(5.76) “De: “Doğrudanmı siz Allahın yerinə, sizə nə zərər, nə də xeyir verməyə qadir olmayana ibadət edəcəksiniz? Allah – Eşidəndir və Biləndir”. Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, insanlara desin: “Doğrudanmı siz, sizə nə zərər, nə də xeyir verə bilməyən məxluqlara ibadət edəcəksiniz? Doğrudanmı siz, sizə fayda verən və zərər vuran, nemət əta edən, mərhəmətindən məhrum edən Tək Allaha ibadət etməkdən boyun qaçıracaqsınız? O, Ona müxtəlif dillərdə cürbəcür xahişlərlə müraciət edənlərin hamısının səsini eşidir. O, aşkar və gizli, aydın və batin, keçmişdə və gələcəkdə olan nə varsa, bilir. Tək O, bu kamil sifətlərə malikdir və bu o deməkdir ki, təkcə O, ibadətə və səmimi qulluğa layiqdir.
(5.77) «De: “Ey Kitab əhli! Dininizdə haqqın əleyhinə olaraq həddi aşmayın və hələ əvvəllər yolunu azmış, başqalarını da azdıraraq düz yoldan çıxarmış insanların istəklərinə uymayın”. Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, insanlara desin: “Dininizdə ifrata varmayın, halalın həddini aşmayın və gerçəkliyi yalanla dəyişdirməyin. Məsihi və sözlərinə qulaq asdığınız başçılarınızı həddən artıq yüksəltməyin. Yolundan azaraq çoxlu başqa insanları da dallarıyca aparıb öz dinlərinə salanların istəklərinə tabe olmayın. Bu insanlar özləri azmışlar və ətraflarındakıları da yoldan çıxarırlar. Onlar – azğınlıq təbliğatçılarıdır və insanlar onlardan, onların zərərli arzularından və yanlış baxışlarından qorunmalıdırlar.