Əl-maiDƏ (SÜFRƏ)


(6.36) “(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar”



Yüklə 2,51 Mb.
səhifə80/317
tarix02.01.2022
ölçüsü2,51 Mb.
#2781
1   ...   76   77   78   79   80   81   82   83   ...   317
(6.36) “(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar”.
Ey Peyğəmbər! Təkcə o şəxslər sənin çağırışına cavab verə, sənin peyğəmbərliyini qəbul edə, hökmlərinə və qadağalarına itaətkarlıq göstərə bilər ki, onlara fayda verən şeylərə bütün qəlbi ilə diqqət yetirə bilsinlər. Belə insanlar dərrakəli və dinləmək qabiliyyətinə malik olanlardır.

Burada dinləmək qabiliyyəti adı altında, möminlərin də, kafirlərin də bacardığı sadəcə qulaqları ilə eşitmək deyil, ürəkdən qulaq asmaq və çağırışa cavab vermək qabiliyyəti nəzərdə tutulur. Fövqəluca Allah həqiqəti, öz işlərinə görə məsuliyyət daşıyan bütün məxluqlarının nəzərinə çatdırmışdır. Onların hamısı Onun ayələrini eşitmişlər və əgər onlar ayələri qəbul etməkdən boyun qaçırmışlarsa, öz hərəkətlərinə bəraət qazandıra bilməyəcəklər.

Sonra Allah bildirir ki, ölülər dirildiləcək və Onun hüzuruna qaytarılacaqlar. Bir şərhə görə, bu sözlərin mənası bundan əvvəlki ifadənin mənası ilə müqayisə edilməlidir, yəni peyğəmbər çağırışına ancaq canlı qəlbə malik olan insanlar cavab verə bilərlər, çünki qəlbi artıq ölmüş kəslər onlara xoşbəxtlik və xilas gətirə bilən şeyləri başa düş­mürlər. Onlar peyğəmbər çağırışına diqqət yetir­mirlər və onun hökmlərinə itaət etmirlər, Qiyamət günü başlandıqda isə Allah onları dirildəcək və Öz dərgahında toplayacaq.

Ayənin açıq-aydın mənasına istinad edən başqa bir şərhə görə isə Fövqəluca Allah ayədə diril­dilmənin gerçəkliyini təsdiq edir və Qiyamət günü ölüləri dirildəcəyini və sonra da onlara etdikləri əməllər barədə xəbər verəcəyini vəd edir. Bu halda, şərh etdiyimiz ayə qulları Allahın və Onun Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) çağırışına cavab verməyə ruhlandırır və onları itaətsizlik göstərməkdən çəkindirir.
                   
(6.37) “(Məkkə müşrikləri) dedilər: “Məgər ona (Peyğəmbərə) Rəbbindən bir möcüzə endirilməli deyildimi?” De: “Allah möcüzə endirməyə qadirdir. Lakin onla­rın çoxu (belə bir möcüzə göndərildikdə, onu inkar edəcəkləri təqdirdə başla­rına gələcək müsibət və fəlakəti) bilməz!”
Ey Muhəmməd! Sənin gətirdiyin dinə iman gətirməkdən inadkarcasına boyun qa­çıran kafirlər, öz fərasətsiz ağıllarına və pozğun istəklərinə əsaslanaraq, görmək istədik­ləri möcüzəni Allahın nazil etməməsindən hiddət­lənmişlər.

(Quranın əzəməti, fəsahət və bəlağəti qarşısında aciz qalan, lakin özlərini sındırmayan müşriklər) belə dedilər: “Bizə yerdən (Məkkədən) bir bulaq çıxar­ma­yınca sənə iman gətirmə­yəcəyik. Yaxud (ağacları) arasında şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri (peyğəmbərliyinin doğruluğuna şahid olaraq) açıq-aşkar qarşımıza gətirməyincə; və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca (biz sənə iman gətirməyəcəyik). Əgər bizə (səmadan) oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!” (Ey Elçim!) De: “Rəbbim pakdır, müqəddəsdir! (Allah gedib-gəlmək, enib-qalxmaq kimi məxlu­qata aid olan xüsusiyyətlərdən uzaqdır!) Mən isə yalnız peyğəmbər olan bir insanam!” (Allahın izni olmayınca, heç bir peyğəmbər sizin dediklərinizi yerinə yetirməyə qadir deyildir!)” (İsra, 17/90-93).



Allah insanlara istənilən möcüzə göstərməyə qadirdir, axı Onun qüdrətinin həddi-hüdudu yoxdur. Məgər ola bilər ki, bütün yaradılmışların Onun qarşısında itaət etdikləri və Onun hökmranlığının bütün varlıqlara aid olduğu bir halda, başqa cür mümkündürmü?! Lakin insanların əksəriyyəti biliyə malik deyil. Onlar öz nadanlıqları üzündən, onlara bədbəxtlik gətirə bilən möcüzələr göstərilməsini tələb edirlər. Axı əgər onlar bu möcüzələri gördükdən sonra da iman gətirməkdən boyun qaçırsalar, onlar elə o saat cəzalandırılacaqlar. Allahın müəyyən etdiyi dəyişməz qaydaları belədir!

Əgər onlar haqqı tanımalarına və doğru yolu aydınlaşdı­racaqlarına imkan verəcək möcüzələr görmək istəyirlərsə, onda Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) artıq onlara öz təliminin gerçəkliyini təsdiq edən təkzibolunmaz möcüzələr göstərmiş və inandırıcı dəlillər gətirmişdir. Bunun sayəsində Allahın qulları hər hansı bir dini məsələ ilə əlaqədar, onların qəlbində şübhəyə yer qoymayan çoxsaylı məntiqi sübutlar və inandırıcı mətnlər tapa bilərlər.

Şan-şöhrəti mübarək Allah Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) ən gerçək təlim və haqq dinlə göndərmiş və onun həqiqi peyğəmbərliyini aydın ayələrlə təsdiq etmişdir ki, həlak olanlar tam aydınlıq içində həlak olsunlar, həyatda qalanlar da tam aydınlıq içində yaşasınlar! Eşidən və Bilən Rəbbin Şanı Ucadır.
                      
(6.38) “Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləş­dirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniy­yətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir”.
Yerdə məskunlaşan və göydə uçan bütün canlı varlıqlar, ev heyvanları, vəhşi heyvanlar və quşlar cəm halındadırlar və insan cəmiyyətinə bənzərlər. Axı Allah onları Öz qüdrəti və Öz yenilməz iradəsi sayəsində onları xəlq etmişdir və bu, həmçinin bütün bəşəriyyətə münasibətdə də qeyd-şərtsiz şamil və icra edilir. O, Öz Kitabında heç nəyi unutmamışdır. O, Qorunan Lövhəsində34 bütün mühüm və ya azəhəmiyyətli hadisələri yazmışdır və onların hər biri, Qorunan Lövhədə Qələmin yazdığına tam uyğun olaraq baş verir.

Bu ayə ilk Kitabın Kainatda baş verən hər şey haqqında məlumatı özündə əks etdirdiyinə dəlalət edir. Buna iman isə Allahın qədərinə və taleyə imanın ibarət olduğu dörd tərkib hissədən birini təşkil edir. Allahın bütün varlığı əhatə edən biliyinə iman; Allahın bütün məxluqlara aid yazısı; Onun iradəsinin bütün baş verənlərə qeyd-şərtsiz şamil olması; və Onun bütün məxluqları və onların əməllərini yaratması bu tərkib hissələrə aiddir.

Digər bir şərhə görə isə, bu ayədə Kitab adı altında Müqəddəs Quran nəzərdə tutulur. Belə olduqda, onun mənası aşağıdakı ayənin mənasına oxşayır: “...Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!” (Nəhl, 16/89).

Sonra Allah xəbər verir ki, bütün xalqlar nəhəng və qorxunc bir meydanda Onun qarşı­sında toplanacaqlar və o zaman Allah Öz mərhəməti və ədalətinə müvafiq olaraq hər bir insana layiq olduğunun əvəzini verəcək. Onun çıxardığı hökmə görə məxluq­ların birinci və sonrakı nəsilləri, göylərin və yerin bütün sakinləri Onu tərifləyəcəklər.
                 

Yüklə 2,51 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   317




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin