(5.78) “İsrailin kafir oğulları Davudun və Məryəm oğlu İsanın dili ilə lənətlənmişdilər. Çünki onlar itaətsizlik etmiş və həddi aşmışdılar”. Kafir israillilər Davud peyğəmbərin (ə) və İsa peyğəmbərin (ə) dili ilə lənətlənmiş və Allahın mərhəmətindən məhrum edilmişdilər. Onlar, haqq israillilərə bəyan edildikdən sonra sonuncuların ona inadkarlıqla müqavimət göstərdiklərinin şahidləri idilər. Bu kafirlik və lənətlənmə onların itaətsizliyinin və halalın sərhədlərini aşmalarının nəticəsiydi. Onlar Allahın hökmlərini yerinə yetirmir və Onun qulları ilə zalımcasına davranırdılar. Günahlar və zalımlıq həmişə cəzalandırılmağa səbəb olduğu üçün onlar kafir oldular və Allahın lütfündən məhrum edildilər.
(5.79) “Onlar bir-birilərini törətdikləri qınanmalı əməllərdən çəkindirmirdilər. Onların törətdikləri necə də çirkin idi!” Allahın israillilərə cəza verməsinə səbəb yeni bir günah oldu. Bu isə, onların bir-birini qəbahətli hərəkətlərdən çəkindirməməkləri idi. Onlar çirkin işlər görür və bir-birilərini bundan saqındırmırdılar və bunun günahı nəinki onu bilavasitə törədənə, habelə onun hərəkətinin qarşısını almaq imkanı olduğu halda, onu səssizcə müşahidə edənə də düşürdü.
Bütün bunlar ona dəlalət edir ki, İsrail oğulları Allahın hökmlərinə laqeyd yanaşır və itaətsizliyi əhəmiyyətsiz bir hərəkət sayırdılar. Əgər onlar Ona hörmətlə yanaşsaydılar, onda qadağan olunmuş əməllərdən qeyrətlə çəkinər və Onun qəzəbinə səbəb ola bilən hər şeyə qəzəblənərdilər. Onlar insanları cinayətlərdən saxlaya biləcəkləri halda, dinməməyi daha üstün tuturdular. Belə rəftar onları amansızcasına cəzalandırılmağa məhkum etdi, çünki o, öz ardınca həmişə bir sıra tələfedici nəticələrə gətirib çıxarır.
Birincisi, əgər insan günah törədənləri sakitcə müşahidə edirsə, onda o, bu əməllərin işlədilməsində hətta iştirakçı deyilsə də, artıq Allaha itaətsizlik edir, çünki iman sahibi təkcə itaətsizlikdən çəkinməklə qane olmamalı, həm də belə hərəkət edənləri qınamalıdır.
İkincisi, artıq qeyd etdiyimiz kimi, belə rəftar Allahın qoyduğu haramlara etinasızlıq göstərməyə və itaətsizliyə laqeyd yanaşmağa sübutdur.
Üçüncüsü, əgər insanlar günahkarları itaətsizlikdən çəkindirmirlərsə, bu onlara daha tez-tez belə cinayətlər törətməyə imkan verir. Bunun nəticəsində isə, cinayətlər artır, insanlar daha böyük mənəvi və dünyəvi problemlərlə rastlaşır, fasiqlər isə hakimiyyət və qüvvət əldə edirlər. Zaman keçdikcə, möminlər öz təsir gücünü itirir və onlara qarşı müqavimət göstərmək və əvvəllər etdiklərini yenə etmək imkanından məhrum olurlar.
Dördüncüsü, qınanılmalı olan hərəkətlərin tənqidindən boyun qaçırmaq, biliklərin yox olmasına və nadanlığın yayılmasına yol açır, çünki əgər insanların əksəriyyəti günah işlərə qurşanmağa başladıqda din xadimləri və alimləri onları bu əməllərdən çəkindirmirlərsə, onda insanlar həmin əməlləri artıq itaətsizlik hesab etməməyə alışırlar və hətta cahillərdən bəziləri elə qərara gələ bilərlər ki, onlar arzuedilən ibadət hərəkətləri – ayinləridir. Dünya insanların nəzərində o dərəcədə tərsinə çevrilir ki, onlar Allahın haram etdiyini – halal, yalanı – həqiqət sayırlar. Gördüyümüz kimi, bundan da pis vəziyyət necə ola bilər?!
Beşincisi, günahları sakitcə müşahidə etmək ona gətirib çıxarır ki, onlar insanların gözünə gözəl və düzgün əməllər kimi görünür və məhz onda onlar bir-birindən nümunə götürməyə başlayırlar. İnsanları əhatə edənləri və onlara bənzəyənləri təqlid etmək, insanlara, ümumiyyətlə, xas olan keyfiyyətlərdəndir.
Günahları sakitcə müşahidə etməyin ziyanlı nəticələrini yenə də çox və uzun-uzadı sadalamaq olar və buna görə də Fövqəluca Allah xəbər verir ki, bu böyük günah, İsrailin kafir oğullarının itaətsizlikləri və zalımlıqların görə lənətlənməsinin bir təzahürü idi.
(5.80) “Sən görürsən ki, onların əksəriyyəti kafirlərlə dostluq edir. Nəfslərinin onlar üçün hazırladığı necə də yamandır! Məhz buna görə Allah onlara qəzəblənmişdir. Onlar əbədi məşəqqət içində olacaqlar”. Onlar kafirləri sevir, onlarla dostluq edir və onlara yardım göstərirlər. Onlar işə getməyən mal almışlar və faydasız müqavilə bağlamışlar. Onlar özlərinə Allahın qəzəbini və onunla bərabər bütün məxluqların qəzəbini cəlb etmiş və özlərini əbədi və dəhşətli cəzaya uğratmışlar. Onlar özləri üçün bu yaman qisməti hazırlayarkən özlərinə zalımlıq etmişlər. Onlar özlərini əbədi səadətdən məhrum etməklə özlərinə qarşı zalımlıq törətmişlər.