7
Ön söz
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 25 avqust 2008-ci
il tarixli
fərmanı ilə “Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında” Azərbaycan Respublikasının
Qanunu qüvvəyə mindi. Bu əlamətdar tarixdən bir az sonra 2010-cu il Azərbaycanda
“Ekologiya ili” elan olundu.
Digər tərəfdən, son 10 ildə Azərbaycan Respublikası ekoloji məsələlərə dair bir
çox beynəlxalq konvensiyalara qoşularaq öz üzərinə öhdəliklər götürmüş və bu
konvensiyalar Milli Məclisdə təsdiq edilmişdir.
Bütün bunlar təsadüfi deyildir. Belə ki, müasir sivilizasiyanın düçar olduğu ən acı
həqiqətlərdən birisi «Təbiət-İnsan Cəmiyyəti» münasibətlərində təbiətə qarşı istehlakçı
əhvali-ruhiyyənin əndazədən çıxmasıdır. Min illər ərzində cəmiyyət inkişaf etdikcə onun
tələbatları da artmış, ancaq ehtiyacların həcmi nə qədər artmışdırsa, ehtiyatlar da bir o
qədər azalmışdır.
Keçən əsrin 60-cı illərindən
başlayaraq kimyəvi gübrələrin, pestisidlərin və digər
sintetik (süni) birləşmələrin çox intensiv tətbiqi yalnız torpaqların və ətraf mühitin digər
komponentlərinin çirklənməsinə səbəb olmamış, həm də insanlar arasında çoxlu
bədxassəli xəstəliklərin sürətlə yayılmasına, biomüxtəlifliklərin azalmasına gətirib
çıxarmışdır.
Sivilizasiyanın müasir mərhələsində bəşəriyyətin qarşısında duran ən qlobal prob-
lem təbiətdən və onun sərvətlərindən səmərəli istifadə etməkdir. Torpaq örtüyü ən
qiymətli sərvət olduğundan onu gələcək nəsillər üçün qoruyub saxlamaq ümdə vəzifədir.
Yəni, torpaqlardan istifadə zamanı bu sərvət münbitliyini itirmədən və hətta yaxşılaş-
dırılmış halda gələcək nəsillərə çatdırılmalıdır.
Bu meyar kənd təsərrüfatının davamlı inkişaf konsepsiyasının
təməl prinsip-
lərindən biridir. 1992-ci ildə «Ətraf Mühit və İnkişaf» üzrə BMT-nin Rio-de Janeyroda
keçirilmiş konfransı bu konsepsiyanı planetin bütün ölkələri üçün XXI əsrdə fəaliyyət
planı kimi təsdiq etmişdir.
Rio-de-Janeyroda yüksək səviyyədə təmsil olunan görüş iştirakçıları prinsiplər
məcəlləsi qəbul etmişlər:
- insanlar təbiətlə həmahəng, sağlam və məhsuldar yaşamaq hüququna malikdir;
- bugünkü inkişaf indiki və gələcək nəsillərin ziyanına həyata keçirilməməlidir;
- davamlı inkişafı həyata keçirmək üçün ətraf mühitin mühafizəsi inkişaf prosesinin
ayrılmaz hissəsini təşkil etməli və ona ayrılıqda baxılmamalıdır;
- sabit inkişafı təmin etmək və əhalinin çoxunun
tələblərini ödəmək üçün
yoxsulluğun kökü kəsilməli və dünyanın müxtəlif bölgələrində həyat səviyyəsinin
qeyri-bərabərliyi ləğv edilməlidir;
- dövlətlər Yer ekosistemlərinin qorunması, mühafizəsi və bütövlüyünü bərpa etmək
məqsədilə əməkdaşlıq edir və inkişaf etmiş ölkələr davamlı inkişafın təmin olun-
masında beynəlxalq cəhdlər üçün öz məsuliyyətini dərk edirlər;
- dövlətlər istehsalın həyat qabiliyyətli olmayan modellərini məhdudlaşdırmalı və
ləğv etməli, uyğun demoqrafik siyasəti müdafiə etməlidirlər;
- ekoloji məsələlər ən səmərəli şəkildə bütün marağı olan vətəndaşların iştirakı ilə
həll edilməli və dövlətlər ekoloji informasiyaya
geniş yol açmaqda əhalinin
iştirakını təmin etməli və genişləndirməlidir;
- dövlətlər bütün ölkələrdə iqtisadi yüksəlişə və davamlı inkişafa gətirib çıxaracaq
açıq beynəlxalq iqtisadi sistemin yaradılması işində əməkdaşlıq etməlidirlər;
8
- ətraf mühiti çirkləndirənlər bu çirklənməyə görə maliyyə məsuliyyəti daşımalı-
dırlar;
- davamlı inkişaf problemin daha dərindən dərk edilməsini tələb edir;
- davamlı inkişafa çatmaqdan ötrü qadınların və gənclərin yaradıcı qüvvələrinin
hərtərəfli iştirakı zəruridir;
- müharibə davamlı inkişaf prosesinə dağıdıcı təsir göstərir. Ona görə də dövlətlər
silahlı münaqişələr zamanı ətraf mühiti mühafizə edən beynəlxalq hüquqa hörmət
etməlidirlər;
- sülh, inkişaf və ətraf mühitin mühafizəsi bir-birindən asılı və ayrılmazdır.
