər Peyğəmbərin hökmləri və qəzavətləri öz şəxsi nəzərləri olub, Quran və vəhydən ibarət olmasaydı, heç kəs ona itaət etməzdi.
Əgər insanların hamısı bütün hökmlərin Allah tərəfindən olub, həmin hökmləri camaata çatdırmaq üçün Peyğəmbərin yalnız bir vasitə olduğunu qəbul etsəydilər, onda şiə hesab olunardılar. İmam Əli (ə) və bir çox səhabələrin əqidələri məhz bu olmuşdur. Çünki Peyğəmbərin sünnəsini olduğu kimi icra edib deyirdi: “Allahın hökmləri müqabilində ictihad edib nəzər vermək caiz deyildir.”
Amma əgər bu əqidədə olsalar ki, Peyğəmbər Qurani-Kərimin ayələrindən başqa, digər əməlində və sözündə xətaya yol vermişdir, onda əhli-sünnətdən sayılardılar. Çünki onların nəzərinə görə, səhabələr Peyğəmbərin sözləri və hökmləri müqabilində ictihad edib, camaatın məsləhəti və həmin dövrün şəraiti ilə uyğun gələn hər bir məsələni onun yerinə qoya bilərlər. Hakim olan şəxs məsləhət gördüyü hər bir hökmü, Peyğəmbərin sünnəsi ilə müxalif olsa da belə, icra edə bilər.
Məlum olduğu kimi, (Əli (ə)-dan başqa) raşidin xəlifələrinin məktəbləri həmişə Peyğəmbərin sünnəsi müqabilində qərar tutan ictihad əsasında qurulmuşdu. Hətta Quran ayələri müqabilində də ictihad edirdilər.
Onların nəzərləri risalə fomasında yığılmış, sünnülər özləri ona əməl etdikləri kimi, digər müsəlmanların da ona əməl etmələrini lazım bilirlər.
Biz “Düz danışanlarla birgə” və “Zikr əhlindən soruşun” adlı kitablarımızda Əbu Bəkrin, Ömərin və Osmanın ictihadları barəsində danışmırıq və Allahın köməyi ilə bu haqda ayrıca bir kitab yazıb çap etmək istəyirik.
Bildiyimiz kimi, sünnülər İslam şəriətinin iki əsas mənbəsinə – Quran və sünnəyə digər mənbələr də əlavə etmişlər. O cümlədən, Əbu Bəkr və Ömərin sünnəsi, səhabələrin ictihadı. Buna görə də bəzi səhabələr öz ictihadlarına və şəxsi nəzərlərinə istinad edib Həzrət Peyğəmbər (s)-i məsum bilmir, o Həzrətin nəzərlərini araşdırır və səhvini aradan qaldırırdılar!
Buradan aydın olur ki, sünnülər Peyğəmbər (s)-in məsum olmamasını dedikdə, məqsədləri o Həzrətlə müxalifət etməyin – istər bilərəkdən, istərsə də səhvən olduğunun – caiz olmasıdır. Buna dəlil gətirib deyirlər ki, günahsız olan və səhv etməsi bizə bəlli olan şəxsə, həm şəri, həm də əqli baxımdan itaət etmək vacib deyildir və düzgün olmayan nəzəri necə qəbul etmək olar?
Bunun müqabilində şiələr Peyğəmbərin ismətini qeydsiz-şərtsiz qəbul edib, ona itaət etməyi vacib bilirlər. Çünki onların əqidələrinə görə, Peyğəmbər (s) heç vaxt səhvə, xətaya yol vermir və heç bir halda onunla müxalifət etmək olmaz. Hər kəs onunla müxalifət etsə, sanki Allah ilə müxalifət etmişdir. Qurani-Kərimin çoxlu ayələrində də buna işarə edilmişdir. Aşağıdakı ayələri misal göstərmək olar:
a)
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
“Peyğəmbər sizə nə (hökm) verirsə, onu götürün (qəbul edin); nəyi qadağan edirsə, ondan əl çəkin.”1
b)
وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ
“Allah və Peyğəmbərə itaət edin.”2
v)
قُلْ إِن كُنتُمْ تُحِبُّونَ اللّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللّهُ
“(Ya Peyğəmbər!) De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin.”2
Bu və digər ayələr Peyğəmbərin – məsum olduğu üçün – əmrinə tabe olub əksinə çıxmamağı müsəlmanlara vacib etmiş və buyurmuşdur ki, Peyğəmbər Allahın vəhyindən başqa bir şey demir.
Deməli, qəbul etmək lazımdır ki, Peyğəmbərin sünnəsinə əməl edənlər, onun məsum və günahsız, ona itaət etməyin vacib olduğuna inananlar məhz şiələrdir.
Qəti şəkildə deyə bilərik ki, sünnülər Peyğəmbərin sünnəsinə əməl etmir və ondan əl çəkmişlər. Çünki o Həzrətin səhv və xəta etdiyinə inanır və onunla müxalifət etməyi caiz bilirlər.
كَانَ النَّاسُ أُمَّةً وَاحِدَةً فَبَعَثَ اللّهُ النَّبِيِّينَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ الْكِتَابَ بِالْحَقِّ لِيَحْكُمَ بَيْنَ النَّاسِ فِيمَا اخْتَلَفُواْ فِيهِ وَمَا اخْتَلَفَ فِيهِ إِلاَّ الَّذِينَ أُوتُوهُ مِن بَعْدِ مَا جَاءتْهُمُ الْبَيِّنَاتُ بَغْيًا بَيْنَهُمْ فَهَدَى اللّهُ الَّذِينَ آمَنُواْ لِمَا اخْتَلَفُواْ فِيهِ مِنَ الْحَقِّ بِإِذْنِهِ وَاللّهُ يَهْدِي مَن يَشَاء إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ
“İnsanlar tək bir ümmət idilər. Allaha müjdə verən və xəbərdarlıq edən (əzabla qorxudan) peyğəmbərlər göndərdi, insanların arasındakı ixtilafları ayırd etmək üçün o peyğəmbərlərlə birlikdə haqq olan Kitab nazil etdi. Halbuki özlərinə aşkar dəlillər gəldikdən sonra aralarındakı kin və həsəd üzündən (dində) ixtilaf yaradanlar Kitab əhlindən başqası deyildir. Onların ixtilaf etdikləri həqiqətə Rəbbinin izni (iradəsi) ilə iman gətirənləri isə Allah doğru yola hadayət etdi. Allah istədiyini doğru yola hidayət edər.”3
Müsəlmanlar arasında ixtilaf yaradanların, qərəzli insanların, Allahın və Peyğəmbərin düşmənlərinin düzəltdikləri töhmətlərin, pak Əhli-beytin ardıcıllarının əqidələrini sorğu-sual altına salmaq məqsədilə uydurduqları şayiələrin heç bir xeyri yoxdur və çəkdikləri zəhmətlər faydasızdır. Çünki Allah-taala belə buyurur:
الزَّبَدُ فَيَذْهَبُ جُفَاء وَأَمَّا مَا يَنفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الأَرْضِ كَذَلِكَ يَضْرِبُ اللّهُ الأَمْثَالَ
“Köpük heç bir şey olmadığı üçün aradan gedər. İnsanlara fayda verən bir şey isə yer üzündə qalar. Allah belə misallar çəkir!”1
Uca Allahdan istəyirik ki, bizi doğru yola hidayət, sevdiyi və bəyəndiyi şeylərdə müvəffəq etsin, Öz qəzəbini bizdən uzaqlaşdırıb yüksək kamallara çatdırsın. Bizim zəhmətlərimizi imam Zaman (ə)-ın zühur etməsi ilə sona çatdırsın və onun zühur etməsini tezləşdirsin!
Nəhayət, aləmlərin Rəbbi olan Allaha həmd və şükürlər edir, İslam Peyğəmbərinə və onun pak və məsum Əhli-beytinə salam və salavat göndərməklə söhbətimizi sona yetiririk!
Allahın rəhmətini və Peyğəmbərin şəfaətini diləyən
Məhəmməd Ticani Səmavi
Dostları ilə paylaş: |