Saday Sadıqlı telefonun dəstəyini, axır ki, götürməli oldu.
Zəng eləyən bu dəfə Mopassan Mirələmov deyildi, Nüvariş Qarabağlıydı. Həmişəki həlim, xırıltılı səs ilə danışırdı:
-Telefonu niyə götürmürsən, a qardaş? Bayaqdan əlli dəfə zəng vurmuşam. Deyirəm, görəsən, nə olub buna? Ürək-göbəyimi yemişəm. Yerlin gəlib e, kətdin gəlib...Uşaqlıq dostun Camal!
-Hara gəlib? – Saday Sadıqlı elə bir qorxunc heyrətlə soruşdu ki, özü öz səsindən xoflandı.
-Burdadı – teatrda. Dur gəl, gözləyir səni. – Bir azca fasilə verdi. - Mopassan müəllimin kabinetində.
“Mopassan müəllim”. Demək, Nüvariş Qarabağlı, həqiqətən, direktorun kabinetindən danışırdı. Ayrı yerdən danışsaydı, direktorun adını da ayrı cür deyərdi: özü olmayan yerdə direktora hamı “Mopoş dayday” deyirdi. Özü olan yerdə ona “Mopoş” deməyə tək-tük adam cəsarət eləyirdi.
Artist:
-Gəlirəm, - dedi. Ancaq heç yerindən durmağa da ərdəmi gəlmədi.
Məktəbin 7-ci sinfini bitirib, elə o zamandan da qoyuna gedən Camalı sonralar Saday Sadıqlı bir dəfə də görməmişdi. Amma o Camal artistin yadından heç vaxt çıxmamışdı. Hətta bir gün kəndə gedib, Camalı dağda-daşda mütləq tapıb, bir vaxt düzü-dünyanı ağzına alan o sarımtıl-çəhrayı işığı onun da görüb-görmədiyini Camaldan hökmən soruşmağı son vaxtlar Saday Sadıqlı, bircə Allah bilir ki, neçə dəfə və necə arzulamışdı. İndi isə gedib o Camalla adicə görüşmək də Saday üçün çarəsiz bir əzaba, ağrıya çevrilmişdi. (Görünür, uşaqlığın “Sirrlər xəzinəsi”nin açarını kiməsə etibar eləmək yalnız xəyalda mümkün idi. Belə şey həyatda mümkün deyildi.)
Evdən çıxıb, küçədə taksiyə minəndə ağlına yerləşdi ki, Camalın Bakıya gəlməyi bəlkə də yalandır, Mopassan Mirələmovun kələyidir, hoqqasıdır. Direktorun məqsədi onu, nə yolla olur-olsun, teatra çağırtdırıb neçə vaxtdan bəri hər gün zəng eləyib, tərifini göylərə qaldırdığı pyesi Sadaya hökmən oxutdurmaqdır. O pyesin baş rolunun məhz Sadaydan ötrü yazıldığını da Mopoş, çox güman ki, özündən uydurmamışdı, o rolu pyesin müəllifi, ola bilər ki, elə həqiqətən Saday Sadıqlı üçün yazmışdı. Və nikbinliyindən heç vaxt qalmayan diribaş Mopassan Mirələmov bu pyesdə Sadayın baş rolu oynamağı ilə, çox güman ki, ölmüş teatrı diriltmək niyyətindəydi. Bir də onun xasiyyəti beləydi: tutduğunu buraxan deyildi, bir işə əl qatdısa, o işi hökmən axıra çatdırmalıydı. Sadayın haçansa Camal adlı bir uşaqlıq dostunun olduğunu bilmək isə Mopoş üçün elə bir çətin məsələ deyildi – bunu Mopoş bir vaxt onun elə öz dilindən də eşidb, yadında saxlaya bilərdi. Hər halda, həqiqət buydu ki, taksidə teatra gedəndə artist Camalı orda görməyin əsla həvəsində deyildi.
Dostları ilə paylaş: |