Bu nöqteyi-nəzərdən müasir dünyada davamlı inkişafa nail olmaq üçün zəruri olan
modellərdən biri
ekoloji təsərrüfatçılıqdır. Bu ideyanı Azərbaycanda da reallaşdırmaq
üçün,
ilk növbədə, ictimai şüurun və yeni ekoloji təfəkkürün inkişaf etdirilməsi ümdə
məsələdir.
Ekoloji Kənd Təsərrüfatı Hərəkatını bir proses kimi qiymətləndirsək, görərik ki,
inkişafın bütün mərhələlərində əhalinin müxtəlif təbəqələrinin maarifləndirilməsi və
təhsili bu posesin əsas tərkib hissələrindən biri olmuşdur və indi də həmin səviyyədə
qalmaqdadır. Bu iş Avropa Birliyi ölkələrində orta təhsil məktəbləri, kolleclər və müxtə-
lif kurslardan başlayaraq ali təhsil ocaqlarına qədər təlim və təhsillə məşğul
olan böyük
bir şəbəkəni əhatə edir. Eyni zamanda insanların bu məsələ ətrafında maarifləndirilmə-
sinə nail olmaq üçün Milli və Regional proqramlar həyata keçirilir, onların vasitəsi ilə
də insanlara ekoloji təmiz məhsul istehsalının yolları və qaydaları təlqin olunur.
Azərbaycanda əsası 1998-ci ildə Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən
qoyulan Ekoloji Kənd Təsərrüfatı Hərəkatı getdikcə genişlənməkdədir. Ötən qısa bir
vaxt ərzində yüzlərlə fermer və torpaq istifadəçiləri bu istiqamət üzrə treninq və
seminarlarda maarifləndirilmişdir. Bu işdə «Ekoloji Kənd Təsərrüfatı» jurnalının da
xüsusi rolunu qeyd etməmək olmaz. Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının
(indiki ADAU-nun) Elmi Şurası 5 dekabr 2006-cı il tarixində AKTA-da (indiki ADAU-
da) «Ekoloji kənd təsərrüfatı» ixtisasının açılması haqqında qərar qəbul etmiş və 2007-ci
ildə bu ixtisas üzrə tələbə qəbulu həyata keçirilmişdir.
Son on ildə yaradılan elmi-metodiki və tədris-metodiki materiallar bazasının
insanların maariflənməsində və təhsilində xüsusi yeri var. İndiyə qədər belə bir
informasiya mənbəyinin olmaması tədrisdə və maarifləndirmə işlərində çətinliklər
yaradırdı.
Bu dərsliyin işlənib hazırlanmasında müxtəlif mənbələrdən istifadə olunaraq
“Ekoloji kənd təsərrüfatı”na dair ən müasir informasiyanın toplanması və işlənilməsində
Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı Hərəkatının ən qabaqcıl
nümayəndələri olan -
mərhum k.t.e.n., dosent Elxan Qocayevin, k.t.e.n., dosent Qurban Məmmədovun,
k.t.e.n., dosent Səmədağa Surxayevin, k.t.e.n., dosent Məhmət Əliyevin, dos. Fəxrəddin
Yusifovun, baş müəllim Sübhan Vəliyevin, b.e.n. Kazım Hüseynovun,
baş müəllim
Vüqar Mohumayevin, k.t.f.d. Vüqar Bəşirovun, Nizami İbrahimli, Elməddin Namazov
və başqalarının böyük rolu və zəhməti olmuşdur.
Hesab edirik ki, Azərbaycanda ilk dəfə işıq üzü görən bu dərslik uzun illər ekoloji
kənd təsərrüfatı ilə bağlı minlərlə insanın stolüstü kitabına çevriləcək.
Dostları ilə paylaş: